Zeynəb Bəyim
Zeynəb Bəyim (az-əbcəd. زئینب بییم; fars. زینب بیگم; XVI əsr, Qəzvin – 31 may 1640, Qəzvin) — Səfəvi şahı I Təhmasibin (1524–1576-cı illərdə hakimiyyətdə olmuşdur) dördüncü qızı. O, Səfəvi dövrünün ən nüfuzlu və güclü şahzadələrindən biri hesab olunur. Zeynəb Bəyim ardıcıl beş Səfəvi monarxının hakimiyyəti dövründə yaşamış, müxtəlif funksiyaları yerinə yetirmək və imperiyanın bürokratik sisteminin zirvəsində olmaqla yanaşı, həm də uzun illər saray hərəmində baş matriarx kimi fəaliyyət göstərmiş və bəzi dövrlərdə taxt-tac uğrunda münaqişələrdə mühüm rol oynamışdır. O, şah I Səfinin erkən hakimiyyəti dövründə (1629–1649-cu illərdə hakimiyyətdə olmuşdur) nüfuzunun zirvəsinə çatmışdır. Zeynəb Bəyim çoxsaylı müasir mənbələrdə "Səfəvi saray siyasətində siyasi mötədillik və müdriklik sütunu" kimi təriflənmişdir.[1]
Zeynəb Bəyim | |
---|---|
زئینب بییم | |
1592/1593 – 1613/1614 | |
Monarx | I Abbas |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Qəzvin |
Vəfat tarixi | 31 may 1640 |
Vəfat yeri | Qəzvin |
Dəfn yeri | İmam Rza məqbərəsi, Məşhəd |
Atası | Şah Təhmasib Səfəvi |
Anası | Hurixan xanım |
Həyat yoldaşı | |
Ailəsi | Səfəvilər |
Dini | şiə islam |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
Zeynəb Bəyim, şah I Təhmasibin gürcü əsilli şahzadə Hurixan xanımdan olan qızıdır.[1][2] Onun doğum tarixi məlum deyil. Şamlı qızılbaş tayfasının yüksək rütbəli nümayəndəsi Şahqulu bəy Zeynəb Bəyimə hələ o gənc yaşlarında ikən lələ təyin edilmişdir. Atası 1576-cı ildə vəfat edəndə və yerinə II İsmayıl (1576–1577-ci illərdə hakimiyyətdə olmuşdur) keçəndə o, Durmuş xan Şamlının nəvəsi Əliqulu xan Şamlı ilə evlənmişdir. Nikah 7 dekabr 1577-ci il tarixindən bir qədər əvvəl baş tutmuşdur. Buna baxmayaraq, Zeynəb Bəyim Səfəvilərin paytaxtı Qəzvin şəhərinin saray hərəmində yaşamağa davam etdiyinə görə bu, müasir tarixçilərin fikrincə, başa çatdırılmamışdır.[1][3]
Zeynəb Bəyim qardaşı oğlu, Səfəvi taxt-tacının zahiri varisi Həmzə Mirzəni dəstəkləməklə dövrün siyasətində əsas rol oynamışdır. İsgəndər bəy Münşinin qeydlərinə görə, 1580-ci illərin sonunda, 1578–1590-cı illər Səfəvi–Osmanlı müharibəsinin mühüm mərhələsində səltənəti bürüyən qızğın vətəndaş müharibəsi zamanı Zeynəb Bəyim saray hərəminin başında dayanmışdır.[1] 1586-cı ilin sonunda Həmzə Mirzənin öldürülməsindən sonrakı dövrdə ona şəxsi vəziri, sonradan dövlətin baş vəziri olmuş Mirzə Lütfullah Şirazi kömək etmişdir.[4] Bundan sonra o, şah Məhəmməd Xudabəndənin (1578–1587-ci illərdə hakimiyyətdə olmuşdur) hakimiyyətinin son bir neçə ilində başlayan varislik uğrunda müharibə zamanı gənc şahzadə Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) ən mühüm dəstəkçilərindən biri kimi çıxış etmişdir.[1]
Güclənməsi
Şah I Abbasın hakimiyyətinin ilk illərində Zeynəb Bəyim onun yaxın müttəfiqi olmağa davam etmiş və italyan səyyahı Petra della Vallenin qeydlərinə görə, onun mənəvi anasına çevrilmişdir. Hətta bu dövrdən sonra belə, şah I Abbasın hakimiyyətinin ilk iki onilliyində Zeynəb Bəyim onun "əsas məsləhətçiləri"ndən biri olaraq qalmışdı.[1][5] O, hərəmdə baş matriarx olmağa davam etmiş və Abbasın oğullarının təlim-tərbiyəsini öz üzərində götürmüşdü. Yerli hakimlər və hərbi rəhbərlər ondan I Abbasın adından müəyyən məsələlərdə siyasi müdaxilə etməsini xahiş edirdilər.[1]
Zeynəb Bəyim, I Abbasın hakimiyyəti dövründə Səfəvi bürokratiyası daxilində taxt-taca məxsus mülkiyyətin, yəni xassənin müxtəlif inzibati məsələlərində yaxından iştirak edirdi. 1592/1593-cü və 1613/1614-cü illər arasında o, Kaşan xassəsinin hakimi olmuş və onun müavini kimi çıxış edən iki bürokrat var idi. Mənbələrdə bu illər ərzində onun Yəzd şəhərinin cənub hissəsində bir neçə kəndin hakimi olduğu qeyd edilir. Bu, onun üçün I Abbasın hakimiyyət dövrünün böyük bir hissəsində hakimlik etdiyi ərazilərdə yaşayan zərdüşti icmasına qoyulan adambaşına vergini toplamaq və bunu özündə saxlamaq imkanını yaratmışdır. Vergidən gələn gəlirlər sayəsində o, 1601-ci və ya 1602-ci ildə İsfahan–Kaşan yolu boyu azı bir karvansara tikə bilmişdir. Bir il sonra ona səltənət tərəfindən verilən bütün fərmanlar üçün istifadə olunan möhrdar vəzifəsi verilmişdir.[1]
Zeynəb Bəyim 1605-ci ildə, 1603–1618-ci illər Səfəvi–Osmanlı müharibəsi zamanı şah I Abbasa Sufiyanda Osmanlı ordusuna hücum etməyi tövsiyə etmiş, nəticədə I Abbasın ən böyük hərbi qələbələrindən biri baş tutmuşdur. Zeynəb Bəyim vaxtaşırı ali məşvərət orqanı olan "Dövlət Şurası"na daxil edilirdi, hətta 1606-cı ildəki toplanışdakı yeganə qadın o idi.[6][5] Portuqaliyalı diplomat Antonio de Quveanın qeydlərinə görə, "o, bu şərəfə layiq olduğunu çox açıq şəkildə göstərmişdi".[6] Zeynəb Bəyim bir neçə il sonra, 1611-ci və ya 1612-ci ildə Xarəzmdə vətəndaş müharibəsinin başlanmasından sonra Səfəvi səltənətinə qaçan Ürgəncin özbək hakimi Vəliməhəmməd xanın gəlişi münasibətilə verilən ziyafətin başında dayanmışdı.[1]
Süqutu
Buna baxmayaraq, Zeynəb Bəyim 1613-cü və ya 1614-cü ildə nüfuzdan düşmüşdür. O, hərəmdən qovulmuş, bütün vəzifələri əlindən alınmışdır. Zeynəb Bəyim bunun ardınca Qəzvinə sürgün edilmiş, burada ev dustaqlığına məhkum olunmuşdur.[1][7] Bu hadisələr İsfahandakı məhkəmədə iştirak edən bir neçə başqa yüksək rütbəli Səfəvi məmurları və hərbi rəhbərlərinin təmizlənmə prosesi zamanı baş vermişdi. Tarixçi Fəzli Xuzaniyə görə, bu, Səfəvi sarayının baş müctəhidi Mir Məhəmməd Bağır Damadın hərəkətlərinin nəticəsi idi.[1]
Zeynəb Bəyimə təxminən dörd ildən sonra yenidən saraya daxil olmağa icazə verilmişdir. Petra della Valle öz qeydlərində yazmışdır ki, onu 1617-ci ildə İsfahanda saray hərəminə başçılıq edərkən görmüşdü.[1] Zeynəb Bəyim 1627-ci ilin yazında I Abbas tərəfindən Fərəhabad və İsfahanda saray hərəminin başçısı vəzifəsinə bərpa edilmişdir. O, Abbasın ağır xəstəliyi zamanı saray həkimləri ilə sıx əlaqədə olmuş və Fərəhabadda onun müalicəsinə nəzarət etmişdir.[1] Zeynəb Bəyim, Abbas 19 yanvar 1629-cu ildə, səhər saatlarında vəfat edəndə onun nəşinin Fərəhabaddan Kaşana köçürülməsinə, eləcə də saray hərəminin Fərəhabaddan İsfahana köçürülməsinin maddi-texniki təminatına şəxsən nəzarət etmişdir.[1]
Zeynəb Bəyim bir çox halda I Abbasın dövründə çox böyük nüfuza, səlahiyyət və təsirə malik olsa da, əslində onun varisi I Səfinin (1629–1642-ci illərdə hakimiyyətdə olmuşdur) hakimiyyətinin ilk bir neçə ilində nüfuz və qüdrətinin zirvəsinə çatmışdır.[1] Müasirlərinin yazdığı salnamələrə görə, o, Abbasın ölüm döşəyində ikən nəvəsi Sam Mirzəni taxt-taca vəliəhd təyin etməsində mühüm rol oynamışdır.[1] I Səfinin hakimiyyətinin ilk aylarında Zeynəb Bəyim gündəlik olaraq ölkənin bütün inzibati orqanının başında dayanmış və dövlətin idarəetməsi üzərində tam nəzarət qurmuşdu. Elə həmin il o, 1623–1639-cu illər Səfəvi–Osmanlı müharibəsində I Səfiyə qoşulmuşdur. Zeynəb Bəyim 28 may 1630-cu ildə, Mərivan döyüşündən əvvəl saray hərəmini Gülpayigana aparmışdır.[1]
12 fevral 1632-ci ildə, I Səfi özünün başlatdığı geniş qanlı təmizləmə kampaniyası zamanı Zeynəb Bəyimə İsfahandan Qəzvinə köçməyi əmr edərək onu saraydan qovmuşdur.[5] Bununla da Zeynəb Bəyimin şöhrətli və imtiyazlı mövqeyinə son qoyulmuşdur. Zeynəb Bəyimin sağlığında yazılmış hesablara görə, o, ömrünün son günlərini İsfahanda keçirmişdir, lakin yenə də var-dövləti və böyük sərvətini özündə saxlamış və ölümünə qədər qeyri-müəyyən və təhlükəli siyasi hadisələrdən uzaq, dinc bir həyat sürmüşdür. O, Məhəmməd Bağır Mirzənin dul həyat yoldaşı Dilaram Sultan tərəfindən saray hərəmində aparıcı matriarx kimi əvəz edilmişdir.[8] Zeynəb Bəyim 31 may 1640-cı ildə Qəzvində vəfat etmiş və Məşhəd şəhərindəki İmam Rza məqbərəsində dəfn edilmişdir.[1]
Mənbə
İstinadlar
- Ghereghlou, 2016
- Szuppe, 2003. səh. 149
- Babaie və b. 2004. səh. 35
- Szuppe, 2003. səh. 153–154
- Szuppe, 2003. səh. 160
- Blow, 2009. səh. 173
- Matthee, 2012. səh. 37, 203
- Blow, 2009. səh. 232
Ədəbiyyat
- Babaie, Sussan; Babayan, Kathryn; Baghdiantz-McCabe, Ina; Farhad, Massumeh. The Safavid Household Reconfigured: Concubines, Eunuchs, and Military Slaves // Slaves of the Shah: New Elites of Safavid Iran (ingilis). I.B.Tauris. 2004. ISBN 978-0857716866.
- Blow, David. Shah Abbas: The Ruthless King Who became an Iranian Legend (ingilis). London, UK: I. B.Tauris. 2009. ISBN 978-1845119898. LCCN 2009464064.
- Ghereghlou, Kioumars. ZAYNAB BEGUM // Yarshater, Ehsan (redaktor ). Encyclopædia Iranica (ingilis) (Online Edition). Encyclopædia Iranica Foundation. 2016.
- Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan (ingilis). I.B.Tauris. 2012. ISBN 978-1845117450.
- Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire (ingilis). I.B.Tauris. 2008. səh. 66. ISBN 978-0857716613.
- Szuppe, Maria. Status, Knowledge, and Politics: Women in Sixteenth-Century Safavid Iran // Nashat, Guity; Beck, Lois (redaktorlar ). Women in Iran from the Rise of Islam to 1800 (ingilis). University of Illinois Press. 2003. ISBN 978-0252071218.
Əlavə ədəbiyyat
- Moreen, Vera B. Zaynab Begum // Norman A. Stillman (redaktor ). Encyclopedia of Jews in the Islamic World (ingilis). Brill Online. 2010.