Zeyvə (Şabran)
Zeyvə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Zeyvə kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]
Zeyvə | |
---|---|
41°12′02″ şm. e. 48°44′25″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Qədim Şabran torpağında bir yurd yeri də Zeyvə kəndidir. Sıx meşələrin, yaşıl ormanların qoynunda binə-bölgə bağlamış bu ucqar dağ kəndi rayon mərkəzindən təxminən 30-35 kilometr uzaqlıqdadır. Yaşı az qala VI-VII əsrlərə gedib çıxan Zeyvə kəndinin adının mənasını araşdırıcılar "künc, bucaq, guşə" (cəmiyyətdən uzaq) kimi yozurlar.
Bəlkə də bir vaxtlar elə beləcə də olub. Lakin uzaq Zeyvənin adı əsrlərin uzaqlığında Avropa ölkələrinə yaxın olub.
Yeddinci yüzilliyin salnaməçisi, alban tarixçisi Musa Kalankatlı "Ağvan tarixi" əsərində yazır ki, Azərbaycanın şimal hissəsində ipək parçalar və müxtəlif rəngli parlaq xalçalar hazırlanır.
Toxunduğu kəndin adı ilə məşhur olan "Zeyvə" çeşidli xalçaları da Avropa rəssamlarının bir sıra məşhur tablolarında zinət vasitəsi kimi geniş istifadə edilib.
XV əsr intibah dövrünün görkəmli holland rəssamı Hans Memlinqin və elə həmin əsrdə yaşamış holland boyakarlıq sənətinin banilərindən hesab edilən Yan van Eykin tablolarında Zeyvə xalıları təsvir edilib.
Coğrafiyası və iqlimi
Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. Kənddən Zeyvəçay adlı çay keçir. Kənddən bir qədər aralıda Əmbil gölü var. Kənddə çoxlu sayda bulaq və şəlalələr var.
Zağlı – Zeyvə turizm zonasındakı "Keçi-qayası" adlanan yerin çox gözəl mənzərəsi var. Sıx meşə ilə keçilməsi çətin olan sıldırım qayanın arasından çay axır. Müalicə əhəmiyyətli kükürdlü suların çıxdığı bu yerə insanlar müalicəyə və istirahət etməyə gəlirlər. Ərazidə vəhşi dağ keçiləri yaşadığından buranı belə adlandırıblar.
Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.[2]
Əhalisi
Kəndin əhalisi 1252 nəfər təşkil edir.Əhalisi tatlardır.
İqtisadiyyatı
27 sentyabr 2014-cü ildə kəndə təbii qaz verilmişdir.[3]
Tanınmış şəxsləri
- Anar Mehdiyev — Vətən müharibəsi şəhidi
İstinadlar
- "Azərbaycan Respublikasının Dəvəçi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-30.
- "İlham Əliyev Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında iştirak etmişdir". president.az. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.06.2014. (az.)
- Şabran rayonunun Zeyvə kəndinə təbii qaz verilib VİDEO. azertag.az, 27.09.2014. (az.)