Zahid Şərifov

Zahid Ziyatxan oğlu Şərifov (azərb. Şərifov Zahid Ziyatxan oğlu; 8 yanvar 1962, Kiçik Məzrə, Basarkeçər rayonu6 avqust 2022) — professor[1]

Zahid Şərifov
Zahid Ziyatxanoğlu Şərifov
Doğum tarixi
Doğum yeri Qərbi Azərbaycanın Göyçə mahalının Kiçik Məzrə kəndi
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Bakı şəhəri
Vəfat səbəbi İnfarkt
Dəfn yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi texnika
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi adı professor
Üzvlüyü Yeni Azərbaycan Partiyası
Mükafatları "Tərəqqi" medalı

Həyatı

Şərifov Zahid Ziyatxan oğlu 08.01.1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən Azəırbaycan Texniki Universitetində baş laborant, assistent, baş müəllim, dosent və 2008-ci ildən 2010-cu ilədək "Konstruksiya və kompozisiya materiallarının texnologiyası" kafedrasında professor vəsifəsində işləmişdir. 1992-ci ildə aspiranturanı bitirərək Azərbaycan Elmlər Akademiyasının D004.08.01 İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir.

2004-cü ildə AzTU-nun D02.031 şifrəli Dissertasiya Şurasında doktorluq dissertasiyasını müdafiə edərək, materialşünaslıq sahəsində texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2010-cu ildə ona AAK tərəfindən professor elmi adı verilmişdir. 1984–1995-ci illərdə Azərbaycan Politexnik İstitutunda Tələbə həmkarlar ittifaqı komitəsinin sədri vəzifəsində çalışmışdır. 1995–2001-ci illərdə isə Texniki Universitetin professor-müəllim heyətinin Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur.

Azərbaycan Dövlət Dəniz Akademiyasının "Gəmiqayırma və gəmi təmiri" kafedrasında 1997–2003-cü illərdə dosent və 2003-cü ildən 2010-cu ilədək həmin kafedranın müdiri və professoru vəzifəsində işləmişdir. 2010-cu ildən 2014-cü ilədək "Dəniz texnikası və texnologiyası" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2014-cü ildən 2017-ci ilin iyun ayınadək Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Dəniz Akademiyasının Tədris və tərbiyə işləri üzrə prorektoru olmuşdur.[2]

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Dissertasiya Müdafiələrinin Şura üzvü və sədridir. Həmçinin Beynəlxalq Maşınqayıranlar İttifaqının üzvüdür.

Elmi-tədqiqat işləri gəmiqayırma, metallurgiya və maşınqayırma sənayeləri üçün yüksək korroziya davamlılığına malik ərintilərin yaradılması və metallaşdırılmış dispers qeyri-metal qatışıqlara malik ovuntu kompozisiya materiallarının işlənməsi problemləri ilə əlaqədardır. 150-dən çox elmi əsəri, 3 monoqrafiyası, 7 dərsliyi və 5 ixtirası vardır.

Beynəlxalq xülasələndirmə və indeksləndirmə sistemlərində "Web of science"-a daxil olan "International Journal on Marine Navigation and Safety of Sea Transportation " (Polşa), "Journal of Maritime and Engineering" (Latviya, Litva, Estoniya)," Водный транспорт " (Ukrayna) kimi jurnalların redaksiya heyətinin üzvüdür. Ailəlidir, 3 övladı var.

Elmi rəhbərliyi altında 5 doktorant və dissertant müvəffəqiyyətlə dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

6 avqust 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.[3]

Siyasi fəaliyyəti

1995-ci il parlament seçkilərində Zahid Şərifov Azərbaycan Milli İstiqlal Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 12-ci sırada olmuşdur.[4] Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan[5] Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri 3-cü sırada tamamlamış və siyahısından ilk 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn deputat seçilmişdir.[6] Zahid Şərifov isə deputat seçilə bilməmişdir.

Zahid Şərifov daha sonra Yeni Azərbaycan Partiyası üzvü olmuşdur.

Təltif və mükafatları

17.09.2012-ci il tarixində AR Dövlət Dəniz Administrasiyası kollegiyasının "Donanmanın fəxri işçisi" döş nişanı və 24.06.2014-cü il tarixində AR Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[7]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.