Ziyadlı oymağı

Ziyadlı oymağıQacar elinin oymaqlarından biri.

Tarixi

Ziyadlı oymağının bir qolu Qarabağda, bir qolu İrəvanda, bir qolu isə Astrabadda məskunlaşmışdı. Tarixçi Məhəmməd Məsum ibn Xocəki-İsfahani "Xülasət əs-səyyar" adlı əsərinin "Ziyadoğlu nəsli və Gəncənin xüsusiyyətləri haqqında qısa məlumat" başlığında yazır: "Mən - Allahın yazıq bəndəsi uğurlu tale sahibi olan bu alicənab şəxsin süfrəsinin kənarında oturanlardan biri kimi zati-alilərinin əmri ilə bu kitabı yazmağa məşğul olarkən özümə vacib bildim ki, qüdrətli və əzəmətli xanın nəsli, əcdadı haqqında da qısaca məlumat verim. Bu qısa məlumatı sidq-ürəklə hazırladım ki, zəmanə adamları xanın nəsil şəcərəsini bilsinlər. Düzdür, bu nəslin şəxsiyyətlərinin layiqli xidmətləri gün kimi aydındır və heç bir tərifə ehtiyacı yoxdur. Lakin bununla belə, mənim rəyimdən belə bir fikir keçdi ki, arif adamların bu nəslin işləri haqqında məlumatları olsun deyə onları bu kitaba daxil edim. Bu mübarək insanın babalarının məskəni Rum vilayəti olmuşdur. Qəriməş Xızr adı ilə tanınan Xızr bəy o diyarda mötəbər bir şəxs olmuşdur. O, Səfəviyyə təriqətinə sidq-ürəklə etiqad etdiyi və o müqəddəslərin işığına ürəkdən bağlandığı üçün eli, qohum-əqrabası ilə birgə vətənini tərk edib Azərbaycana və İraqa köçmüşdür. Xızr bəy bir müddətdən sonra dünyasını dəyişmiş və onun böyük oğlu Ümmət bəy Lahican vilayətində şahənşaha səcdə etmək şərəfinə nail olmuşdur o, zəmanəsinin yeganəsi olan bu şəxslə şahənşahla yaxınlıq mərtəbəsinə yüksəlmişdir. Ümmət bəy hörmət və izzət sahibi Sufi Lahicinin xidmətində olmuş şahənşahlıq lütfü və diqqəti həmişə onun üzərinə kölgə salmışdır. Xalq üçün qorxulu, təhlükəli vəziyyətlərdə bəşəri gücü çatan işləri daha çox o, gördüyü üçün, eləcə də saf etiqadına, fədakarlığına və çoxlu xidmətlərinə görə Ziyadoğlu ləqəbini qazanmışdır". Ziyadlı oymağının bir qolu Qarabağda (Gəncədə), bir qolu Çuxursəddə (İrəvanda) hakimiyyətdə olmuşdur.

Gəncə ziyadlıları tarixi ədəbiyyatda Ziyadoğlu kimi tanınırlar. Onların tayfa başçıları bu yörədə öncə bəylərbəyi, sonra müstəqil xan olmuşlar.

Mənbə

  • Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.
  • Azərbaycan tarixi şəcərə cəmiyyətinin xəbərləri. 3-cü buraxılış. Bakı: 2001, səh.110-111.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.