Zəngəzur dəhlizi
Zəngəzur dəhlizi[1] — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizi.
Tarix
1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Azərbaycan SSR hökuməti 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb edir.
10 avqust 1920-ci il tarixində RSFSR ilə Birinci Ermənistan Respublikası arasında bir müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə RSFSR-in Qırmızı Ordusu Ermənistanla Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini nəzrətə götürür. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarılır. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olunur. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunUR. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur – əhalisinin bir hissəsi kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış[2], 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmiş olur.[3]. Bununla da Azərbaycan ilə onun bir hissəsi olan Naxçıvan arasında quru əlaqəsi kəsilir. Üstəlik 1929-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin (1930-cu ilin əvvəllərində) torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir[4]. Bununlada Azərbaycanın əraziləri arasında məsafə daha da artmışdır.
Dağlıq Qarabağ atəşkəs bəyanatı
İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.
9. maddə:
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. |
Bəyantın şərtinə əsasən Zəngəzur dəhlizi eni 5 km olan Laçın dəhlizindən fərqli olaraq ərazi dəhlizi deyil, nəqliyyat dəhlizi funksiyası rolunu oynayacaqdır.
İstinadlar
- "Zəngəzur dəhlizi: Bakı və Ankara nə qazanacaq?". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
- Скибицкий А.М. Карабахский кризис // Союз, 1991, №7; Гейдаров Н.Г. В горах Зангезура. Баку, 1986, с.3
- "Zəngəzurun itirilməsindən 90 il ötür". 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
- "Muxtariyyətin 9 kəndi". 2014-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.