Zəhərlənmə
Zəhərlənmə — orqanizmə zəhər və ya toksinlərin düşməsi ilə meydana gələn xəstəlik və ya rahatsızlanma, habelə bu xəstəliyə gətirib çıxaran hərəkətlər (məsələn, kiminsə zəhərlənməsi və ya zəhərlə öldürülməsi).
Kəskin zəhərlənmə zamanı orqanizmə birdən-birə çoxlu miqdarda toksik maddə daxil olur. Daxilolma təkcə mədə-bağırsaq yolu ilə deyil, həm də tənəffüs sistemi, dəri, inyeksiya və s. yollarla mümkündür. İlk yardım zamanı öncə zəhərin nə olduğu, nə qədər qəbul edildiyi, hansı yolla qəbul edildiyi, nə qədər vaxt keçdiyi nəzərə alınmalıdır.
Təcili tədbirlər 3 istiqamətdə aparılır:
- 1. Zəhəri orqanizmdən mümkün qədər çıxarmaq. Əgər xəstə zəhəri ağızdan qəbul edibsə tez mədə yuyulmalı, çox vaxt keçibsə həm də işlədicilər verilməli, imalə olunmalıdır. Mədəni yumaq üçün xəstə çoxlu miqdarda otaq temperaturunda su içib qusmalıdır. Suya 4-5 tablet aktivləşdirilmiş kömür əlavə etmək olar. Əgər zəhər dəriyə düşübsə dəri təcili yuyulmalıdır. Tənəffüs sistemi vasitəsilə zəhərlənmələrdə (məsələn, dəm qazı) xəstə həmin yerdən uzaqlaşdırılmalı, təmiz havaya çıxarılmalıdır. Həkim yardımı zamanı oksigen balonlardan istifadə olunur.
- 2. İkinci mərhələdə antidot verilir. Antidot qəbul edilmiş zəhərin əksinə təsir göstərən, onun aktivliyini azaldan, onu orqanizmdən çıxaran maddədir. Zəhərlər müxtəlif olduğu kimi, antidotlar da müxtəlifdir.
Ən çox təsadüf olunan zəhərlənmələrdə işlədilən bəzi antidotlar aşağıdakılardır:
- Turşu məhlulu (essensiya, sirkə turşusu) qəbul edilibsə, xəstənin mədəsini soda məhlulu ilə yumaq lazımdır.
- Metil spirti və kalium-permanqanatla zəhərlənmə etil spirti və 5%-li C vitamini ilə, gümüş-nitrat adi duz məhlulu ilə neytrallaşdırılır.
Demək olar ki, bütün zəhərlənmələrdə, ən çox da dərman zəhərlənmələrində aktivləşdirilmiş kömür suya qatılıb antidot kimi qəbul oluna bilər. Çünki aktivləşdirilmiş kömür güclü adsorbentdir və mədə-bağırsaq yolunda olan zəhərli maddələri özünə hopdurur. Hər ehtimala qarşı hamının evində bu ucuz dərmanın olması məsləhətlidir.
- 3. Simptomatik müalicə — birbaşa olaraq zəhərin zədələdiyi orqanın funksiyasının bərpasına yönəldilir və əsasən həkimlər tərəfindən həyata keçirilir. Yalnız ağır hallarda – tənəffüsün dayanması, klinik ölüm baş verərsə yanında olan şəxs təxirəsalınmaz yardım göstərməlidir.