Zili

Zili — xovsuz xalça növünün ən maraqlı nümunələrindən biri. Zili zərif toxunuşlu olur[1].

Xalça
Zili

Ümumi məlumat

Yaşlı xalçaçıların söylədiklərinə görə, Bərdə, Cəbrayıl, Naxçıvan, Şirvan, Abşeron, Xızı, Təbriz, Qazax və digər rayonlarda istehsal olunan zililər XVIII əsr – XIX əsrin əvvələrində AvropaRusiyaya ixrac olunurdu. "Zili" xalçalarının ən xarakterik xüsusiyyəti - heyvan və bitki elementlərinin üslublaşdırılmış formasıdır. Qarabağ tipinin xovsuz xalça növünə aid olan “Zili”, əsas etibarilə, Ağcabədi, Bərdə, Ləmbəran, Cəbrayıl, Naxçıvan rayonlarının xalçaçılıq müəssisələrində istehsal olunmuş və “Qarabağ Zili” adı ilə məşhurlaşmışdır. “Qarabağ zili”si “Qazax zili”sindən daha zərifdir, lakin “Bakı zili”sindən daha kobuddur. Bununla bərabər,onlar həm milli, həm də xarici bazarlarda əhəmiyyətli mövqe qazanmışlar. Qədim zamanlarda zili köçəri əhalinin məişətində geniş istifadə olunurdu, hal – hazırda isə yaşayış yerlərinin bəzəyi hesab olunur. Qarabağ zililəri bədii nöqteyi – nəzərdən kompozisiyasına və rəng çalarlarına görə Bakı və Qazax zililərindən fərqlidir. Kompozisiya şahmat sxemini xatırladır, onun kvadrat, düzbucaqlı və çoxbucaqlı formalı əsas elementləri Qarabağ tipi üçün səciyyəvidir.

Bədii analiz

Kompoziyasına və naxışlarına görə Azərbaycanın "zili" xalçaları çox müxtəlifdir. Bu xalçalara rəsmin plastiki çevikliyi və emosional ifadə səciyyəvidir. Ornament bəzəklərinin səciyyəvi xüsusiyyəti iri işarə elementlərinin böyük romb, cüt buynuz və müxtəlif üslublaşdırılmış element qismində təsviridir. Bir-birindən özünəməxsus bitki ornamentləri və ümumi zəngin koloritinə görə fərqlənən müxtəlif kompozisiyaya malik "zili" istehsal olunmuşdur. Bu cür elementlərdə xalçanın əsas elementi rəngin ritmik növbələşməsinə uyğun şəkildə üfüqi və ya diaqonal cərgələr yaradır və energetik ritm yaradır. Öz texniki və ədəbi xüsusiyyətlərinə görə "zili" quşların təsiredici üslublaşdırılmış təsvirləri, "buta" elementi və s. ilə zəngindir. "Zili"də sahənin mümkün rəsmlərlə doldurulması tendensiyası xasdır. Rəsmlərdən hər biri yerləşmə sxeminə uyğun şəkildə təkrarlanaraq, varlı və nağılabənzər floraya malik fantastik bağçanı xatırladır.

Texniki xüsusiyyətlər

Azərbaycanın bölgələrində toxunan zililərin toxunma texnikası eynilik təşkil edir və ancaq özlərinin bəzək və kompozisiyaları ilə fərqlənirlər. Buradakı bəzəklər adətən canlılardan (insan, heyvan, quş) və həndəsi tərzdə stilizə edilmiş buta təsvirlərindən təşkil olunurdu.

Zilinin toxunma texnikasında arğac ipləri cüt (alt və üst) ərişlərə dolanmaqla toxunur. Ona görə də bu texnika ilə toxunmuş məhsulun həm üzü, həm də astarı eyni dərəcəli dekorativ əhəmiyyətə malikdir.

İstinadlar

  1. Azərbaycan Sovet Ensiklopediyası, cild IV, səh. 333, məqalə: Zili

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.