Zvinger (Drezden)
Zvinger (alm. Zwinger; tələffüzü — [ˈt͡svingæː]) — Drezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksi. Memar Matteus Daniel Pöppelmannın və heykəltaraş Baltazar Permozerin rəhbərliyi altında inşa olunmuş saray memarlıq, heykəltaraşlıq və rəssamlığın şah əsəri, Almaniyanın isə barokko üslubunda inşa edilmiş ən mühüm binalarından biri hesab edilir və məşhur Frauenkirxa kilsəsi ilə yanaşı, Drezdenin ən məşhur abidəsi sayılır. Abidənin adı onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini Zvinger adlandırırdılar.
Zvinger | |
---|---|
alm. Zwinger | |
51°03′11″ şm. e. 13°44′02″ ş. u. | |
Ölkə | Almaniya |
Şəhər | Saksoniya, Drezden |
Yerləşir |
Elba çayının sahili yaxınlığında Sofiştrasse |
Memar | Matteus Pöppelmann |
Sifarişçi | Fridrix Avqust I |
Tikilmə tarixi | 1709 |
Üslubu | Drezden barokkosu |
Vəziyyəti | Muzey |
Rəsmi sayt | skd.museum/en/besuch/zwi… |
Sayt | Rəsmi sayt |
Vikianbarda əlaqəli mediafayllar |
Zvingerin əsası 1709-cu ildə Oranjereya və müxtəlif festivalların keçirilməsi üçün müvəqqəti ərazi qismində qoyulmuşdur. Onun təmtəraqlı pavilyonunu bəzəyən ballüstrada, fiqur və vaza elementləri, eləcə də əsas binalara parallel şəkildə uzanan möhtəşəm qalereyalar kurfürst I Fridrix Avqustun (onu həmçinin "Güclü Avqust" kimi də tanıyırdılar) əzəmətə və təbii ki hakimiyyət iddialarına doğru can atdığını göstərir. Kurfürstun orijinal konsepsiyasında, Zvinger Köhnə qəsrin yeni həyəti kimi Elba çayının sahilində yerləşəcəyi düşünülmüşdür, buna görə də Elba istiqamətində olan torpaq sahələri elə başlanğıcdan toxunulmayan ərazi kimi qorunub saxlanılırdı (əvvəlcədən qalın divarlarla hasarlanmışdır). Kurfürstün ölümündən sonra, Yeni qəsr binası üçün uzun illər tərtib olunan plan və eskizlər lazımsız əşya kimi atılır, barokko üslubuna olan moda azaldıqdan sonra isə, Zvinger sarayı özünün ilkin əhəmiyyətini itirməyə başlayır. Ancaq sonralar, yəni bir əsr kedikdən sonra memar Qottfrid Zemper çayın sahili boyunca gələcəkdə özünün adını daşıyacaq geniş qalereyaların tikintisinə başlayır və beləliklə də, boş qalmış ərazilər nəhayət ümumi vəhdət şəklində tamamlanır.
1855-ci ildə yüksək təbəqədən olan ictimaiyyət üçün açılmış Zemper qalereyası, XIX əsr Almaniyasının ən böyük muzey layihələrindən birinə çevrilir və məhz bu layihə XVIII əsrdən bəri genişlənən Zvinger sarayının geniş muzey kompleksinə çevrilməsinə imkan yaratdı. 13 və 14 fevral 1945-ci ildə baş vermiş hava hücumları zamanı, bütövlükdə Drezdenin köhnə hissəsi və xüsusən də Zvinger kütləvi dağıntılara məruz qalmışdır. 1950–1960-cı illərdə aparılan yenidənqurma və bərpa işlərindən sonra, Zvinger sarayının kompleksinə daxil olan Drezden rəsm qalereyasında, Fizika-riyaziyyat salonunda və Çini kolleksiyasında saxlanılan minlərlə dünyə əhəmiyyətli eksponatlar ziyarətçilərə nümayiş olunmuşdur. İlkin məqsəddə istixana, oranjereya, bağ və festival meydançası kimi istifadə olunan saray arxa planhal-hazırda sırf muzey kimi fəaliyyət göstərir; bununla belə, müxtəlif bayram və şəhər günlərində burada böyük coşğu ilə musiqi və teatr tədbirləri keçirilir.
Yerləşməsi
Zvinger Elba çayının yaxınlığında və Drezden tarixi mərkəzinin bir hissəsi sayılan şəhər mərkəzinin şimal-qərbində yerləşir və bu sahəni tutur. O, digər məşhur görməli yerlərinin, o cümlədən Kral sarayı və Zemper operasının bilavasitə yaxınlığında yerləşir. Bundan başqa saray şimal-şərqdə Teatr meydanı, cənub-qərbdə Sofienştrasse, cənubda Poçt meydanı, qərbdən isə Ostra xiyabanı ilə həmsərhəddir. Zvinger ilə qonşu olan binalar isə bunlardır: Drezden Tacirlər Evi qərbdə, Dram teatrı cənub-qərbdə, Taşenberq sarayı cənub-şərqdə, "Yaşıl qübbə" adlanan Drezden qəsrinin qərb fligeli şərqdə, Altştedter Hauptvaxtası şimal-şərqdə, Zemper Operası şimalda və keçmiş kral tövlələri şimal-qərbdədir.
Tarix
Zvinger konsepsiyası
"Zvinger" sözünün mənası, onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini məhz bu cür adlandırırlar. Arxeoloji tətqiqatlar nəticəsində məlum olmuşdur ki, birinci şəhər divarının tikintisi çox güman ki, XII əsrin son rübündə başlamışdır. "Civitas" adlı tarixi salnamə və sənədlərdə Drezden qəsrinin adı ilk dəfə 1216-cı ildə qapalı istehkam qurğuları qismində qeyd olunur. Qusçular hərəkatı ilə əlaqədar, şəhər istehkamları daha da möhkəmləndirilir, 1427-ci ildə isə istehkamın ətrafında əlavə bayır divarları da inşa olunur. Bu dəyişikliklər Vilsdruffer darvazalarının yaxınlığında başlamışdır. Bəzi yerlərdə köhnə kotlovanlar və uzun xəndəklər ərazidən köçürülməli və doldurulmalı idi. Bu zaman yaranan divar aralıqları "Zvinger" adlandırırdılar və qəsri üç tərəfdən əhatə edən həmin bu boşluqları bağ kimi istifadə edirdilər. Beləliklə zamanla genişlənən Zvinger bağları və onların tutduqları bu ərazilər, şəhərin qərb sahilində bir zamanlar yerləşmiş istehkam qurğularının dəqiq yerlərini müəyyən etməyə problemlər yaratmışdır.[1][2] Saray kompleksi genişləndikcə, qala divarları tədricən demontaj olunurdu və buna görə də daha sonrakı illərdə tərtib olunmuş şəhər xəritələrdə, əvvəlki istehkamın yerləşdiyi ərazilər müxtəlif cür təsvir olunurdu; bununla belə xəritə tərtibatçıları həmin istehkam qalıqlarını daim Zvinger arealının bilavasitə yaxınlığında olduğunu da qeyd etməyi unutmurdular.
Gül və çiçəklərlə dolu Zvinger bağı xarici və daxili qala divarlarının arasındakı dar val ərazisində salınmışdır. XVIII əsrdə həmin bağın yaxınlığında sarayın inşaatına start verilmişdir və ümumi kompozisiya yaratmaq məqsədilə, gələcək saraya da bağın adı verilmişdir. Hazırda sarayın fasadında keçmiş daxili qala divarlarının izlərini müşayiət etmək olar; xarici qala divarları isə artıq o dövrdə öz əhəmiyyətini itirmiş və sökülmüşdür.[3]
Zvinger sahələrində erkən şəhər və məkan inkişafı
XVI əsrin sonunadək hazırkı saray kompleksinin arealı şəhər istehkamlarının inşası ərazisindən kənarda idi. Rokko Gerrini Konte di Linari (Florensiya şəhərinin ətraf rayonlarının birindən olan memar) kurfürst Avqust üçün 1569-cu ildən Köhnə qəsrdən (saraydan) qərbdə qala qurğularının yenidən qurulması və yenidən tikilməsi üzrə mühüm işlər həyata keçirmişdir. 1572-ci ilə memar tərəfindən inşaat işlərinin bir hissəsi artıq tamamlanır. Həmçinin məlum olmuşdur ki, ərazi boyu axan Elba çayının sağ qolu Vaysseritz çayından lazımi suyun istifadəsi daha sərfəlidir. Bunun ardınca Linar 1573-cü ildə öz planını yeniləmiş və çayın məcrasını dəyişmək və yaxınlıqda əlavə bastionun tikilməsi üçün müxtəlif təkliflər irəli sürmüşdür. Həmin bastion "Luna" adı ilə daha sonra məşhurlaşır. Həmin arealda Zvingerin barokko üslublu sarayının və meydanın yaranmasına başlanıldı. Ərazidə aparılan işlərin daha keyfiyyətli görülməsi üçün, layihəyə rəhbərlik memar Linardan alınaraq, tikinti ustası Paul Buxner və Andreas Hessenə verilmişdir. Həmin dövrdə tərtib olunmuş taxta modellər sonralar Yaşıl qübbənin inşasında istifadə olunmuşdur.[4]
Zvinger bağlarının inşaatı
Zvinger parkının abadlaşdırılması üçün ilk addımlar kurfürst Moritz tərəfindən atılmışdır; o, 1549-cu ildə öz saray bağbanı Nikolaus Fuksa Praqa şəhərində yerləşən Qəsr bağı nümunəsində bir parkın salınması barədə sərəncam verir. Kurfürst öz həyat yoldaşı Anna ilə birlikdə Sakson saray-park üslubunun yaradıcıları hesab olunurlar. Kurfürstün bağçılıq vərdişləri və bacarıqları, eləcə də onun bütün fərmanları sənədləşdirilmişdir: …Torpağın yaxşılaşdırılması üçün park və dendrarilərin yerləşdiyi qərb inşaat ərazisinə (burada Drezdenin köhnə istehkamları nəzərdə tutulur), müqəddəs Yakov hospitalının (alm. Jacobsspital) yaxınlığındakı göldən münbit torpaq və lil gətirilsin….[5]
Moritzin varisləri olan kurfürstlər I Xristian və II Xristian vallarda gözəl bağların (eyni zamanda da canlı çəpərin) inkişafına, yeni yolların və bağ tingliklərin yaradılmasına və həmçinin dekorativ daşlarla bəzədilmiş çiçək kərdilərinin tətbiqinə imkan yaratmışdılar[6]. Bağların yetişdirilməsində saray əhli tərəfindən böyük iştirak və maraq məhz II Yohann Georqun hakimiyyəti dövründə ayrılmışdır. Bu zaman müxtəlif meyvə növlərinin kultivasiyası həyata keçirilmişdir. O dövrün salnaməçilərindən birisi bu haqqda bunları qeyd etmişdir: …Böyük knyaz qəsri və iqamətgahının ərazisində olan Zvinger bağında müxtəlif növ qəribə ağac yetişdirilirdi. ağacların arasında çox ekzotik yarımnövlər də vardı — məsələn əncir ağacının gövdəsi elə böyük idi ki, insan əlləri onu əhatə edə bilmirdi, onun meyvələri isə gözəl və təravətli idi…[7] Limon və portağallar şimalda tam şəkildə dəymirlər, lakin burada hətta yetişməmiş meyvələr belə parlaq çalarlara malik idi. İlin isti mövsümlərində bitkilər istixanada yerləşən çəlləklərdən həyətə çıxardılır və onlardan həndəsi cərgəli xiyabanlar yaradılırdı.
Kral I Avqustun hakimiyyəti dövründə sarayın inşaatı
Kurfürst Fridrix Avqustun (Güclü Avqust) səltənəti Drezden şəhər planlaşdırılmasının intensiv inkişafı ilə bağlıdır. Kurfürstün 1694-cü ildən başlayan hakimiyyət dövründə Drezden şəhərinin binaları əsrarəngiz taxta memarlığı ilə əlamətdar olmuşdur. Bundan başqa 1687–1689-cu illərdə həyata keçirilən Avropa səhayəti onlarda ciddi təəssüratlar yaradaraq öz doğma şəhərlərində Fransa və İtaliya memarlığının tələblərinə cavab verən möhtəşəm memarlıq kompleksi yaratmaq istəyi oyandırdı. Buna görə də, o, planlaşdırma və bədii həll işində fransız və italyan memarlarının təsirinə xüsusi diqqət yetirdi. Onun əsas xidməti kimi, şəhərin ümumi görünüşünün daş binalar və sıx bağlar vasitəsilə fəyişdirilməsini qeyd etmək olar. 1701-ci ildə qəsrdə baş vermiş yanğın hadisəsi, ümumi əhali sayı 30000 olan Drezdenin yaşayış sahələrinin genişləndirilməsinə səbəb olmuşdur. I Fridrix Avqust çoxsaylı səyahətləri zamanı böyük təcrübə qazandığından, Zvinger sarayının layihəsini şəxsən özü tərtib etmişdir.
İlk qiymətləndirmə nəticələri artıq 1701-ci ildə təqdim edildi: planda bağlar (hərfi tərcümədə: həyətlər) və meydanları olan sarayın inşası nəzərdə tutulurdu. Köhnə bağ-oranjereya plana cavab vermədiyi üçün lazımsız görünürdü; ola bilsin ki, kurfürstün marağına onun uşaqlıq xatirələri də təsir etmişdir, belə ki, balaca vaxtı onun da iştirakı ilə hazırlanan teatr səhnəciklərində o, bağban köməkçisi rolunu canlandırırdı. Kompleksin dövrümüzə çatmış ən erkən planının müəllifi saray memarı Markus Konrad Ditsedir.[8] Plan bu cür adlandırılmışdır: "Əlahəzrət kralın və hörmətli Saksoniya kurfürstünün şəxsi göstərişi ilə sadiq icraçı memar Ditse tərəfindən 1703-cü ildə hazırlanmış Drezden sarayının planı". "İti bucaqlar" (alm. zur scharfen Ecke) adlı köhnə bastionun yerində Lustqarten adlı memarlıq-park ansamblı tərtib olunmuşdur.[9] Sənətşünas Qurlitt bu bürcün (yəni bastionun) yerləşdiyi ərazidə "Kurdonör" şadlıq mərasimlərini keçirmək üçün istifadə imkanı ilə kurfürstün niyyətlərini təsvir edir.[10]
Barokko üslublu Zvinger sarayının tarixi 1709-cu ildə başlamışdır; məhz kral Avqustun əmri ilə, hazırkı Theaterplatz meydanının ərazisində taxta konstruksiyaların inşaatına start verilir.[11] Kral və memar Pöppelmann ixtiraçılıq qabiliyyəti ilə öz aralarında bəhsə gedirdilər və nəhayət, sonda oranjereyanın əvəzində mərasim və təntənəli bayram şənlikləri üçün tikili yaradılmışdır. Düzdür şəhər rəhbərliyi bunun üçün böyük qurbanlar verməyə məcbur olmuşdur: şəhəri qoruyan bürclərin bir hissəsi sökülür, qumdaşından hazırlanmış sütun, dayaq və monumental heykəltaraşlıq nümunələrini inşaat ərazisinə çatdırmaq məqsədilə, Köniqştayn şəhərindən başlayaraq Drezdenə qədər olan Elba çayının məsafə dairəsi dərinləşdirmişdir.
Memar M. D. Pöppelmann (onun atası tacir idi və Vestfaliya krallığının Herford şəhərində olmuşdur) 47 yaşında Zvingerin tikintisinə rəhbərlik etməyə başlamışdır. Buna qədər o, 20 ildən çox Drezden saray həyətində krala xidmət etmişdir və yalnız 1705-ci ildə, yəni kralın ölümündən sonra Fridrix Avqust tərəfindən Saksoniya torpağının memarı təyin olunmuş və memarın sərbəst fəaliyyət göstərməsinə imkan yaradılmışdır. 1707-ci ildən başlayaraq Pöppelmann Taşenberq sarayının tikintisində iştirak edir (onun xarabalıqları hal-hazırda Zəng pavilyonunun qarşısında yerləşir). Hələ 1709-cu ildə memar terraslar əvəzinə iki yumru qalereyanı tikmək qərarına gəlir — bu qalereyalar ağaclar üçün daimi qış otaqları kimi xidmət etməli idi. Pöppelmann girdə qalereyaları pilləkənlərlə bağa keçid yaradan alçaq terrasların üzərinə yerləşdirir, geniş damın üzərində isə, promenad üçün ayrıca yuxarı terras yaradır. Qalereyanın pəncərələri döşəməyə qədər uzanır və hər pəncərənin qarşısında konsol yerləşirdi; isti mövsümlərdə ağır çəlləklərdə saxlanılan sitrus ağaclar buradan bayıra çıxarılırdı.
Tağlı qalereyaların, Nümfenbad (Nimfaların çay hamamı) və gələcəkdə Riyaziyyat və Fizika salonu adı ilə məşhurlaşacaq obyektlərin tikinti işləri XVII əsrdən başlamışdır. Fridrix Avqust memar Pöppelmannı əlavə təcrübə qazanması üçün Vyana və Roma şəhərlərinə göndərir. 1710-cu ildə Saksoniyaya geri dönən Pöppelmann, krala girdə qalereyaların hər iki mərkəzində ikimərtəbəli pavilyonları əlavə etməyi, Zvinger valı və bağı arasındakı yuxarı və aşağı səviyyələri isə, fəvvarə və süni şəlalələrin yaradılmasında istifadə etməyi təklif edir — durğun və axar su bu zaman memarlıqda xüsusi memarlıq funksiyasını daşıyır. Beləliklə, Zvingerdə məşhur "su teatrı" yaranır (sonralar bu attraksion "Nümfenbad" adlandırılmışdır). Saray memarlığını heykəltaraş və landşaft ustası Baltazar Permozer tərəfindən hazırlanmış fəvvarə və gözəl heykəltaraşlıq nümunələri tamamlayırdı. Permozer ilə yanaşı bu layihədə Yohann Benjamin Tromay, Paul Heermann, Yohann Kristian Kirxner, Yohann Matteus Oberşall və Sittaulu Yohann Yoaxim Kretzşmar kimi istedadlı heykəltaraşlar da iştirak edirdilər.[12]
1712-ci ildə hər iki girdə qalereyanın, bir ildən sonra isə hər iki künc pavilyonun tikinti işləri başa çatmışdır. Bunun ardınca hər iki cənub qalereyanın və Kronentor (yəni "taclı qapı") adlı giriş qapısının inşasına start verilmişdir. Taclı giriş hissəsi ilə bəzədilmiş düz qalereyaların tikintisi zamanı, Drezden qalası özünün müdafiə qurğuları və mühafizə xəndəyindən məhrum olmuşdur (onun ortasından taxta körpü salınmışdı və düşmən hücumu zamanı onu asanlıqla məhv etmək mümkün idi). Bununla belə, 1715-ci ilə qədər Zvingerin tamamlanmasına yardımçı olabiləcək bir plan tərtib olunmamışdır.
Layihə tərtib olunarkən, tikinti işləri isə hələ yenicə aparılarkən, Pöppelmann öz layihəsinin daha da mükəmməlləşdirilməsinə stimul vermək və öz etdiyi tədqiqatları müqayisə etmək üçün müxtəlif Avropa şəhərlərinə səfər edirdi. O, öz sifarişçinin hesabına 1710-cu ildə Praqa, Vyana, Florensiya, oradan isə Roma və Neapol şəhərinə gedir. Kurfürst hətta 1710-cu ilin yanvar ayının 4-də xüsusi bir sərəncam vermişdi: …memar Pöppelmann daha sonra Vyana və Roma şəhərlərini ziyarət etməli və yerli memarların saray və bağ tikintisində istifadə etdikləri üsullarla yaxından tanış olmalıdır…. Pöppelmann Praqa şəhərində memar Kristof Dintsenhoferin müəllif olduğu cəsarətli Bohemiya barokko üslubunu tədqiq etməyə başlayır (Dintsenhofer Praqanın Mala Strana rayonunda Müqəddəs Nikolay kilsəsini və Broynau (Brjevnov) monastırını inşa etmişdir).[13]
Saray tikililərinin və onların interyerlərinin öyrənilməsi üçün Pöppelmann 1715-ci ildə Parisə göndərilmişdi. Burada o, Versal saray-park kompleksi və Sen Klu şəhərindəki parkda quraşdırılmış Andre Le-Notrun fəvvarələri ilə tanış olur. Bu insan həmçinin Versal parkını da yaratmışdı və buna görə XIV Lüdovik tərəfindən "Baş landşaft memarı" rütbəsinə layiq görülmüşdü — yəni qısası, o, bağçılıqda müasir peşəkar nüfuzlardan birisi idi. Marli-Le-Rua şəhərində gördüyü Eden əyləncə parkı (Lustpark) isə, onda çox böyük təəssürat yaratmışdı; memar Jül Arduen-Mansar tərəfindən burada nəhəng fəvvarə kompleksi yaradılmışdır. Vətənə geri qayıdarkən, Pöppelmann öz marşrutunu dəyişərək Niderlanda üz tutur; burada o, Rotterdam, Delft, Leyden, Haarlem və Amsterdam kimi şəhərlərini gəzərək, tipik Holland memarlığı ilə də tanış olmuşdur. Nəhayət Apeldorn şəhərinə gələn memar Pöppelmann, buranın ən diqqətəlayiq abidəsi olan Het Loo qəsrini ziyarət edir — küncvari binanın çox uzun fligeli var idi.[14] Bu vaxt memar bir neçə il ərzində həll etməyə çalışdığı problemin həll yolunu tapır — bütün memarlıq kompleksinin mərkəzi olan və özündə bir neçə mühüm funksiyanı birləşdirən Mil pavilyonu inşa edilir: bu pavilyonda hər iki dairəvi pavilyonun qapıları açılır, pilləkənlər, üç fəvvarə, süni mağara və kiçik parad zalı yerləşir.
Bənd pavilyonunun layihələndirmə işləri 1715-ci ildə başa çatdırılmış; tikintisi isə bir sonra başlamışdır.[15] Oğlunun nikah mərasiminə çox az vaxt qaldığından, kurfürst tikinti işlərinin sürətləndirilməsini tələb edir. Fridrix Avqustun vəliəhdinin toyu vəfat etmiş imperator I Leopoldun böyük qızı Maria Jozefa ilə olmalı idi. Bu nikah sayəsində, Saksoniya Müqəddəs Roma imperiyasının tacını gələcəkdə öz xeyrinə iddia edə bilərdi. Buna görə də, memarlıq ansamblının layiqincə necə başa çatdırmaq haqqda təcili qərar qəbul edilməli idi, çünki onun ərazisi iki tərəfdən (şimaldan və şərqdən) açıq və boş qalmışdır. Hamıya aydın idi ki, bir il ərzində fundamental dəyişiklik etmək mümkünsüz olacaq, ona görə də açıq qalmış ərazilərdə bütün tikililər müvəqqəti kimi ağacdan düzəldilmişdir. Daşdan 1719-cu ilə kimi dəhşətli tələsiklə iki yeni künc pavilyon — Alman pavilyonu, Çini muzeyi və həmçinin Opera teatrı inşa edilmişdir. 1719-cu ilin avqust ayına kimi Zvingerin, o cümlədən müvəqqəti taxta tikililərin inşası nəhayət başa çatır və yeni açılmış sarayın həyətində möhtəşəm atəşfəşanlıq mərasimi düzənlənir.[16] Xərclər ilkin smetanı təxminən üç dəfə üstələmişdir, lakin hətta tamamlanmamış Zvinger bir çox müasirlərin fikrincə "heç nə ilə müqayisə etməyəcək bir şah əsəri idi". Hermann Hekkmannın sözlərinə görə, "1726-cı ilə kimi inşaat işlərinin ümumi məbləği təxmini olaraq 900.000 Taler civarında qiymətləndirmişdi".[17] Musiqili bayram şənliklərinin birində, kurfürst Avqust binanın fasadında öz müdrik kəlamını yerləşdirməyi əmr edir: Ölməzlik knyazlara həm böyük zəfərlər, həm də möhtəşəm binalar gətirir.
Dəbdəbəli toy şənliklərinin sonra dövlət xəzinəsi tamamilə boşalmışdır. Yalnız 1722-ci ildə Zvingerin tikintisindəki ölü dövr başa çatmışdır. Hər iki şərq girdə qalereya və Ştadttor adı ilə tanınan Zəng pavilyonu daşdan tikilmişdir. Pavilyonun ən hündür nöqtəsini "Dəyənəkli Herkules" fiquru bəzəyirdi. Qalan bütün heykəltaraşlıq nümunələri sarayın fasadında yalnız kobud şəkildə yonulmuş daş bloklar kimi yerləşdirilmişdir. Bununla da Zvingerdə bir müddət inşaat işlərinə son qoyulur.
Binalarla əhatə olunmuş məkanı bitkin şəklə salmaq, həyətin isə daim bayramsayağı ab-havasını qoruyub saxlanmaq üçün, kurfürst I Fridrix avqust 204x 116 metr ölçüdə olan meydanda portağal ağaclarından və ekzotik bitkilərdən ibarət bağ salmağı tapşırır. Heykəltəraşlar, o cümlədən Baltazar Permozer binaların dekorativ tərtibatını daha da zənginləşdirmək üçün çoxlu sayda heykəltaraşlıq nümunələri yaradırlar. 1728-ci ildə Elba çayından gətirilmiş qumdaşı materialları ilə bəzədilən Zəng pavilyonu və tağ sıralarından ibarət qalereya kompleksi konstruktiv şəkildə tamamlanır.
Tərtib etdiyi layihəni və inşası demək olarki tamamlanmış sarayı memar Pöppelmann bu cür təsvir etmişdir:
Saksoniyanın knyaz həzrətləri (kurfürst) Zvinger-Qarten kompleksini (kral oranjeriyası) qədim romalıların digər möhtəşəm tikililərlə yanaşı inşa etdikləri ictimai əyləncə mərkəzləri nümunəsində yaratmışdı. Zvinger-Qarten ansamblı o qədər məharətlə tərtib olunmuşdur ki, Qədim Roma memarlarının əldə etdiyi bütün faydalı və yaxşı xüsusiyyətləri özündə birləşdirir. Bir çox işlər üçün istifadə oluna biləcək böyük zallar, əyləncə mərasimləri, oyunlar və rəqslər üçün nəzərdə tutulmuş zallar, kiçik otaqlar, vanna otaqları, süni mağaralar, əyləncə və istirahər qalereyaları, xiyaban və kollonadalar, qazonlar və klumblar, şəlalələr və oyun meydanları, möhtəşəm Opera və Komediya Teatrından başqa kompleksə oval formalı meydan da daxildir. Bu meydanda yerləşdirilən çoxsaylı qiymətli ağac növləri qış vaxtı sarayın içində saxlanır. Meydanda istənilən növ tədbirlər və mərasimlərin keçirilməsi mümkündür[18] |
.
Sarayın öz əhəmiyyətini itirməsi və dağıdılması
Kurfürst Fridrix Avqustun ölümünə qədər (yəni 1733-cü ilə kimi) dairəvi qala divarlarının yaxınlığındakı tikinti işləri müxtəlif intensivliklə həyata keçirilirdi. Onun oğlu vaxtilə planlaşdırılan konstruktiv əlavələrini davam etmək məqsədilə, saray planına bəzi yeniliklər və dəyişikliklər etmişdir. Həmin dövrdə Drezden şəhərində yaşamış fransalı memar Zaxarias Longelün tərəfindən yeni və səxavətli layihə tərtib olunmuş və saray əhli tərəfindən bəyənilmişdir (Zvinger sarayından başqa, o, Yaşıl qübbə və Çini pavilyonunun tərtibatında və inşasında aktiv fəaliyyət göstərmişdir). Bu layihə özündə sarayı əhatə edən qala ərazisinin genişləndirilməsini nəzərdə tuturdu; yeni boş ərazilərdə isə, mesenatlara məxsus evlərin və Katolik kilsənin tikilməsi nəzərdə tutulurdu. Bundan başqa, Zvinger təbiət elmlərinə istiqamətləndirilmiş Avropanın ən mühüm və böyük muzey komplekslərindən birinə çevrilir; burada qrafika və kunstkamera eksponatları ilə yanaşı, mərcan, mineral, daşlaşmalar, balıqqulağı və kəhrəbalardan ibarət kolleksiya, eləcə də botanika, zoologiya və anatomiya üzrə müxtəlif materiallar təqdim olunmuşdur; həmçinin alimlər burada böyük kitabxanadan da istifadə edirdilər. Zvinger artıq istixana və oranjereya ilə assosiasiya edilmirdi, bura Kral Elmlər sarayına çevrilir və bayram şənlikləri daha düzənlənmirdi.
Lakin Avropada şərait tədricən dəyişməyə başlayır. Həmin dövr memarlıqda klassisizm üslubu geniş vüsət almışdır; Saksoniyada digər məsələlər də ön planda idi (məsələn şəhərdən kənarda yerləşən Moritzburq qəsr arealı, Hubertusburq və Yapon sarayı). Krallıqda iqtisadi şərait pisləşirdi, bu da təbii ki, dövlət xəzinəsinə bilavasitə təsir göstərirdi. Fəvvarəli bu kompleksin saxlanılması böyük xərc tələb edirdi, buna isə daha ehtiyac görülmürdü. Yohann Yoaxim Vinkkelmann əntiq dövrün pərəstişkarı idi və keçmiş hadisələrə istinad edərək barokko üslubunun insanlarda yanlış fikir yaratdığını bildirmişdir.
Zvinger sarayı öz əhəmiyyətini sürətlə itirməyə başladığından, burada bir sıra digər tikililərin inşasına icazə verilmişdir; məsələn 1746-cı ildə opera impressariosu Pietro Minqotti Zvinger sarayının həyətində taxta teatr binasını qurmaq razılığını almışdır. Şair və satirik Con Barklayın şərəfinə inşa olmuş Argenide adlı opera teatrının açılış mərasimi 7 iyul 1746-cı ildə baş tutmuşdur, lakin iki il sonra tamaşanın nünmayişi zamanı baş vermiş yanğın hadisəsi nəticəsində tamamilə məhv olmuşdur. Teatr təməlinin qalıqları yalnız 1929/1930-cu illərdə aparılan təmir və sanasiya işləri zamanı yığışdırılmışdır.[19]
1756-cı ildən başlayaraq, düz 1763-cü ilə kimi davam edən Yeddiillik müharibə inşaat və mülki tədqiqat işlərinə maneəçilik törətmişdir. Şəhər istehkamlarının tərkib hissəsi olduğundan, Zvinger kompleksi hərbi əməliyyatlar zamanı top atəşinin altına düşmüş və ciddi dağıntıya məruz qalmışdır. Bundan başqa işğalçı qüvvələr binanı hərbi anbar və dəftərxana-iş yeri kimi istifadə edirdilər. Şəhərin uzun müddət mühasirədə qalması və bir sıra məhəllələrin ciddi dağıntıya məruz qalması səbəbindən, şəhər rəhbərliyi öz planlarına yenidən baxmaq məcburiyyətində qalır; yeni qərara əsasən, dağılmış istehkamlar yenidən bərpa edilməli, binaların yerləşdiyi məhəllələr isə yenilənməli idi. İstehkamların bərpası, gələcəkdə yeni qala divarlarının inşasının qarşısı alınması üçün edilən bir addım idi. Vətəndaşlar şəhər bəndlərinin qorunmasını və daha da genişləndirilməsi istəyirdilər, halbuki knyaz ailəsi daha çox saray-bağ tərtibatının konstruktiv yaxşılaşdırılması üçün bütün müdafiə qurğularının məhv edilməsinə meyl göstərirdilər. Uzun diskussiyaların bir nəticə verməyəcəyini anlayan knyaz ailəsi, yeni layihənin tərtib olunması üçün Bavariyadan saray memarı Fransua de Küvilliyeni Drezden şəhərinə dəvət edir. Bunun əsasda əvvəlki qala kompleksi dağıdılmışdır.
XIX əsrdə qorunma istiqamətində görülən işlər və dəyişikliklər
XIX əsrin əvvəllərində sanasiya və yenidənqurma işlərinin əsas məqsədi dövrələyən qala divarlarını zəngin knyaz kolleksiyasının mərkəzi yeri kimi istifadə edilməsində idi. Buradakı divarların səthində rəsm kolleksiyaları yerləşdirilməli idi, buna görə də bir neçə pəncərə və qapı kərpiclə hörülərək bütöv divar yaradılmışdır. Markolini Zvingerdə muzey yaratmağı düşünərək dağılmaya qarşı qətiyyətli tədbirlər həyata keçirmişdir, lakin bütün bunlar binanın substansiyasında böyük zədələrə səbəb olmuş və onlar xeyli sonralar aşkar edilmişdir (memar bu zədələri əvvəlcədən sezməmişdir). O dövrün bilik səviyyəsinə uyğun olaraq ştükko adlanan naxış gips materialının köməyi ilə qumdaşı üzərində keçirilən təmir işləri və həmin qumdaşının səthinə vurulan yağlı boyalar sonradan özünün məhvedici təsirini göstərmişdir.
Görülən işlər zamanı yeni forma verilmiş ballustrad mübahisəyə səbəb olmuşdur. Klassisizm memarlığına yeni baxış (sadə konstruktivizm, nadir ornamental və plastik bəzəklər) görülən işlər zamanı balüstradadan bütün vazaların və fiqurların ixtisar edilməsi ilə nəticələnmiş, sonradan bu detalların bir çoxu şahzadə Maksın Ostra xiyabanında daha sonrakı dövrdə inşa edilmiş Çiaveris adlı sarayında öz yerini tapmışdır.
I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın 1792–1815-ci illərdə digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr dönəmində (həmin dövr daha çox Koalisiya müharibələri adı ilə də məşhurdur), Zvinger bəndi əsgərlər tərəfindən "Maqazeyn" kimi istifadə olunurdu (Maqazeyn — ordu ehtiyaclarını təmin etmək məqsədilə yaradılan hərbi təchizat anbarıdır). Bundan başqa, Napoleon dövründə Drezdendə Demontaj Komissiyasının tapşırığı ilə şəhər istehkamları büsbütün sökülür. Bu zaman, yəni 1812-ci ildə Kronentorun qarşısındakı dərin çuxur su ilə doldurulur, taxta açılan körpü isə "aradan qaldırılır". Bununla belə, saray memarı Qottlob Fridrix Tormayer keçmiş qalanı əhatə edən gölü toxunulmayan su hövzəsi kimi əldə etmiş və burada qayğı ilə tematik bağ sahəsini tərtib etməyə başlayır. Beləliklə saray kompleksini əhatə edən qalanın ətrafındakı şəhər-məkan kompozisiyası xeyli dəyişmişdir. Həmin Komissiyanın bədii məsləhətçisi təyin olunmuş Tormayer, Drezdenin yaxınlığında yerləşən Köniqştayn qalasında bir müddət öncə saxlanılan bütün lazımi sənədlərin təkrarən Zvinger sarayına geri qaytarılmasını təmin edir (1849-cu ildə baş vermiş Drezden üsyanı zamanı, qala Saksoniya kral ailəsi üçün sığınacağa çevrilmişdir. Üsyanın yatırılmasından sonra həbs edilmiş inqilabçılar, o cümlədən Saksoniya Kral Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilmiş anarxist Mixail Bakunun də burada saxlanılırdı). Kolleksiya əmlakının saxlanılma şəraitini yaxşılaşdırmaq üçün 1840-cı ildə kompleksə daxil olan bir neçə kiçikölçülü binalarda yenidənqurma işləri həyata keçirilmişdir. Saksoniya kralı Antonun (1827–1836) və yüksək bədii duyumu olan Baş Nazir Bernhard fon Lindenaunun vəzifədə olduqları müddət ərzində əhatəli qalanın kolleksiyaları bir neçə gün vətəndaşların sərbəst girişi üçün açıq olmuşdur.[20]
Zemper qalereyasının tikintisi
Mütəmadi olaraq köhnə sənətkarların əsərlərini toplamaq ənənəsi məhz kurfürst Avqustun dövründə yaranmışdır. 1722-ci ildə Kunstkameranın tərkibindən ayrılmış rəssamlıq nümunələrinin inventarlaşdırılması keçirilmişdir. Kurfürstün əmri ilə, rəsm əsərlərinin saxlanılması və saray əyanlarına nümayiş olunması üçün saray atlarının saxlanıldığı bina yenidən qurularaq, geniş bir ekspozisiya məkanına çevrilmişdir. Rəsm əsərlərindən başqa, Saksoniya kurfürstlərinin ekspozisiyasına nadir çini kolleksiyası, maraqlı elmi alətlər toplusu və Mərkəzi Avropanın ən böyük qravür və qrafika kabineti daxil idi.[21] 17 may 1834-cü ildə eklektizm cərəyanının nümayəndəsi olan memar Qottfrid Zemper Frans Xristian Hau tərəfindən Drezden Kral Akademiyasında təsviri incəsənət memarlığı üzrə professor vəzifəsini tutmağa dəvət almışdır. O, Saksoniya kralına sədaqət andı içir və bundan sonra Saksoniyanın vətəndaşı və Saksoniya Bədii Cəmiyyətin fəxri üzvü olmuşdur.
Həmin vaxt, memar Qottfrid Zemper kralın və Karl Fridrix Şinkelin təklifi ilə Drezden şəhərinə çağırılmış və bağın başa çatdırılması üçün yenilənmə və planlaşdırma işləri üzrə səlahiyyətləndirmişdir. O, Pöppelmannın tərtib etdiyi ilkin konsepsiyanı dəstəkləyərək layihədə bir sıra əlavələr etmiş və O, 1837-ci ildə kral teatrının tikintisi və Zvingerin genişləndirilməsi üzrə ilk layihələrini knyaza təqdim etmişdir. Bu layihələr üzrə 1841-ci ildə açılan ilk Kral teatrı (1869-cu ildə yanğın nəticəsində məhv olmuşdur) yerinə yetirilmişdir. Bundan əlavə, yeni layihəyə əsasən, Fransız və Alman pavilyonlarındakı üzbəüz fligellər Elba çayı istiqamətində yerləşən opera binası ilə birləşməli idilər. Bu layihə həyata keçirilsə idi, bugünkü Teatr meydanı artıq tam olaraq formalaşmış bağ arealının əsas hissəsi olacaqdı. Zvingerin yenidən qurulması üzrə planlar bir neçə dəfə təkrar gözdən keçirilmişdir, lakin onların heç biri sonda reallaşmamışdır. Bunun əvəzində 1846-cı ildə Zvingeri şimal-şərq tərəfdən rəsm qalereyasının binası ilə başa çatdırılması qərara alınmışdır. Tezliklə Zemper qalereyalarının tikintisi ilə tanışlıq üçün İtaliyaya gedir. Bundan sonra onun artıq təklif etdiyi yeni layihə təsdiq edilmişdir. Layihənin həyata keçirilməsi artıq 1847-ci ilin yay aylarında başlanılmışdır. Təqlid üçün nümunə qismində, Münhen şəhərində yerləşən və yüksək İntibah dövrü üslubunda inşa olunmuş Alte Pinakotek (Köhnə ustalar) binası götürülmüşdür. Zemper burada böyük qübbə inşa etməyi planlaşdırırdı; onun 8 qalereyaya çıxışı olmalı və yaxınlıqdakı Kronentor ilə ümumi ansambl yaratmalı idi. 1849-cu ildə baş vermiş inqilabda Zemper iştirak etdiyindən, o, krallıqdan qaçır və onun əvəzinə memar Karl Moritz Henel tikintini başa çatdırmaq tapşırığı alır. Memar Bernhard Krüger (o, Zemperin tələbəsi idi) müəlliminin bütün ideyalarını rədd edir. İnteryer memarlığının daha detallı şəkildə araşdırmaq məqsədilə, Krüger dostu Henel ilə birlikdə 1851-ci ildə Berlin və Münhenə səyahət edir.[22] Tikinti işləri 1854-cü ilə qədər davam etmişdir; 25 sentyabr 1855-ci ildə Zvinger kompleksinin "Yeni muzey" adlı fligelinin təntənəli açılış mərasimi düzənlənmişdir.
1849-cu ildə baş vermiş May qiyamı
Kommunaçıların tərəfdarı kimi 1849-cu ildə May qiyamında iştirak edən Zemper Drezden şəhərinin tərk etməli və tərtib etdiyi bütün layihələri Karl Moritz Henelə təhvil verməli idi. O vaxtdan onların arasında dəfələrlə yazılı əlaqə mövcud idi. Bu gün bu bina Zemper qalereyası adlanır.[23]
İnqilab zamanı Drezdendəki bəzi binalar strateji cəhətdən faydasız kimi baxılırdı. Buraya həmçinin Zvinger kompleksinin yaxınlığında yerləşən Birinci Opera teatrının binası da aid edilirdi. Müvəqqəti hökumətin razılığı ilə, 6 may 1849-cu ildə barrikadaların komandiri müqəddəs Sofiya kilsəsini külə döndərməyi tapşırır. Beləliklə başlanğıcda üsyançılar ümid edirdilər ki, yanğın qonşuluqdakı knyaz sarayına da keçəcək. Bununla belə, alov qəflətən küləyin istiqamətinin dəyişməsi ilə şəhər pavilyonunu və Zvinger tingliklərini öz ağuşuna alır. Alovun Zvingerə keçəcəyini üsyançılar gözləmirdilər. Yanğın böyük struktur zədələnməyə səbəb olmuşdur; belə ki, şəhər pavilyonu ilə tingliyin şərq hissəsi tamamilə dağılmışdır. Bundan əlavə, Drezden daha bir böyük itki ilə üzləşir: bir zamanlar Flora adı ilə məşhur olmuş Saksoniya Botanika və Bağçılıq Cəmiyyətinin misli bərabəri olmayan kolleksiyası dəhşətli yanğın nəticəsində məhv olur. Zəngin kolleksiyanın tərkibinə 6000-dən çox herbari və 800 cild nadir kitabı özündə qoruyub saxlamış kitabxana daxil idi. Bura Avropanın ən əhəmiyyətli ixtisaslaşdırılmış botanika kitabxanası idi və təbii ki, həmin dövrün hər sarayı bu cür kolleksiyalar ilə öyünə bilməzdi.[24][25] Deqradasiyaya uğramış tingliyin və əhatəli qala divarlarının təkrar bərpası, memar Karl Moritz Henelin rəhbərliyi altında 1863-cü ilə qədər həyata keçirilmişdir.
Binanın mühafizəsi istiqamətində görülən işlər
Drezden qalereyasının inşasından sonra qala divarları ətrafında inşaat estetik hamorniyasını itirdi. Yenicə fəaliyyətə başlayan qanadın qarşısında köhnə, uzun qalereyalar və ağaclarla əhatə olunmuş nimfa hovuzu yerləşirdi. 1855-ci ildə Henel hovuz ərazisini xarabalıq adlandırdı və neoromantik aspektləri nəzərə alaraq konservasiya işləri aparılmalı olduğunu bildirdi. Rəng uyğunluğu əldə etmək üçün ərazidə olan bütün köhnə tikililər kətan yağı ilə boyandı. Növbəti mübahisəli məsələ isə qala divarlarının bərpası ilə bağlı idi, belə ki, yeni kəşf edilmiş Portlend sementinin istifadəsi divarların dağılmasını daha da sürətləndirdi.
Kornelius Qurlitt və Robert Domenin XVII–XVIII əsrlərdə tərtib etdikləri memarlıq və dekorativ incəsənət nümunələri, O cümlədən onların gələcək işləri Drezdendə mövcud olan barokko üslubunda binalara yeni münasibətin formalaşmasına səbəb olmuşdur. Zvinger sarayında indiyədək istifadə edilən bərpa tədbirləri ilə yaxından tanış olan Abidələrin Qorunması üzrə Komissiya (alm. Gründung der Kommission zur Erhaltung der Kunstdenkmäler) kompleksə daxil olan binalarda daha rəngli boyalardan istifadə etməməyi qərara almış, bunun yerinə isə ən yaxşı çay qumundan istifadə etmək məsləhət görülmüşdür. Lazımi təxsisat və lisenziyalar vaxtında verilmədiyindən, binanın zərif rejimdə bərpası yalnız 1911-ci ildən başlanılmışdır.
Rokoko üslubunun dirçəlişi, Drezden Rəssamlıq Akademiyasının professoru Georq Vrba ilə layihəni gerçəkləşdirən memarlar arasında intensiv mübahisələrin yaranması üçün bəhanə kimi istifadə olunmağa başlamışdır. Vrba mərkəz ox boyu daha ağır kubşəkilli formaların yaradılmasının tərəfdarı idi; Leypsiq İncəsənt Tarixi İnstitutunun professoru Avqust Şmarzovun bildirdiyinə görə, köhnə stəkanvari bəzək elementlərinin dəyişdirilməsi ilə parallel şəkildə əlavə fligellərin də tikintisinə başlamaq lazım idi. Həmin bu tez-tez şəklini dəyişən konstruktiv element uğrunda gedən çoxsaylı mübarizələr, bu arada abidəyə olan şüur ifadəsinin inanılmaz dərəcədə böyüməsi ilə bağlı idi. Sarayın orijinal müasir görkəmini və ilkin formasını saxlamaq üçün sonrakı yaradıcı müdaxilələ qadağa qoyulmuşdur.
Birinci Dünya Müharibəsi başlayana qədər aparılan bərpa və yenidənqurma işləri zamanı qəfil problemlərin sayı sürətlə artmağa başlayır. 1915-ci ildə fasada bir neçə mühafizə qurğularının əlavə olunmasından sonra, burada vəziyyət daha da kəskinləşdi və binanın dağılma prosesi sürətləndi. Binanın damında yerləşdirilmiş bir neçə fiqur qırılaraq ətrafdakı navalçalara düşür. Daha böyük konstruktiv elementlər isə, ümumiyyətlə əsas binadan böyük çatlar ilə ayrılaraq dağılmağa başlayır. Ardıcıllıqla yanlış sanasiya metodlarından və daş materiallar üçün təhlükəli olan maye substansiyalarından istifadə, binanın eksteryerinə qorxunc təsir göstərmişdir.
Zvinger baraklarının köməyi ilə görülən restavrasiya işləri
1921-ci ildə yenidənqurma işlərinə yönəlmiş işlər bərpa olunmuşdur, lakin qısa müddət sonra, yəni inflyasiya dövründə valyutanın dəyərsizləşməsinə görə bütün işlər dayandırılmışdır. Yalnız 1924-cü ildə Drezden şəhərində Zvinger ustalarının ittifaqı yaradıldıqdan sonra, saray kompleksinin dağılmasının qarşısını almaq mümkün olmuşdur. 1936-cı ilədək özünün geniş diapazonlu fəaliyyəti ilə fərqlənən bərpa emalatxanasının rəhbərliyinə 15 oktyabr 1924-cü ildə memar Hubert Georq Ermiş təyin olunmuşdur. Georq Vrba ilə birgə tərtib edilmiş iş planı özündə 2 əsas məqsədi nəzərdə tuturdu: Zvingerin texniki xilası və onun memarlığının bədii intibahı idi.
Qələvi substansiyaların köməyi ilə Zvingerin bütün xarici fasadları neftlə çirklənmiş rənglərdən və bütün sement və suvaq materiallarından təmizlənmiş, həmçinin aşınmaya məruz qalmış qumdaşı bölgələri "kruaze de transept" elementləri ilə əvəz olunurdu. Daha sonralar isə əhatəli qalanın daxil olduğu bütöv kompleksin drenaj sistemi əsaslı təftiş və dəyişikliyə məruz qalmışdır. O vaxtkı biliklərə əsasən, terrasların genişləndirilməsi və böyüdülməsi rütubətə qarşı edilən bir addım idi. Bədii-tarixi məsələlərin rəsmiləşdirilməsi, eləcə də Pöppelmann tərəfindən yaradılmış mis qravür əsərləri bir çox illüstrasiyalı konstruktiv elementlərin yaradılması üçün bir növ əsas olmuşdur; sarayın interyeri və bəzək elementləri haqqda geniş məlumat verən keçmiş arxiv sənədləri isə restavrasiya işlərinə böyük yardım etdi. XIX əsrin sonlarında kompleksə daxil olan binalarda edilmiş dəyişikliklər və əlavələr bərpa işləri zamanı aradan qaldırılmışdır. Bu cür zəhmətli və ağır işlərə təxminən 100 mütəxəssis cəlb olunmuşdur.
Riyaziyyat-Fizika Salonunun təkrar açılışı 20 mart 1929-cu ildə baş tutmuşdur. Həmçinin XIX əsrin ortalarında torpaqla doldurulmuş Zvinger katlovanının bərpasına başlanılmışdır. 1936-cı ildə xarici divarların restavrasiyası nəhayət başa çatmışdır, bundan sonra daxili tərtibatın sanasiya işlərinə start verilmişdir. 1939-cu ildə çini kolleksiyası ictimaiyyət üçün açılmışdır. Ziyarətçilərə prezentasiya və ekspozisiya işlərinin həyata keçirilməsi qeyri-mümkün olduğundan, Təbiət-Tarix Salonunda yeni təmir işlərinin həyata keçirilməsində zərurət yaranmışdır. Kompleksdə yeni fligel və ekspozisiya mərkəzinin yaradılması planlaşdırılırdı, lakin qəflətən başlayan İkinci Dünya müharibəsi muzey işçilərinin bütün bu səylərinə son qoyur.
İkinci Dünya müharibəsi illərinin ağır dağıntıları və sonrakı yenidənqurma işləri
Bir neçə il sonra Zvinger sarayının dağılmasına səbəb olacaq və 1924-cü ildən başlayaraq mütəxəssislər tərəfindən onun xilası uğrunda mübarizə aparacaq dəhşətli hadisələr baş verdi. İkinci Dünya müharibəsi illərində və xüsusən də 13–14 fevral tarixində Drezden şəhərinin bombalanması zamanı, Zvinger sarayı güclü dağıntıya məruz qalmışdır. Hans Nadler onu belə təsvir edir: "Saxlanmış hissədə qalıb: Nimfa fontanı, dörd künc korpusu əhatə edən divarlar, uzun qalereya və Taclı darvaza. Divarın yanındakı qalereya, ona bitişik olan əyri qalereya bombardman nəticəsində təməlinə kimi dağılmışdı.".[26] Rəsm qalereyası yalnız şimal tərəfdən ciddi dağıntıya məruz qalmışdır. Bütün binalar və onların dam örtükləri də yanmışdır. Mis basmanaxışı ornamentləri ilə bəzədilmiş qismən bahalı dam örtüyü, bomba qalıqlarının zədələdiyi terrasların üzərinə və əhatəli qalanın həyətinə düşmüşdür. Drezdendə baş verən yanğın tezliklə "odlu qasırğaya" çevrilir; şəhərin daxili məhəllələrində temperatur 1500 °C qədər artır; Zvingerdəki yanğın o qədər güclü idi ki, alovun dilləri pəncərələri sındıraraq bayıra çıxır və bununla da fasadın tikintisində istifadə olunmuş qumdaşı materialında dönməz mineral-struktur dəyişikliklərinə səbəb olmuşdur. qətirib çıxarır. Fasadı bəzəyən bir neçə ornament elementləri, materialın qızması nəticəsində quraşdırılmış yerdən qırılaraq hələ yerə düşmədən parçalanırdı. Binanın bir çox hissələrində tarazlıq daha mövcud deyildi.[27]
Xüsusilə sarayın divarında rus əsgəri tərəfindən edilmiş yazı hamıya çox yaxşı məlumdur. Yazıda deyilir: Muzey tam olaraq yoxlanılıbdır. Minalar aşkar edilməyib. Binanı yoxlayan Xanutindir. Hazırda həmin bu yazı Teaterplatz meydanına açılan Zemper qalereyasının sağ portikində yerləşir, ancaq binanın fasadında edilən rekonstruksiya və sanasiya (təmizləmə) işlərindən sonra yazının aydın oxunuşu azalmışdır (yazının bir hissəsi silinibdir).
14 avqust 1945-ci ildə Drezden şəhərində vəzifəli şəxslərin iştirakı ilə, rekonstruksiya koordinasiyası üzrə birinci məsləhətləşmə prosesi keçirilmişdir. 18 avqust tarixində, Sovet ordu idarəsi sarayı bərpa etmək niyyətini bariz şəkildə nümayiş etdirir və buna görə də Drezden kompleksinə dərhal taxta-inşaat materiallarını gətirəcəyini bildirir. Sovet hərbi administrasiyasının əmri ilə, iki mədəni tikilinin bərpası və yenidən müdafiəsinə göstəriş verilmişdir. Bunun əsasında, yenidən təsis edilmiş Saksoniya Dövlət administrasiyası 1945-ci ilin sentyabr ayında Zvingerin yenidən qurulması üçün ilk büdcəni təsdiq etmişdir.[28] Beləliklə 1945-ci ilin payız aylarında yerli Drezden memarı olan Hubert Georq Ermişin rəhbərliyi altında "Zvinger inşaat kampaniyası" yaradılır və sarayın bərpa işlərinə start verilir. Bu kampaniyanın ilk iştirakçıları sırasına heykəltaraş Albert Braun (1899–1962), memar Artur Frentsel (1899–1975) və mis işləri üzrə usta Yagyi daxil idilər.
Zvingerin birinci ictimai təqdimatı 1951-ci ilin may ayında, yəni daxili həyətin bir hissəsinin ziyarətçilər üçün açıldığı zaman baş vermişdir. Həmin ildə Zvinger xəndəkləri genişləndirilmiş, əhatəli qalanın isə ümumi su səthi böyük göl ilə birləşdirilmişdir. 1951-ci ilin iyul ayında Kronentor darvazasının bərpası nəhayət tamamlanır; Riyaziyyat-Fizika salonu 1952-ci ilin iyun ayında, Val pavilyonunun 3 frontonu 1954-cü ildə, Zəng pavilyonu isə 1955-ci ildə başa çatmışdır. Rəsm qalereyasının rəsmi açılışı 3 iyun 1956-cı ildə, yəni Drezden şəhərinin 750 yaşı tamam olması şərəfinə keçirilən bayram mərasimi zamanı düzənlənmişdir, lakin qalereyanın tam bərpası yalnız 30 oktyabr 1960-cı ildə başa çatmışdır. Bərpa işlərinin məsrəfləri təxminən 7.9 mln alman markası həcmində qiymətləndirilmişdir. Sadələşmiş bərpa-icraat işlərindən sonra, Fransız pavilyonunun 1960-cı ildə ziyarətçilər üçün yenidən açılmışdır. Mərmərdən hazırlanmış dəyərli fiqurlar və suvaq elementləri sonralar bərpa işlərində istifadə etmək üçün hələ bombardmanlardan öncə muzey kollektivi tərəfindən xilas edilmişdir. Yalnız 1963-cü ildə Val pavlyonu ictimaiyyət üçün açılmışdır. Bundan öncəki illərdə pavilyonun interyerlərini saxlayan ilkin konstruksiyalar muzey kimi istifadə olunması üçün tərtib olunmamışdır. 1963-cü ildən başlayaraq Zvinger kompleksi müharibə illərindən öncə olduğu kimi aktiv təmir-bərpa fazasına keçid alır. Müharibədə ciddi zədələr almış Sofienkirxa kilsəsinin yenidən qurulması üçün kifayət qədər pul vəsaiti çatışmadığından, şəhər bələdiyyəsinin birgə qərarı ilə 1962-ci ildə dinamit partlayıcısı ilə yerlə yeksan edilmişdir. Dövlət konservatoriyasının keçmiş kuratoru, sonradan isə Drezdenin fəxri vətəndaşı seçilmiş Hans Nadler İkinci dünya müharibəsinin bitdiyi ildən başlayaraq düz 1965-ci ilə qədər Zvinger sarayının bərpası üçün ayrılmış ümumi məbləği 11,8 mln marka həcmində qiymətləndirmişdir. Bəzi otaqların (interyer məkanlarının) yenidənqurma və tərtibat işləri bu yaxınlarda başa çatmışdır.[29][30]
Zvinger sarayı XXI əsrdə
Çoxsaylı leysan yağışları son 150 il ərzində ən güclü və böyük daşqınlara səbəb olmuşdur. 2002-ci ilin avqust ayında Elba çayında baş vermiş güclü daşqın zamanı, bilavasitə Zvingerə yaxın olan sahədə (əhatəli qalanın yaxınlığında) suyun səviyyəsi 9,40 metr qalxmışdır. Bununla belə, Elba çayının sağ qolu olan və şəhərin qərb tərəfindən axan Vaysseritz çayının səviyyəsi də xeyli artmışdır. Elba çayının bu qolu daşqına görə müvəqqəti olaraq öz məcrasını dəyişmiş və yeni istiqamətdə axmağa başlamışdır (Vaysseritz əvvəllər Fridrixştadt və Vilsdrufer Forştadt rayonlarından keçməklə, Landtaq meydanının yaxınlığında Elba çayına tökülürdü).[31] Beləliklə, Drezden şəhərinin qədim hissəsi 2 istiqamətdən çay suları ilə dolmağa başlayır, lakin ən kədərlisi o idi ki, Zvinger sarayı daşqın hadisəsinin episentrində (mərkəzində) yerləşirdi. Tədricən şəhər və kəndlər, dəmir və avtomobil yolları, kənd təsərrüfatı sahələri və tarixi abidələr su altında qalmışdır. Əvvəlcə böyük çaylar Almaniyanın cənub torpaqlarını zəbt etməyə başlayır. Həmin gün Almaniyada fövqəladə vəziyyət elan edilmişdir. Bir çox avtomobil və piyadalar üçün körpülər zədələnmiş və amansız təbii fəlakət nəticəsində tamamilə məhv edilmişdir. Avqustun 16-dan başlayaraq, daşqının miqyası fəlakətli xarakter almışdır. Əhalinin təhlükəsiz yerlərə kütləvi evakuasiyası başlanılmışdır. 19 mindən çox Bundesver əsgəri xilasetmə işlərində iştirak etmişdilər. Bu irimiqyaslı təbii fəlakət nəticəsində, onlarla adam itkin düşmüş, 15 nəfər həlak olmuş, bir neçə yüz sakin isə müxtəlif dərəcəli xəsarət almışdır. Almaniya iqtisadiyyatına dəyən bu böyük zərbə, 15 mlrd. avro civarında qiymətləndirilmişdir.[32][33]
Yanğın komandasının və Texniki yardım işlərinin təşkilindən böyük sayda istifadə olunmasına baxmayaraq, çay səviyyəsi katastrofik səviyyədə idi və sular artıq saray həyətinə dolmuşdur və bunun qarşısını almaq mümkün deyildi.[34] Muzey işçiləri sənət əsərlərini xilas etmək ümidi ilə bütün şəkil və çini qabları zirzəmiyə köçürmüşdülər. Ancaq hətta orada da su kütləsi mədəni irsə təhlükə yarada bilərdi. Daşqından yalnız bir neçə gün sonra su Zvinger həyətindən güclü nasosların köməyi ilə çəkilmişdir. Daşqın əhəmiyyətli dərəcədə memarlıq və bağ-park kompleksinə ziyan vurmuşdur. 2008-ci ilin may ayından — 2012-ci ilin noyabr ayınadək kompleksin Riyaziyyat-Fizika salonunda köklü şəkildə sanasiya işləri aparılmışdır.[35] Arxeoloqlar pavilyonun həyətindəki qrot, fəvvarələri təmizləyərkən, çoxlu sayda suvaq fraqmentlərini aşkar etmişdilər. Məhz bu səbəbdən də, Riyaziyyat-Fizika pavilyonunun zirzəmisində sərgi sahəsinin genişləndirilməsi üçün nəzərdə tutulmuş planlar ümumi kollegiyanın qərarı ilə ləğv edilmişdir.[36] 14 aprel 2013-cü ildən başlayaraq riyazi və fiziki alətləri kolleksiyası geniş tərkibdə eyniadlı pavilyonda qonaqlar üçün yenidən açılmışdır.
2013-cü ildə Zemper qalereyasının yenidənqurma işlərinə start verilmişdir. 2015-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulan ilk tikinti fazasında şərq fligelinin sanasiyası təqribən 22,3 mln. avro məbləğində qiymətləndirilib, qərb fligelinin daha sonrakı bərpa-sanasiya işlərinin ümumi məbləği isə 24,4 mln. avro civarında qiymətləndirilir. Muzey rəhbərliyinin qoyduğu əsas şərt, kompleksə daxil olan binaların ümumi eksteryer quruluşunun qorunub saxlanılması idi; bunula belə, bütün müasir təhlükəsizlik sistemləri, əlavə çıxış və girişlər, ziyarətçilərin azad və problemsiz muzey binalarına daxil olmaq imkanları da restavratorlar tərəfindən yaradılmalı idi. Sarayın damında baxımsızlıqdan çatlar yaranmışdır və uzun müddət həmin bu çatlara su dolduğundan buranı şibyə və mamır basmışdır; həmçinin aşınmaya məruz qalmış fasad, fənərlərə isə dəymiş zərər Zvingerdə təmir-bərpa işlərinin daha kompleks şəkildə aparılmasını zəruri etdi.[37]
Hal-hazırda Zvinger kompleksi Saksoniya Dövlət Qəsr, Malikanə və Park İdarəsinin bir hissəsidir. Keçmişdə bura Saksoniya kral və knyazlarının iqamətgahı idi, indi isə bura böyük muzeydir.
Tikilinin təsviri
Daxili həyəti əhatə edən qalanın kvadrat formalı bünövrəsi vardır, onun qarşı tərəflərində isə (yəni şimal-qərb və cənub-şərq istiqamətlərində) hamar-simmetrik və qövsşəkilli üstüörtülü qalereyalar əlavə olunubdur. Bu qalereyalar şimal-qərbdən Val (Bənd) pavilyonu, cənub-şərqdən isə Zəng pavilyonu ilə tamamlanır. Əsas meydanın və Zemper qalereyasının cənub-qərb hissəsinə, eləcə də birbaşa təmas xəttinin qarşı tərəfinə uzun və düz qalereya və onu bəzəyən Kronentor darvazası daxildir. Kvadrat bünövrənin dörd küncündə qövsşəkilli və ikimərtəbəli pavilyonlar yerləşir, bunlar: Çini pavilyon, Alman pavilyonu, Fransız pavilyonu və Riyaziyyat-Fizika pavilyonudur. Bütün bu pavilyonlar öz aralarında gözəl qalereyalar ilə birləşir, Bənd pavilyonun fasadında isə böyük kurant (qüllə saatı) quraşdırılıb.
Kronentor
Kronentor (hərfi tərcümədə "Taclı darvaza") — portal pavilyonudur.[38] Val (Bənd) pavilyonu ilə yanaşı, bu giriş hissəsi saray kompleksinin ən məşhur guşəsidir və bir çox illüstrasiyalarda Zvingerin rəmzi kimi təsvir olunur. Köhnə qala divarlarının qarşısında yerləşən giriş pavilyonunu hər iki tərəfdən uzun qalereyalar izləyir. Darvaza və qalereyalar bununla belə kiçik bucaq əmələ gətirirlər. Taclı darvazalardan başlanğıcda qala divarları və körpü vasitəsilə xarici şəhərdən saraya giriş mövcud idi. Müharibə illərində Saksoniya krallığının paytaxtı tez-tez mühasirəyə alınırdı, buna görə də xəndəyin üzərindən daş körpünün inşası mənasız idi; bunun yerinə hücum zamanı tez aradan qaldırıla bilən dar taxta körpü inşa edilmişdir. XX əsrin əvvəllərində aparılan arxeoloji qazıntılar zamanı, tranşeya və həbsxana arxının qalıqları aşkar edilmiş və bunun əsasında darvaza özünün əvvəlki görkəmində bərpa olunmuşdur.
Xarici görünüşü antik zəfər tağını xatırladan Kronentor yüksək italyan barokkosu üslubunda inşa edilmişdir.[39] O, hər iki uzun qalereyanın mərkəzində yerləşir; bir qədər qabağa çıxan kiçik rizalit isə, yan korpusdan fərqli olaraq tikilinin əsas hissəsi ilə vəhdət təşkil edir. Tikilinin köhnə planına nəzər yetirdikdə, səkkizguşəli giriş hissəsinin ayrıca dördbucaqlı yüksək kürsülüklə məhdudlaşdığını görmək olar. Darvaza qövsü daha sonra hər iki tərəfdən ikili sütunların köməyi ilə yuxarı qalxır.
1712–1713-cü illərdə tərtib olunmuş ilkin layihədə portallı pavilyonun birinci mərtəbəsində böyük rustika elementi yaradılmışdır (Rustika — memarlıqda binanın divarının xarici üzlənməsi və ya dördbucaqlı binalarda düzgün qatlanılan künclərdə yonulmamış və ya az yonulmuş kobud daşlarla hamar işlənmiş fasadın qarşılıqlı sintezidir). Onun yuxarı mərtəbəsində sərbəst şəkildə günbəz ilə sütunlar quraşdırılıb. Uzun qalereyadan təntənəli qapılara keçiddə yanlardan əlavə kolon və qabıq formalı bəzəklərlə həll edilmişdir. Sərt şəkildə sınan anteblement, həmçinin sınıq frontonlar giriş mərtəbəsini yuxarı yönləndirir. Sütunların sadə düzülüşü altında kral simvolu yerləşir, sütunların birləşmə yerində isə çarpaz kəsişən qılınclar görünür. Qapının açar daşlarından birinin üstünü Herkulesin şir dərisi ilə örtülmüş başı, digərinin bağa baxan tərəfdən isə qadın başı bəzəyir.
Yuxarı mərtəbədəki zal dörd tərəfdən də açıqdır, buradan uzun qalereyanın əlaqələndirici keçidi kimi istifadə olunur. Künclərdəki dörd sadə sütun aşağıya qədər uzanaraq kolonların sadə düzülüşünü təkrar edir. Sütunların cüt düzülüşü əvəzində pilyastrların qovşaqlarının bədii həlli ümumi memarlıq quruluşunu daha da canlandırır və buna görə də yuxarı mərtəbə o qədər də böyük təəssürat yaratmır. Aşağıda istifadə edilmiş sınıq antablement, sınıq frontonlar və fiqurlarla bəzədilmiş açar daşları yuxarı mərtəbədə attiklərlə əvəzlənir. Onların üzərində bir neçə vaza və ilin fəsillərinin mövzularını və Herkulesi təsvir edən on iki fiqur düzülür. Onlar sakson dəbdəbəsinin simvolu kimi qızıl suyuna çəkilmiş bürüncdən hazırlanmış qübbəni əhatə edirlər. Lap yuxarıda dörd polyak qartalı təsvir olunub ki, bu da Polşa kral taxtının imitasiyasıdır.[40] Qübbənin ən yuxarı hissəsində isə Polşa Krallığının tacını xatırladan böyük fiqur quraşdırılıb. İlkin olaraq taclı darvazanın vəliəhdi kimi səmavi sfera ilə birlikdə Herkulesin təsvir edilməsi nəzərdə tutulmuşdu. Lakin, kənar pavilyonların planlaşdırılmasından sonra bu layihə dəyişdirildi və fiqurun kənar pavilyonda yekun obyekt kimi istifadəsi qərarlaşdırıldı.[39]
"Floranın yaz qurbanı" adlı dek üzərində təsvir olmuş freska əsəri, 1945-ci ildə kompleksin dağılmasına qədər günbəzin daxili divarlarını bəzəyirdi. Deklər arasında yerləşən açıq dairəvi dəlikdən saraya və şəhərə əsararəngiz mənzərə açılır.[41]
Taclı qapının təpəsindəki heykəllərin yaradılması üçün bu çətin işə demək olar ki, bütün heykəltaraşlar cəlb olunmuşdur. Kronentordakı həmin heykəllər hazırda surətlərlə dəyişdirilmişdir. Su kanalına açılan və digər pavilyonlara keçid yaradan uzun qalereyalarda antik Vulkan (sol tərəfdə) və Baxus (Vakx) tanrılarının heykəlləri quraşdırılmışdır. Zvingerin daxili həyətə açılan tərəfində isə Serera və Pomona tanrılarının plastik fiqurları yerləşir. Vulkan və Sereranı memar və heykəltaraş Permozer, Baxusu isə Kretzşmann hazırlamışdır. Qaval, dəf və tənburda çalan musiqiçilərin heykəlləri daxili həyət tərəfdən giriş portalını əhatə edirlər və heykəltaraş Heermann və Kretzşmann tərəfindən yaradılmışdır.[39]
Riyaziyyat-Fizika salonu
Riyaziyyat və Fizika salonu (alm. Mathematisch-Physikalischer Salon) — Drezden şəhərinin ən qədim tarixi saat və elmi alətlər kolleksiyasıdır. Muzey Drezden Dövlət Sənət Kolleksiyasının tərkibinə daxildir. Salon Kronentor portalının yaxınlığındakı pavilyonda yerləşir.[42]
Sərgi XVI əsrdə, yəni Drezdendə artıq Kunstkameranın yarandığı dövrdə açılmışdır (Kunstkamera — təbii-elmi eksponat və müxtəlif qədim, nadir və qəribə əşyalardan ibarət tematik kolleksiyalarının saxlanılması və yerləşdirilməsi üçün yaradılmış xüsusi otaqdır). Artıq 1587-ci ildə həmin bu kunstkamerada minə yaxın müxtəlif riyazi və texniki cihazlar və alətlər saxlanılırdı.[43] Saksoniya hersoqu III Albert özünün Drezden şəhərində inşa etdirdiyi iqamətgahında zirehli silahların saxlanacağı böyük bir otağın yaradılmasını tələb edir. Daha sonralar buradakı kolleksiya sıralarına seçki ləvazimatları və döyüş-sursat nümunələri də əlavə olunmuşdur (alm. Kurfürstliche Rüst- und Harnischkammer). Bundan başqa bu otaq başqa məqsədlərlə də istifadə olunurdu; belə ki, bura kralın şəxsi, turnir və parad silahlarının, eləcə də məhkəmənin müvafiq avadanlıqlarının saxlanılması üçün də istifadə olunurdu.[44]
"Riyazi və fizika alətlərinin saxlanıldığı kral kabineti" müstəqil kolleksiya və ekspozisiya otağı kimi 1728-ci ildə, yəni Güclü Avqustun hakimiyyəti dövründə ayrılmışdır.[45] Kurfürst məqsədyönlü şəkildə incəsənət obyektlərini toplamağa başlayır və bir müddət onları həmin zirehli və döyüş sursatları palatasında qoruyub saxlayırdı. Artıq XVI əsrdə Avqustun topladığı əşyaların sayı öz ölçülərinə görə Vyanadakı İmperator Cəbbəxanasının kolleksiyasına çatmışdır. Kolleksiyanın muzey xarakteri almasına baxmayaraq, bura tədqiqat işləri ilə məşğul olan alimlər üçün açıq idi. Muzeydə təqdim olunan elmi cihazlarlan o cümlədən Güclü Avqust da istifadə etmişdir. XVIII əsrdə Zvingerin bu pavilyonunda həmçinin astronomik rəsədxana yerləşirdi.[46] Növbəti 150 il ərzində, muzey özünün rəsmi saat qurşağını müəyyən etmiş və beləliklə də "Saksoniyanın Qrinviçinə" çevrilmişdir. Pavilyonun əzəmətli xarici görünüşü var; memar Yohann Kristian Kirxner fasadın səthində ximeraların başlarını, həmçinin dekorativ pəncərə və arxitravların kənarlarına nəfis çərçivələr quraşdırmışdır. Pavilyonun riyaziyyat guşəsində isə, memar Tomay kral reqaliyalarını simvolizə edən heykəl və ornamentlər yerləşdirmişdir.
Hazırda muzeydə XVI–XVIII əsrlərə aid edilən nadir optik, astronomiya və geodeziya cihazları saxlanılır.[47] Onların arasında temperatur və təzyiq, kütlə, uzunluq ölçüsü, hesab, rəsmxət üçün alətlər ziyarətçilərdə xüsusi maraq oyadır. Vaxtın dəqiq hesablanması uğrunda görülən cəhdlər nəticəsində Saksoniyanın yerli ustaları tərəfindən yaradılmış İntibah dövrünün qüllə saatları və qiymətli saat-medalyonları burada nümayiş olunur. Zəngin ekspozisiyanın ayrılmaz hissəsinə həmçinin tanınmış alman tədqiqatçısı, eksperimentatoru və riyaziyyatçısı Erenfrid Valter fon Çirnhausun yandırıcı şüşələri və başqa cihazları aiddir (bəzi tədqiqatçılar onu tez-tez Avropanın çinisinin ixtiraçısı hesab edirlər). Onun 1686-cı ildə ağac və mis materiallardan hazırladığı yandırıcı şüşələrdən birisinin diametri 158,5 sm-ə çatır (ümumi hündürlüyü isə 2,3 metrə). Onun köməyi ilə qum və dəmirin əriməsi üçün ən optimal və lazımi temperatur əldə olunur və bununla da şüşə və farforun istehsalı yüksək sürətlə həyata keçirilirdi.[48]
Muzey həm də özünün yer qlobuslarının və göy cisimlərinin kolleksiyası ilə da məşhurdur. Onların içərisində ən qədim qlobus XIII əsrdə hazırkı İraq ərazisində yaradılmışdır. Lakin buranın ən məşhur eksponatı, 1650-ci ildə yaradılmış Blez Paskalın mexaniki hesab maşınıdır.
Val (Bənd) pavilyonu
Val pavilyonu əhatəli qəsrin konstruktiv apogeyi kimi baxılır; gözəl heykəltaraşlıq bəzəkləri ilə yanaşı, pilləkən və pavilyonun xüsusi rabitə qurğuları onu Avropanın ən əhəmiyyətli barokko tikililərindən biri edir. Yarımpodval mərtəbə şəhər bəndinin üzərinə aparan pilləkən ardıcıllığından ibarətdir və buna görə də o, Zvinger həyətinin bəndlə əlaqələndirən və birləşdirən yeganə vasitə hesab olunur. Əhatəli qalanın 5 qapısını və iki dəfə 3 pilləni keçməklə pavilyona daxil olmaq olar.[49]
İkinci qat yunan mifologiyası ilə Güclü Avqustun siyasətini vəhdət şəkildə əks etdirməli idi. Heykəltəraş Permozerin işi olan Herkules Saksonikus (yəni Saksoniyalı Herkules) Güclü Avqustu təmsil edir. Polyak-sakson gerbinin üzərində duran Herkules yer kürəsini tutur. Gerbin hər iki tərəfində Qədim yunan eposundan olan müasirləşdirilmiş süjetlər təqdim olunub: dəfnə çələngi ilə mükafatlandırılmış Paris obrazında olan gənc kurfürs Avqust Polşa kral tacını əlində (alma əvəzinə) saxlayır, onun başı isə ilahə Afroditaya (Veneraya) tərəf çevrilib, o biri tərəfdə isə hökmdar tərəfindən rədd edilmiş ilahələri (Minerva (Afina) və Yunonanı) görmək olar. Heykəltəraş Yohann Kirxner tərəfindən tərəfindən yaradılmış Dörd külək alleqoriyası, Saksoniya kurfürstu və Polşa kralı Güclü Avqustun şöhrətini bütün dünyaya yayırlar (bu fiqurlar müvafiq olaraq, pavilyonun hər dörd tərəfində yerləşən dayaqları bəzəyirlər; hər alleqorik külək hansısa bir nimfa və ya ilahə ilə birlikdə təsvir edilmişdir).
Mərkəzi kartuş; sol tərəfdə Venera və Paris obrazında
Polşa kral tacı ilə Güclü Avqust təsvir edilib (heykəltaraş Heerman),
sağ tərəfdə Minerva və Yunona (heykəltaraş Heerman), yuxarıda Herkules
(heykəltaraş Permozer) təsvir edilib.
Pavilyonun harmonik frontonu (solda)
və pavilyonun sol fasadında üçlü Satir qrupu (sağda)
Heykəltəraş Paul Egel pavilyonun üst mərtəbəsindəki tağşəkilli pəncərələrin üzərində səkkiz insan başını quraşdırmışdır: özəlliklə bu başların içərisində Fil ordeni ilə mükafatlandırılmış danimarkalı qadının başı, Ağ qartal ordeni ilə təltiflənmiş Polşalı daha bir qadın obrazı, taclı çələnglə bəzədilmiş yəhudi mütəffəkiri Saul və Afinalı şair, siyası xadim və mütəfəkkir Solonun başları insanlarda xüsusi marağa səbəb olur. Bütün heykəllər istedadlı avstriyalı memar Baltazar Permozer tərəfindən yerinə yetirilmişdir; o, memar Daniel Pöppelmann ilə bərabər, memarlığın heykəltaraşlıq ilə sıx əlaqədə olan Drezden barokkosu üslubunda özünəməxsus məkanın yaradılmasına xüsusi töhfə vermişdir.[50] Bu 1711-ci ildə Güclü Avqustun yerli hakimiyyətinin qüdrətini sərgiləyir. Pöppelmann bunu mis üzərində işlədiyi qravürdə izah edərək Herkulesin on iki qəhrəmanlığına işarə edir. Atlasdan Hesperid almasını almaq üçün o bir müddət yer kürəsini saxlamalı idi. Daha sonra isə Herkules yer kürəsini atlasın çiyninə qoyur. Bu əfsanə Güclü Avqustun yerli nümayəndəsinin fəaliyyəti ilə paralellərə malikdir. Pavilyonun birinci mərtəbəsində çoxsaylı hermalarla işlənmiş birinci qat ehtiraslı təbiət həyatını təsvir edir. Buna görə də Zvingerin aşağı mərtəbəsində altı sütun satir hermaları ilə bəzədilib. Kənarlardan mərkəzə doğru əvvəlcə bir, sonra iki, daha sonra isə üç fiqur düzülüb.[51] Hermaların Permozer və Heermanın əsərləri olması ehtimal edilir. Bütün bunlar kurfürstün fiziki gücünə olan eyham idi; eyni zamanda qəhrəman Herkules yarımallah olduğu üçün, Avqust ləqəbi kurfürstün heysiyyatına zövq verirdi. Bundan başqa, Herkulesin başı Kronentor girişinin üzərində təsvir olunmuş, onun altında isə AR ("Augustus Rex" — yəni, kral Avqust) inisialları yerləşdirilmişdir.[52]
Birinci və ikinci mərtəbələrdə şöhrətpərəst kurfürst Avqustun roma allahlarının dairəsinə daxil edən zəngin alleqorik fiqurlarla və çox zərif heykəltaraşlıq elementləri ilə bəzədilmişdir. Aşağı mərtəbə üz-gözünü büzüşdürən atlantların yarımfiqurları ilə bəzədilib. İkinci mərtəbənin karnizlər, elə bil ki, heykəllərin, bəzəkli vaza və gül hörüklərinin ağırlığı altında uçmağa hazırdır. Amma bütün bu zəngin dekor yalnız pavilyon konstruksiyasının yüngüllüyünü vurğulayır.[53]
Bənd pavilyonunun qərbində daha bir maraqlı abidə yerşir — bu məşhur Qrot və Nimfaların çay hamamıdır. Buraya gəlmək üçün əvvəlcə Fransız pavilyonunu və onu Bənd pavilyonu ilə birləşdirən qövsvari qalereyanı keçmək lazımdır. Dahiyanə düşünülmüş və həyata keçirilmiş Nümfenbad çay hamamı, barokko üslubunda olan gözəl fəvvarələr kompleksidir. Dəfələrlə qatlanan konturlu su hövzəsi mağara həyətinin böyük bir hissəsini tutur, lakin bununla belə, burada gəzinti üçün də kifayət qədər boş ərazi saxlanılmışdır. Buradan alçaq fəvvarələr yerləşdirilib. Bənd tərəfdən qala divarları kaskad üçün açıqdır. Kaskadın yuxarısında fəvvarə durur; dolmuş kasalardan su aşağıdakı hövzəyə axır. İki delfin suyun bir hissəsini yenidən yuxarıdakı kasalara püskürürlər. Nümfenbadın hovuz, fəvvarə, şəlalə və mağaraları saray ziyarət edən qonaqların ən sevimli gəzinti yeri sayılırlar.[41][54][55]
Fransız pavilyonu
Fransız pavilyonu və ona bitişik qalereya yaxınlıqdakı Bənd pavilyonu və Zemper qalereyası ilə birləşir. O, özünün adını 1945-ci ilə kimi burada saxlanılan fransız rəssamlarının əsasərlərindən götürmüşdür.[43] Yuxarı mərtəbənin divar və döşəməsi Saksoniya mərməri ilə bəzədilmişdir, ona görə də müvafiq mərtəbəyə uyğun olan otaq "Mərmər zalı" adlanır. Müharibədən sonrakı dövr ərzində, burada uzun müddət Drezden Zoologiya Muzeyinin eksponatları nümayiş etdirilmişdir. 2007-ci ildən Fransız pavilyonunun yarımpodval mərtəbəsində, həmçinin qonşu qalereyada müharibə zamanı sınmış və ya deformasiyaya məruz qalmış heykəltaraşlıq nümunələrindən ibarət kolleksiya sərgilənir. Bundan başqa, burada antik, intibah, barokko, ekspressionizm və müasir dövrlərə aid edilən heykəllər də saxlanılırdı. 1894-cü ildən tarixi əhəmiyyət daşıyan bütün heykəllər Albertinuma köçürülmüşdür. 2014-cü ildə Mərmər zalı əsaslı təmir və bərpa olunmuşdur və burada yay mövsümündə burada klassik bəstəkarların əsərlərindən ibarət konsertlər keçirilir.[56]
Kompleksin yeganə küncvari tematik pavilyonu kimi, Fransız pavilyonunun həmçinin arxa tərəfdən iki mərtəbəsi vardır. Küncdə yerləşdiyindən, pavilyon Nimfa fəvvarəsini üç tərəfdən bağlayır və onun fasadını bəzəyən nəfis ornament işləmələri tematik olaraq fəvvarəni tamamlayır; qamış və mərcanqulu ornamentləri sütunların kapitellərini bəzəyir, putto (mələk) fiqurları isə delfin və balıqları ovlayırlar.
Rəssam Haynrix Kristof Felinq kurfürst Güclü Avqust və onun həyat yoldaşı Kristiana Eberhardinenin şərəfinə pavilyonun orta zalın mərkəzi tavanında zadəgan nəslə mənsub medalyonları və "Güclü Avqust ilə kurfürstin Eberhardinenin apofeozu" adlı fresk əsərlərini yaratmışdır.[57]
Alman pavilyonu
Şəhər pavilyonu və Zemper qalereyasının arasında yerləşən Alman pavilyonunun inşaat işləri 1719-cu ildə,[44] yəni kral ailəsinin nikah tədbirlərinin ərəfəsi zamanı başa çatmışdır. Burada Drezden Dövlət İncəsənət Əsərləri Kolleksiyalarının bərpası üçün xüsusi sexlər yaradılmışdır. Çini pavilyonunda olduğu kimi, bu bir mərtəbəli pavilyonun da şüşəli günbəzi vardır və kompleksin küçəyə açılan hissəsində yerləşir. Həmin günbəz 1854-cü ildə memar Henelin rəhbərliyi altında aparılan restavrasiya işləri zamanı tikiliyə əlavə olunmuşdur. Burada ilkin olaraq tipik faxverk üslubunda tikilmiş "Redutlar evi" köhnə Alman pavilyonu ilə həmsərhəd idi. Yeddi İllik müharibənin başlanmasına az qalmış Redutlar birliyi özlərinin iqamətgahını II Fridrix Avqust tərəfindən öz uşaqlarının istirahət otağı qismində istifadə olunacağı nəzərdə tutulan, Taşenberq sarayın yeni tikilmiş fligelinə (qanadına) köçürmüşdülər. Bununla belə, Alman pavilyonunun işğalmı ordudan azad olunması bir neçə ildən sonra reallaşmışdır. Azad olunduqdan sonra, birlik öz əvvəlki pavilyonuna geri qayıtmış, fligel isə sökülərək, yerində Karlovitz və yaxud Rayxenbax sülalələrinə məxsus bina inşa edilmişdir. XIX əsrdə isə, həmin ərazilərin ümumi saray kompleksi ilə vəhdət təşkil olunması üçün, Zemper qalereyasının tikintisinə başlanılmışdır.[58]
Alman pavilyonun yuxarı mərtəbəsində rəssam Pelleqrini tərəfindən 1725-ci ildə yaradılmış "Dünyanın dörd müxtəlif bucağı" adlı fresk əsəri 1849-cu ildə baş vermiş dəhşətli yanğın zamanı məhv olmuşdur.
Şəhər və ya Zəngli pavilyon
Keçmişdə "Şəhər", hazırda isə "Zəngli" adı ilə tanınan pavilyonun heykəltaraşlıq tərtibatı 1728-ci ilə kimi başa çatmışdır. Pavilyondakı digər kiçik təmir işləri isə 1732-ci ilə kimi davam etmişdir.[44] Pavilyon bir neçə dəfə zədələnmişdir. 1849-cu ildə baş vermiş güclü yanğın zamanı yaxınlıqdakı opera teatrı tamamilə yanıb külə dönür; küləyin istiqaməti qəflətən dəyişdiyindən alov Zvinger sarayının şərq hissəsini (yəni Zəngli pavilyonun yerləşdiyi ərazini) də öz ağuşuna almış və buradakı zəngin elmi kitabxananı məhv etmişdir. Pavilyon 1945-ci ildə hava hücumu zamanı dağıdılmışdır, onun yenidən qurulması isə 1955-ci ilə qədər davam etmişdir.
Bu pavilyonun əsas xüsusiyəti, daxili həyətə açılan fasadın divarında quraşdırılmış zəngli saat və çini karilyonlardır (karilyonlar məşhur Mayssen Manufakturasında hazırlanmışdır). Karilyon 1933-cü ildə quraşdırılmış və İkinci Dünya müharibəsinə baxmayaraq möcüzəli şəkildə sağ-salamat qalmışdır. Pavilyonun müharibədən sonrakı bərpası zamanı buradakı 24 zınqırovun əvəzinə daha 40 çini zınqırov əlavə edilmişdir (bunlar da Mayssen istehsalı idi), buna görə də zəng səsinin əhatə dairəsi xeyli genişlənmişdir. Hal-hazırda hər 15, 45 dəqiqədən, eləcə də hər yarım saatdan bir Zəngli pavilyonun kurantları Günter Şvartserin melodiyalarını səsləndirir (Drezden zəng səsi üçün orijinal kompozisiya 1994-cü ildə düşünülmüşdür). Bundan əlavə, kurantlarda ilin mövsümündən asılı olaraq müəyyən edilmiş vaxtda əlavə məşhur melodiyalar da səsləndirilir.
ⓘ
Qarşı tərəfdə yerləşən Bənd pavilyonunda olduğu kimi, buranın birinci mərtəbəsində də keçid üçün xüsusi tağ yaradılmışdır (bununla belə bəndin özünün hündürlüyü pavilyonları birləşdirən qalereyalardan hündür olmamalı idi). Başlanğıcda o, ancaq bayır şəhərdən Zvinger sarayına keçmək üçün yaradılmış əsas giriş qapısı kimi istifadə olunurdu. Daha sonralar pavilyonun kürsülüyündən qövsşəkilli qalereyalara keçid sağlamaq məqsədilə, daxili otaqlardan xüsusi ikili və yarımdairəvi pilləkən sistemi yaradılmışdır. Pavilyonun əsas küçəyə açılan hissəsində isə, 1826-cı ildə ikitərəfli, monumental fligel inşa olunmuşdur. O, çox güman ki, nəqliyyat səbəblərə görə sökülmüşdür (bu ərazidə çox böyük tıxaclar olurdu). O vaxtdan bəri, yuxarı mərtəbəyə zəngin taclı frontonla bəzədilmiş portaldan giriş artıq mümkün deyildi; bunun əvəzinə qövsvari qalereyaların künclərində xüsusi terrassalar yaradılmışdır.[59]
Zəngli pavilyonun fasadını bəzəyən heykəl və naxışlı ornamentlər, qarşı tərəfdə yerləşən Bənd pavilyondakılarla identikdir. Lakin bununla belə, bu pavilyonun da özünəməxsus özəlliyi vardır; belə ki, onun fasadında və frontonunda qədim yunan rəvayətlərində tez-tez adları çəkilən qəhrəman və nadir əsatirlərin heykəlləri də qoyulmuşdur. Bundan başqa, heykəllərin arasında Persey, Andromeda, Paris və Yelenanın heykəllərini də görmək olar. Əvvəllər pavilyonun zirvəsini "Herkules dəyənək ilə" adlı fiqur bəzəyirdi. O, 1849-cu ildə baş vermiş yanğın zamanı dağılmış və bundan sonra Bənd pavilyonunu bəzəyən "Herkules qlobus ilə" adlı fiqurun surəti ilə əvəz edilmişdir. Daxili həyətdə yerləşən 6 dirək-sütunlarının üzərində quraşdırılmış satirbaşlı hermalar, pavilyonun tikinti ərazisində hazırlanmamışdır; onlar 1783 və 1795-ci illər arasında Yohann Baptist Dorş, Taddeus İqnatius Viskotşill və Yohann Kristian Fayge tərəfindən ayrıca emalatxanada "bosse" texnikası ilə yonulmuş və tam şəkildə hazır olduqdan sonra tikinti yerinə gətirilmidirlər. Onlar həmçinin saray konduktoru Yohann Daniel Şadenin (1730–1798) rəhbərliyi altında Şəhər pavilyonunun frontonunda kral ailəsinin stilizə olunmuş gerbini də yerləşdirmişdilər.[59][60]
Çini pavilyonu
Zvingerin cənub hissəsində yerləşən Drezden Çini Toplumu (alm. Porzellansammlung) Drezden Dövlət Sənət Kolleksiyasının tərkib hissəsidir. Bu daha keyfiyyətli və eyni zamanda bütün dünyada ən geniş sərgilənən farfor kolleksiyasıdır, ilk növbədə ona görə ki, burada erkən Mayssen çini istehsalının görkəmli nümunələri, habelə XVII əsrin sonu və XVIII əsrin əvvəllərinə aid edilən Şərqi Asiya çini qabları nümayiş olunur.[44]
Kolleksiyanın yaranması Saksoniya kürfürstü Güclü Avqustun adı ilə bağlıdır. O, çini qablara o qədər həvəsli idi ki, hətta zarafatla özünün bu qiymətli və kövrək materiala, "ağ qızıla" olan sərhəd bilməyən ehtirasını maladie de porcelaine (fransız dilindən tərcümədə "çini xəstəliyi") adlandırırdı. 1710–1730-cu illər ərzində hökmdar Avropanın ən zəngin çini kolleksiyasını toplamağa nail olmuşdur. Artıq 1721-ci ildə kral kolleksiyasında çin, yapon və erkən Mayssen çinilərini özündə birləşdirən 23 mindən artıq əşya saxlanılırdı (onlardan bizim günümüzə qədər 12 min əşya çatmışdır), 1735-ci ildə isə kolleksiyanın sayı 35 minə qədər artmışdır.[58]
Başlanğıcda bu çini məmulatlarının Elba çayının sağ sahilində, yəni indiki Noyştadt rayonunda yerləşən Yapon sarayında sərgilənməsi nəzərdə tutulurdu. Tarixən "Farfor sarayı" (alm. Porzellanschloss) adı ilə məşhurlaşan bu bina, əslində xüsusi olaraq bu məqsədlər üçünvə inşa edilmiş və abadlaşdırılmışdır. Lakin Güclü Avqustun 1733-cü ildə ölümündən sonra bu planlar təəssüf ki, həyata keçirilməmişdir. Sonrakı Saksoniya hökmdarları çiniyə olan marağı itirmişdilər. Kolleksiya Yapon sarayının zirzəmilərində saxlanılırdı. Çiniyə marağın təkrar dirçəlişi yalnız XIX əsrdən başlamışdır. 1834-cü ildə Drezden çini toplusu barədə məlumat verən ilk bələdçi mətbusu nəşr olunmuşdur. 1876-cı ildə kolleksiya keçmişdə Drezden Rəsm Qalereyasının yerləşdiyi Yohanneum sarayının yuxarı mərtəbəsinə köçürülmüşdür. Həmin dövrdə doktor Qresse tərəfindən yazılmış və müxtəlif markalarda olan çini və saxsı qablar haqqında ətraflı məlumat verən ilk tamdəyərli məlumat kitabçası yaranmışdır.
İkinci Dünya müharibəsi zamanı kolleksiyalar Drezden ətrafındakı müxtəlif qəsrlərə evakuasiya olunmuşdur. Müharibədən sonra, 1945-ci ildə, çini məmulatları Sovet komandanlığı tərəfindən aşkar edilərək SSRİ-yə daşınmışdır, oradan isə geriyə, yəni Almaniyaya yalnız 1958-ci ildə qaytarılmışdır. 1962-ci ildən Zvingerdə bütün çinilər toplanaraq ekspozisiya şəklində ziyarətçilərə sərgilənməyə başlamışdır.
Uzun qalereyalar
Hər iki tərəfdən Kronentor portalına birmərtəbəli uzun qalereyalar birləşir. Buradakı kürsülük tam şəkildə kompleksə daxil olan qala divarının içərisinə yerləşdirilib; buradakı tağlar isə dərhal qövsi şəkildə uzanmağa başlayır. Burada ümumilikdə 18 tağ quraşdırılıb, onlardan 3 ədədi pavilyonun dar tərəfləri qarşısında yerləşir.[61] Pöppelmann düz qalereyaların qabağında dairəvi şəkildə qabağa çıxan divar fontanları, pavilyonların qabağında isə qabarıq şəkildə irəli çıxan geniş dairəvi pilləkənlər inşa etmişdir. Böyük pəncərələr, ajurlu ballüsradalarpilyastrlar, nişlər və karnizlər arasındakı zərif relyeflər sayəsində qalereyanın düz fasadı pavilyonun çoxqatlı qabarıq fasadı qarşısında çox sadə görünür; pəncərələr üzərindəki qübbələrdən asılmış kimi görünən qotazlı pərdə və ballüstradalar altındakı palma budağı işləmələri bu effekti daha da artırır. Zvinger həyətində quraşdırılmış 5 fəvvarə, uzun qalereyaların xarici görkəminə daha pompez təəssürat yaradır. Kronentorun təxminən mərkəzində 15-ci tağın qarşısında çox böyük su kaskadı (süni şəlalə) yerləşir; kaskadın zirvəsində ağzından su fışqıran balıq quyruqlu Triton tanrısının heykəli yerləşir; fiqurun kənarlarında quraşdırılmış kasalardan aşağıya təzyiqlə su axır, onun dörd tərəfini isə dəniz heyvanları və atların heykəlcikləri ilə bəzədilib. Bir qədər aşağıda yerdə qalan səkkiz fəvvarə yerləşir; onlar iki mərkəzi şəlalənin hər iki tərəfində yerləşirlər (müvafiq olaraq iki və yaxud dörd tağ məsafəsində). Üç hovuzdan ibarət olan bütün bu kaskadları daha kiçik ölçüdə olan triton fiqurları bəzəyir — torpaq səviyyəsində olan mərkəzi və ümumi hovuz, uzun qalereyalar boyu keçən su hövzələrindən suyu qəbul edir və bu suyu daha sonra fəvvarələrə ötürür. İki uzun qövslər hesabına genişləndirilmiş Zvinger həyəti kvadrat formaya malikdir. Tağlı qalereyanın pəncərələrində olduğu kimi, yəni müvafiq olaraq Kronentor keçidinin və künc pavilyonlarının yaxınlığındakı birinci tağın aşağısında portağal ağaclarını əkmək məqsədilə, satir formalı konsollar yaradılmışdır. Uzun qalereyaları yuxarıdan böyük attik tamamlayır; o, balestrada və sütunlar vasitəsilə iki yerə ayrılıb. Buradakı sütunları növbə ilə kupidon və vaza fiqurları bəzəyir.
Kronentor darvazalarından kiçik və qısa pilləkən müvafiq olaraq uzun qalereyaların daxili hissələrinə aparır. Çini kolleksiyasının bir hissəsi uzun qalereyanın cənub hissəsində nümayiş olunur. Alman memarları Zvingerdəki uzun qalereyaları tərtib edərkən, İtaliyanın Fraskati əyalətində yerləşən Torlonia villasındakı (bura bir zamanlar Ludovizi-Konti sülaləsinin yay iqamətgahı idi) mağara-bəzək motivlərindən və memar Karlo Moderno tərəfindən 1607–1625-ci illər arasında yaradılmış "Su teatrının" arkada ardıcıllığından ilhamlanmışdılar.[62]
Zemper qalereyası
Bir çox məşhur monarx malikanələri kimi burada da kolleksiyanın əsası 1560-cı ildə İncəsənət otağının (Kunstkamera) fəaliyyətə başlaması, otaqda italyan və flamand ustad rəssamlarının əsərləri ilə yanaşı müxtəlif təbii fenomenlər və əl işlərinin sərgisinin açılması ilə qoyulmuşdur. Bu qalereyanın layihəsi istedadlı memar Qottfrid Zemper tərəfindən tərtib olunmuş və 1847–1854-cü illər arasında inşa edilmişdir. Xeyli əraziyə uzadılmış neokklasik üslublu qalereya binası Zvinger kompleksinin daxili həyətini şimal tərəfdən bağlayır. Beləliklə, o, Zvingerin əsas pavilyonlarının qarşısında yerləşir, şimaldan o Teatr meydanı və həmin meydanın ətrafındakı Zemper operası, Drezden qəsri, Kral Məhkəməsinin roma-katolik kilsəsi (Hofkirxa) ilə həmsərhəddir. Zemper qalereyasında Köhnə Ustadların Rəsm qalereyası (alm. Gemäldegalerie Alte Meister) yerləşir. Bu rəsm qalereyası intibah dövründən başlayaraq barokkoya qədər yaradılmış bir çox nadir və dünyaca məşhur rəsm əsərlərinin kolleksiyasıdır. Təqdim olunan bu rəsm kolleksiyasında əsl sənət əsərləri toplanmışdır. Kolleksiya XVIII birinci yarısında, yəni kurfürst Güclü Avqust və II Avqustun hakimiyyət dövründə yaradılmışdır. Kolleksiyanın külliyatı ildən-ilə yalnız artırdı. 1746-cı ildə Françesko Alqarotti sayəsində onsuzda zəngin kolleksiya daha 100 sənət inciləri ilə doldurulmuşdur. Məhz bundan sonra Drezden Rəsm Qalereyası bütün Avropada məşhur olmuşdur. Qəflətən başlayan Yeddiillik müharibə və Vettinlər sülaləsinin Polşa üzərində nəzarətin itirilməsi Elba çayı üzərində Florensiyanın (Drezdeni keçmişdə məhz bu cür adlandırırdılar) yüksəlişinə son qoydu. Şəhər yalnız yüz il sonra öz qüvvəsini bir yerə toplaya bilmişdir və şəhər şurasının qərarı ilə yeni muzey binasının tikilməsi barədə qərar qəbul olunmuşdur.
O, XIX əsrdə qalereyanın sərgilənməsi və eyni zamanda da Zvinger kompleksini tamamlamaq məqsədilə memarlar tərəfindən müasir bina layihələşdirilmişdir. Qalereya üçün binanın inşası yalnız 1855-ci ildə başa çatmışdır. Bu arada Drezdenin mədəni həyatı üçün faciəli olan illər yaxınlaşırdı. 1937-ci ildə alman ekspressionistlərin bir çox rəsm əsərləri ümidsizlik hissi verən və degenerativ sənət adlandırılaraq nasist ordusu tərəfindən qalereyadan müsadirə edilərək məhv edilmişdir. Qalereyanın binası İkinci Dünya müharibəsi zamanı bombardmana məruz qalmışdır, amma xoşbəxtlikdən, rəsm əsərlərinin əsas hissəsi evakuasiya olunmuşdur. Müharibədən dərhal sonra bütün eksponatlar bərpa işləri üçün Sovet İttifaqına aparılmışdır. 1956-cı ildə rəssamlıq inciləri Drezden şəhərinə geri qaytarılmışdır, amma bunu etməzdən öncə, bərpaçılar Moskvada geniş publika üçün onları sərgidə təqdim etmişdilər.
Drezden rəsm qalereyasının dünyaca məşhurluğu ilk növbədə burada Van Deyk, Tisian, Rubens, Corcone kimi məşhur rəssamların əsərlərinin saxlanılması ilə əlaqadardır. Bununla belə, kolleksiyanın ən ümdə eksponatı təbii ki, Rafaelin "Sikstin Madonnası" əsəridir. Bu rəsm əsəri İtaliya intibah dövrünün ən mühüm şah əsəri hesab olunur. Drezden rəsm qalereyası turistlər tərəfindən ən çox ziyarət olunan yerlərdən və XIV–XVIII əsr Avropa boyakarlığının ən əhəmiyyətli toplantılarından biri sayılır. Həmçinin Corcone tərəfindən yaradılmış "Yatmış Venera" əsəri insanların diqqətini cəlb edir, bu şəkil uzun əsrlər boyunca bir çox rəssamlar üçün ilham mənbəyi idi. XVIII əsrin rəssamlıq bölməsində Covanni Kanalenin əsərlərini tapmaq olar, o, parça və kətab üzərində foto dəqiqliyi ilə o vaxtkı Drezdenin və onun ətraf rayonlarının unikal mənzərələrini təsvir edə bilmişdir.[63]
Qalereyanın əsas sərvəti flamand barokkosu üslubunda yaradılmış rəsm əsərləridir. Bu dövrün çoxsaylı əsərləri arasında Flamand incəsənətinin dühası sayılan Piter Paul Rubensin əsərləri göstərmək olar. Nadir alman rəngkarlığı sırasında Albrext Dürer, Lukas Kranax, Hans Holbeyn və s. belə ustalarının işləri təqdim olunub. Qeyd etmək lazımdır ki, bu qalereya həm də görkəmli pastel toplusu ilə də məşhurdur — burada xüsusi yeri rəssam Jan-Etyen Liotarın "Şokolad paylayan qız" əsəri tutur. Digər bir rəssam Yan van Eykin yaradıcılığı ilə Köhnə Ustadlar qalereyasında Niderland intibahının təşəkkülü başlayır. Delftli Vermeyerin "Ögey qadın", "Açıq pəncərə qarşısında məktub oxuyan qız" kimi şedevrial əsərləri muzeyin ən dəyərli eksponatlarındandır.[64]
Bir çox digər muzeylərdən fərqli olaraq, Drezden qalereyası yeniliklərdən qaçır, rəsm əsərlərinin tarixi asma üsulundan imtina etmir və zamanla tutqunlaşmış neobarokko çərçivələrin olmasından fəxr hissi duyur. 127,35 metr uzunluğu və 23,77 metr hündürlüyü olan Zemper qalereyası Zvinger kompleksinin ən hündür binası hesab olunur.
Zvinger həyətindəki bağlar
Tam olaraq ümumi ansambl şəklində tamamlana bilməyən əhatəli qala bağlarının ölçüləri və tərtibat müxtəlifliyi bununla belə, ziyarətçilərdə unudulmaz hisslər yaşadır. Həmin dövrün anlayışlarına əsasən, Zvinger geniş park ərazisi idi və "əsl saraylara" heç bir aidiyyəti yox idi. Başlanğıcda tətbiq olunan oranjereya funksiyası Zvinger arealında daha əvvəlki tək bəlli şəkildə istifadə olunmurdu. Zvingerin XIX əsrə kimi saxlanılmış şimal-şərq hissəsi üçün müxtəlif planlaşdırmalar nəzərdən keçirilmiş, həmçinin memar Pöppelmannın Kronentor qapısından Elba sahilinə qədər, indiki kiçik italyan kəndinin yerinə kimi əsas oxun uzadılması təklifinə baxılmışdır.[65] Bu plana görə sarayın şimal-şərqində böyük bir park kopleksi də yaradılmalı idi ki, bu da əksər Avropa saraylarının memarlıq xüsusiyyətlərinə uyğundur. Müvəqqəti olaraq yaradılmış oranejreya isə kompleksin bağ quruculuğu planı ilə ümumi xüsusiyyətlərə malik idi. Keçmişdə daxili həyəti ya "Zvingerqarten", ya da "Oranjereya" adlandırırdılar.[66]
Zvinger həyətinin ortasında balaca bir meydan yerləşir; bu meydanı dörd ədəd dayaz su hövzəsi əhatə edir. Onların arasında keçid formasında Kronentor darvazasından başlayaraq Zemper qalereyası boyunca, həmçinin Bənd pavilyonundan Zəngli pavilyona kimi keçən yollar, uzanan simmetrik ox şəklində vurğulanır. Hovuzların arxasında çəmənliklər yerləşir, bundan başqa, onlar Zemper qalereyasının, uzun qalereyaların və Zəngli pavilyonun tağlı qalereyaları qarşısında da yaradılmışdır. Daxili həyətin bugünkü tərtibatı Pöppelmannın planlaşdırmasına tam olaraq uyğundur, lakin o, başlanğıcda hovuzların arxasındakı çəmənliklərin əvəzinə broderiparterlərin yaradılmasını nəzərdə tuturdu (Broderiparter — səliqə ilə qırxılmış və alçaq kollarla çəpərlənmiş gülzarlardır). O vaxtkı bağ planlaşdırılması oymaçı Kristian Fridrix Boetiusun 1729-cu ildə tərtib etdiyi kompleksin baş planında da əks olunmuşdur. Pöppelmannın XVIII əsrdə tərtib etdiyi layihələr isə yerinə yetirilməmişdir; bunun əsas səbəi — həmin dövrdə meydanın məhz saray bayramlarının keçirilməsi üçün istifadə olunması idi.
Barokko üslubunun ardından yaranan klassisizm dövründə Zvinger xeyli dərəcədə öz əhəmiyyətini itirmişdir. Onun daxili həyətində 1746 və 1748-ci illər arasında taxta materiallardan inşa edilmiş müvəqqəti teatr binası sadə insanlar tərəfindən istifadə olunurdu. Daha sonralar daxili bağlar müharibənin ağır nəticələrini öz üzərində yaşadı. Bunun nəticəsində, Zvinger həyəti Drezden əhalisi üçün ictimai nəqliyyat zonasına çevrilmişdir — karetalar onu eninə və uzununa keçirdilər.[67]
XIX əsrdən başlayaraq əhatəli qalanın təkrar tərtibatına və yeni bağçaların yaradılmasına bağbanlar tərəfindən maraq xeyli artmışdır. Mərkəzində alçaq fəvvarələr olan kiçik dəyirmi göllər böyük çənlərdə əkilmiş portağal ağacları ilə haşiyələnmişdilər. Favn başları ilə bəzədilmiş konsollar yenidən ilkin niyyətə uyğun olaraq qövsü qalereyalarda quraşdırılmışdır və bundan dərhal sonra, kiçik portağal ağacları buraya gətirilmişdir. Saray bağının direktoru Qustav Fridrix Krauze yeni populyar tərzdə bağı yeniləmiş və buradakı qazonun kənarlarında qızılgül və ağəsmə çiçəklərini əkmişdir. XX əsrin əvvəllərində Hubert Ermiş memar Pöppelmannın ideyalarına uyğun formada Zvingerin daxili həyətini bitkin şəklə salmağa cəhd göstərmişdir. Bağ müharibədən öncə, yəni 1924–1936-cı illərdə aparılan restavrasiya işləri nəticəsində özünün hazırkı görünüşünü əldə etmişdir.
Bənd, Zvinger xəndəyi və Zvinger nohurundakı bağlar
Drezden şəhərini bir vaxtlar mühafizə edən istehkamların demontaj, sarayın ətrafındakı xəndəyin isə su ilə doldurulmasından sonra, bu ərazilərdə bağ və parkların yaradılması üçün yeni imkanlar yaranmışdır. Kronentor və Uzun qalereyaların qarşısında, botanik və landşaft ustası Karl Adolf Terşek 1819-cu ildə "Boskett" dizaynında meşəcik yaratmışdır (Boskett — bəzək məqsədilə əkilən ağacların və ya kolların sıx qrupu, müntəzəm parkın isə əsas landşaft elementidir). Bundan öncə isə qala divarlarının "Luna" adlı bastionu və Bənd pavilyonun arxa divarı qismən sökülmüş və onların əvəzində, yəni bastionun qərb tərəfində paxlayabənzər kiçik gölün əsası qoyulmuşdur.
1924–1936-cı illərdə aparılan restavrasiya işləri zamanı, Zvinger qalasının himi (yəni kotlovanı) bir zamanlar şəhəri müdafiə edən istehkam kompleksinin çala fraqmentləri kimi dağıdılmış, xəndək isə daha da dərinləşdirilmişdir. Lakin 1951-ci ilədək, xəndəyi qala divarları ilə əhatə olunmuş nohurdan daha bir bərxəz ayırırdı; onların arasından isə taxta körpülü yol keçirdi. Həmçinin İkinci Dünya müharibəsindən sonra başlanılmış bərpa prosesi zamanı, bağların ətrafında yeni yollar salınmış, boskett sahəsi tamamilə redizayn olunaraq yeni ağac və kollar əkilmişdir; parka açılan əsrarəngiz mənzərəni daha komfortlu şəkildə seyr etmək üçün isə, Bənd pavilyonunu qarşısında daş skamyalar quraşdırılmışdır.[26]
Zvinger bəndinin üzərində, Riyaziyyat-Fizika salonunun yaxınlığında bir neçə kvadrat metr böyüklüyündə "Meridianhaus" tikilisi yerləşir. Birmərtəbəli bina Vilhelm Qotthelf Lormann (1796–1840) tərəfindən ölçülən Drezden günorta xətti üzərində yerləşir; passaj alətini yerləşdirmək məqsədilə, tikili 1957-ci ildə yenidənqurmaya məruz qalmışdır.[68] Lormann bu tikilinin yaxınlığında həmçinin kiçik rəsədxana inşa etmişdir, o, 1928-ci ildə yeni binayla ilə əvəz edilir və 1945-ci ildə aviasiya hücumu zamanı yerlə yeksan edilmişdir. Meridianhaus tikilisindən düz şimal istiqamətdə yerləşən Renitz (alm. Rähnitz) rayonunun mərkəzində Lormann tərəfindən quraşdırılmış Meridian sütunu yerləşir.[69]
Nimfaların çay hamamı və fəvvarələr kaskadı
Nimfaların çay hamamı (qısaca olaraq Nümfenbad), barokko üslubunda yaradılmış ən gözəl quyu qurğularından biridir. Bir tərəfdən Fransız pavilyonu, digər tərəfdən isə Uzun qalereya, qala bəndi və Zemper qalereyası ilə haşiyələnmiş Nümfenbad, yuxarıya doğru açıq və hündür divarla əhatə olunmuş kvadrat təməli olan böyük odadır. Nümfenbad sözün əsl mənasında "hamam" deyil, bura çox güman ki, su teatrı və yaxud qrotto zalı (mağara zalı) kimiistifadə olunurdu. Bundan başqa, konstruksiyanın yan divarlarını bəzəyən plastik bəzək elementləri qədim Nimfeumu xatırladır (Nimfeum — su nimfalarına həsr olunmuş və su mənbəyi və ya hovuzların kənarında inşa edilən kiçik ibadətgahdır). Hazırkı nimfaların çay hamamı — ilkin olaraq fəvvarə kaskadları üçün tərtib edilmiş layihənin nisbətən təmkinli və balaca icrasıdır. Bu layihə əsasında Zvinger kompleksində böyük dairəvi kaskadın inşası nəzərdə tutulmuşdu.
Yuxarı bənddə yerləşən çeşmədən axan su Nümfenbadın çıxıntılarla yerləşən süni şəlaləsindən keçərək, aşağıdakı yarımdairəvi böyük hovuza tökülür. Yohann Kristian Kirxnerin yaradıcılığa aid edilən fiqur cütlüyü — solda Triton və Nereida, sağda isə Neptun və Amfitrita yuxarıdakı bənddən su kaskadını əhatə edirlər. Bu heykəllər göstərirlər ki, "Kirxnerin temperamentinə […] heç bir yüyən əlavə edilə bilməz (yəni onun xarakteri qarşısıalınmaz və son dərəcə şiddətli idi)".[46] Yuxarı bəndə aparan pilləli yolun yarısına çatdıqda, kaskadın hər iki tərəfində quraşdırılmış "boru çalan triton" fiqurlarını görmək olar. Onlar Yohann Benjamon Tromayın layihəsi əsasında yaradılmışdır.[47] Müharibə illərində zədələnmiş orijinal fiqurlar hazırda Albertinum muzeyində saxlanılır. Hər iki tərəfdə yerləşən fəvvarəni, ağzından yüksək təzyiqlə su püskürən delfin başları taclayır; buradakı geniş pilləkən arka qapısından keçməklə bəndin qarşısında yerləşən Nümfenbad yarımdairəsinə gətirib çıxarır. Yenə də keçmişdə olduğu kimi, Nümfenbadın ön divarının sol və sağ künclərində taxçalar yerləşir; bu taxçalarda dekorativ vaza və nimfaların heykəlləri quraşdırılmışdır. Uzun kaskadların hər iki tərəfində yerləşən həmin bu taxçalardakı nimfa və vaza fiqurları ümumilikdə 7 dəfə bir-birini növbə ilə əvəz edirlər. Su kaskadının qarşısında duran Fransız pavilyonunun yan tərəfinda oyulmuş giriş portalından Nümfenbad kompleksinə keçid mövcuddur. Bundan başqa, Nümfenbadın mərkəzində qaytanla düzgün profilyasiya olunmuş böyük basseyn yerləşir.
Cənub-qərb tərəfdə yerləşən altı nimfa fiqurları və su püskürən delfin heykəli heykəltaraş Baltazar Permozer və onun kargərlərinin (usta köməkçilərinin) birgə yaradıcılığı sayəsində ərsəyə gəlmişdir. Taxçaları bəzəyən nimfa fiqurlarını Kirxner, Tomay və Egell yaratmışdılar; beləliklə ayrıca quraşdırılmış və əlində buket saxlayan nimfa heykəlini də Kirxner hazırlamışdı.[46] Oyun oynayan nimfa fiqurunu memar Egell yaratmışdır; bu fiqurda artıq növbəti Mannhaym dövrünün üslubu müşahidə olunur.[70] Tomay həmin nimfanın xalatının çiynini qaldıran başqa bir nimfa heykəlinin müəllifidir.[47] Barokko dövründən olan bu heykəllər hal-hazırda orijinala uyğun surətlərlə dəyişdirilmişdir.
Nümfenbad kompleksinin bütün digər heykəltaraşlıq nümunələri, Zvinger sarayının 1920 və 1930-cu illərdə Georq Vrbanın rəhbərliyi altında aparılan restavrasiya işləri zamanı yaradılmışdır. Bu 1920-ci ildən etibarən Naturalizm üslubuna istiqamətləndirilmiş gəliz iş idi.[71] Cənubi küncdə yerləşən Permozer tərzli nimfa fiquru 1945-ci ildən sonra yenidən hasil edilmişdir.
Nümfenbadın istismarı özündə xeyli texniki xərcləri tələb edirdi, çünki o zamanlar elektrik nasosları hələ icad olunmamışdır. İşlədiləcək nəhəng su ehtiyatlarının bəndin yuxarı sahəsinə qədər qaldırmaq və daha sonra oradan yüksək təzyiqlə yenidən aşağıya yönəltmək, burada çalışan konstruktorların qarşısında duran əsas problemlərdən birisi idi. Bunun üçün də klassik dövrdə bu cür hallarda tətbiq olunan olduqca gəliz installyasiya sisteminin yaradılması yeganə çıxış yolu idi. Bu məqsədlə, model ustası Andreas Gertner yaxınlıqda inşa olunmuş Villsdruffer qülləsi ərazisində mis su rezervuarını quraşdıraraq burada Qorbitz rayonundakı bulaqlardan götürülmüş su ilə doldurulur və daha sonra suqaldıran stansiyanın və həmçinin yerin altından çəkilmiş böyük borular (alm. Deichel) vasitəsilə saray kompleksindəki kaskad fəvvarələrinə çatdırılırdı.
Hazırkı Kronentor darvazasının hər iki tərəfində yerləşən və Nimfaların çay hamamına məxsus və konservasiya olunmuş uzaq kaskadlar, şəlalələr və digər fəvvarələr, onun ətrafındakı Riyaziyyat-Fizika salonunun qrotto (mağara) zalı və Bənd pavilyonuna aparan terraslaşmış pilləkən sistemi ilə ayrılmaz ansambl yaradırlar. Bundan başqa, Nümfenbad komplksindəki iki alçaq fəvvarələrdə bir vaxtlar müxtəlif balıq növləri becərilirdi.[72]
Fəvvarələrə daimi şəkildə texniki xidmətlərin göstərilməsi üçün kral xəzinəsindən əhəmiyyətli miqdarda pul sərf edilmişdir.[73] Fəvvarə işləri üzrə xüsusi müvəkkil şəxs işə nəzarət etməli və texniki qurğuların saz vəziyyətdə saxlanmasını təmin etməli idi.
Heykəllər
- Ədalətli Fridrix Avqustun heykəli: Saksoniyanın hökmdarı I Fridrix Avqustun şərəfinə abidə heykəltaraş Ernst Ritşelin təklifi ilə yaradılmışdır. Abidənin yaradılması ideyası 5 may 1827-ci ildə, yəni hökmdarın ildönümü mərasimindən sonra yaranmışdır; bu ideyaya qatılan Drezden vətəndaşları lazımi pul vəsaiti toplamışdılar. 1831-ci ildə Ernst Ritşelə gələcək heykəl üçün başlanğıc modelin yaradılması tapşırılmışdır. Karl Fridrix Şinkelin təsiri altında dizayn layihəsinə zəngin işləmələr əlavə olunmuşdur; layihənin son variantı isə yalnız Qottfrid Zemperin müsbət rəyindən sonra təsdiq olunmuşdur. Lauxhammer şəhərində yerləşən Qraf Çantökmə Fabrikində sifariş olunmuş heykəli bürünc materialdan hazırlanmışdır. Kiçik bucaqlı fiqurlar (Yumşaqlıq, Ədalət, Müdriklik və Dindarlıq) Berlin şəhərində yerləşən Fişer tökmə işləri firmasında hazırlanmışdır. Postament qranitdən ibarətdir, onun səthi isə bürünc üzlənmə ilə örtülmüşdür. O, qumdaşından hazırlanmış sütunun özülündə durur. 7 iyun 1843-cü ildə heykəlin təşəbbüskarı şəhər ictimaiyyəti ilə birlikdə təntənəli açılış mərasimində iştirak etmişdir. Heykəl 1929-cu ilə qədər Zvinger sarayının həyətində, şəhərdən düz Bənd pavilyonuna kimi uzanan düz xəttin mərkəzində yerləşirdi.[74] 2008-ci ilin may ayından o, Qəsr meydanındakı Stendehaus binasının qarşısında durur.
- Karl Maria fon Veberin heykəli: alman bəstəkarı, dirijor və pianoçu Karl Maria fon Veberin nəhəng bürünc heykəli Mayssen qranitindən hazırlanmış kürsülüyün üstündə yerləşir. Memar və Drezden İncəsənət Akademiyasının professoru Ernst Ritşel heykəlin ilkin eskizini 1844-cü ildə yaratmışdır; 11 oktyabr 1860-cı ildə həmin illüstrasiyalar Lauxhammer memarlıq və tökmə fabrikinə təqdim olunmuşdur. Abidə 1860-cı ildə inşa edilmiş və Zemper qalereyasının şimalında, yəni Zvinger kompleksi ilə Zemper operasının arasındakı meydanda quraşdırılmışdır. Qranit kürsülük memar Georq Hermann Nikolayın tərtib etdiyi layihəyə əsasən yaradılmışdır.[75]
- Haynrix Şütz stelası: Drezdendə anadan olmuş dahi alman bəstəkarı Haynrix Şützə xatirə kimi inşa olunmuş heykəl Zvinger xəndəyi və ona aparan küçənin arasındakı bağça ərazisində quraşdırılmışdır. Heykəl qumdaşından hazırlanmış stelanın zirvəsində yerləşir; onun hər dörd tərəfində əlavə bürünc panel əlavə olunmuşdur. Bu panellərdə Şützün əsas həyat macəraları təsvir olunmuşdur. Rəssam Berndt Vilde stela və bürünc panelləri 1972-ci ildə yaratmışdır; 1985-ci ildə bəstəkarın 400-cü ildönümü münasibətilə, heykəl indiki bağçada quraşdırılmışdır.[76]
- Robert Şuman stelası: Dahi alman bəstəkarı Robert Şumanın şərəfinə ucaldılmış bu hündür stela abidəsi, Opera restoranı və Zvinger xəndəyinin arasındakı meydançada yerləşir. Heykəltəraş Şarlotta Zommer-Landqraf bu bürünc büstlə bəzədilmiş stelanı şəhər sakinlərinin xahişi ilə qumdaşı materialından hazırlamışdı.
İstifadə
Kral Təbiət Qalereyası və Maraqlı Əşyalar Kabineti
Sarayın muzey kimi istifadəsinin ən erkən forması 1728-ci ilə aid edilir; məhz həmin dövrdə, əcnəbi qonaqları valeh etdirmək üçün keçirilən möhtəşəm kral festivallarına əlavə olaraq, xüsusi Kral Təbiət Qalereyası və Maraqlı Əşyalar Kabinetində (alm. Königliche Naturalien-Galerien und Curiositaeten-Cabinete), təbii-elmi eksponat və müxtəlif qədim, nadir və qəribə əşyalardan ibarət tematik kolleksiyalarının saxlanılması və yerləşdirilməsinə başladılmışdır. Bunun nəticəsində onlar tədricən struktur azadlığı ilə bərabər (bu statusu onlar hələ 1720-ci ildə əldə etmişdilər), həmçinin məkan nöqteyi-nəzərində də müstəqil muzeylərə çevrilmişdilər. Zəngin fantaziyaya malik kurfürst Güclü Avqust kolleksiya ehtiyatlarının klassifikasiya olunması üçün öz dəst-xətti ilə 1718-ci ilə aid edilən funksional muzey konsepsiyasının eskizini yaratmışdır. Bir il sonra kurfürst öz şəxsi həkimi Yohann Haynrix fon Hoyxeni, yenicə təsis olunmuş Elmlər qalereyasında Baş və Xüsusi müfəttiş vəzifəsinə təyin etmişdir. Eyni zamanda təbiət-tarix kolleksiyasının bir hissəsi bədii palatanın digər kolleksiyalarından ayrılması həyata keçirilmişdir. Knyaz naziri və ali kamergeri Haynrix Fridrix fon Frizenin 19 may 1728-ci ildə imzalanmış göstərişi ilə Zvinger binasında Kral Təbiət Qalereyası və Maraqlı Əşyalar Kabineti təsis edilmişdir. Yeni qərarla, təbiət elmləri sahəsində dünyada ilk bu cür möhtəşəm kolleksiyanın məhz Elba çayının Florensiyasında yaradılması, peşəkar dairələrdə, böyük marağa və geniş müzakirələrə səbəb olmuşdur. Elmdə göstərdiyi çoxsaylı töhfələrə görə, Hoyxer 1729-cu ildə London Kral Cəmiyyətinin üzvü olmuşdur. Məhz təbiət elminin inkişafına yönəlmiş elmi quruculuq sahəsində yeniliyə daim can atdığına görə, Hoyxer bu fəxri ada layiq görülmüşdür.[77]
Qısa müddət ərzində (1755-ci ildən başlayaraq) aparılan layihələşdirmə işləri zamanı, Drezdenin Kral Təbii Məhsullarının Palatası və Təbii Tarix kabinetinin erkən inkişaf mərhələsi və eyni zamanda inşaat işləri zamanı yaranmış müxtəlif problem və neqativ hadisələr əsaslı surətdə sənədləşdirilmişdir: …bununla belə, dəyişməsi mümkün olmayacaq yeganə gerçəklik ondan ibarət idi ki, bu gözəl sarayın aşağı mərtəbələrindəki məkan başlanğıcda qeyri-adi gözəlliyə malik əşyaların mühafizə olunması üçün istifadə olunurdu; yaxınlıqdakı Oranjereyada saxlanılan ağaclar və onların qalın budaqları, eləcə də incə güllər ümumi muzey kompleksi ilə dəbdəbəli sintez yaradırdı. Məhz Drezdendə yaranması ilə ölməz Saksoniya kralı və kurfürstünə minnətdar olmalı kolleksiya, sonradan taxta keçmiş digər kral Avqustun hakimiyyəti dövründə başqa yerə köçürməsi tapşırılmışdır. 1728-ci ildə lütfkar əmr əsasında bütün nadir təbiət nümunələri və yuxarıda artıq sözügedən başqa qiymətli dəyərlər gələcəkdə ziyarətçilərə ekspozisiya olunmaları üçün əhatəli qalanın fərqli pavilyonlarına köçürülmüşdür….[78]
Təbiət və Tarix kolleksiyası Zvinger sarayının mühüm sahəsini tuturdu. Kolleksiya ehtiyatları Bənd pavilyonunu Kronentor darvazası ilə hər iki tərəfdən birləşdirən uzun və tağşəkilli qalereyalarda və həmçinin hazırkı Riyaziyyat və Fizika salonunun bulunduğu fligeldə yerləşdirilmişdi. Onlar orada 1945-ci ilə kimi, yəni İkinci Dünya müharibəsinin sonuna qədər saxlanılırdı.[79]
Təbii məhsullardan ibarət geniş kolleksiya uzun müddət Almaniyada ən vacib və bənzərsiz muzey kimi qiymətləndirilirdi; hələ XVIII əsrdə mütəxəssislərinin hesablamalarına görə, İngiltərə, Fransa, Hollandiya və İtaliyada yerləşən oxşar müəssisələr ilə müqayisədə Zvinger əlçatmaz və misilsiz bir yer idi. Günümüzə kimi mühafizə edilmiş və hal-hazırda geniş publika üçün sərgilənən kolleksiya əşyalarının içərisinə daşlaşmış bitki və heyvan qalıqları, mineral və süxurlar, yerüstü heyvan və balıqların müqəvvaları, balıqqulağı kabineti, korallardan və mərcanlardan ibarət geniş toplunu aid etmək olar. Tağlı qalereyaların birində əvvəllər anatomik obyektlərin kolleksiyası yerləşirdi; 1733-cü ildə yüzlərcə insan orqanları muzeydən çıxarılaraq, Lüterştadt-Vittenberq şəhərində yerləşən məşhur "Leucorea" (Vittenberq) Universitetinə köçürülmüşdü. Əvvəllər Kral qəsrində nümayiş olunan qravür kolleksiyası boş qalmış ekspozisiya zallarına gətirilmişdir.[42]
Zvinger serenadaları
İki Dünaya müharibələri arasında, Drezdenin Motsart klub və birliyi Zvinger sarayında konsert və festival ənənələrini yenidən canlandırırdı. 3 iyul 1928-ci ildə Zvinger həyətində "Motsart serenadaları" adlı ilk festival keçirilmişdir; bu ənənə bu günə kimi dava edir. 1935-ci ildə bələdiyyə hökuməti Motsart birliyinin yalnız Drezden filarmoniyasına çıxış edə biləcəyini bildirərək, Zvingerdə konsertlərin keçirilməsinə qadağa qoydu.[80] İkinci dünya müharibəsi illərində dayandırılmış Zvinger sarayının serenada ənənəsi 50-ci illərdə yenidən dirçəlmişdir. Hal-hazırda serenada festivalı əsasən yay mövsümündə və Zvinger sarayının Bənd pavilyonu qarşısında keçirilir. Bundan başqa, təntənəli festivalın keçirildiyi dövr ərzində müxtəlif orkestr, xor, teatr və balet ansambllarının nümayəndələri burada görüşür və təəssüratlarını öz aralarında bölüşürlər.
Muzeylər
Hazırkı zamanda Zvinger sarayında Drezden Dövlət Sənət Kolleksiyasının tərkibinə daxil olan 3 müxtəlif muzey yerləşir. 2012-ci ilin noyabr ayınadək, Zvingerdə Silah palatası yerləşirdi: burada ən qiymətli və dəyərli silah və mərasim kostyumlarından ibarət kolleksiya sərgilənirdi. 2013-cü ilin fevral ayında kolleksiya özünün Drezden qəsrindəki köhnə saxlanğıc kabinetlərinə geri qaytarılmışdır.
Köhnə Ustadlar Qalereyası
Köhnə Ustadların Rəsm qalereyası dünyada ən yaxşı nüfuza malik olan muzey kolleksiyalarına aiddir; burada XV–XVIII əsrlərə aid edilən şah əsərləri sərgilənir. İtalyan İntibahı dövründə yaradılmış rəssamlıq nümunələri kolleksiyanın ən qiymətli eksponatları hesab olunur. Bundan başqa qalereyada görkəmli holland və alman rəssamlarının rəsm əsərləri də təqdim olunub. Lakin qalereyanı ziyarət edən turistlərin əksəriyyəti burada sərgilənən Rafaelin məşhur "Sikstin Madonnası" əsərinə baxmağa gəlirlər.
Riyaziyyat və Fizika salonu
Riyaziyyat-Fizika salonu texniki alətlərdən ibarət incəsənət muzeyidir; burada tarixi əhəmiyyətli saat və elmi alətlər nümayiş olunur. Sərgilənən kolleksiya nümunələrinə optik quruluşa malik astronomiya və geodeziya alətləri, torpaq və səma qlobusları, həmçinin çertyojlar və fiziki ölçü vahidlərinin hesablanması zamanı istifadə olunan alətləri aid etmək olar. XIII əsrdə ərəblər tərəfindən yaradılmış ilk səma qlobusu və 1650-ci ildə Blez Paskal tərəfindən hazırlanmış ilk hesablama maşını böyük əhəmiyyətə malikdir. Qlobus və hesablama alətlərindən ibarət olan bu zəngin kolleksiya 1746-cı ildən bəri Riyaziyyat və Fizika salonunun birinci mərtəbəsində saxlanılır.[42]
Çini kolleksiyası
Şərqi Asiyadan gətirilmiş çini kolleksiyasına Min sülaləsinin eksponatları, Çin imperatoru Kansinin hakimiyyət dövrünə (1662–1722) aid çini nümunələri, həmçinin imari və kakiyomon adlı ənənəvi yapon çiniləri muzeyin ən qiymətli əşyaları hesab olunurlar. Bundan əlavə burada erkən Mayssen dövrünə aid edilən tipik alman çinilərinin ən zəngin kolleksiyası nümayiş olunur. Tanınmış muzey eksponatları arasında İohann Bettger, İohann İoahim Kendler və Qottlib Kirxner tərəfindən XVII və XVIII əsrlərdə Mayysen Manufakturasında şinuazri üslubunda hazırlanmış hündür "draqun" vazalarını qeyd etmək olar. 1749-cu ildə Vensen kommunasında yaradılmış unikal çini buketinin hündürlüyü 115 sm-dir. Keçmişdə onun səthi əlavə olaraq 470 çini güllər, metal budaq və yarpaqlar ilə bəzədilmişdi (onlar özünün zərifliyi və rənglərinə görə təbii güllərdən fərqlənmiridilər).
2006–2010-cu illərdə Nyu-Yorklu memar Peter Marinonun rəhbərliyi altında muzeydə yeni daimi ekspozisiya zalı açılmışdır. O, hələ Güclü Avqustun dövründə yaradılmış tarixi və orijinal otağın müasir interpretasiyası hesab olunur.
Zvingerin təsviri
Zvinger mövzusunda yaradılmış qravyur rəsmləri
Zvinger bağlarının yaradıcısı olmuş Matteus Daniel Pöppelmann 1729-cu ildə yaratdığı qurğular barədə ətraflı məlumat verən qravyuralar toplusunu nəşr etdirmişdir. O, aydınlaşdırıcı mətn olan 22 orijinal qravyur rəsm əsərindən ibarətdir; onların içərisində xüsusi ustalıqla yaradılmış Holland sarayının və Köniqştayn qalasının böyük çəlləyinin qrafik rəsmləri insanları valeh edir. Pöppelmann qravyuraların aşağısındakı mətnlərə planlaşdırılan binalar və onların gələcək təyinatı barədə kiçik qeydlər edir.
Səhifələrdən ibarət qovluq kimi yaradılmış bu əsərin ölçüləri təqribən 68 x 49 sm-ə bərabər idi. Orada həyata keçirilmiş tikililər və planlar ilə yanaşı sarayın gələcəkdə genişləndirilməsi üçün əlavə olaraq tərtib edilmiş layihənin qrafik illüstrasiyaları da saxlanılır. Bu monoqrafik işlərin köməyi ilə, Ermiş 1945-ci ildən sonra aparılan restavrasiya və bərpa işlərində yaranmış çoxsaylı özəl məsələləri müəyyənləşdirə bilmişdir; Pöppelmanın tərtib etdiyi unikal üslubun baza anlayışı isə, əlavə olaraq bərpa işlərində yardımçı olmuşdur. Qravyur rəsmləri Kristian Friedrix Boetius, Yohann Georq Şmidt, Kristian Albrext Vortmann və Lorentso Dzuççinin birgə səyləri nəticəsində ərsəyə gəlmişdir. Dəqiq tədqiqatlar nəticəsində müasir alimlər Pöppelmannın bu qravyur rəsməlrin yaradılması üçün külli miqdarda pul ayırdığı və şəxsən bütün proyekti maliyyələşdiryi haqqda yekdil rəyə gəlmişdilər.[81][82][83]
Zvinger şəhər və milli rəmz kimi
1924-cü ildə aparılan genişmiqyaslı rekonstruksiya və restavrasiya işlərindən sonra, Zvinger sarayı qəti şəkildə insanların ictimai şüuruna geri qayıtmışdır. Tikintidə baş vermiş xeyli irəliləyiş həm regional, həm də milli özünüifadə üsulu kimi istifadə olunurdu.
Bu, şəhər turizm idarəsinin işçiləri tərəfindən 1930-cu ildə yaradılmış bir reklam nəşrinin nümunəsində aydın görünür. Həmin illərdə nəşr olunmuş The Book of the City of Dresden kitabında Zvinger sarayının ağ-qara fotoşəkilləri yerləşdirilmişdir; kitabın məzmununda yazılanların əksəriyyəti şəhərə aid olmasına baxmayaraq, böyük hərflərlə saray barədə qeyd olunmuş başlıq insanı düşünməyə sövq edir. Redaktorlar şurasının rəhbəri olmuş Georq Köppen və Drezden şəhərinin oberburqomistrı Bernhard Blüer kitabın yayılması və nəşrinə görə məsuliyyət daşıyırdılar (geniş publikaya kitabın ilk təqdimat mərasimi II Beynəlxalq Gigiyena sərgisi zamanı keçirilmişdir).
Rəmzi identifikasiyası üçün sonrakı illərdə edilən başlıca töhfə, üzərində Zvinger sarayı yerləşmiş xüsusi hədiyyəli lotereya kuponları idi. Şəhər sakinləri və xarici qonaqlar tərəfindən bu mühüm tarixi binaya daim diqqət ayırmaları üçün, lotereyalardan gələn gəlir vasitəsilə böyükhəcmli sanasiya tədbirləri üçün məhdud miqdarda maliyyə haqqı ödənilirdi. Hələ 1920-ci ildə təsis edilmiş Saksoniyalı Vətən Müdafiəçilərinin Torpaq Birliyi (alm. Landesverein Sächsischer Heimatschutz) bu ideyanın təşəbbüskarı və foreytoru idilər. İkinci Dünya müharibəsi zamanı saraya dəyən itkiləri aradan qaldırma üçün bir zamanlar populyar olan lotereya ideyası yenidən dirçəlmişdir. Həmin dövrdə pullu şəxsləri və mesenatları bərpa və yenidənqurma layihəsinə cəlb etmək üçün xarabalığa çevrilmiş Bənd pavilyonu və Kronentor darvazası optik və vizual reklam lövhələri kimi istifadə edilirdi.
Zvinger hal-hazırda tək Drezdenin deyil, həm də Saksonyanın ən vacib tarixi simvolu hesab edilir. Bundan başqa, əgər Saksoniyanın baş naziri öz federal təmsilçiliyini saxlasa, 2016-cı ildə Zvinger 2 avroluq əskinasın alman variantının əks tərəfində əks olunacaq.
Poçt markalarında Zvingerin təsvir olunması
Almaniya ərazisində satışa buraxılmış çoxsaylı poçt markalarını bəzəyən saray eyni zamanda da bir-birinə məktub yollayan milyonlarca insanları bu əsrarəngiz bina ilə yaxından tanış edir. Üzərini Zvinger motivləri bəzəyən ilk poçt markası 1 noyabr 1931-ci ildə Almaniyanın şəhərlərinin birində təcili yardım üçün əlavə pul qalığını ödəyərkən konvertin üzərinə yapışdırılmışdır. Bu seriya 4 alman memarlıq motivlərindən ibarətdir, onların içərisində ən bahalısı (4 + 8 pfenniq dəyərində) üzərində Zvinger sarayı olan poçt markası idi. 1945-ci ildən sonra buraxılmış bəzi markalarda simvolizm və patriotizm hissləri xüsusi bir ifadə ilə verilmişdir. Qeyd etmək lazımdır ki, 1946-cı ildə Saksoniyada buraxılmış 2 poçt markasının üzərində Drezdenin şəhərsalma problemləri təsvir olunmuşdur (nominal dəyəri müvafiq olaraq 6 Pfenniq, 12 Pfenniq). 6 pfenniq dəyəri olan markanın üzərində Bənd pavilyonu təsvir olunmuş, onun aşağısında isə "Biz inşa edirik!" yazısı yerləşdirilmişdir.
İki alman dövlətinin yenidən birləşməsindən bir gün əvvəl, ADR-də son altı poçt markası, o cümlədə üzərində Kronentor motivləri olan əlavə marka simvolik şəkildə satışa buraxılmışdır.
Aritada sarayın qismən yaradılmış surəti
Yaponiyanın Saqa prefekturasında yerləşən Arita şəhəri bütün dünyaya bədii farfor istehsalının mərkəzi kimi tanınır; burada Zvinger sarayının Kronentor, həmçinin ona bitişik uzun qalereyaların və pavilyonların kiçildilmiş surəti inşa edilmişdir. Yaxınlıqdakı çini fabrikində istehsal olunan çini məmulatlarının ən yaxşı nümunələri bu binada sərgilənir.
Ədəbiyyat
- Adolph Canzler, Alfred Hauschild, Ludwig Neumann: Die Bauten, technischen und industriellen Anlagen von Dresden. Meinhold & Söhne, Dresden 1878.
- Walter Dänhardt (Hrsg.): Festschrift aus Anlaß des hundertjährigen Bestehens der Flora, Sächsische Gesellschaft für Botanik und Gartenbau. Selbstverlag, Dresden 1926.
- Georg Dehio: Handbuch der Deutschen Kunstdenkmäler. Bd. Dresden. Deutscher Kunstverlag, München/ Berlin 2005, ISBN 3-422-03110-3.
- Hubert Georg Ermisch: Der Dresdner Zwinger. In: Schriften des Instituts für Theorie und Geschichte der Baukunst der Deutschen Bauakademie. Sachsenverlag, Dresden 1953.
- Cornelius Gurlitt: Beschreibende Darstellung der älteren Bau- und Kunstdenkmäler des Königreichs Sachsen. Stadt Dresden. Heft 2, Meinhold & Söhne, Dresden 1901.
- Mathias Haenchen: Zum Entwurfsprinzip des Dresdner Zwingers. In: Denkmalpflege in Sachsen. (= Mitteilungen des Landesamtes für Denkmalpflege Sachsen. Jahrbuch 2012). Dresden 2013, ISBN 978-3-95498-026-0, S. 40–52.
- Hermann Heckmann: Matthäus Daniel Pöppelmann und die Barockbaukunst in Dresden. Verlag für Bauwesen, Berlin 1986, ISBN 3-345-00018-0.
- Fritz Löffler, Willy Pritsche: Der Zwinger in Dresden. VEB Seemann Verlag, 1976.
- LIPSIA Farbkatalog DDR. 1983. Berlin (transpress) 1983.
- Harald Marx (Hrsg.): Matthäus Daniel Pöppelmann. Der Architekt des Dresdner Zwingers. E. A. Seemann, Leipzig 1990, ISBN 3-363-00414-1.
- Arno Naumann: Dresdens Gartenbau bis zur Gründungszeit der "Flora" Gesellschaft für Botanik und Gartenbau in Dresden. Dresden 1896.
- Peter Stephan: Neuschöpfung oder Ergänzung? Gedankenspiele zur nachträglichen Realisierung des Dresdner Zwingergartens und zum Einfluss der Rhetorik auf die barocke Gartenkunst. In: Die Gartenkunst. 15/1 (2003), S. 53–84.
- Matthias Donath, Dirk Welich: Der Zwinger. Edition Leipzig, Leipzig 2011, ISBN 978-3-361-00668-3.
- Peter Plassmeyer u.a. Weltenglanz: Der Mathematisch-Physikalische Salon Dresden zu Gast im Maximilianmuseum Augsburg. Deutscher Kunstverlag, 2009 ISBN 978-3-422-06944-2 (alm/deu)
- Andreas Haucap, Harald Schiller (Hrsg.): Museen zwischen Weimar und Stralsund. Ein Streifzug durch die Museumslandschaft der neuen Bundesländer. Igen, Hamburg 1990, ISBN 3-928196-07-3 (Enthält einen ausführlichen Artikel von Dr. sc. Klaus Schillinger, dem ehemaligen Direktor des Mathematisch-Physikalisches Salons über die Sammlungsgeschichte und die Sammlung bis 1990.)
- Jürgen Helfricht: Astronomiegeschichte Dresdens. Hellerau-Verlag Dresden 2001, ISBN 3-910184-76-6.
- Peter Plaßmeyer: Der Mathematisch-Physikalische Salon im Dresdner Zwinger. in: Sächsische Heimatblätter 59(2013)4, S. 302–309
İstinadlar
- Gurlitt: Kunstdenkmäler Dresdens. H. 2, S. 313.
- Otto Richter: Verfassungsgeschichte der Stadt Dresden. Erster Band. Dresden 1885, S. 8–9.
- Dehio, Dresden, 2005, S. 52.
- Gurlitt: Kunstdenkmäler Dresdens. H. 2, S. 327–328.
- Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 16.
- Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 14–18.
- Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 22.
- Arno Naumann: Dresdens Gartenbau …. 1896, S. 25.
- Adolph Canzler, Alfred Hauschild, Ludwig Neumann: Die Bauten …. 1878, S. 70–72.
- Gurlitt: Kunstdenkmäler Dresdens. H. 2, S. 422.
- Dirk Syndram, P. Ufer: Die Rückkehr des Dresdner Schlosses. 1. Auflage. edition Sächsische Zeitung, 2006, S. 63.
- Michael Kirsten: Der Dresdner Zwinger. (= DKV-Kunstführer Nr. 576/0). 1. Auflage. Deutscher Kunstverlag, München/ Berlin o. J., S. 26.
- Heckmann: Pöppelmann 1986, S. 44–45.
- Heckmann: Pöppelmann 1986, S. 90–93.
- Ermisch: Zwinger. 1953, S. 23.
- Ermisch: Zwinger. 1953, S. 51–52.
- Hermann Heckmann: Matthäus Daniel Pöppelmann. Deutscher Kunstverlag, 1972, S. 157.
- Adolph Canzler, Alfred Hauschild, Ludwig Neumann: Die Bauten …. 1878, S. 79–80.
- Ermisch: Zwinger. 1953, S. 60–62.
- Ermisch: Zwinger. 1953, S. 68.
- "Ъ-Власть — "Дрезден — не место для выставочных блокбастеров"". 2012-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24.
- Volker Helas: Architektur in Dresden 1800–1900. S. 180.
- Ermisch: Zwinger. 1953, S. 70–72.
- Dänhardt: Festschrift Flora. 1926, S. 37.
- Ermisch: Zwinger. 1953, S. 73–74.
- Hans Nadler: Daten zum Wiederaufbau des Zwingers nach der Zerstörung 1945. In: Harald Marx: Matthäus Daniel Pöppelmann. 1990, S. 175.
- Ermisch: Zwinger. 1953, S. 95.
- Ermisch: Zwinger. 1953, S. 96.
- Hans Nadler: Daten zum Wiederaufbau des Zwingers nach der Zerstörung 1945. In: Harald Marx: Matthäus Daniel Pöppelmann. 1990, S. 176–177.
- Das Kulturleben unserer Stadt. In: Dresdner Stadt-Nachrichten I. Jahrgang, Nr. 13; 2. Juli 1957.
- Landesamt 2002 in Martin Ernst & Manfred Stephan: Rezente Hochflutsedimente der Müglitz südlich Dresden (Erzgebirge, Sachsen) im Vergleich mit Sandsteinbänken der Erdgeschichte. Jahresberichte und Mitteilungen des Oberrheinischen Geologischen Vereins, Neue Folge, 89: 11–35, Stuttgart 2007.
- 13. August, Dienstag: Die Katastrophe ist da Arxivləşdirilib 2018-06-21 at the Wayback Machine – www.mdr.de
- 14. August, Mittwoch: Warten auf die zweite Welle Arxivləşdirilib 2018-06-21 at the Wayback Machine – www.mdr.de
- Kronentor bis 2016 saniert Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine, Online-Artikel der Sächsischen Zeitung vom 6. November 2013.
- Baukultur trifft Technikkultur – Sanierung des Mathematisch-Physikalischen Salons (MPS) Arxivləşdirilib 2012-11-05 at the Wayback Machine (PDF; 25 kB), Medieninformationen des Sächsisches Staatsministeriums der Finanzen vom 11. Oktober 2012.
- "Mathematisch-Physikalischer Salon im Dresdner Zwinger fast fertig". Dresden Fernsehen. 2012-10-11. 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-23.
- Sempergalerie – Alte Meister in neuem Licht Arxivləşdirilib 2021-11-09 at the Wayback Machine, Medieninformationen des Sächsischen Staatsministeriums der Finanzen vom 17. Januar 2014.
- Eberhard Hempel,Der Zwinger zu Dresden. Grundzüge und Schicksale seiner künstlerischen Gestaltung, Berlin 1961, S. 74.
- Fritz Löffler: Der Zwinger in Dresden. Kapitel: Das Kronentor mit der Grabenbrücke und den Langgalerien. VEB E. A. Seemann Verlag Leipzig, 1976, S. 29 ff.
- Dehio: Dresden. 2005, S. 55–57.
- Fritz Löffler: Der Zwinger in Dresden. Kapitel: Das Programm der Plastik und der Deckenmalerei. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 56.
- Ermisch: Zwinger. 1953, S. 58–59.
- Fritz Löffler: Der Zwinger in Dresden, Kapitel: Der Französische Pavillon und das Nymphenbad. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 26.
- Fritz Löffler: Das alte Dresden. Leipzig 1981, S. 127.
- Fritz Löffler: Das alte Dresden. Leipzig 1981, [Mathematisch-Physikalischer Salon, 1710 bis 1714], S. 127, 129–131.
- Fritz Löffler: Der Zwinger in Dresden. Kapitel: Die Hauptwerke der Mitarbeiter Permosers. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 47.
- Fritz Löffler: Der Zwinger in Dresden. Kapitel: Die Hauptwerke der Mitarbeiter Permosers. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 46.
- Fritz Löffler: Der Zwinger in Dresden. Kapitel: Die Hauptwerke der Mitarbeiter Permosers. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 45.
- Dehio S. 58.
- Harald Marx (Hrsg.): Matthäus Daniel Pöppelmann. Der Architekt des Dresdner Zwingers. E. A. Seemann, Leipzig 1990, ISBN 3-363-00414-1, S. 161 [Abbildung 129 J. G. Fritzsche. Medaillenentwurf mit einer Darstellung der Orangerie im Zwingergarten. 1711/1712.]
- Harald Marx (Hrsg.): Matthäus Daniel Pöppelmann. Der Architekt des Dresdner Zwingers. E. A. Seemann, Leipzig 1990, ISBN 3-363-00414-1, S. 161.
- Fritz Löffler: Der Zwinger in Dresden. Kapitel: Das Werk Balthasar Permosers am Zwinger. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 40 ff.
- Michael Kirsten: Der Dresdner Zwinger. DKV-Kunstführer Nr. 576/0, 1. Auflage. Deutscher Kunstverlag, München/ Berlin o. J., S. 21.
- Eberhard Hempel: Der Zwinger zu Dresden. Grundzüge und Schicksale seiner künstlerischen Gestaltung. Berlin 1961, S. 88 f.
- Sächsisches Landeshauptarchiv Dresden, Loc. 380. Sachen, die Kunstakademie, Kunstwerke, Mahlerei und Bildergallerie betr. 1699–1743.
- Eckhard Bahr. Dresden mit Meißen, Radebeul und Sächsischer Schweiz. Trescher Verlag. 2012. ISBN 978-3-89794-214-1.
- Fritz Löffler: Das alte Dresden. Leipzig 1981, S. 167, Abbildung 193 (Beschreibung).
- Fritz Löffler: Der Zwinger in Dresden. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 35, 64, 67.
- Fritz Löffler: Der Zwinger in Dresden. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 36, 64.
- Michael Kirsten: Der Dresdner Zwinger. (= DKV-Kunstführer Nr. 576/0). 1. Auflage. Deutscher Kunstverlag, München/ Berlin o. J., S. 28.
- Fritz Löffler: Der Zwinger in Dresden. Kapitel: Die Bogengalerien am Wall. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 28.
- Michael Kirsten: Der Dresdner Zwinger. (= DKV-Kunstführer Nr. 576/0). 1. Auflage. Deutscher Kunstverlag, München/ Berlin o. J., S. 19.
- Harald Marx: Gemäldegalerie Dresden — Führer Alte Meister . E. A. Seemann, Leipzig, 3. Aufl., 2006, ISBN 978–3865020215, S. 8–17.
- Harald Marx: Meisterwerke aus Dresden. Gemäldegalerie Alte Meister. E. A. Seemann, Leipzig 2009, ISBN 978–3865020147
- Heckmann: Pöppelmann 1986, S. 130.
- Heckmann: Pöppelmann 1986, S. 100.
- Ermisch: Zwinger. 1953, S. 61–62.
- Horst Rößler: Aus der Geschichte des Geodätischen Instituts der Technischen Universität Dresden. Arxivləşdirilib 2011-05-31 at the Wayback Machine (PDF; 1,0 MB)
- Heinz Quinger: Dresden und Umgebung: Geschichte, Kunst und Kultur der sächsischen Hauptstadt. DuMont Kunst-Reiseführer, 2005, S. 103.
- vgl. Fritz Löffler: Der Zwinger in Dresden. Kapitel: Die Hauptwerke der Mitarbeiter Permosers. VEB E. A. Seemann Verlag, Leipzig 1976, S. 48.
- Georg Dehio (Hrsg.): Handbuch der deutschen Kunstdenkmäler. Dresden. Aktualisierte Auflage. Deutscher Kunstverlag, München und Berlin 2005, ISBN 3-422-03110-3, S. 55.
- Johann Christian Crell: Das fast auf dem höchsten Gipfel seiner Vollkommenheit und Glückseligkeit prangende königliche Dresden. Leipzig, 1726.
- Hubert Georg Ermisch: Baugedanken des Zwingers. In: Dresdner Kunstbuch 1927. Verlag Wolfgang Jess, Dresden 1927.
- Dehio: Dresden. 2005, S. 126.
- Dehio: Dresden. 2005, S. 90.
- Zwinger Dresden, Parkanlage: Restaurierung des Heinrich-Schütz-Denkmals abgeschlossen Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Medieninformation 32/2011 des Staatsbetriebs Sächsisches Immobilien- und Baumanagement (SIB) vom 24. Mai 2011 (PDF; 119 kB).
- Jan-Michael Lange, Ellen Kühne (Hrsg.): Das Museum für Mineralogie und Geologie. Von der kurfürstlichen Kunstkammer zum staatlichen Forschungsmuseum. Dresden (SNSD) 2006, ISBN 3-910006-34-5, S. 22–23.
- Christian Heinrich Eilenburg: Kurzer Entwurf der königlichen Naturalienkammer zu Dresden. Waltherische Buchhandlung, Dresden und Leipzig 1755, S. 3, Digitalisat SLUB.
- Jan-Michael Lange: Geschichte der petrographischen Sammlungen am Museum für Mineralogie und Geologie in Dresden. Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine www.senckenberg.de.
- Friedrich Schinke: Überblick zur Geschichte des Mozart-Vereins zu Dresden e. V., Abschnitt: Der Mozart-Verein in der Zeit von 1921 bis zum Ende des 2. Weltkrieges Arxivləşdirilib 2015-02-13 at the Wayback Machine. Dresden, 2009.
- Heckmann: Pöppelmann. 1986, S. 175–177.
- Ermisch: Zwinger. 1953, S. 31–35.
- Harald Marx: "Dieses Werk allein müßte ihn unsterblich machen …". In: Harald Marx: Matthäus Daniel Pöppelmann. 1990, S. 19–35.
Xarici keçidlər
- Staatliche Schlösser, Burgen und Gärten Sachsen
- Staatliche Kunstsammlungen Dresden, Links zu den Museen Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine
- Map of the Zwinger Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Zwinger and its Museums Arxivləşdirilib 2017-07-28 at the Wayback Machine at Staatliche Kunstsammlungen Dresden
- Homepage Arxivləşdirilib 2011-11-01 at the Wayback Machine of Staatliche Kunstsammlungen Dresden
- Schlösser und Gärten Dresden