Zəfər Quliyev
Zəfər Hüseyn oğlu Quliyev – siyasi ekspert, analitik, publisist, politoloq, fəlsəfə elmləri namizədi, dosent.
Zəfər Quliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Tiflis |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasi ekspert, analitik və publisist, ölkənin aparıcı politoloqlarından biri, fəlsəfə elmləri namizədi |
Elmi dərəcəsi |
|
Həyatı
Zəfər Quliyev 14 iyul 1951-ci ildə Gəncədə anadan olub. Ata tərəfi Tovuz rayonundandır. Kiçik yaşlarından Bakıda yaşayır və işləyir. 1968-ci ildə Bakıdakı 189 saylı orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Politexnik İnstitutuna daxil olub. Ancaq bir il oxuduqdan sonra öz istəyi ilə bu ali məktəbi etmişdir. 1971–1973-cü illərdə Sovet ordusu sıralarında Gürcüstanda hərbi xidmət keçib. Serjant və tank komandiri olub. "Qvardiya" və "Sovet Ordusu Əlaçısı" döş nişanları ilə təltif olunub.
1974-cü ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Tələbəlik dövründə institutun Tələbə Elmi Cəmiyyətinə rəhbərlik edib. Respublika və regional tələbə elmi konfranslarında üç dəfə birinci dərəcəli Diploma, qiymətli mükafatlara, həmçinin Çexoslavakiyaya həvəsləndirici məzuniyətə layiq görülüb. Əla təhsilə və fəal ictimai fəaliyyətə görə M. F. Axundov adına fərdi təqaüdə layiq görülüb. Ali məktəbi qırmızı diplomla və "Əla təhsilə görə" döş nişanı ilə bitirib.
Təhsilini bitirdikdən sonra institut rəhbərliyinin xüsusi qərarı ilə Lomonosov adına Moskva Dövlət Universitetinin ədəbiyyat üzrə aspiranturasına göndəriş alıb. Lakin o bu təklifdən imtina etmiş, İsmayıllıda bir neçə il rus dili və ədəbiyyatı müəllimi işləmək qərarına gəlmişdir.
Zəfər Quliyev 29 yanvar 2015-ci ildə ürəktutmasından Tiflisdə vəfat edib.
Ailəsi
Atası Quliyev Hüseyn Mürsəl oğlu (1913-2009) İkinci Dünya müharibəsinin iştirakçısı olmuş, kapitan rütbəsi olmuşdur. Müharibə sonrası illərdə müxtəlif partiya vəzifələrində çalışmışdır. Azərbaycan KP MK-da təlimatçı, Gəncə Şəhər Vilayət Komitəsinin katibi, Səfərəliyev və İsmayıllı rayonlarının 1-ci katibi, 12 saylı Quba Meyvə Sovxozunun direktoru, Azərbaycan Sovxozlar Nazirliyinin baş aqronomu vəzifələrində və s. işləyib. 3, 4 və 5-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP və Sov. İKP qurultaylarının nümayəndəsi olub, MK-ya namizəd və Təftiş Komissiyasına üzv seçilib. Həyatı ərzində bir sıra medallarla, diplomlar və mükafatlarla təltif edilib, adı respublikanın "Şərəf kitabı"na daxil edilib .
Anası Cəfərova Zəhra Əbdülkərim qızı əslən Qazaxdandır. O, institutun biologiya fakültəsini bitirib 1994-cü ildə 72 yaşında vəfat edib.
Qardaşı Quliyev Həsən Hüseyn oğlu – fəlsəfə elmləri doktoru, professor, filosof və politoloq, yüzlərlə məqalənin, Azərbaycan xalqının mentalitetinə və idrak nəzəriyyəsi problemlərinə dair bütöv sıra elmi monoqrafiyaların müəllifidir. AEA-nın Fəlsəfə İnstitutunun şöbəsinə rəhbərlik edib.
Əmək fəaliyyəti
İsmayıllıdakı 1 nömrəli şəhər məktəbində iki il müəllim işlədikdən sonra Zəfər Qulyev Bakıya qayıdıb. 1981-ci ildə Zəfər Quliyev Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə və sosioloji psixologiya üzrə əyani aspiranturaya daxil olub. Buranı uğurla başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda sosial fəlsəfə və sosiologiya üzrə şöbəyə elmi işçi təyin edilib. 1985-ci ilin aprelində Xarkov Dövlət Universitetində fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1986-cı ilin sentyabrında Zəfər Quliyev Elmlər Akademiyasından Bakı Ali Partiya Məktəbinə dəvət edilib. Burada, Fəlsəfə Kafedrasında ta 1990-cı ilin yanvarınadək o, dosent qismində sosial fəlsəfə və politologiyadan dərs deyib, həmçinin, çoxtirajlı institut qəzetinin baş redaktoru olub. 1990-cı il 20 yanvar hadisələrdən sonra Zəfər Quliyev partiyadan və işdən çıxmaq haqda ərizə yazaraq, 1990-cü ilin fevralında Fəlsəfə və Hüquq İnstitutuna qayıdıb. Burada isə o, 1998-ci ilədək — əvvəlcə böyük, sonra isə aparıcı elmi əməkdaş kimi çalışıb. Zəfər Quliyev həmin illərdə elmi fəaliyyətlə yanaşı, aktiv pedaqoji işlə də məşğul olub: ölkənin bir sıra dövlət və özəl ali məktəblərində fəlsəfədən, sosiologiyadan və politologiyadan dərs deyib.
1996–2010-cu illərdə "Turan" İnformasiya Agentliyinin "Ekspert qrupu"nun üzvü, sonra isə rəhbəri işləyib. Bu müddətdə həmçinin, "Caspian Basin" jurnalının baş redaktoru olub, aylıq "Azərbaycanın siyasi monitorinqi" bülletenini buraxıb, müntəzəm şəkildə analitik məqalələr yazıb, mütəmadi olaraq ekspert sorğuları keçirib, habelə xüsusi layihələrin hazırlanmasında iştirak edib.
2011-ci ilin yanvarında Zəfər Quliyevə Rusiyanın aparıcı "Regnum" İnformasiya Agentliyində Azərbaycan üzrə siyasi icmalçı qismində iş təklif olunub. Agentliyin rəhbərlik dəyişikliyindən sonra, 2012-ci ilin mayından "Regnum"la əməkdaşlıqdan imtina edib.
2012-ci ilin payızında Zəfər Quliyevin aktiv iştirakı və köməyi ilə "minval.az" müstəqil və rusdilli informasiya-analitik portalı yaradılıb. Portalda o, baş məsləhətçi funksiyasını yerinə yetirir və müntəzəm şəkildə aktual ictimai-siyasi mövzularda özünün analitik məqalələrini təqdim edirdi. Bir zamanlar Zəfər Quliyevin fəal dəstəyi ilə çap edilən rusdilli həftəlik "Minval" qəzeti də çıxır.
Siyasi fəaliyyəti
1995-ci il parlament seçkilərində Zəfər Quliyev Azərbaycan Milli Dövlətçilik Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 3-cü sırada olmuşdur.[1] AMDP proporsional seçkilərdə ümumi səslərin 1.20%-ni toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Zəfər Quliyev isə deputat seçilə bilməmişdir.[2]
Xarici keçidlər
- modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X