Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər).[1][2]
Zərifə Budaqova | |
---|---|
Doğum tarixi | 28 aprel 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 1989 (60 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Budaq Budaqov |
Atası | İsmayıl Budaqov |
Elm sahəsi | türk dilləri |
Elmi dərəcəsi | filologiya elmləri doktoru (1963) |
Elmi adı | professor (1968) |
İş yeri | |
Təhsili | |
Tanınır | dilçi alim |
Üzvlüyü | AMEA |
Həyatı
Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir.[1]
Elmi fəaliyyəti
Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib.[1]
Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub.[1]
Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib. Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirib.[1]
Əmək fəaliyyəti
Zərifə Budaqova 1953–1955-ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışmış, 1955-ci ildən 1989-cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik edib.[1]
Dilçi alim 1984–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988–1989-cu illərdə direktoru vəzifəsində çalışıb.[1]
Ailəsi
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Budaq Budaqovun həyat yoldaşıdır.[1]
İstinadlar
- "Budaqova Zərifə İsmayıl qızı" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
- "AMEA-nın müxbir üzvü Zərifə Budaqovanın 90 illik yubileyinə" (Azərbaycan). www.anl.az. 2020-02-26 tarixində arxivləşdirilib.
- Зәрифә Исмајыл гызы Будагова // Коммунист. № 259 (21027). 11 нојабр 1989-ҹу ил. С. 4.