Zeynal Zeynalov (siyasətçi)
Zeynal Eynal oğlu Zeynalov (12 dekabr 1876, Bakı – 28 yanvar 1935, Bakı) — ictimai-siyasi xadim; 2-ci Dövlət Dumasının üzvü.
Zeynal Zeynalov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 dekabr 1876 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1935 (58 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, Rusiya imperiyası II Dövlət Duması, Bakı quberniyası |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Zeynal Zeynalov ev təhsili almışdır. Mədən qulluqçusu olan Zeynalov sosial-demokratlara qoşulmuş, Bakı fəhlələrinin 1901–1904-cü illərdəki tətil və nümayişlərində iştirak etmiş, Balaxanıda fəhlələr arasında inqilabi iş aparmışdır. Birinci rus inqilabı (1905–1907) dövründə "Hümmət" təşkilatında, Neft Senayesi Fəhlələri İttifaqında çalışmış, bolşevik "Təkamül" qəzetində əməkdaşlıq etmişdir. 1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına seçilən Zeynalov dumada "Trudoviklər" fraksiyasına daxil olmuşdur. 1907-ci ilin aprel-may aylarında Q. Xasanovla birlikdə Peterburqda "Duma" qəzetini nəşr etdirmişdi. Qəzetdə Zeynalovun Bakı fəhlələrinin vəziyyətinə dair yazıları dərc edilirdi. Aclıq çəkənlərə və işsizlərə kömək məsələsinin müzakirəsi zamanı Zeynalov onlara kömək göstərmək üçün vahid komissiya yaradılmasını təklif edərək bildirmişdi ki, aclıq çəkənlər çörəklə təmin olunmasa, tətillərin qarşısını almaq mümkün olmayacaqdır. Zeynalov Duma üzvlərinə müraciətində, onları fəhlələrə və aclıq çəkənlərə kömək etməyə çağırırdı: "bütün bunlardan sonra xalq sizi eşidəcək, xalq görəcək ki, siz onlar üçün işləmək istəyirsiniz, onda xalq da sizə işləmək imkanı verəcəkdir". Aqrar məsələ müzakirə olunarkən Zeynalov başçılıq etdiyi əməkçi müsəlman fraksiyası adından çıxış edərək, Bakı quberniyası kəndlilərinin vəziyyəti üzərində ətraflı dayanmış və demişdi ki, onlar torpaq sahələrini heç bir qiymətlə almaq iqtidarında deyillər, torpaqları kəndlilərə pulsuz vermək lazımdır. Dumanın aqrar komissiyasında. Bakı quberniyası torpaqlarının neft və zavod tikililəri üçün kəndlilərin əlindən alınması faktları barədə bəyanat vermiş, yerli torpaq komitələrinin yaradılması məsələsində trudoviklərə tərəfdar olmuşdur. Fəhlələr ilə sənayeçilər arasında saziş əldə olunmasına kömək edən tədbirlər hazırlanmasını təklif etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir sıra təsərrüfat vəzifələrində çalışmışdır.