Zakir Abdullayev

Abdullayev Zakir Bunyat oğlu (1937, Qaracəmirli, Şamxor rayonu) — geologiya-mineralogiya üzrə elmlər doktoru.[1]

Zakir Abdullayev
Abdullayev Zakir Bunyat oğlu
Doğum tarixi 1937
Doğum yeri
Elmi dərəcəsi geologiya-mineralogiya üzrə elmlər doktoru
Təhsili
Mükafatları "Tərəqqi" medalı

Həyatı

Abdullayev Zakir Bunyat oğlu 1937-ci ildə Azərbaycanın Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1959-1962-ci illərdə Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Geologiya İdarəsində işləmişdir. 1962-ci ildə Azərbaycan SSR EA Kimya İnstitutunun aspiranturasına daxil olur və "Geokimya" İnstitutuna (Moskva ş.) göndərilir. 1968-ci ildə "Kiçik Qafqazın ultraəsasi süxurlarında dəmir fəsiləsi elementlərinin geokimyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən 2003-cü ilə qədər Azərbaycan MEA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) "Nadir elementlərin geokimyası" sektoruna rəhbərlik etmişdir. 1992-ci ildə "Kiçik Qafqazın ofiolit assosiasiyasının, bazit-hiperbazit kompleksi" (petrokimya, geokimya və filizliliyin geokimyəvi kriteriləri) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi fəaliyyəti

O, petrologiya və maqmatik proseslərin geokimyası sahəsində görkəmli mütəxəssisdir. Onun elmi fəaliyyəti ofiolit assosiasiyasının bazit-hiperbazit kompleksinin və onlardan törənən məhsulların petroloji-geokimyəvi xüsusiyyətlərinin və filizliliyinin tədqiqi ilə bağlıdır. Onun tərəfindən ilk dəfə olaraq bu süxur kompleksinin heterogenliyi müəyyən edilmiş, təsnifatı verilmiş, filizliliyinin geokimyəvi kriterisi işlənib hazırlanmış, nadir elementlərin tapılma formaları təyin olunmuş, hiperbazitlərin serpentinləşmə və listvenitləşməsi zamanı kimyəvi elementlərin miqdari dəyişməsinin təyini üzrə tədqiqatlar aparılmışdır. O, həmçinin Saatlı ən dərin quyusunun açılmış süxurlarında nadir elementlərin yayılmasının qanunauyğunluğunu müəyyən etmişdir. Son illər odadavamlı materiallar əldə etmək məqsədilə seolitəbənzər adsorbentlər və xammal almaq üçün serpentinitlərə perlitin əlavə edilməsi yolu ilə termik və hidrotermal çevrilmələri üzrə təcrübələr aparır.

Z.B.Abdullayevin 140-ə yaxın elmi məqaləsi və 3 monoqrafiyası dərc olunmuşdur.

Təltif və mükafatları

  • "Tərəqqi" medalı ilə təltif olunub.[2]

İstinadlar

  1. "Abdullayev Zakir Bynyat oglu". science.gov.az (az.). AMEA. 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 yanvar 2022.
  2. "gia.az". 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.

Mənbə

  • "Azərbaycanın geoloq və geofizik alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2004, 362 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.