Ziba Qəniyeva
Ziba Qəniyeva (tam adı: Ziba Paşa qızı Qəniyeva; 20 avqust 1923, Şamaxı – 2010, Moskva) — İkinci Dünya müharibəsinin iştirakçısı, snayper, rabitəçi və kəşfiyyatçı.[1] İkinci Dünya müharibəsindı o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Bayraq" ordeni, "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib.[2] Ziba Qəniyeva — ilk azərbaycanlı qadın snayperdir.[3]
Ziba Qəniyeva | |
---|---|
Doğum tarixi | 20 avqust 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 2010 |
Vəfat yeri | |
Atası | Nikolay Şvernik |
Fəaliyyəti | snayper |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
1941-ci il noyabrın 7-də 3-cü Moskva kommunist şöbəsinin həyətində Qırmızı Meydanda keçirilən paradda iştirak edib. O, düşmənin 21 hərbi qulluqçusunu snayperlə qətlə yetirib.[4]
Həyatı
Erkən illəri
Ziba Qəniyeva 1923-cü il avqustun 20-də doğulub. Bəzi mənbələrdə onun doğum yeri Şamaxı kimi qeyd olunsa da, "Xalqın şücaəti" layihəsi onun Qazaxıstanın Çimkənd şəhərində, Azərbaycan Sovet Ensiklopediyasında isə Özbəkistanın Gülistan şəhərində doğulmasının qeyd edir.[5] Əslən azərbaycanlı olan atası Paşa Qəniyev müəllim və tərcüməçi idi.[6] Anası isə özbək idi. O, 14 yaşında yetimə çevrilmişdi: 1937-ci ildə onun anasını repressiya etdilər, atası isə Zibanın həyatını xilas etmək üçün, ondan məcburi imtina etdi.[7]
Hələ məktəbdə ikən, daha sonra fəhlə fakültəsində zərifliyi ilə rəfiqələrindən fərqlənən, gözəl rəqs edən Ziba bu sənəti peşəsinə çevirmək arzusunda idi.[6] Ona görə də xalq yaradıcılığı evində yorulmadan məşq edirdi.[6] Elə rəqs müəlliminin təşəbbüsü ilə o, 1937-ci ildə ildə Özbəkistan Filarmoniyasının xoreoqrafiya şöbəsində oxumaq üçün Daşkəndə getdi.[5][6] Çoxları onun "Şərqin Yermolovası" olacağını deyirdi.[6]
O, 1940-cı ildə Moskvaya gedir və Teatr Sənəti Dövlət İnstitutuna aktyorluq fakültəsinə daxil olur.[5] Amma başlayan İkinci dünya müharibəsi onun bütün planlarını alt-üst edir. Müharibənin ilk günlərində yüz minlərlə digər tələbə kimi Ziba da hərbi komissarlığa cəbhəyə getmək üçün müraciət edir.[5] Ziba tibb bacısı peşəsini öyrənmişdi, cərrahlara kömək edir, yaraları sarıyırdı.[6] Qəniyeva qısa müddətli atıcılıq kurslarına göndərilir, burada o, pulemyotla davranmağı və snayperlə atıcılığı öyrənir, kəşfiyyat sənəti ilə tanış olur.[5] O, maska-xalat geyinib bütün gecəni məşq edir, optik nişanlı tüfəngin sirlərini öyrənirdi.[6] Xizəkdə gəzir, sambo fəndlərinə yiyələnmişdi.[6]
1941-ci il noyabrın 7-də 3-cü Moskva kommunist şöbəsinin həyətində Qırmızı Meydanda keçirilən paradda iştirak edir.[5] Parad bitəndən sonra, dərhal vətənini müdafiə etmək üçün cəbhəyə yollanır.[5]
Ziba Qəniyevanın cəbhədəki hünərləri həm müharibə illərində, həm də ondan sonrakı illərdə dəfələrlə qəzet materiallarının mövzusu olmuşdur.[6] Tanınmış yazıçı və jurnalist Boris Polevoy onun haqqında "Pravda" qəzetində yazmışdı.[6] Teatr institutundakı müəllimi və cəbhə yoldaşı Aleksandr İsbax isə "Zvezda" jurnalında onun haqqında yazarkən xatırlayırdı ki, Ziba döyüşlərin ara verdiyi vaxtlarda böyük məmnuniyyətlə rəqs edir, şeirlər oxuyurdu.[6][8]
İkinci Dünya müharibəsi
1941-ci il oktyabrın 16-da Fəhlə-Kəndli Qızıl Ordusuna qoşulur.[5] Çağırış yeri — Moskva vilayətinin Krasnopresnenskiy rayonu idi.[5] Leninqrad və Şimal-Qərb istiqamətində döyüşüb. Taburda ratsiyaçı-kəşfiyyatçı kimi düşmən arxasına keçərək, ratsiya ilə vacib məlumatları ötürürdü və düşmən haqqında xəbərlər verirdi.[5] Diviziyasının ən yaxşı snayperi hesab edilirdi.[5]
O, 1941-ci ilin oktyabrında 3-cü Moskva kommunist diviziyasında atıcısı olub, snayper bacarıqlarını artırmağa davam edirdi.[5] 1942-ci ilin yazında diviziyanın heyətində Şimal-Qərb cəbhəsinə gəldi və aktiv döyüşlərdə iştirak edirdi. Döyüşçü rəfiqəsi Nina Solovey ilə birgə, komsomol Ziba Qəniyeva bölmədə snayper hərəkatının təşəbbüskarı idi.[5] 1942-ci ilin yanvar ayında 3-cü Moskva Kommunist atıcı taburun bazasında 130-cu atıcı tabur yaradılır.[5] 151-ci moto-atıcı kəşfiyyat batalyonunun snayper-kəşfiyyatçısı Ziba Qəniyeva Leninqrad vilayətinin Çernoye Ojetsı, Lunevo və Dyaqilyov kəndləri ərazisində 1942-ci ilin aprel ayının 12-dən may ayının 23-nə qədər fəaliyyət göstərib, bu müddət ərzində 20 alman məhv edib, bunlardan ikisi zabit idi.[5] V.S. Murmantsevanın "Böyük Vətən Müharibəsində Sovet qadınları" kitabına görə, qısa müddətdə 21 nəfər faşist məhv etmişdi.[9] Rəssam Tahir Salahovun xatirələrindən söhbətlərdən birində Qəniyeva demişdi: "Tahir, mən 129 faşist məhv etmişəm."[7]
Döyüşçü rəfiqəsi Valentina Qalaninanın xatirələrindən:
1942-ci ilin yazında bizim taburun hücumu başa çatdı, biz Zibayla bərabər müvəqqəti sakitlikdən istifadə edərək, snayper "ovu" ilə əsaslı məşq etmək qərarına gəldik. Mövqelərimizdə on metrlərlə aralıda hitlerçi əsgərləri yerləşirdi və səngərlərini möhkəmləndirirdilər. Onlar özlərinə çox arxayın davranırdılar. Biz mövqe seçərək məqsədimizi təyin etdik. Bərabər atəş açdıq və iki faşist eyni anda öldürüldü.[5] |
Şücaəti
1942-ci ilin may ayının 23-də Ziba Qəniyeva Leninqrad vilayətinin Molvotiski rayonunun Bolşoye Vraqovo kəndi uğrunda gedən döyüşlərdə xüsusilə seçildi.[5][10] Bolşoye Vraqovo kəndinin qarnizonu üzrə snayper atəşi açmaq tapşırığını alan Qəniyeva kəndin şərqindəki yüksəkliklərə qalxdı.[5] Tank tağımının hücumundan sonra düşmən geri çəkilməyə başladı, o, 9 döyüşçüdən ibarət qrup təşkil edərək geri çəkilən düşməni atəşə tutdu.[5] Özü irəli keçərək isə altı alman öldürdü.[5]
Bu zaman isə kəndin özündə sovet döyüşçüləri hücuma keçmişdilər.[5] Qəniyevadan onlara yardım etməsi barədə xahiş edildi.[5] Daha 6 döyüşçü götürərək qrupunu yardıma apardı.[5] Kəndə doğru irəliləyərkən, Zibanın dəstəsi dağılmış binada mövqe tutmuş avtomatçı tərəfindən atəşə tutuldu.[5] Amma Ziba özünü itirmədi, düşmənin arxasına keçərək onu güllələdi.[5] Bu zaman isə güclü bombardman başladı və Qəniyeva qəlpə yarası aldı. Tezliklə düşmən kənddən çıxarıldı.[5] Yarasına sarğı qoyulan kimi Qəniyeva alay komandirinə məruzə üçün gəldi.[5]
Cəsarətli komsomolçunun şücaəti Sovet İttifaqı boyunca yayılmışdı. Bütün mərkəzi və yerli qəzetlərdə Ziba Qəniyevanın fotoşəkili yerləşdirilib və onun 20 faşisti snayperlə vurulması qeyd olunurdu. Alman qoşunları Qafqazın və Bakı neftinin zənginliyinə can atmasına görən Ziba, anaları, bacıları və qızları vətəni müdafiə etmək üçün ayağa qalxmağa səsləyirdi. 1942-ci ildə "Rabotnitsa" jurnalının 19–20 sayında onun müraciəti dərc edilmişdir:
Düşmənlər bizim gözəl, möhtəşəm Qafqazımıza hücum edirlər. Dağların qadınları: Kazaklar, çeçenlər, kabardino-balkarlar, azərbaycanlılar, gürcülər, ermənilər – Qafqaz və Zaqafqaziya göylərində yaşayan hər kəs, düşmənin quldur dəstələrinə qalxan ərlərinizə və qardaşlarınıza kömək edin! Neftlə, pambıqla, çiçəkli bağların meyvələri ilə - insanın əlini yaratdıqları hamısı ilə, zəhmətkeş kişilər və qadınlar, düşməni vurmaq olar! Böyük Oktyabr Sosialist İnqilabını fəth etmək istəyən lənətlənmiş barbarlara qarşı müdafiə olunaq: azadlıq, ləyaqət, şərəf! Düşmənə evlərimizi, uşaqlarımızı verməyəcəyik! Düşmənlərə ölüm! Bizim kəskin, sərt silahlardan qəti ölüm! |
Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə Şimali-Qərb cəbhəsinin qoşunlarının 1942-ci il 16 iyul tarixli 0869 №li əmrinə əsasən snayper-kəşfiyyatçı Ziba Qəniyeva "Qırmızı Bayraq" ordeni ilə təltif edildi.[5][11]
Yaralanması
1942-ci ildə Ziba ağır yaralandı.[12] Lakin onu, öz həyatlarını təhlükə altına alan döyüş yoldaşları (Fyodor Kirilov, Yakov Kolyako və Nina Solovey) döyüş meydanından xilas edə bildi.[12] Zibanı təyyarə ilə Moskvaya yolladılar.[12]
Xəstəxanada Zibanı Nikolay Mixayloviç Şvernik (SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri sədri) və onun həyat yoldaşı Mariya Fyodorovna Şvernik hamiliyə götürdülər.[5][12] Moskva hospitalında işləyən Mariya Fyodorovna qızın sözün əsl mənasında həyatını xilas etdi, çünki Ziba qan zəhərlənməsindən ölürdü.[5] On bir ay Mariya Fyodorovna onun yatağının yanından çəkilmədi.[5] O ayağa qalxanda isə yaşla dolmuş gözlərini ona dikərək, dedi ki, "Bütün normal qadınlar övladını 9 ay bətnində gəzdirir mən isə sənə 11 ay keşik çəkdim".[5] Beləcə Ziba Nikolay Mixayoviçin və Mariya Fyodorovnanın qızı oldu.[13]
İkinci Dünya müharibəsində o, 129 faşist məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə "Qırmızı Ulduz" ordeni və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif edilib.[5] O, Sovet İttifaqı Qəhrəmanı adına da layiq görülə bilərdi, amma onun anası repressiya qurbanı olduğu üçün mükafat vərəqi doldurulmamış qaldı.[5]
Müalicədən sonra cəbhəyə qayıtdı.[5] İkinci dəfə yaralanandan sonra isə 2 ilə yaxın müddəti hospitalda keçirdi, tərxis edildi və artıq əlil olduğundan bir daha döyüşlərdə iştirak etmədi.[5][14][15]
Müharibədən sonrakı illər və şəxsi həyatı
O, 1945-ci ildə özbək rejissor Nəbi Qəniyevin "Tahir və Zöhrə" filmində aşiq olmuş şahzədə Moahim rolunda çəkilir.[6][16]
İkinci dünya müharibəsində qələbədən sonra məşhur diplomat, SSRİ-nin Türkiyədə müvəqqəti səfiri olan Tofiq Qədirovla ailə qurdu.[5] O, həyat yoldaşı ilə Moskvaya qayıtdı, harada ki, Marat adlı oğlu oldu.[5] O, 1955–56 illərdə Bakı Ali Partiya Məktəbində dil və ədəbiyyat kafedrasının müdiri işləmişdir.[17] O, 1956-cı ildə hind fəlsəfəsinə maraq göstərir və Moskva Şərqşünaslıq İnstitutuna daxil olur, daha sonra Hindistanın paytaxtı Dehli yaxınlığındakı Aliqarh şəhərindəki universitetdə urdu dilini öyrənir.[6] O, hətta Cavahirləl Nehrunun və İndira Qandinin qonağı da olur.[6] Dahah sonra Ziba uzun illər Ankarada yaşamış və qadınların "Yer üzündə sülh uğrunda mübarizə" hərəkatında iştirak etmişdir.[6]
Ziba Qəniyeva Beynəlxalq Qadınlar Gününü çox sevirdi.[6] O, deyirdi ki, harada yaşasa da, həmişə qeyri-adi insanlarla rastlaşır və onun pərəstiş etdiyi şəxslərə və dostlarına çevrilirdilər.[6] O, teatr sənəti ilə daxili əlaqələrini heç vaxt qırmadığı ilə qürur duyurdu.[6] Moskvada tanınmış rejissor, Mossovet adına Teatrın bədii rəhbəri Yuri Zavadski ilə ünsiyyət saxlayır, aktrisa Natalya Fateyeva ilə dostluq edirdi.[6] Zibanı Azərbaycanın xalq artisti Mehdi Məmmədovla hələ Moskvada Teatr Sənəti İnstitutunda oxuduğu illərdə başlayan dostluq münasibətləri bağlayırdı.[6] Tahir Salahovla tanışlığı və böyük dostluğu da Moskvada başlamışdı.[6] O, Ziba Qəniyevanın şəklini də çəkmişdir.[6] Heykəltəraş Cəlal Qaryağdı da ona "Snayper Ziba Qəniyeva" əsərini həsr etmişdi.[18]
1985-ci ildə I dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif edildi.[5] Ziba Qəniyeva hər dəfə Bakıya gələndə (sonuncu dəfə 1990-cı illərin ortalarında, mart ayında gəlmişdi) mütləq Şəhidlər Xiyabanını ziyarət edirdi.[6]
Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.[5]
Təltif və mükafatları
- 1942 — "Qırmızı Bayraq" ordeni[19]
- 1944 — "Moskvanın müdafiəsinə görə" medalı[19]
- 1944 — "Qırmızı Ulduz" ordeni[19]
- 1985 — I dərəcəli Vətən Müharibəsi Ordeni[19]
İstinadlar
- "Azerbaijan's Model Soldier: Pinup, Writer and Fighter". eurasianet.org. eurasianet.org. İstifadə tarixi: 22 yanvar 2018.
- Пучков, Владимир. "Зиба Ганиева - первая азербайджанская женщина - снайпер". moscow-baku.ru. moscow-baku.ru. 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- "Azerbaijani women snipers: fragile, but fearless". www.azernews.az. www.azernews.az. 2016-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- Markwick, R. Soviet Women on the Frontline in the Second World War. Springer. 2012. (#redundant_parameters); (#accessdate_missing_url)
- "Ziba Qəniyeva. Əfsanə qadının hekayəsi". oxu.az. oxu.az. 2015-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- "SNAYPER TÜFƏNGLİ ROMANTİK". azertag.az. azertag.az. Archived from the original on 2022-04-08. İstifadə tarixi: 24 yanvar 2018.
- Salahov, Tahir. "Таир Салахов "Город моей молодости"". www.ourbaku.com. www.ourbaku.com. 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- Исбах А. А.: "Вставай, страна огромная… Рассказы о Великой Отечественной войне. Зиба Ганиева." Худож. лит., 1969. — Т.2
- Мурманцева, В. С. «Советские женщины в Великой Отечественной войне. Moskva: Мысль. 1974. (#accessdate_missing_url)
- "Ганиева Зиба 1923г.р." podvignaroda.ru. podvignaroda.ru. 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- Бегунова, Алла Игоревна. Ангелы смерти. Женщины-снайперы. 1941–1945. Издательство Вече. 2015. (#accessdate_missing_url)
- "Снайпер". azcongress.ru. azcongress.ru. 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- "История одного портрета". www.azerizv.az. www.azerizv.az. 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- Solovey, Nina. "Соловей Нина Сергеевна". iremember.ru. iremember.ru. 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- Любовь, Любовь. Ангелы мщения.: Женщины-снайперы Великой Отечественной. Азбука-Аттикус. 2016. 288. (#accessdate_missing_url)
- "Snayper qadın danışır: "Bildik ki, orada 7-8 erməni əsgəri ölüb"". news.lent.az. news.lent.az. 2015-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- "QƏNİYEVA Ziba Paşa qızı". shamakhi-encyclopedia.az. shamakhi-encyclopedia.az. 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- Əliyev, Ziyadxan. "Bakı həm də fırçasıyla döyüşürdü..." azertag.az. azertag.az. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.
- "СОВЕТСКИЕ СНАЙПЕРЫ: Ганиева Зиба". soviet-aces-1936-53.ru. soviet-aces-1936-53.ru. 2018-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2018.