Zaqafqaziya Konfransı

Zaqafqaziya KonfransıAzərbaycan, Gürcüstan, ErmənistanDağlılar respublikaları nümayəndələrinin 1918–1919-cu illərdə Qafqazda münaqişələri nizama salmaq və əməkdaşlığı inkişaf etdirmək üçün keçirdikləri konfranslar.[1]

Zəmin

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra ölkənin xarici siyasəti qarşısında duran ciddi məsələlərdən biri qonşu dövlətlərlə mehriban əlaqələr yaratmaq, müəyyən məsələlərə münasibətdə Qafqaz həmrəyliyinə nail olmaq idi. Azərbaycan Parlamentinin Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi müraciətdə deyilirdi:

" Qafqaz elə bir vəziyyət qarşısındadır ki, bu ərazi üzərində qurulmuş olan cümhuriyyətlər müqabil dostluq və həmrəylik yapmadan yaşaya bilməzlər! "

Birinci Konfrans

Birinci dünya müharibəsinin sona çatdığı bir şəraitdə qarşıdan gələn sülh konfransında Qafqaz dövlətlərinin ümumi mövqedən çıxış etmələri və aralarındakı problemlərin həlli üçün Gürcüstan tərəfi 1918-ci il oktyabrın 27-də Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciətlə Zaqafqaziya Konfransında iştirak etmək məqsədilə Tiflisə səlahiyyətli nümayəndələr göndərməyi təklif etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu təklifi razılıqla qarşılayaraq, noyabrın 11-də konfransda iştirak üçün Mustafa VəkilovMəmməd Yusif Cəfərovdan ibarət nümayəndə heyəti yaratdı. Dağlılar Respublikası Tiflisə Vəssan Gəray Cabaqiyev və Pşemaxo Kotsevdən ibarət nümayəndə heyətini göndərdi. Ermənistan isə Gürcüstan və Azərbaycana qarşı ərazi iddiasında olduğu və silahlı qüvvə tətbiq etməklə, işğallara başladığı üçün təklənməkdən qorxaraq, konfransda iştirakdan boyun qaçırdı və öncə Gürcüstanla Borçalı ilə bağlı münaqişəni "həll etməyi", yəni qəzanın bir hissəsinin Ermənistana verilməsini şərt kimi irəli sürdü.[2]

Birinci Zaqafqaziya Konfransı 1918-ci il noyabrın 14-də Tiflisdə işə başladı. Ermənistan nümayəndə heyəti iştirak etmədiyindən, Gürcüstan nümayəndə heyətinin başçısı Y. Gegeçkorinin təklifi ilə konfrans noyabrın 20-dək təxirə salındı. Sonra elə həmin səbəbdən konfransın açılışı daha 2 dəfə təxirə salındı və onun işə başlaması dekabrda da mümkün olmadı. Ermənistan tərəfi isə AlmaniyaOsmanlı imperiyasının müharibədə məğlub olmasını, Bakıya ingilis qoşununun çıxarılmasını özü üçün əlverişli hesab edərək, dekabrın 15-də Gürcüstana qarşı hərbi əməliyyatlara başladı. Bu münaqişə ingilis hərbi qüvvəsi nümayəndələrinin fəal müdaxiləsindən sonra dekabrın 31-də dayandırıldı. 1919-cu il yanvarın 9-da Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri arasında ikitərəfli danışıqlar başlandı. Azərbaycan-Gürcüstan danışıqlarında Zaqafqaziya Konfransına hazırlıq üçün 4 bölmə — siyasi məsələlər, maliyyə məsələləri, dəmir yolu və poçt-teleqraf, gömrük və ticarət məsələləri üzrə — yaradılması qərara alındı. Bu məsələlər üzrə bölmələrdə iş aparılması və müvafiq nəticə əldə edildikdən sonra, konfransın rəsmi müzakirəsinə çıxarılması nəzərdə tutulurdu.[2]

İkinci Konfrans

Qafqaza ingilis qüvvələrinin yeridilməsi ilə yaranan qeyri-müəyyənlik, Qafqaz respublikaları arasında qarşılıqlı etimadsızlığın güclü olması kimi amillər bu sahədə işlərin başlanmasına mane olurdu. Bununla belə, Qafqaz respublikaları arasında normal əlaqələr yaradılması həyati zərurət idi. Ona görə də, 1919-cu il fevralın 22-də Gürcüstan xarici işlər naziri qonşu ölkələr arasında dəmir yolu hərəkətinin tənzimlənməsi, poçt-teleqraf rabitəsi, gömrük, maliyyə və mal mübadiləsi məsələlərinin müzakirəsi üçün konfrans keçirilməsi təklifi ilə Azərbaycan, Ermənistan və Dağlılar respublikalarına müraciət etdi. Azərbaycan Hökuməti konfransda iştiraka razılıq verdi və gündəliyə siyasi xarakterli məsələlərin: beynəlxalq sülh konfransında birgə iştirak və Qafqaz respublikalarının müstəqilliyinin müdafiəsi sahəsində əməkdaşlıq, sərhəd-ərazi mübahisələrinin sazişlər yolu ilə həlli, bu mümkün olmadıqda, arbitraj vasitəsilə nizama salınması məsələlərinin müzakirəsini də təklif etdi. Gürcü və erməni tərəfləri bu təklifi qəbul etdikdən sonra, konfransın işinə əməli hazırlığa başlandı.[1]

1919-cu il aprelin 11-də Zaqafqaziya Konfransı Rəyasət Heyəti adından Qazax, NaxçıvanQarabağda davam edən qanlı toqquşmaların dərhal dayandırılması üçün Azərbaycan və Ermənistan hökumətlərinə müraciətlər edildi. Elə həmin gün Azərbaycan tərəfi konfransın işinin sakit şəraitdə keçməsi və səmərəli işləməsi üçün Qafqazdakı bütün millətlərarası toqquşmaların dərhal dayandırılması məsələsinin müzakirə edilməsinə razı olduğunu bildirdi.

Zaqafqaziya Respublikalarının Müştərək Konfransı (1919)

Aprelin 18-də Azərbaycan Hökuməti Zaqafqaziya Konfransında iştirak etmək üçün aşağıdakı tərkibdə nümayəndə heyətini təsdiq etdi: Parlamentin üzvü Fətəli xan Xoyski (sədr), xarici işlər naziri Məmməd Yusif Cəfərov və parlamentin üzvü Xəlil bəy Xasməmmədov. Zaqafqaziya Konfransı 1919-cu ilin aprelin 27-də Tiflisdə işə başladı. Konfransın işində Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri iştirak edirdi. Həmin vaxt Dağlılar Respublikası Denikin ordusunun hücumuna məruz qaldığı və ərazisinin əsas hissəsini itirdiyi üçün bu konfransa nümayəndəlik göndərə bilməmişdi. Konfransı Gürcüstan Respublikasının xarici işlər naziri Y. Gegeçkori açaraq bildirdiki, Qafqaz xalqlarının həyati mənafeyi müstəqillikləri üçün gələcəkdə yarana biləcək bütün təhlükələrə qarşı onların birləşməsini tələb edir. Bu istiqamətdə ilk addım siyasi və iqtisadi ittifaq yaratmaq, vahid cəbhə təşkil etməkdir. Azərbaycan nümayəndə heyətinin başçısı Fətəli xan Xoyski və Ermənistan nümayəndə heyətinin başçısı, xarici işlər naziri S. Tiqranyan öz hökumətləri adından bildirdilər ki, Qafqaz xalqları birləşməlidirlər və yalnız bu halda birgə, razılıq əsasında yaşamaq mümkündür.

Konfransın rəyasət heyətinin iclasında Fətəli xan Xoyskinin təklifinə əsasən, Qafqaz dövlətləri arasında münasibətlərin bütün sahələrdə nizama salınması üçün ərazi-sərhəd mübahisələrinin həlli prinsipləri və yollarının müəyyən edilməsi; dəmir yolu, poçt və teleqraf əlaqələrinin nizamlanması; ticarət, gömrük və maliyyə məsələləri; siyasi məsələlər (müstəqilliklərin qarşılıqlı tanınması, xarici təcavüzün qarşısının alınması, vətəndaşlıq məsələləri); məhkəmə-hüquq məsələləri (cinayətkarların verilməsi, dövlətlərə qarşı iddialar qaldırılması); qaçqınlar və köçəri əhali üzrə komissiyalar yaradılması qərara alındı. May ayı ərzində konfransın işi bu komissiyalarda davam etdirildi.[2]

Zaqafqaziya Konfransında ərazi-sərhəd məsələsinin müzakirəsi və həlli yollarının müəyyən edilməsi onun ən böyük uğuru oldu. Uzun mübahisələrdən sonra aşağıdakı qərar qəbul edildi:

  • Qafqaz dövlətlərinin sərhədlərinin müəyyən edilməsində yalnız respublikalar arasında qarışıq əhaliyə malik bölgələr haqqında mübahisəli məsələlər müzakirə obyekti ola bilər;
  • respublikalar mübahisəli ərazilərlə bağlı öz aralarında razılığa gələ bilmədikdə bu mübahisələr arbitraj yolu ilə həll olunur.

Konfransda, həmçinin, birgə bon buraxılmasına, köçəri əhalinin hərəkət qaydalarına, iqtisadi əməkdaşlığa dair də mühüm razılaşmalar əldə edildi.

Azərbaycan nümayəndəliyinin təkidi ilə konfrans Şimali Qafqazın işğalını öz müqəddəratını təyin etmiş xalqlarını ərazisinin Denikin könüllü ordusu tərəfindən işğalı kimi pisləyən qətnamə qəbul etdi. Qətnamədə bu qüvvələrin bütün Cənubi Qafqaz respublikalarının müstəqilliyinə bilavasitə təhlükə törətdiyi də qeyd olunurdu. Ermənilərin mövqeyinə gəldikdə isə, bunun bir səbəbi onların sərhəd zolağından uzaqda yerləşməsi ilə bağlı idisə, digər səbəbi ermənilərlə könüllü ordu arasında gizli saziş olmasından irəli gəlirdi. Bu sazişə əsasən, könüllü ordu Azərbaycana və Gürcüstana hücum edəcəyi halda, ermənilər onlara kömək göstərməli idi. Ermənilər bu hücum zamanı Azərbaycana və Gürcüstana olan ərazi iddialarını da hərbi yolla reallaşdırmaq niyyətində idilər.[1]

1919-cu ilin yazında regionda vəziyyətin kəskin dəyişməsi, Denikin ordusunun Dağlılar Respublikasını işğal etməsi və sürətlə cənuba doğru irəliləməsi, Azərbaycan və Gürcüstan üçün ciddi təhlükə yaratması konfransın işində gərginliyə səbəb oldu. Ermənistan nümayəndəliyinin Denikin ordusunun Dağıstanı işğal etməsinə və Cənubi Qafqaza qarşı təcavüzkar hərəkətlərinə reaksiya verməməsi Denikinlə Ermənistan arasında gizli razılaşma bağlanması haqqında haqlı şübhələr doğurdu. Belə bir şəraitdə Zaqafqaziya Konfransının digər iştirakçıları: Azərbaycan və Gürcüstan nümayəndəlikləri 1919-cu il iyunun 9-da keçirdikləri iclasda Denikin ordusunun Şimali Qafqazdakı işğallarını kəskin şəkildə pislədilər və Azərbaycan tərəfinin təklifi ilə Qafqazın müstəqilliyinin məhvinə yönəlmiş təcavüzün qarşısını almaq tədbirlərini müzakirə etdilər. Danışıqlar nəticəsində 1919-cu il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında hərbi-müdafiə sazişi imzaladı. Sazişin 10-cu paraqrafı Ermənistanın 2 həftə ərzində ona qoşulmasına imkan verirdi, lakin Ermənistan Respublikası bundan imtina edərək, Azərbaycana qarşı düşmənçilik hərəkətlərini gücləndirdi, beləliklə Zaqafqaziya Konfransı qərarlarının bütün region miqyasında həyata keçməsinə mane oldu.[2]

Mənbə

Ədəbiyyat

  • Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001.
  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (19181920-ci illər), B., 1993.

İstinadlar

  1. Zaqafqaziya Konfransı // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 453-454. ISBN 9952-417-44-4.
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh 112

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.