Zülfiyyə Hüseynova
Zülfiyyə Hüseynova (15 oktyabr 1970, Qaradağlı, Jdanov rayonu) — Azərbaycanı təmsil edən samboçu, cüdoçu və para-cüdoçu, sambo üzrə 5 dəfə Dünya Çempionatlarının, 2 dəfə isə Avropa Çempionatlarının qalibi.[1]
Zülfiyyə Hüseynova | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Zülfiyyə Yusif qızı Hüseynova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | 15 oktyabr 1970 (53 yaş) |
Doğum yeri | |
Boyu | 164 sm. (5 ft 6 in) |
İdman növü | Sambo, cüdo və para-cüdo |
Məşqçisi | Tərlan Poladov |
Həyatı
Zülfiyyə Yusif qızı Hüseynova 1970-cı il oktyabrın 15-də Beyləqan rayonunun Qaradağlı qəsəbəsində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutu, 1998-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirib.
1986-cı ildən idmanla məşğul olur. Zülfiyyə Hüseynova idmana başlamasından 2 həftə sonra, 15 yaşında sambo üzrə Azərbaycan SSR Çempionatının bürünc medalına sahib oldu. Qısa müddət sonra isə sambo üzrə yeniyemətlər arasında Azərbaycan SSR Çempionatının qalibi oldu.
Karyerası
Karyerası ərzində Zülfiyyə Hüseynova sambo üzrə dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. 1992, 1994, 1995, 1996, 1997-ci illərdə Zülfiyyə Hüseynova bütün rəqibləri üzərində qələbə qazanaraq sambo üzrə Dünya Çempionatlarının qızıl medallarına sahib oldu. 1998 və 1999-cu illərdə isə o, final görüşlərində məğlub olaraq turniri gümüş medallarla başa vurdu. Avropa Çempionatlarında Zülfiyyə Hüseynova 2 dəfə — 1992 və 1995-ci illərdə turnirin qalibi oldu.
Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun 31 yanvar 1991-ci il tarixli 152 nömrəli Fərmanına Zülfiyyə Yusif qızı Hüseynova Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edildi.[2]
Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən isə Azərbaycan idmanında xidmətlərinə görə Zülfiyyə Yusif qızı Hüseynova "Tərəqqi" medalı ilə təltif edildi.[3]
Sambo ilə paralel olaraq Zülfiyyə Hüseynova cüdo ilə də məşğul olurdu. Karyerası ərzində Zülfiyyə Hüseynova dörd dəfə — 1993, 1996, 1997 və 1998-ci illərdə cüdo üzrə Avropa Çempionatlarında bürünc medal uğrunda görüşlərdə məğlub olaraq üçü ardıcıl olmaqla dörd dəfə turniri beşinci pillədə başa vurdu.
Zülfiyyə Hüseynova Azərbaycanı 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Zülfiyyə Hüseynova olimpiadanın 1/8 final mərhələsində İspaniya nümayəndəsi İzabel Fernandez ilə üz-üzə gəldi.[4] Həmin görüşdə Zülfiyyə Hüseynova rəqibinə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi.[4] Təsəlliverici qrupun birinci görüşündə Zülfiyyə Hüseynova Avstraliya nümayəndəsi Narelle Hila ipponla qalib gəldi.[4] Zülfiyyə Hüseynova növbəti görüşdə Macarıstan nümayəndəsi Mariya Pehliyə qalib gəlsə də, üçüncü görüşdə Belgium nümayəndəsi Mariya Lombaya məğlub oldu və olimpiada yeddinci pillədə başa vurdu.[4]
Dörd il sonra isə Zülfiyyə Hüseynova Azərbaycanı bu səfər 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. Zülfiyyə Hüseynova olimpiadanın təsnifat mərhələsində Avstraliya nümayəndəsi Mariya Peli ilə üz-üzə gəldi.[5] Həmin görüşdə Zülfiyyə Hüseynova rəqibinə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[5] Bu qrupun birinci görüşündə onun rəqibi Kamerun nümayəndəsi Fanços Nqule oldu.[5] Bu görüşdə Zülfiyyə Hüseynova rəqibi üzərində ipponla qələbə qazandı və növbəti mərhələdə adladı.[5] Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Penilla Ribeyro Novais oldu.[5] Həmin görüşdə də Zülfiyyə Hüseynova rəqibinə qalib gəldi və təsəlliverici qrupun üçüncü mərhələsinə adladı.[5] Bu mərhələdə onun rəqibi Yaponiya nümayəndəsi Kie Kusabehe oldu.[5] Həmin görüşdə Zülfiyyə Hüseynova rəqibinə məğlub oldu və olimpiadanı yeddinci pillədə başa vurdu.[5]
Karyerasını başa vurduqdan sonra Zülfiyyə Hüseynova DGK-da çalışmağa başladı. Daxili xidmət mayorudur.
Zülfiyyə Hüseynova veteran cüdoçular arasında baş tutan Dünya Çempionatında 2008-ci ildə qızıl medala, 2009-cu ildə isə gümüş medala sahib oldu. Həmçinin 2017-ci ildə veteran cüdoçular arasında Avropa Çempionatının qalibi olan Zülfiyyə Hüseynova 2018-ci ildə para-cüdo turnirlərdə mübarizə aparmağa başladı.
2018-ci ildə Portuqaliyanın Lissabon şəhərində baş tutan para-cüdo üzrə Avropa Çempionatında bürünc medala sahib olan Zülfiyyə Hüseynova 2021-ci ilin mayında IBSA Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vurdu.
İstinadlar
- Olympedia.org. "Zülfiyyə HÜSEYNOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "İdmançılardan bir qrupunun Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun 31 yanvar 1991-ci il tarixli 152 nömrəli Fərmanı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Fərmanı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- Olympedia.org. "1996 Summer Olympics / Judo / Lightweight (56 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2000 Summer Olympics / Judo / Lightweight (57 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.