Ziya Bünyadovun qətli

Ziya Bünyadovun qətliAzərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun siyasi sui-qəsdə məruz qalması.[1] O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi.

Ziya Bünyadovun qətli
Ziya Bünyadovun Fəxri Xiyabanda heykəli.
Ziya Bünyadovun Fəxri Xiyabanda heykəli.
Hücum yeri Bakı, Azərbaycan
Hücum hədəfi Ziya Bünyadov
Vaxt 21 fevral 1997-ci il
18:10
Hücum üsulu Qətl
Silah Bıçaq və odlu silah
Həlak olanlar Ziya Bünyadov
Qatil sayı 7
Təşkilatçılar "Hizbullah" və "Ceyşaullah"
Şübhəlilər Bax: #İddialar

Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmış, prezidenti Heydər Əliyev isə bunu "Azərbaycan xalqı və elmi üçün böyük itki" adlandırmışdır. Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinmişdir. Onlardan Qalib Babayev qətlin əsas icraçısı kimi təqdim olunmuş və Azərbaycan–İran sərhədində öldürülmüşdür. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müştehidləri onun ölümünə fətva vermişdir.

Buna baxmayaraq, ictimaiyyətdə Ziya Bünyadovun qətli ilə əlaqədar çoxlu iddialar yayılmışdır. İddialara görə, Ziya Bünyadovun qətlinin səbəbi onun Murtuz Ələsgərovun Milli Məclisin spikeri təyin edilməsinə münasibəti, Milli Ordunu, hökuməti, hətta prezident Heydər Əliyevi onlarla əlaqədar korrupsiya hallarını ifşa edəcək sənədləri yayımlamaqla hədələməsi idi. Nəzəriyyələrdə cinayətə görə həbs olunanlar əslində günahsız olduğunu, cinayətə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarının, o cümlədən keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədovun dəstəsinin məsulliyyət daşıması var.

Zəmin

Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuş, İkinci Dünya müharibəsində iştirak etmişdir. Ziya Bünyadov 27 fevral 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı ilə mükafatlandırılmışdır. O, 1954-cü ilə qədər ali təhsilini Rusiyada davam etmiş, həmin il aspiranturanı bitirdikdən sonra Azərbaycana qayıtmışdır. Ziya Bünyadov Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi fəaliyyətinə davam etmiş, 1965-ci ildə professor adını almışdır. O, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1973-cü ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir. Tarixçi alim olan Ziya Bünyadov 1981-ci ildə Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti seçilmiş, sonra Milli Məclisin deputatı olmuşdur.[2]

Bünyadov və islamşünaslıq

Ziya Bünyadov İkinci Dünya müharibəsi illərində.

Yenidənqurma dövründə, 1980-ci illərin ortalarından başlayaraq Azərbaycan cəmiyyətində islama maraq tədricən artmağa başlamışdır. Qara Yanvar hadisələrindən sonra Quran "azərbaycanlı" kimliyinin və sovet rejiminə etirazın yeni simvoluna çevrilmişdir. Türkoloq-tarixçi Altay Göyüşov və Bünyadovun keçmiş həmkarı Nəriman Qasımoğluya görə, Ziya Bünyadov yeni kimliyin və milli kimliyin ən mühüm komponentinin islamın olmasına inanmağa başlamışdı. Göyüşovun fikrincə, Bünyadovun "türkofil" meyli olan tarixçilərə qarşı çıxması onu yeni tədqiqat mövzusu kimi islama sövq edən əsas amil olmuşdur.[3]

Ziya Bünyadovun islamşünas alim kimi şöhrəti onun şərqşünas alim Vasim Məmmədəliyevlə birgə Quranı Azərbaycan dilinə tərcümə etməsinə gətirib çıxarmışdır.[4] Quranın bu tərcüməsi 1991-ci ildə Məmmədəliyevin müəllifi olduğu müqəddimə və Bünyadovun yazdığı şərh ilə nəşr edilmişdir.[5] Həmin il bu nəşr "Hacı Zeynalabdin Tağıyev adına" mükafata layiq görülmüşdür.[4] Zərdüşt ƏlizadəArif Yunusa görə, 1980-ci illərin əvvəllərindən başlayaraq Quranın Azərbaycan dilinə yeni tərcümələri nəşr olunmağa başlamışdır və onlar bu cərəyanı İran İslam inqilabı ilə əlaqələndirirlər. Xüsusilə, iki ərəbşünas və islamşünas alim Tariyel HəsənovNəriman Qasımoğlu hələ 1980-ci illərin sonlarında Quranı tərcümə etmiş, 1988-ci ilin əvvəlindən isə Qasımoğlu Quranın fraqmentlərini nəşr etdirməyə başlamışdır. Qasımoğlunun fikrincə, onun etdiyi tərcümə Quranın poetik xarakterini Bünyadov və Məmmədəliyevin tərcüməsi ilə müqayisədə daha çox saxlamışdır. Buna baxmayaraq, Ziya Bünyadov Azərbaycandakı ən məşhur alim idi və ölkənin mənəvi siması sayılırdı, elə bu səbəbdən onun tərcüməsi indi də Azərbaycanda ən populyar tərcümədir.[6]

Ziya Bünyadov islamşünaslıq fəaliyyətini başqa işlərlə davam etdirmişdir. Onun tərəfindən 1993–1995-ci illər arasında yazılmış və ölümündən sonra 1997-ci ildə nəşr olunmuş Azərbaycan dilində "Dinlər, təriqətlər, məzhəblər" ensiklopedik lüğəti buna nümunədir. Əsərin ön sözündə Bünyadov öz motivlərindən bəhs edərkən Azərbaycan xalqının o dövrdə qədər "din və din xadimləri haqqında bilikləri yalnız ateist yanaşmadan, marksizm–leninizm prizmasından alması"nı əsas gətirərək bu əsərin onun "insanlar qarşısında mənəvi borcu" olduğunu qeyd etmişdir. O əlavə etmişdir ki, "sovet dövründə yazılan bütün kitablar, məqalələr, broşürlər tamamilə bu perspektivə tabe" olmuş, bu da öz növbəsində "o günlərdə yazılan hər şeyi çox subyektiv" hala salmışdır. Onun fikrinə görə, bu, "insanların həqiqəti bilməsinə mane olurdu".[7]

Ensiklopediyanın ən əlamətdar cəhəti Bünyadovun bu əsərdə diqqətini təkcə islama deyil, ümumilikdə dinlərə yönəltməsidir. Niderland alimi Sara Krombaxa görə, ensiklopediyanın yazılmasının motivini postsovet Azərbaycanını islam dünyasına deyil, daha geniş kontekstə inteqrasiya etmək üçün ilk cəhd hesab etmək olar. Krombax əlavə etmişdir ki, postmüstəmləkəçiliyin çağırışları ilə üzləşən Azərbaycan üçün bu, özünü Şərqin, eləcə də Avropanın bir hissəsi kimi yenidən düşünmək üçün zəruri addım hesab etmək olar.[8]

"Hizbullah" Azərbaycanda

İran Azərbaycan müstəqilliyini bərpa etdikdən az sonra islam inqilabı və dövlətçilik ideyalarının Azərbaycanda yayılmasını fəal şəkildə təşviq etməyə başlamışdır. Qaçqın düşərgələri nüfuz aşılamaq üçün İranın əsas hədəfi olmuşdu. Bəzi azərbaycanlı gənclər İrandakı dini məktəblərdə və İranın dəstəyi ilə yaradılmış "Hizbullah" düşərgələrində təhsil almağa cəlb edilmişdi. Onlar Azərbaycana qayıtdıqdan sonra "Hizbullah"ın siyasi ideyalarını yaymaqla məşğul olmuşdular.[9]

1993-cü ilin axırlarında Birinci Qarabağ müharibəsi səbəbilə evlərindən didərgin düşən qaçqınların əhəmiyyətli hissəsi Azərbaycanın cənub rayonlarında, İranla sərhəddə, eləcə də ölkənin mərkəzi hissəsində toplanmışdı. Məcburi köçkünlərin paytaxt Bakıya axın etməməsi üçün 1993-cü ilin avqustunda Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişi ilə Bakıya və ölkənin digər iri şəhərlərinə gedən bütün yollar bağlanmışdır. Hər halda, hakimiyyət bunun kifayət etməyəcəyi qənaətinə gəlmiş və tezliklə dəstək üçün İrana üz tutmuşdur. 1993–1994-cü illərdə İran hökuməti Azərbaycanın cənub rayonlarında 7 qaçqın düşərgəsi salmışdır. Buraya 100 min nəfərə yaxın qaçqın yerləşdirilmişdir. Bunlar Azərbaycanda ilk qaçqın düşərgələri idi. Çox keçməmiş öyrənilmişdir ki, İran hökuməti bu düşərgələrdən qaçqınlar arasında şiə ehkamını təbliğ etmək üçün onlardan istifadə edir. Sonrakı araşdırmalarda məlum olmuşdur ki, İran eyni vaxtda Azərbaycanda açıq şəkildə radikal və silahlı islamçı təşkilatlar yaratmağa başlamışdı. Onların arasında "Hizbullah" dini-siyasi strukturu sonradan daha fəallaşmış və populyarlaşmışdır.[10] "Hizbullah"ın qurucuları Ayətullah Ruhullah Xomeyni tərəfindən yaradılmış "Vilayəti-Fəqih" anlayışına arxalanırdılar. Bu anlayışa görə, ümmətin qanuni rəhbəri hesab etdikləri İmam Mehdinin olmadığı halda rəhbərlik Quranı düzgün təfsir edəcək ilahiyyatçılara həvalə olunmalı idi.[11]

1993-cü ildə "Vilayəti-Fəqih" konsepsiyasının iranlı təbliğatçıları Bakıda azərbaycanlı gəncləri öz sıralarına cəlb edərək "Hizbullah"ın Azərbaycan qolu olan "Vilayəti əl-Fəqih Hizbullah" adlı yerli təşkilat yaratmışdılar. Hüquq-mühafizə orqanlarının məlumatına görə, "Hizbullah"ın Azərbaycan qolu özlərini İran vətəndaşı kimi təqdim edən Məhəmməd və Nəsrullah adlı şəxslər tərəfindən təsis edilmişdir. 2000-ci ilə qədər təşkilatın rəhbəri Tariyel Ramazanov olmuşdur. Təşkilat bir neçə on nəfərdən ibarət idi. Bundan bir müddət sonra Azərbaycanın cənubunda, Lənkəran şəhərində "Hizbullah"ın daha kiçik başqa bir qolu yaradılmışdır.[11]

Hökumət ilə münaqişələr

Ziya Bünyadov qətlindən əvvəl Milli Ordunu, hökuməti, hətta prezident Heydər Əliyevi onlarla əlaqədar korrupsiya hallarını ifşa edəcək sənədləri yayımlamaqla hədələmişdir. O, 1995-ci ildən Milli Ordunu və Müdafiə Nazirliyini dəfələrlə korrupsiyada ittiham etmişdir. Bünyadov radio və televiziyada dəfələrlə Yeni Azərbaycan Partiyasının bəzi üzvlərini onları ifşa edəcək materiallar dərc etməklə hədələmişdir. Həyat yoldaşı Tahirə Bünyadovanın sözlərinə görə, ölümündən bir müddət əvvəl naməlum şəxslər sənəd axtarmaq üçün onların mənzilinə daxil olmuşdur.[12]

Ziya Bünyadov mütəmadi olaraq televiziyada Heydər Əliyevlə Azərbaycanda özəlləşdirmə prosesi ilə mübahisə etmişdir. O, bu prosesi çox qəfil və ifrat hesab etmişdir.[13] Ziya Bünyadovun qətlindən bir qədər əvvəl Milli Məclisin keçmiş spikeri Rəsul Quliyevin istefasından sonra bu posta Murtuz Ələsgərov gətirilmişdir. Bu ərəfədə Ziya Bünyadov demişdi ki, "Murtuz Ələsgərov parlament sədri olsa, kül mənim başıma".[14]

Qətlə hazırlıq

Azərbaycan məhkəməsinin hökmündə qeyd edilənlərdən məlum olur ki, Nizami Nağıyev, Mahir Zeynalov, Qalib Babayev və Cavanşir Aslanov Tariyel Ramazanovun göstərişi ilə Cəlilabad rayonu ərazisindən İrana qanunsuz keçmişdir. Onlar Tehran şəhəri yaxınlığında üç ay ərzində əlbəyaxa döyüş, küçə döyüşləri və şəhərətrafı sahədə döyüş, eləcə də gizli müşahidə üzrə təlimlərdən keçmişdilər.[15]

Cinayətkar dəstənin üzvlərindən olan Tariyel Ramazanov İçərişəhərdəki "Məhəmməd" məscidinin başçısı olmuşdur.

Nizami Nağıyevin sözlərinə görə, o, Tariyel Ramazanov ilə hələ 1983-cü ildə Sovet Ordusunda xidmət edərkən tanış olmuşdur. Onlar tərxis olunduqdan sonra tez-tez bir-birləri ilə görüşürdülər. Ramazanovun atası Ramiz fizika-riyaziyyat elmləri namizədi idi və buna görə də Azərbaycan Elmlər Akademiyasının institutlarından birində işləmişdir. Nağıyev Ramazanovun səyləri nəticəsindən 1992-ci ildən namaz qılmağa və İçərişəhərdəki "Məhəmməd" məscidinə baş çəkməyə başlamışdır. Odur ki, məscid o vaxt Ramazanovun vəsaiti hesabına təmir edilmişdi və özü də məscidin başçısı olmuşdur. Nağıyevin sözlərinə görə, Tariyel Ramazanov məsciddə dindarlar arasında rəhbər sayılırdı, hamı onu dinləməyə və onun göstərişlərini yerinə yetirməyə çalışırdı. Burada Nağıyev Cavanşir Aslanovla qarşılaşmışdır. Ramazanov 1992-ci ilin yayında Nağıyevi İrana təlimlərə getməyə dəvət etmişdir.[16]

Tariel Ramazanov İrandan qayıtdıqdan sonra Nizami Nağıyevə 32 min dollar vermişdir. Nağıyev bu pulla Bakı şəhərində, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 85/259 "a" ünvanındakı evi satın almışdır. O, daha sonra dəstənin digər üzvlərinə verilməli olan silahları saxlamaq üçün bu evin zirzəmisində quyu qazmışdır. Nağıyev 1996-cı ilin mart ayında Ramazanovun göstərişi ilə Cavanşir Aslanovla birlikdə bu evdə 2 ədəd avtomat, 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı tapança, 3 ədəd səsboğucu, 1 ədəd əl qumbarası, həmçinin müxtəlif çaplı patronlar yerləşdirmişdir. Həmin sursat Tariyel Ramazanov, Mahir Zeynalov, Qalib Babayev və Maarif Əliyev tərəfindən evin zirzəmisində qazılmış quyuda gizlədilmişdir.[15]

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, "Hizbullah" liderləri Ziya Bünyadovu İsrailin "Mossad" kəşfiyyatının agenti olmaq və Azərbaycanda sionizmi yaymaq istəməklə ittiham etmişdi.[1] Buna baxmayaraq, dövlət rəsmiləri Bünyadovun "Mossad" ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. "Hizbullah" Heydər Əliyev hökumətini ABŞ və İsrailin marioneti, Bünyadovu isə bu hökumətin bir parçası hesab etmişdir.[17] Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Ziya Bünyadov "Albaniya tarixi" kitabına yazdığı ön sözdə İslam dinini və onun peyğəmbəri Məhəmmədi təhqir etmiş, bu səbəbdən də İran müştehidləri onun ölümünə fətva vermişdir. Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli bildirmişdir ki, o, təxminən 1995-ci ildə İranın İslam Şurası Məclisi binasında Xarici İşlər Nazirliyinin və müəyyən idarələrin nümayəndə heyətlərinin yığıncağına dəvət edilmişdir. Görüşün təşəbbüskarı olan deputat Pur Qurban həmin görüşdə ona Ziya Bünyadovdan şikayətlənmiş, onun yazdıqlarını İran əleyhinə təbliğat kimi qiymətləndirmişdir. Əliyar Səfərlinin sözlərinə görə, o, akademikin ölümünə fətva verilməsini eşidəndən dərhal sonra baş verənlər barədə Azərbaycan Xarici İşlər Nazirliyinə məktub yazmış, lakin buna əhəmiyyət verən olmamışdır.[14]

Azərbaycan məhkəməsinin cinayət işi ilə bağlı hökmünə əsasən, 1997-ci ilin yanvarında "Vilayəti əl-Fəqih Hizbullah" qruplaşmasının üzvləri Bakıda toplantı keçirmişdir. Görüşdə Nizami Nağıyev, Cavanşir Aslanov, Mahir Zeynalov, Qalib Babayev, Tariyel Ramazanov, həmçinin Nəsrullah adlı İran vətəndaşı iştirak etmişdir. Burada akademik Ziya Bünyatovun rəsmi və siyasi fəaliyyətinin dayandırılması qərara alınmışdır. Qətlin törədilməsi üçün plan tərtib edilmişdir və iştirakçılar rolları öz aralarında bölüşdürmüşdür. Ziya Bünyadov müəyyən müddət iki qrup tərəfindən təqib edilmişdir. 1997-ci il yanvarın axırlarından fevralın əvvəllərinə qədər Nizami Nağıyev, Cavanşir Aslanov və Tariyel Ramazanov Ziya Bünyadovun yaşadığı evin yerləşdiyi əraziyə, giriş-çıxışlara baxış keçirmişdir. Mahir Zeynalov və Qalib Babayev başqalarının köməyi ilə Ziya Bünyadov və onun xidməti avtomobilini gizli şəkildə müşahidə edərək onun hərəkət xəritəsini tərtib etmişdir.[15]

Qətl

Qatillər 21 fevral 1997-ci il tarixində, yerli vaxtla saat 16:00 radələrində iki qrupa bölünmüşdür.[15] Ziya Bünyadovun 1960-cı illərdən bəri yaşadığı mənzilinin[18] yaxınlığında "VAZ-2109" markalı, "AZ-10-DF-581" dövlət nömrə qeydiyyatlı avtomobildə olan, "Uzi" avtomatı ilə silahlanmış Tariyel Ramazanov və Cavanşir Aslanov mobil telefonla Ziya Bünyadovun evinə saat neçədə qayıdacığını ikinci qrupa bildirmişdir. Nizami Nağıyev fin bıçağı ilə, Qalib Babayev isə səsboğucu ilə təchiz edilmiş "Makarov" tapançası ilə silahlanmışdı. Onlar Mahir Zeynalovla birlikdə Ziya Bünyadovun yaşadığı evin yaxınlığında "VAZ-2106" markalı avtomobildə növbəti zəngi gözləyirdilər.[15][19]

Saat 18:00 radələrində Tariyel Ramazanov Ziya Bünyadovun evinə gəlməsi barədə Mahir Zeynalova məlumat vermişdir. Zeynalov yoldan keçənlər haqqında xəbər vermək üçün maşında qalmış, Qalib Babayev binanın küncündə, Nizami Nağıyev isə binanın 3-cü blokuna girişi ilə üzbəüz mövqe tutmuşdur. Qalib Babayevdən Bünyadovun mənzilinə tək getdiyinə dair işarə gözləyən Nizami Nağıyev 3-cü blokdan binaya daxil olmuşdur. Adətən Bünyadovun şəxsi sürücüsü onu mənzilinə qədər müşayiət edirdi. Qatillərin planlarına sürücünün qətl edilməsi də daxil idi. Buna baxmayaraq, Bünyadov sürücünü buraxaraq evə tək getmişdir.[19]

Nağıyev 1-ci və 2-ci mərtəbələr arasında pilləkənlərdə Bünyadova arxadan yaxınlaşaraq sol əlinin arxa-xarici səthinə və qarın nahiyəsinə, sağ və sol qabırğalarının altından ümumilikdə beş dəfə ardıcıl zərbələr endirmişdir. Eyni zamanda, Qalib Babayev də hadisə yerinə gəlmişdir. Bu zaman Bünyadov hələ də sağ idi. Babayev yıxılan Ziya Bünyadovun sağ yanağına və boyun nahiyəsinə səsboğucu ilə tapançadan atəş açmışdır. Bünyadov yerindəcə vəfat etmiş, cinayətkarlar isə heç kimdən xəbərsiz Zeynalovun maşını ilə hadisə yerindən qaçmışdır.[15][19] 23 fevral 1997-ci ildə Şəhriyar adına Mədəniyyət Mərkəzində Ziya Bünyadovla vidalaşma mərasimi keçirilmişdir.[20] O, Fəxri Xiyabanda dəfn edilmişdir.[21]

Məsuliyyət

İstintaq

Ziya Bünyadovun qətli haqqında ilk versiyanı Azərbaycan Prezidenti Heydər Əliyev ictimaiyyətə təqdim etmişdir. Bünyadovun vidalaşma mərasimində o, bildirmişdir ki, "Bünyadov ölkədə sabitliyi pozmaq məqsədilə qətlə yetirilmişdir".[18] Azərbaycan hökuməti cinayətə görə şiə "Hizbullah" təşkilatının Azərbaycan qolunun məsuliyyət daşığıdığını elan etmişdir.[22] Hər halda, "Hizbullah" təşkilatının fəaliyyəti hakimiyyətin təzyiqindən sonra dayandırılmışdır.[22] Dövlət mənbələri Ziya Bünyadovun qətlində "Ceyşaullah" hərəkatının üzvlərinin iştirak etdiyini də elan etmişdir.[23] "Ceyşaullah" 1990-cı illərin axırlarından Azərbaycanda fəaliyyət göstərmiş sələfi qruplaşması idi. Rəsmi mənbələrdə qruplaşmanın "Hare Krişna" cəmiyyətinin Bakıdakı qərargahına hücuma görə məsuliyyət daşıdığı və ABŞ-nin Bakıdakı səfirliyini partlatmağı planlaşdırdığı qeyd olunmuşdur.[24] Hərəkat ABŞ Dövlət Departamentinin "terror təşkilatları siyahısı"na salınmışdır.[25] Azərbaycan rəsmilərinə görə, hərəkat İrandan dəstək almış və "Hizbullah"la əlaqəsi var idi.[26] Odur ki, ABŞ Dövlət Departamentinin Qafqaz və Mərkəzi Asiya şöbəsinin rəhbəri Con Parkerin sözlərinə görə, Bünyadovun qatilləri İranda təlim keçmişdir.[27] Azərbaycan hüquq-mühafizə orqanları 2002-ci ildə qruplaşmaya qarşı kampaniyanı intensivləşmişdir.[28]

21 fevral 2001-ci ildə bu ölüm işi üzrə hökm elan olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində hakimlər Ənvər Seyidov, Sədrəddin Hacıyev və Tofiq Paşayevdən ibarət tərkibin imzaladığı hökmə əsasən, iki nəfər ömürlük, daha beşi isə 10–14 il arası azadlıqdan məhrum edilmişdir. Ömürlük həbs cəzası alanlardan biri Nizami Nağıyev Abşeron rayonunun keçmiş icra başçısı Adil Nağıyevin oğludur. O, oğlunun həbsindən bir həftə sonra vəzifəsindən uzaqlaşdırılmışdır. Bu cinayət işi üzrə Cavanşir Aslanov və Tariyel Ramazanov hələ də axtarışda hesab olunur. Qətlin əsas icraçısı kimi təqdim olunan, Daxili İşlər Nazirliyinin (DİN) 7-ci idarəsinin əməkdaşı Qalib Babayev isə Azərbaycan–İran sərhədində öldürülmüşdür. İstintaqın qeydlərinə görə, Ziya Bünyadova bıçaq zərbələrini Nizami Nağıyev endirmişdir, atəşi açan isə Qalib Babayev olmuşdur.[14]

İddialar

Niderland alimi Sara Krombax Rüstəm İbrahimbəyovun 2008-ci ildə yazdığı "Dalğaların düzümü" romanının Ziya Bünyadovun qətli haqqında olduğuna inanır.[13]

Dövlət mənbələrinin irəli sürdüyü versiyaya baxmayaraq, əhali arasında Ziya Bünyadovun qətli ilə bağlı çoxlu şayiələr və fərziyyələr yayılmışdır. Bu iddialara görə, Bünyadov Azərbaycan hökuməti üçün təhlükə hesab olunduğundan öldürülmüş və "Hizbullah" amilindən sadəcə İranın Azərbaycandakı təsirini aradan qaldırmaq üçün bəhanə məqsədilə istifadə edilmişdir.[12] Bu versiyanı Arif YunusovZərdüşt Əlizadə də təsdiqləmişdir. Azərbaycanlı ssenarist, kinoprodüser və romançı Rüstəm İbrahimbəyov 2008-ci ildə yazdığı "Dalğaların düzümü" (rus. Сложение волн) romanında özəlləşdirmə qarşı açıq mübarizə apardığına görə öldürülən "məşhur sovet qəhrəmanı və şərqşünası"nın hekayəsindən bəhs edir. Bu personajın adı çəkilmir, lakin Sara Krombax bu personajın Ziya Bünyadov olduğuna inanır.[13]

2011-ci ildə sabiq polis zabiti Salman Əliyev Ziya Bünyadovun DİN-in əməkdaşları tərəfindən qətlə yetirildiyini iddia etmişdir. Salman Əliyevin sözlərinə görə, o, 1997-ci ildə Ziya Bünyadovun bir qrup DİN əməkdaşı tərəfindən qətlə yetirildiyini bildirmiş və ardınca sabiq baş prokuror Eldar Həsənovun məktubu əsasında Ziya Bünyadovun qətl edilməsi ilə bağlı yaradılan əməliyyat-istintaq qrupuna daxil edilmişdir. O, əlavə etmişdir ki, aparılan istintaq işləri nəticəsində Ziya Bünyadovun DİN əməkdaşları tərəfindən qətlə yetirildiyi sübut edilsə də, işin sona çatdırılmasına imkan verilməmişdir. İki müstəntiq guya istintaqı başqa səmtə yönəltdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Salman Əliyev demişdir ki, həmin əməliyyat-istintaq qrupu cinayətin məsuliyyətini "Hizbullah" təşkilatına yönəltməsi üçün yenisi ilə əvəzlənmişdir. O özü sonrakı illərdə həbs edilmiş, burada işgəncələrə məruz qalmışdır. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) "Qara kəmər" əməliyyatından sonra yaydığı açıqlamada Ziya Bünyadovun qətlindən də bəhs edilmiş, lakin sonradan bu məsələyə toxunulmamışdır. Salman Əliyev iddia etmişdir ki, keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədovun dəstəsi zərərsizləşdiriləndə onların üzərindən Ziya Bünyadovun qətlə yetirildiyi silah tapılmış, lakin Məmmədovun potensial açıqlamalarından çəkinildiyindən bu məsələ aydınlaşdırılmamışdır.[29] Onun sözlərinə görə, Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov onu dəfələrlə Daxili İşlər naziri Ramil Usubova "tapşırmışdır". Salman Əliyev demişdir ki, Ziya Bünyadov qətlə yetirilən zaman Murtuz Ələsgərova yaxın olan bir polis məmuru ona zəng edərək hadisə ilə bağlı məlumat vermişdi.[30] Salman Əliyev, eləcə də Eynulla Fətullayev qətlə görə həbs edilənlərin günahsız olduğunu bildirmişdir. Həbs olunanların ifadələrinə görə, 2005-ci ildə Hacı Məmmədovun dəstəsi ilə bağlı məlumatlar dərc olunan dövrdə məhkumların yerləşdirildiyi həbsxananın rəis müavini həbs olunanlara onların işlərinə yenidən baxılacağı və azad ediləcəklərini demişdir. Eynulla Fətullayev Ziya Bünyadovun qətli ilə bağlı təfərrüatları sadəcə Eldar Həsənov, Azər Vahabzadə və vəkil Aslan İsmayılovun bildiyini iddia etmişdir. Aslan İsmayılov özü bunu təkzib etmişdir.[31]

Reaksiyalar

Ziya Bünyadovun qətli Azərbaycan ictimaiyyətində böyük şok yaratmışdır. Azərbaycan Prezidenti Heydər Əliyev Ziya Bünyadovun dəfn mərasimində çıxışı zamanı qeyd etmişdir ki, Bünyadovun qətli "Azərbaycan xalqı və elmi üçün böyük itkidir". O, sui-qəsdi "bütün xalqa qarşı təcavüz" və "terror hücumu" adlandırmışdır.[18]

Mənbə

İstinadlar

Ədəbiyyat

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.