Zebu
Zebu (lat. Bos primigenius indicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin i̇btidai öküz növünə aid heyvan yarımnövü. Zebu Bos nəsli və yarımnəslinin tərkibində növ, bəlkə də yarımnöv mövqeyindədir.
Zebu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Ranqsız: Dəstə: Klad: Artiofabula Klad: Cetruminantia Klad: Ruminantiamorpha Yarımdəstə: İnfradəstə: Pecora Fəsilə: Yarımfəsilə: Triba: Bovini Cins: Növ: Yarımnöv: Zebu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Adi qaramaldan fərqi
Zebu, təsvir etdiyimiz növlərə nisbətən, adi qaramala çox yaxındır. Bununla belə zebu ilə adi qaramal arasında olan ciddi fərqi nəzərdən qaçırmaq olmaz. Son 20–30 il müddətində aparılmış dəqiq tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, sümüyünün quruluşuna, daxili orqanların inkişafına və funksiyasına, ümumiyyətlə, morfoloji və fizioloji xüsusiyyətlərinə görə zebu qaramaldan əsaslı surətdə fərqlənir. Birinci və mühüm fərq bundadır ki, adi qaramalın normal sürətdə yaşaya bilmədiyi yerlərdə zebu özünü çox yaxşı hiss edir.
Ralf Filippsə görə, tur təkamül prosesində iki əsas tipə, yəni adi qaramala və zebuya parçalanmışdır. Adi qaramal Orta və Şimali Avropada, Rusiyada, zebu isə Cənubi Asiyada, Aralıq dənizinin şimal sahillərində və Afrikada yayılmışdır. Bununla da Filips zebunun mühitin təsiri altında formalaşdığını sübut etmiş olur; qaramal cinslərinin müasir yayılışı göstərir ki, yüksək və soyuq iqlimli yerlərdə tur törəmələri olan adi qaramal, alçaq relyefli və isti iqlimli yerlərdə isə zebular və zebuyabənzərlər əmələ gəlmiş və min illər davam edən dövr ərzində kütləvi sürətdə törəyib artmışlar.
Zebunun tura münasibəti məsələsinə gəldikdə, bunu ehtimal etmək olar ki, adi qaramalın və zebunun əjdadı tur olmuşdur. Həmin turlar yaşayış şəraitindən asılı olaraq bir-birindən fərqlənirlərmiş. Odur ki, tur tipli maldan mülayim və soyuq iqlimli yerlərdə adi qaramal, isti və quru havalı, susuz yerlərdə isə zebu törəmişdir.
Belə diferensasiya ehtimal daxilində olması, bir də zebuların məhz turların yayıldığı və əhliləşdirildiyi yerlərdə kütləvi sürətdə yetişdirilməsi ilə isbat edilir.
Zebunun cidov nahiyyəsində yerləşən hörgüc (Lənkəran zonası rayonlarında buna "gilə", hörgüclü malı isə "gilək" adlandırırlar) adətən onun əsas fərqləndirici əlaməti hesab olunur. Zebunun hörgücü dəvənin yağlı hörgücündən fərqli olaraq əzələdən və əzələ qatları arasında piylənmiş birləşdirici toxumadan ibarətdir. Bu rus ədəbiyyatında zebunun "donqar" mal adlandırmaq ilə də müəyyən dərəcədə əlaqədardır, lakin zebuda yalnız hörgücün olub-olmamasına əsaslanmaq olmaz.
Epşteyn tədqiqatçı Rivettə istinad edərək göstərir ki, hörgüc başlanğıc şəkildə olsa da, vəhşi turlar üçün xas olan əlamətdir. Müəllifin fikrinə görə bu xüsusiyyət əhliləşmiş malda da müşahidə edilə bilər. Maddi mədəniyyət əsərlərində aşkar edilən tur şəkillərin öyrənilməsi, habelə qaramalın qədim klassiklər tərəfindən verilmiş təsvirləri Rivettin bu fikrini tamamilə təsdiq edir. Vəhşi turlarda hörgücün başlanğıc şəkildə olması və əhliləşmiş qaramalda onun daha qüvvətli inkişaf etməsi Qobustan (Azərbaycan) qaya yazılarında aşkar görünür. Görünür ki, bu əlamət yalnız cənub turlarına məxsus imiş. Jak-de-Lorqanın XIX əsrin sonunda Lənkəran rayonu ərazisində apardığı qazıntılar zamanı Daş məqbərədə tapılmış boz aqat daşı üzərindəki zebu şəkli bu növün burada tunc dövründə yayıldığını sübut edir. Beləliklə, zebunun Azərbaycanda tariximizdən 3000–3500 il əvvəl yetişdirildiyini ehtimal etmək olar.
Zebunun yaranış məskənləri
Zebuların ilk dəfə harada və nə vaxt əmələ gəlməsinə dair rəylər də müxtəlifdir. Son zamanlaradək bir çox müəlliflər zebunun ilk dəfə olaraq Hindistanda əmələ gəldiyini iddia edirdilər. Buna əsas səbəb bu ölkənin başdan-başa zebu ölkəsi olmasıdır. Əsrimizin birinci yarısında aparılmış çoxlu tədqiqatlar artıq zebunun həqiqi vətənini dəqiq müəyyən etməyə imkan verir.
Hind maddi-mədəniyyəti tarixini tədqiq etmiş Oliver (1938) və Ueyyer (1942) qeyd edirlər ki, Hindistanın zebu cinslərindən bağnari, qaolao, onqole, hariana və onlara qohum olan qalan hörgüclü mal tariximizdən 2200–1500 il əvvəl arilərin qəsb etdikləri yol boyunca yerləşən rayonlarda yetişdirilir. Digər tədqiqatçı Ford (1939) arxeoloji qazıntılardan tapılmış qalıqlara əsaslanaraq qədim Hind mədəniyyətinin uzaq qərbdən alınmış təkan nəticəsində inkişaf etdiyini sübut edir. Bu isə zebunun yaranış mərkəzinin Hindistanda deyil, qərbdə olduğunu və zebunun Hind mədəniyyətindən xeyli əvvəl təkamül edib formalaşmasını göstərir.
Beləliklə, zebunun vətənini müəyyən etmək üçün maddi mədəniyyəti daha qədim olan isti iqlimli ölkələrə nəzər yetirmək lazım gəlir. Hepe (1948) heyvanların mənşəyi məsələsini təhlil edərək belə nəticəyə gəlmişdir ki, zebu öz əsas xassələrini, xüsusilə tropik və subtropik iqlimə yüksək dərəcədə uyğunluğunu hər hansı bir vəhşi növdən irsən qazanmamış, əksinə bunu mühit şəraitinə uyğunlaşmaq nəticəsində əldə edə bilmişdir. Epşteyn (1956) kranioloji tədqiqata əsaslanaraq göstərir ki, zebu kəlləsinin bütün əlamətləri turun hörgücsüz nəsillərinin əlamətlərinə tamamilə oxşardır. Bununla əlaqədar olaraq Epşteyn isti, quru iqlimli ölkələrin hörgücsüz malının mənşə etibarı ilə zebuya bağlı olduğunu təsdiq etmiş olur.
Xüsusiyyətləri
Bununla əlaqədar olaraq zebuluq əlamətlərinin dəqiq müəyyən edilməsi lazım gəlir. Zebu başlıca olaraq aşağıdakı əsas xüsusiyyətlərə malikdir: başı ensiz və uzundur (aşağıdan yuxarıya tərəf genişlənir), döşü və gövdəsi darısqaldır, bədəni qısadır, gerisi genişdir, tükləri qısa və seyrəkdir, sümüyü nazikdir, kəlləsinin profili batıq, alnı isə qabarıqdır, göz yuvalarının kənarları çıxıntılıdır. Buynuzları, adətən yuxarıya tərəf yönəlmişdir, uzunluğu və yoğunluğu olduqca müxtəlifdir, sağrısı sallaqdır, ayaqları quru və çox nazikdir. Zebuya xas olan morfoloji əlamətlərdən biri də döş fəqərələrindəki üst çıxıntıların zirvələrinin haçalanmasıdır.
Zebu Hindistanda, Pakistanda, Afrika ölkələrində, Yaxın Şərq ölkələrində – İranda, İraqda, Suriyada, İsraildə, Ərəbistan yarımadasında, Azərbaycanda və Orta Asiya Respublikalarında (Türkmənistanda, Özbəkistanda və Tacikistanda) yayılmışdır. Yalnız Hindistanda 150 milyon baş zebu vardır. Göstərilən ölkələrdən başqa, Cənubi Asiyanın şərq hissəsində yerləşən ölkələrdə də zebular və zebuyabənzər heyvanlar çox yayılmışdır. Məsələn, Hindi-Çində, Cənubi Çində yetişdirilməkdə olan zebuyabənzər mal zebuların törəmələridir. Zebu, həmçinin Birmada və İndoneziyada yetişdirilir və ondan müxtəlif məqsədlər üçün geniş istifadə edilir.
Zebunun müsbət xassələri onun yeni sahələr tutmasına səbəb olmuşdur. Hazırda Amerika Birləşmiş Ştatlarında 4 zebu növü yetişdirilir. Burada Texas ştatı zebuçuluq mərkəzinə çevrilmiş və Amerika zebusu olan bramanın vətənidir. 1959-cu ildə ABŞ-da təmiz zebuların sayı 300 min başdan artıq idi və zebu buradan Cənubi Amerika ölkələrinə, Avstraliyaya və hətta Afrikaya ixrac edilirdi. Zebunun yeni mərkəzlərindən biri də Braziliyadır. Burada zebunun təkmilləşmiş forması-hind-Braziliya zebusu yaradılmışdır. Zebu, ağır iqlimli ölkələrdə sərbəst yaşamaqdan başqa, bir sıra qiymətli təsərrüfat xassələrinə də malikdir. Bu, əsasən onun südünün çox yağlı olmasından və tərkibində qida maddələrinin çoxluğundan, kökəlmək və piy toplamaq qabiliyyətinin misilsiz inkişafından ibarətdir. Buna görə də zebudan müxtəlif istiqamətlərdə istifadə olunur. Xarici ölkələrdə zebunu ətlik cinslər yaratmaq məqsədi ilə ətlik zavod cinsləri ilə, keçmiş ittifaqda əsasən qarşıq məhsullu və südlük (qırmızı səhra, ostfriz və Latviya qonur) cinslər ilə çarpazlaşdırıb, hibrid nəsil alırlar. Alınan hibrid nəsil, adətən bir halda yüksək dərəcədə əzələli, çoxlu ətçıxarlı, digər halda isə yağlı südlü və istiyə davamlı olur.
Hindistan zebusunun təsvirini sindhi cinsinin timsalında veririk. Gövdəsi yığcam, başı mütənasib, alnı bəzən qabarıqdır, buynuzları dibində qalındır, kənara və yuxarıya tərəf yönəlmişdir, qulaqları həcmli olub, uzunluğu 26,6 sm, eni 16 sm və sallaqdır, dərisi orta dərəcədə qalındır, tünd piqmentlidir. Tükləri qısa və parlaqdır, dırnaqları möhkəmdir, lakin daşlıq yerlərdə tez yeyilir. Yelini çox həcmlidir və aşağıya tərəf sallanmışdır. Rəngi qırmızıdır, tünd-qırmızı və açıq-qırmızı rəngliləri də az deyildir. Buğalarının döşü və budları bədənə nisbətən daha tünd olur. Bəzilərinin alnında və döşündə ağ nişana təsadüf edilir.
Orta Asiya zebularının eksteryeri belə təsvir edilir: başı yüngül, quru və ensizdir, buynuzları müxtəlifşəkilli və istiqamətlidir; qulaqları nazik, düzduruşlu olub bir qədər kənarlara tərəf yönəlmişdir: boynu qısa və nazikdir, xidovu hündür və enlidir, hörgücünün böyüklüyü cinsiyyətindən və köklüyündən asılıdır və bir qayda olaraq buğalarda iridir; dalı düzdür; sağrısı bir qədər dikdir; quyruğu uzun və nazikdir; rəngi qara, qırmızı, bəzən qonur, sarı, kürən və ala-qırmızıdır.
Azərbaycan zebusu
Azərbaycan Zebusu respublikanın Lənkəran-Astara bölgəsində yayılmışdır. Azərbaycan zebusunun eksteryeri: başı xırda, yüngül və düz profillidir; peysər darağı qabarıqdır (bəzən düzdür); buynuzları möhkəmdir, dibində yoğun, uclarında isə çox nazikdir; yuxarıya, irəliyə və içəriyə tərəf yönəlmişlər. Buynuzları ağ, boz, qara və sarı rəngdədir. Boynu qısa, dərindir, orta qalınlıqdadır. Köklük dərəcəsi yüksək olan inəklərin hörgücünün uzunluğu orta hesabla 25,5 sm (bəzən 32,52 sm-ə çatır), hündürlüyü 15,5 sm, qucumu isə 72–85 sm olur. Buğaların hörgücünün uzunluğu 40 sm, hündürlüyü 30 sm, qalınlığı isə dibində 20 sm-dən artıq olur. Hörgüc, adətən əzələli və bərk olur və sallanmır. Döş dərisi çoxunda qüvvətli inkişaf etmişdir, çoxlu qatlar əmələ gətirir, boşdur və sallanır, dalı düz və gödəkdir. Beli uzun, enlidir, çoxunda yastıdır. Sağrısı dik çardakvarı olub, uzunluğu və eni azdır, quyruğu uzundur, dibi uca doğru nazikdir, sıx və gödək tüklüdür, ucundakı qotazı uzundur. Döşü ensizdir, dərinliyi orta dərəcədədir, qucumu azdır; qabırğaları yastıdır. Əzələsi quru və az inkişaf etmişdir. Şərait əlverişli olduqda əzələsi çox inkişaf edir və bədəni girdə, hamar şəkil alır. Südlük əlamətləri zəif inkişaf etmişdir. İllik süd məhsuldarlığı orta hesabla 500 kq-dır. Süddə yağlılığı isə 5–6%-dir.
Sinonimləri
- Bos indicus
- Bos taurus indicus