Yusif bəy Yusifbəyli

Yusif bəy Həşim bəy oğlu YusifbəyliTürk Sosialist-Federativ İnqilabi Partiyası və ya Qeyrət Partiyasının qurucularından biri, Difai Partiyasının Şuşa təşkilatının rəhbər üzvlərindən biri, Azərbaycan Demokratik Cümhuriyyətinin baş naziri Nəsib bəy YusifbəylininQeyrət Partiyasının qurucularından Həmid bəy Yusifbəylinin atası.

Yusif bəy Yusifbəyli
Şəxsi məlumatlar
Doğum tarixi 1852
Doğum yeri
Vəfat tarixi 1922
Partiya
Atası Həşim bəy Yusifbəyli
Anası Bəşirət xanım
Həyat yoldaşı Cəmilə xanım Xanbudaqova
Uşaqları Oğulları:
Nəsib bəy Yusifbəyli
Həmid bəy Yusifbəyli
Eyyub bəy Yusifbəyli;
Qızları:
Dilşad xanım Yusifbəyli

Həyatı

Yusif bəy 1852-ci ildə Gəncədə tanınmış ziyalı ailəsində anadan olmuşdur. Atası Həşim bəy Gəncə xanı Cavad xanın vəziri Usuf bəyin oğlu Eyyub bəyin oğludur.

Yusif bəy anası Bəşirət xanımın himayəsində böyümüşdür. Peterburqda oğlunu universitetə qoymaq üçün Bəşirət xanım Gəncə qubernatorunun verdiyi sənəd əsasında Rusiya imperatoru II Aleksandrın qəbuluna getmişdir. Yusif bəyi anası ilə birlikdə imperatorun qardaşı qəbul edib və Yusif bəy Peterburq Universitetinin hüquq fakültəsinə qəbul olunur.

Ali təhsil aldıqdan sonra Yusif bəy Gəncəyə qayıdır. Lakin müsəlman olması səbəbi ilə Yelizavetpol Qəza Məhkəməsində aşağı dərəcəli vəzifə olan tərcüməçi vəzifəsinə işə götürülür.

Yusif bəy uzun sürən xəstəlikdən sonra 1922-ci ildə vəfat edib. Ölümünün sürətlənməsinə səbəb isə Nəsib bəy Yusifbəylinin qətl edilməsi xəbərini eşitməsi olub.

Hacıkənddəki ev

Yusif bəyin Hacıkənddə ikimərtəbəli evi vardı. Yaylaq evinə arabir Gəncənin sayılıb-seçilən adamları yığışardı. İstiqlal, müstəqillik, muxtariyyat haqqında çoxlu söhbətlər gedərdi. Hacıkənddə qubernatorun da yaylağı var idi. Qubernatora Yusif bəyin evində yığıncaqlar keçirilməsi barədə məlumat verilir.[mənbə göstərin] Bundan sonra isə ermənilərə evi yandırmaq göstərişi verilir. 1905-ci ilin yanvarında ermənilər həmin evi yandırırlar.

1964-cü ildə Hacıkənddəki İnşaatçılar pioner düşərgəsində ermənilərin yaşadığı Çaykənd kəndindən olan 80 yaşlı Levon düşərgədə ocaqçı işləyirdi. Levon danışırdı:

" 1905-ci ildə Gəncə qubernatoru atamı yanına çağırdı. O vaxt 21 yaşım var idi. Atamla bərabər mən və əmim oğlu da qubernatorun qəbulunda olduq. Qubernator bizə Yusif bəyin Hacıkənddəki evinə od vurmağı tapşırdı. Tapşırığa elə həmin günün axşamı əməl olundu. "

Sonradan yandırılmış evin birinci mərtəbəsini Yusif bəy bərpa etdirib. Sovet vaxtı bu evin bir hissəsində mülki müdafiə komitəsi yerləşirdi.

Siyasi fəaliyyəti

1905-ci ildə Yusif bəy Yusifbəyli, oğlu Həmid bəy Yusifbəyli, dostu Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədov bərpa edilmiş evdə Türk Sosial-Federalist İnqilabi Komitəsini yaradırlar. Toplantıda intibahnamə hazırlanmaq, çap etdirmək və kütlələr arasında paylanmaq qərara alınır.

Təşkilat Azərbaycana muxtariyyat verilməsi və Rusiyanın federativ şəkildə qurulması ideyasını qoyan ilk siyasi qüvvə olmuşdur. Qısa müddət sonra komitənin əsasında Türk Sosialist-Federativ İnqilabi Partiyası və ya Qeyrət Partiyası yaradıldı. Bəzi sənədlərdə yazılana görə partiyanın rəhbərliyinə Ələkbər bəy Rəfibəyli, Yusif bəy Yusifbəyli, Ələsgər bəy Xasməmmədov və Həmid bəy Yusifbəyli daxil idilər. Bəzi mənbələrdə Ələkbər bəy Rəfibəylinin təklifi ilə partiyaya rəhbərliyin Həmid bəy Yusifbəyliyə tapşırıldığı qeyd olunub.

Azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq məqsədilə Əhməd bəy Ağaoğlu 1906-cı ildə Şuşada Difai Partiyasını yaratdı.

Difai Partiyasının Gəncə təşkilatının ilk sədri Məhəmmədəli Pişnamazzadə, müavini isə Ələkbər bəy Rəfibəyli idi. Ələkbər bəy Xasməmmədov və qardaşı Ələsgər bəy Xasməmmədov, doktor Həsən bəy Ağayev, Ələkbər bəy Rəfibəyli, Şeyxülislam Məhəmmədəli Pişnamazzadə, Yusif bəy Yusifbəyli və oğlu Həmid bəy Yusifbəyli, gimnaziyada din müəllimi işləyən Mirzə Məhəmməd Axundzadə, müəllim Mirzə Cavad, gənc müəllimlərdən İdris Axundzadə və başqaları Gəncədə təsis olunan Difai Təşkilat Komitəsinin üzvləri idilər.[1]

Həm Qeyrət Partiyasının, həm də Difai Partiyasının gizli yığıncaqları Yusif bəyin Hacıkənddəki "Lemsə bulağı" deyilən yerdəki yaylaq evində keçirilirdi. Çünki, bu ev şəhərdən nisbətən uzaq ərazidə yerləşirdi.

1917-ci il fevral inqilabından sonra Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Qeyrət Partiyası siyasi arenaya yeni ad altında — Türk Ədəmi-Mərkəziyyət Partiyası kimi daxil oldu. Bundan sonra Yusif bəy öz siyasi fəaliyyətini dayandırıb.

Varidatı

Gəncə Toxuculuq Kombinatının ərazisi, Yeni İrəvan qəsəbəsinin sahəsi, "Quruqov" adlanan torpaqlar, Gəncənin kənarındakı Quşqara deyilən yerdəki ağ torpaqlar Yusif bəyə məxsus olub.

Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədlərindən məlum olur ki, şəhərin kənarında Yusif bəyin kərpic zavodu da olub. Yusif bəy Gəncədə üç kəhriz çəkdirib. Həmin kəhrizlərdən biri Yusif bəyin məhləsində, biri toxuculuq kombinatının ərazisində, biri isə yeni İrəvan qəsəbəsi yerləşən yerdə çəkilib. 1960-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərən kəhrizlər baxımsızlıqdan batıb.

Ailəsi

  • Ulu babası — Usub bəy Gəncə xanlığının vəziri. Usuf bəy Cavad xanın vəziri olmuşdur. Usuf bəyin bacısı Şükufə xanım Cavad xanın həyat yoldaşı idi. Nəsib bəyin ulu babası Usuf bəy Cavad xanın dəftərxanasında ilk məktəb açmışdır. Bütün həyatı boyu həmvətənlərinin elmli, təhsilli olması naminə çalışmış və onun əməllərinin şöləsi bütün nəslin yolunu işıqlandırmışdır.
  • Babası Eyyub bəy — 1804-cü ildə Cavad xan öldürüləndə rus zabiti onun meyidinə tüpürməsini istəyib. Eyyub bəy kütlə içindən çıxaraq rus zabitini öldürmüşdü.
  • Atası Həşim bəy — iş üçün İrana gedir və bir daha geri qayıtmır.
  • Anası Bəşirət xanım — dövrünün maarifpərvər qadınlarından idi. Bəşirət xanım Üzeyir bəy Hacıbəyov atası Əbdülhüseyn bəyin bibisidir. Gəncədə xüsusi rus məktəbinin açılmasında fəal iştirak etmişdir.
  • Oğlu Nəsib bəy YusifbəyliAzərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü və Nazirlər Şurasının sədri.
  • Oğlu Həmid bəy Yusifbəyli -Qeyrət Partiyasının qurucu üzvlərindən biri.

Mənbə

  • "Milli mövqeyindən çəkinməyən dönməz mübarizlər". "Ülfət" qəzeti.
  • Müəllif: Nazif Qəhrəmanlı — "Nəsib bəy nümunəsi"

İstinadlar

  1. N. Şeyxzamanlı. "Azərbaycan İstiqlal Mücadiləsi xatirələri", B., 1997, səh.20
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.