Zaur Baxşəliyev

Zaur Baxşəliyev (tam adı: Zaur Lətif oğlu Baxşəliyev, 26 fevral 1981, Şuşa, DQMV) — Azərbaycan teleaparıcısı və bir çox televiziya layihələrinin müəllifi. "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet" və "Ədəbiyyat" dövri mətbuat orqanlarında müxbir kimi çalışıb.

Zaur Baxşəliyev
Doğum tarixi 26 fevral 1981(1981-02-26) (43 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Günay Baxşəliyeva
Uşağı 2
Dini İslam
Fəaliyyəti televiziya
Fəaliyyət illəri 1998-h.h
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı  — 2016

2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) aparıcısı və layihə rəhbəridir. "Ömrün səhifələri, "Yağ kimi", "Yeri var", "Bizim səhər", "Xalq ulduzu", "Onun yarısı", "Bəxtəvər", "Tanıdım səni", "Məni yarımdan soruş", "Bu stil mənim", "Ümid var", "Öz aramızda", "Fort Boyard" kimi mədəni-maarif, sosial-analitik, şou xarakterli populyar, reytinqli verilişlərin müəllifi və aparıcısı olub. Hazırda müəllifi olduğu "BizimləSən" sosial-analitik və "Zaurla Günaydın" musiqili-əyləncəli proqramlarına aparıcılıq edir. Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07.11.2016-cı il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.[1]

Bioqrafiya

Zaur Lətif oğlu Baxşəliyev 26 fevral 1981-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Üzeyir Hacıbəyov adına Şuşa şəhər 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar Şuşa şəhərindən məcburi köçkün kimi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində məskunlaşıb. 1992-ci ildə Azad Qaraqoyunlu kənd orta məktəbində təhsilini davam etdirib. Daha sonra ailəsi ilə birlikdə Bərdə rayonuna köçüb. 1995–1998-ci illərdə Bərdə rayon 4 saylı orta məktəbində təhsil alıb. 1998-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib və test üsulu ilə Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Elə həmin ildən etibarən məqalə, hekayə, oçerkləri, mədəni-maarif yönümlü yazıları milli mətbuatımızın sayılıb-seçilən qəzet və jurnallarında dərc olunmağa başlayıb. Tanınmış teleaparıcı 2012-ci il oktyabrın 26-da həmkarı – "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının aparıcısı və redaktoru Günay Şamo qızı Qələndərli ilə ailə həyatı qurub. Cütlüyün Dilavər və Davud adlı övladları var.

Yaradıcılığı və iş fəaliyyəti

  • 1998-ci ildən jurnalistika fəaliyyətinə başlayıb.
  • 1998–2002-ci illərdə "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet", "Ədəbiyyat" və digər dövri mətbuat orqanları ilə sıx əməkdaşlıq edib.
  • 2002-ci ildə "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında müxbir kimi işə başlayıb.
  • 2002-ci ildə Azərbaycanın tanınmış ziyalıları, görkəmli ictimai-siyasi xadimləri, iş adamlarının həyatından bəhs edən "Ömrün səhifələri" verilişində aparıcılıq edib.
  • 2006–2009-cu illərdə "Yağ kimi" musiqili-əyləncəli mətbəx şousunun layihə rəhbəri və aparıcısı olub.
  • 2003-cü ildə "Bizim səhər" musiqili-əyləncəli verilişində "Yeri var" rubrikasını yaradıb.
  • 2002–2008-ci illərdə "Bizim səhər" verilişinin layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.
  • 2007–2010-cu illərdə "Xalq ulduzu" musiqi yarışmasında aparıcılıq edib.
  • 2009–2011-ci illərdə ölkənin ən reytinqli "Onun yarısı" evlənmə proqramının layihə rəhbəri və aparıcısı olub.
  • 2011-ci ildə "Bəxtəvər" intellektual televiziya şousunu yaradıb və aparıcılıq edib.
  • 2011–2013-cü illərdə efirdə yayımlanan və Azərbaycanın müxtəlif bölgələrində yaşayan qabiliyyətli gəncləri milyonlara təqdim edən "Tanıdım səni" istedad yarışması da məhz Zaur Baxşəliyevin adı ilə bağlıdır.
  • 2012–2014-cü illərdə "Ümid var" sosial-analitik proqramının aparıcısı kimi milyonların qarşısına çıxıb.
  • 2014-cü ildə "Öz aramızda" verilişinin müəllifi və aparıcısı olub.

Bizimləsən

2015-ci ildən ölkənin ən reytinqli sosial layihəsi olan "BizimləSən" verilişinin layihə rəhbəri və aparıcısıdır. Canlı efirdə həftəiçi 5 gün yayımlanan "BizimləSən" sosial-analitik layihəsi cəmiyyəti narahat edən problemlər, gündəmdə olan, eləcə də ailədaxili məsələlərin müzakirəsi, itkinlərin axtarışı, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların təmənnasız müalicəsi və əməliyyatı, milli-mənəvi dəyərlərimizin təbliği, bir sözlə, humanizmi, mərhəməti özünün prioritet mövzusuna çevirib. Bu müddət ərzində 4000-dən çox vətəndaşa müxtəlif sosialyönümlü problemlərin aradan qaldırılmasında yaxından köməklik göstərilib. Maddi-mənəvi, hüquqi, tibbi, psixoloji məsələlərin həllində insanlara yardım etmək üçün peşəkar mütəxəssislər və ekspertlər proqrama cəlb olunub.

Zaurla Günaydın

2018-ci ildən Azərbaycan teleməkanında fərqli formatı ilə seçilən "Zaurla Günaydın" musiqili-əyləncəli, ilk ailəvi realiti-şou proqramının yaradıcısı və aparıcısıdır. "Zaurla Günaydın" həm də maarifləndirici funksiya daşıyır. Verilişi Günay və Zaur Baxşəliyevlər aparırlar. Bu proqramda cütlüyün qızı Dilavər Baxşəliyeva da aparıcı qismində milyonların qarşısına çıxır.

Beynəlxalq layihələr

  • 2014–2016-cü illərdə nişanlı və evli cütlüklərin yarışdığı "Məni yarımdan soruş" proqramına həyat yoldaşı Günay Baxşəliyeva ilə birlikdə aparıcılıq edib.
  • 2014–2016-cı illərdə dəblə ayaqlaşan, geyim üslubu və tərzi ilə seçilən, zövqlü xanımların yarışdığı "Bu stil mənim" verilişinin həm aparıcısı, həm də münsiflər heyətinin üzvü olub.
  • 2015–2016-ci illərdə bütün dünyada məşhur olan və Fransada çəkilən "Fort Boyard" macəra teleşousunun aparıcısı kimi də fərqlənə bilib.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-03.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.