Zaur Cavanşir
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) (21 sentyabr 1974, Hindarx, Ağcabədi rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – Qərargah rəisi, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Şuşanın ilk komendantı, Vətən Müharibəsi Qəhrəmanı (2020).
Zaur Cavanşir | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Zaur Məmmədov |
Doğum tarixi | 21 sentyabr 1974 (49 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 1991-ci ildən |
Rütbəsi | General-mayor |
Döyüşlər |
Qarabağ müharibəsi Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zaur Cavanşir Cavanşirlər sülaləsindən olub, Pənahəli xan Cavanşirin nəslinin nümayəndəsidir.
Zaur Cavanşir Cəbrayıl, Hadrut (Ağoğlan), Füzuli, Xocavənd istiqamətində aparılan hücum əməliyyatlarına komandanlıq etmış, Şuşa əməliyyatında isə hücum qruplaşmasının rəhbəri olmuşdur. Şuşanın azad edilməsində və müdafiəsinin təşkilində müstəsna qəhrəmanlıq göstərmiş və Şuşanın ilk komendantı təyin edilmişdir. O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir.
Həyatı
Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 1974-cü il sentyabrın 21-də Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. Cavanşirlər sülaləsindən olub, Pənahəli xan nəslinin nümayəndəsidir.[1]
1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin, xalqının, bayrağının keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər məktəbinə daxil olmuşdur.
1993-cü il fevral ayında hələ Ali Hərbi komandirlər məktəbinin kursantı olaraq mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində döyüşə qatılmış, şiddətli döyüşlərdə bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildən 2000-ci il iyul ayınadək Tərtər rayonu ərazisində cəbhə bölgəsində birbaşa ön xətdə tağım komandiri vəzifəsindən tabor komandiri vəzifəsinədək xidmət etmişdir.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranması ilə 2000-ci il iyul ayından kapitan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr məktəbinə rəis təyin edilmiş, 2002-ci il fevral ayında artıq mayor rütbəsində olan Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələrdə yeni formalaşmış Xüsusi Təyinatlı alayın qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
2002-ci il iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və təhsildə birinci yeri tutaraq 2004-cü ilədək Türkiyə Silahlı Qüvvələrin Quru Qoşunları Hərbi Akademiyasında təhsil almışdır.
2004-cü il avqust ayından 2006-cı il may ayınadək XTQ-in "Yaşma" xüsusi təyinatlı alayının komandiri vəzifəsində xidmət etmiş və dəfələrlə düşmən arxasında xüsusi əməliyyatlarda iştirak etmişdir.
2005-ci ildə xüsusi əməliyyatlarda rəşadət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Polkovnik-leytenant rütbəsində Zaur Cavanşir 2006-cı il may ayından 2011-ci il may ayınadək Füzuli və Beyləqan bölgəsində 702,181,706 saylı motoatıcı briqadaların komandiri olmuşdur. 2011-ci ildən 2013-cü ilin noyabr ayınadək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində silah və atış kafedrası rəisi vəzifəsində xidmət etmiş və gələcək zabitlərin hazırlığında müstəsna rol oynamışdır.
2013-cü il noyabr ayında polkovnik Zaur Cavanşir XTQ komandanının müavini vəzifəsinə təyin edilmiş, 2013–2015-ci illər ərzində dəfələrlə düşmən arxasında xüsusi əməliyyatların keçirilməsində iştirak və rəhbərlik etmişdir.
2016-cı ilin sentyabr ayında Azərbaycan Ordusunun o vaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun qanunsuz tələblərinə əməl etməkdən qəti şəkildə imtina etdiyinə görə ona qarşı aparılan ədalətsizliyə etiraz olaraq öz arzusu ilə ordu sıralarından ehtiyata tərxis edilmişdir.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlanması ilə ordu sıralarına qatılmaq üçün müraciət edən polkovnik Zaur Cavanşir Nəcməddin Sadıqovun ancaq XTQ sıralarında sıravi əsgər olaraq döyüşməyə razı olacağı halda orduya geri qaytara biləcəyi şərti ilə razılaşaraq döyüşlərə sıravi döyüşçü olaraq qatılmış, öz sərkərdəlik bacarığı ilə dərhal aktiv döyüşlər aparan xüsusi təyinatlı qüvvələrin birləşmə və hissələrinindən ibarət hücum qruplaşmasının idarə etməsini öz üzərinə götürərək Hadrut-Şuşa istiqamətində hücum edən bütün qoşun qruplaşmasının rəhbəri olaraq davam etmiş, torpaqlarımızın azad edilməsində əsgər və zabitləırimizə müstəsna igidlik və qəhrəmanlıq nümunəsi göstərərək Azərbaycan bayrağını ata-baba yurdu Şuşaya sancmışdır. O, ulu babası Pənahəli xan Cavanşirin əsəsını qoyduğu Şuşanın ilk komendantı olmuşdur.[2]
Nəsil şəcərəsi
General-mayor Zaur Cavanşirin nəsil şəcərəsi Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1747–1763) oğlu İbrahimxəlil xanın (1763–1806) Hüngütlü Allahyar bəyin qızından olan oğlu Məhəmməd Qasım ağaya (?- 1843) bağlanır. Məhəmməd Qasım ağa əmisi Mehrəli bəy Cavanşirin qızı Xədicə bəyimlə evlənmiş və onların bu izdivacdan 4 oğlu – Nəcəfqulu ağa, Paşa ağa (təq.1820-?), Kərim ağa (1826–1907), Qasım ağa (1834–?) və 2 qızı – Cahan xanım və Bala xanım Cavanşirlər doğulmuşdu.
Kərim ağa XIX əsrin sonlarında Şuşa şəhərini məcburən tərk etmiş və Yelizavetpol (Gəncə) quberniyasının Qubadlı bölgəsinə yerləşmişdir. Onun nəticəsi olan Nəsib Kərim oğlu Cavanşir (1911–1996) öncə Şuşa qəzasının Kəbirli mahalının Baharlı kəndində yaşamışdı. O, öz qohumu olan Qasım bəy Zakirin nəticəsi sayılan Xurşid xanımla evlənmiş və onların bu nikahdan Mafizə adlı qızları dünyaya gəlmişdi. Lakin, çox keçmədən onlar ayrılmışlar. Böyük Vətən müharibəsinin ağır illərində Nəsib Kərim oğlu traktor sürücüsü işlədiyi üçün cəbhəyə aparılmamışdır. Kəbirli mahalının Hindarx kəndində çalışan Nəsib kişi ikinci dəfə ailə həyatı quraraq, bu kənddən olan Sümayə xanımla evlənmiş və burada yaşamışdır. Nəsib Kərim oğlunun 10 övladından biri olan Sabir Məmmədov və onun oğlu Zaur Cavanşir Hindarxda dünyaya gəlmişdir.[3]
Hərbi xidməti
Zaur Cavanşir hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində general-mayor rütbəsi ilə xidmət etməkdədir.
Zaur Cavanşir 2016-cı ildə baş vermiş Aprel döyüşlərində də iştirak etmişdir.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı o, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanlarından biri olmuşdur. Şuşanın azad edilməsində xüsusi fərqlənən Zaur Cavanşir Şuşanın ilk komendantı təyin edilmişdir.[4]
O, Şuşaya sancılmış və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020 Bakı Qələbə Paradında iştirak etmişdir.
Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[5]
Zaur Cavanşirə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.[6]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşirə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.[7]
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[8]
Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[9]
Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[10]
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[11]
Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[12]
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Zaur Cavanşir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Zaur Cavanşir 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[13]
2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Zaur Cavanşir Azərbaycan Prezidenti İlham Əliyevin 27.12.2021-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.[14]
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Təltifləri
- (24. iyun 2005) — "Azərbaycan Bayrağı" ordeni[5]
- — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- (26. iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26. iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26. iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- — "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
- — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- — 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- — 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı
- (9. dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı[15]
- (25. dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı[8]
- (29. dekabr 2020) — "Şuşanın azad olunmasına görə" medalı[9]
- (24. iyun 2021) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni[13]
- (24. iyun 2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı[10]
- (24. iyun 2021) — "Qubadlının azad olunmasına görə" medalı[11]
- (24. iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı[12]
- (27. dekabr 2021) — "Hərbi xidmətlərə görə" medalı[14]
- "Heydər Əliyevin 100 illiyi yubileyi medalı" (2 fevral 2024)
- "Vətən müharibəsi iştirakçısı" medalı
Həmçinin bax
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlərin siyahısı
İstinadlar
- "Məmmədov Zaur Sabir oğlu Ağcabədi rayonunun Hindarx qəsəbəsində doğulub". heydaraliyev-centers.az. Heydər Əliyev mərkəzlərinin informasiya portalı. 8 dekabr 2020. 2020-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2021.
- "Güntəkin Nəcəfli. Ulu babasının əmanətini süngüylə, bıçaqla azad edən rəşadətli VƏTƏN OĞLU". Bizim media. 18.10.2023. 24.10.2023 tarixində arxivləşdirilib.
- "Güntəkin Nəcəfli. Ulu babalarının ruhu qarşısında mənəvi borcunu ləyaqətlə yerinə yetirən VƏTƏN OĞLU". Respublika qəzeti. 25/10/2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6.10.2023.
- "General-mayor ali hərbi rütbəsi ilə təltif olunan zabitlər kimlərdir". Azeridefence.az (az.). 8 December 2020. 12 January 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 December 2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamı". e-qanun.az. 24.06.2005. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2020.
- "Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 07.12.2020. 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.12.2020.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 dekabr 2020.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 25 dekabr 2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 29 dekabr 2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 24 iyun 2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2021.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 24 iyun 2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2021.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 24 iyun 2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2021.
- "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 24 iyun 2021. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 iyun 2021.
- "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az. 27.12.2021. 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.12.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.