Ziyadxan Əliyev (sənətşünas)

Ziyadxan Əliyev (1 iyul 1948, Şamxor) — sənətşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı.[2] Əməkdar incəsənət xadimi.

Ziyadxan Əliyev
Əliyev Ziyadxan Alxan oğlu
Doğum tarixi
Doğum yeri Şəmkir, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahələri rəngkarlıq, heykəltaraşlıqmemarlıq
Elmi dərəcəsi
  • sənətşünaslıq üzrə fəlsəfə doktoru[d]
İş yerləri Azerbaycan Dövlət Ressamlıq Akademiyasi[1]
Azərbaycan Rəssamlar İttifaqı “Tənqid və sənətşünaslıq” bölməsinin sədri[2]
Təhsili Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbi
İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutu
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2006

Həyatı

Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-də Şəmkirdə anadan olmuşdur.[3] Sonradan ailəsi Şamaxı rayonuna köçmüşdür. O, 1974-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil almışdır. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvüdür.[4]

Fəaliyyəti

Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində başlayan Z. Əliyev, əvvəlcə elmi işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti" elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub.

Ədəbi fəaliyyəti

Ziyadxan Əliyev Azərbaycan təsviri sənətin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Tələbə illərində "Qobustan" jurnalında "Şamaxının qədim abidələri" adlı ilk məqaləsini çap etdirməklə sənətşünaslıq elminə qədəm qoyub. Alimin yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.

O, təsviri sənət sahəsində həm də bir çox elmi tapıntılara nail olmuş mütəxəssis kimi tanınır. Onun 1989-cu ildə nəşr olunmuş "Azərbaycan ekslibrisi" kitabı apardığı tədqiqatın nəticəsində işıq üzü görüb. Bu nəşrdə o, ilk ekslibrisin — kitab nişanının Avropadan da çox qabaq Şərqdə — Azərbaycanda yaradıldığını sübut edib. Ziyadxan Əliyev XIX əsr Azərbaycan təsviri incəsənətində öz möhtəşəm yaradıcılıq irsi qoymuş Mir Möhsün Nəvvabın yaradıcılığı haqqında kitab yazıb. "M. M. Nəvvabın rənglər aləmi" kitabında rəssamın təsviri sənət sahəsindəki bütün irsi ətraflı təhlil edilib.

Sənətşünasın təşəbbüsü və axtarışları nəticəsində hələ sovet dönəmində — 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət Muzeyində respublikada ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət "Əzizim Vətən yaxşı…" adlı tarixi sərgi təşkil olunub.

Ziyadxan Əliyevin Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş "Sənətin Məcnunu" kitabı xüsusi diqqətə layiqdir. Səttar Bəhlulzadə yaradıcılığının öyrənilməsinə ömrünün 30 ilini həsr edən sənətşünasın yazdığı bu kitab alimlər tərəfindən təqdirəlayiq tədqiqat əsəri kimi dəyərləndirilir.

Ziyadxan Əliyevin bir alim kimi gənc sənətşünasların yetişməsində müstəsna xidmətlərə malikdir. O, elmi-pedaqoji fəaliyyətini davam etdirir. Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İncəsənət tarixi fənnindən dərs deyən Ziyadxan Əliyev hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır.[2] O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı və məruzəçisi olub, ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin təşkilində yaxından iştirak edib.

Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Ziyadxan Əliyev 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.[5]

Əsərləri

  1. Ziyadxan Əliyev. Sənətin Məcnunu. Bakı,2009. 396 səh.
  2. Ziyadxan Əliyev. Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi. Bakı, 2014. 232 səh.
  3. Ziyadxan Əliyev. Naməlum Səttar. Bakı, 2006. 79 səh.
  4. Ziyadxan Əliyev. Tənha döyüşçü (Zakir Hüseynov). Bakı, 2011,210 səh.
  5. Ziyadxan Əliyev. Cizgilərə hopan ömür(Cəmil Müfidzadə). Bakı, 2011,275 səh.
  6. Ziyadxan Əliyev. Azərbaycan rəqs geyimləri. Bakı, 2010.125 səh.
  7. Ziyadxan Əliyev. Altay Hacıyev E. Qasımova ilə birlikdə). Bakı,2011,143.
  8. Ziyadxan Əliyev. Azərbaycan incəsənəti ensiklopediyası (A. Xəlilovla birlikdə). I-II-III cildlər. Bakı, 2011, 290 səh.
  9. Ziyadxan Əliyev. Boyalı gülüşlər. Bakı, 2014. 420 səh.
  10. Ziyadxan Əliyev. Sabir təsviri sənətdə. Bakı, 2012. 166 səh.
  11. Ziyadxan Əliyev. Fəxrəddin Məmmədvəliyev. Bakı,2012.səh.152.
  12. Ziyadxan Əliyev. Eldar Mikayılzadə. İlmələrin hikməti. Bakı,2013.254 səh
  13. Ziyadxan Əliyev. Cizgilərin hikməti. Arif Hüseynov. Bakı, Aspoliqraf,345 səh.
  14. Ziyadxan Əliyev. Yaşar Səmədov. Rənglərin simfoniyası. Bakı,2020, Təhsil, 318 səh.
  15. Ziyadxan Əliyev. Səttar Bəhlulzadə. Bakı, 2019, 50 səh.
  16. Ziyadxan Əliyev. XX əsr Azərbaycan heykəltəraşlığının inkişaf mərhələsi. Bakı, 2016, Elm və təhsil, 190 səh.
  17. Ziyadxan Əliyev. M. M. Nəvvabın rənglər aləmi. Bakı, 1996. Şuşa, 38 səh.
  18. Ziyadxan Əliyev. Bəhruz bəy Kəngərli taleyi (N. Alıyevlə birlikdə). Naxçıvan, 2016, Əcəmi. 510 səh.
  19. Ziyadxan Əliyev. Nəsimi dünyası rənglərin işığında. Bakı, 2019. 136 səh.
  20. Ziyadxan Əliyev. Genndi Brijatyuk və onun mənəv dəyərlər dünyası. 2020. Tuna,180 səh.

İstinadlar

  1. "Akademiya haqqında". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  2. "Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri olan alim". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  3. "Ziyadxan Əliyev: "Onun diplomu yox idi"". 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  4. "Ziyadxan Əliyevin 70 illiyinə həsr olunmuş sərgi". 2020-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  5. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.