Zəroş Həmzəyeva

Zəroş Mirzəbağır qızı Həmzəyeva (Əliyeva) (22 mart 1925, Nehrəm6 iyun 2004, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), "Şöhrət" ordenli (2000)‚ Prezidentin fəxri təqaüdçüsü (1995).[1]

Zəroş Həmzəyeva
Doğum tarixi 22 mart 1925(1925-03-22)
Doğum yeri
Vəfat tarixi 6 iyun 2004(2004-06-06) (79 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Həyat yoldaşı
Uşağı
Atası Mirbağır bəy Əliyev
Anası Əfşan xanım Makulu
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1941-ci ildən
Mükafatları
"Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1967 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1964
"Şöhrət" ordeni  — 2000

Həyatı

Zəroş Mirzəbağır qızı Həmzəyeva 22 mart 1925-ci ildə Naxçıvan MSSR-in Nehrəm kəndində doğulub. Qızlıq soyadı Əliyevadır. Məşhur aktyor və rejissor İbrahim Həmzəyevlə ailə həyatı qurandan sonra "Həmzəyeva" soyadını daşıyıb. Aktrisa kimi də məhz "Zəroş Həmzəyeva" kimi məşhurlaşıb.

Zəroş Həmzəyevanın atası dövrünün tanınmış ziyalılarından olub. O, qızının təhsil almasına xüsusi səy göstərib. Anası Əfşan xanım Makulu İrəvanın tanınmış kübarlarından olan İbrahim xanın qızıdır. İbrahim xan poeziyaya və musiqiyə rəğbət bəsləyib.

Zəroş xanım orta təhsili Nehrəm kəndində alıb. Doqquz-on yaşlarından şeir söyləməyə, deklamasiyaya meyil göstərib. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə, on altı yaşında çıxıb. Onu peşəkar səhnəyə İbrahim Həmzəyev cəlb edib. İlk səhnə obrazı kimi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyasında Yetər rolunu oynayıb.

Zəroş Həmzəyeva 2004-cü il iyun ayının 6-da Bakıda vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Fəaliyyəti

Yeniyetmə qız səhnəyə ilk çıxışından maraqlı oyun nümayiş etdirib. Sərbəstliyi və emosional dəyişmə bacarığı ilə teatrın kollektivini heyran qoyub. Ona görə də elə həmin vaxtdan teatrın truppasına aktrisa götürülüb. Qısa müddətdə teatrın aktyor ansamblına uyuşub və bir neçə ildə kollektivin qabaqcıl sənətkarı kimi şöhrət və rəğbət qazanıb. Zəroş Həmzəyeva 1948-ci ildə həyat yoldaşı İbrahim Həmzəyevlə birlikdə Qaryagin (indiki Füzuli) Dövlət Dram Teatrında aktrisa işləyib. Bir il ərzində burada ondan çox səhnə obrazında çıxış edib.

Aktrisa bir sıra tamaşalarda, xüsusən "Vaqif" tamaşasında Xuraman rolunda Akademik teatrın görkəmli sənətkarları ilə tərəfmüqabil olub. Teatr ictimaiyyəti hər dəfə onun ifasını yüksək qiymətləndirib.

İfa etdiyi rollar

Zəroş Həmzəyeva dramaturq Cəfər Cabbarlının qadın qəhrərnanlarının ən yaxşı ifaçılarından sayılır. O, müxtəlif illərdə və müxtəlif rejissorların quruluşlarında ədibin "Solğun çiçəklər" (Sara), "Nəsrəddin şah" (Sitarə), "Aydın" (Gültəkin), "Sevil" (Sevil), "Almaz" (Almaz və Yaxşı), "1905-ci ildə" (Sona), Süleyman Rəşidinin (Əliyev) "Canlı heykəl" (Anna İvanovna),[2] ("Od gəlini" (Solmaz), "Oqtay Eloğlu" (Firəngiz), "Yaşar" (Yaqut) dramlarının tamaşalarında baş rolları ifa edib. Bu rolların bir qisınıni ayrıayrı quruluşlarda təkrarən oynayıb. Aktrisanın baş rollar siyahısında Xumar, Südabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Estrelya ("Sevilya ulduzu", Lope de Veqa), Şirin və Məryəm ("Fərhad və Şirin", Səməd Vurğun), Gülcahan ("Nadir şah", Nəriman Nərimanov), Süsən ("Namus", Aleksandr Şirvanzadə), Gülcamal ("Qatır Məmməd", Zeynal Xəlil), Dezdemona ("Otello", Vilyam Şekspir), Zinyət və Zalxa ("Toy", Sabit Rəhman), Məhzəti, İsmət ("Məhsəti" və "İsmət", Kəmalə Ağayeva), Mətanət ("Çicəkli dağ", Məmmədhüseyn Təhmasib), Luiza ("Sahil əməliyyatı", Cəmşid Əmirov), kruçinina ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) kimi sanballı xarakterlər var.

Xarakterik rollar oynamaqda Zəroş Həmzəyeva geniş yaradıcılıq imkanlarına malik idi. Aktrisa əlvan ifadə vasitələri ilə Aqafiya ("Evlənmə", Nikolay Qoqol), Göyərçin ("Ədalət", Bəxtiyar Vahabzadə), Fəxrəndə ("Bayramın birinci günü", Nazim Hikmət), Xuraman ("Vaqif", Səməd Vurğun), Südabə ("Günəş doğur", Əbülfəz Abbasquliyev), Ana ("Ana ürəyi", Islam Səfərli), Həyat ("Həyat", Mirzə İbrahimov), Nazlı ("Nişanlı qız", Sabit Rəhman), Diləfruz ("Odlu diyar", Hüseyn Razi), Reyhan ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yeganə ("Ibrahim", Cabbar Məcnunbəyov), Pəri ("Pəri cadu", Əbdurrəhim bəy Haqverdiyev), Mehriban ("Vicdan əzabı" Əlyar Yusifli), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Fəxrəndə ("Bayramın birinci günü", Nazim Hikmət), Münəvvər ("Toros canavari", Əziz Nesin), Mirondalina ("Mehmanxana sahibəsi", Karlo Haldoni), At Balaxanım ("Adamın adamı", Anar), Mələk xanım ("İtirilmiş sağlıq", Hüseyn İbrahimov), Zöhrə ("Eşq və intiqam", Süleyman Sani Axundov) rollarını oynayıb. Zəroş xanımın kiçik, lakin ürəyəyatımlı və şirin səsi olub. Buna görə də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Leyli və Leylinin anası), "Əsli və Kərəm" (Əsli) operalarında, "Arşın mal alan" (Gülçöhrə, Telli və Asya), "Məşədi İbad" (Gülnaz), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (Pərizad), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Durna və Lalə), Məcid Şamxalovla Zakir Bağırovun "Qaynana" (Afət) operettalarında əsas partiyaları ifa edib. Onun yüksək səhnə mədəniyyəti və ifadə zənginliyi oynadığı musiqili tamaşa obrazlarına dinamik ritm və emosional təravət verib.

Zəroş Həmzəyeva daxilən ehtiraslı və çılğın aktrisa idi. Bu keyfiyyətləri son dərəcə həssas meyarlarla oynadığı obrazların xarakterlərinə uyğun şəkildə, fərqli ştrixlərlə canlandırırdı. Ona görə də bu ehtiras və bu çılğınlıq bir-birindən fərqlənirdi.

Aktrisa faciə obrazlarında qatı boyalarla, dramatik personajların ifasında tipik ştrixlərlə, lirik rollarda zərif psixologizmlə təcəssüm tapırdı.

Aktrisanın musiqili səsi vardı, səhnə danışığı aydın, səlis, ifadəli və cazibəli idi. Zəroş xanım hər rolun məzmun tutumuna, ictimai-psixoloji ruhuna, daxili dramatizmınin gərginliyinə uyğun olaraq səsinin variasiyalarından məharətlə istifadə edirdi. Səhnədə həssas və diqqətcil yöndaş olması ilə seçilib. Mürəkkəb kompozisiyalı, kəskin dramatizmli tamaşaların çətin psixoloji məqamlarda da səhnə diqqətini saxlaya bilirdi. Zəroş Həmzəyeva vəziyyətin mahiyyətini dəqiq qiymətləndirirdi. Bununla da epizodda iştirak edən aktyor və ya aktrisanın psixoloji hadisəni sərbəst oynamalarına, onun fəlsəfi mahiyyətini tamaşaçılara dürüst çatdırmalarına, əsas vurğunu rejissorun ali məqsədinə yönəltmələrinə zəmin yaradırdı.

Təltif və mükafatları

Zəroş Həmzəyeva 14 oktyabr 1964-cü ildə "Azərbaycan SSR əməkdar artisti", 21 oktyabr 1967-ci ildə isə "xalq artisti" fəxri adlarına layiq görülüb. O, 1995-ci ildə fəxri təqaüdə çıxıb.[3] 27 mart 2000-ci ildə "Şöhrət" ordeni təltif edilib.[4]

Filmoqrafiya

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.