Yusif bəy İbrahimli
Yusif bəy İbrahimli (1883, Keşlə – may 1920, Sığnaq qəzası) ― azərbaycanlı siyasətçi, Müsavat partiyasının mərkəzi komitəsinin katibi.
Yusif bəy İbrahimli | |
---|---|
Yusif Ağaqulu oğlu İbrahimli | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Keşlə kəndi, Bakı, Bakı quberniyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | öldürülüb |
Dəfn yeri | naməlum |
Dəfn tarixi | naməlum |
Fəaliyyəti | siyasətçi |
Partiyası | Müsavat Partiyası |
Həyatı
Yusif Ağaqulu oğlu İbrahimli 1883-cü ildə Bakının Keşlə kəndində anadan olub[1]. Mollaxanada və mədrəsədə təhsil alaraq burada türk, ərəb, fars və rus dillərini öyrənib. 1900-cü ildə Bakıda açılmış Politexnik Sənaye məktəbini bitirib. Əvvəlcə Mantaşovun daha sonra isə Şibayevin neft emalı zavodlarında fəaliyyət göstərib. Tezliklə burada mühəndis operator vəzifəsinə yüksəlib[2].
1911-ci ildə Bakıda gizli şəkildə qurulmuş Müsavat partiyasının ilk üzvlərindən olub. 1913-cü ildə Məmməd Əmin Rəsulzadə Bakıya geri qayıtdıqdan sonra Müsavat partiyasının mərkəzi komitəsinin sədri seçilir[3]. Müsavat Partiyası mərkəzi komitəsinin katibi seçilir[4].
1917-ci il oktyabrın 26–31-ə qədər Bakıda, "İsmailiyyə" binasında keçirilmiş Müsavat partiyasının ilk qurultayında və 1919-cu il dekabrın 2-dən 12-dək davam edən Müsavat partiyasının II qurultayında iştirak edib[2].
Aprel işğalından sonra 1920-ci il may ayında Nəsib bəy Yusifbəyli ilə birlikdə Gürcüstana getmək üçün Bakıdan yola çıxıblar[5]. Yevlaxda ayrılaraq hərəsi fərqli istiqamətlərdə Gürcüstana doğru yol alıblar. Yusif bəy İbrahimli Sığnaq qəzasında naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Ehtimallara görə o da Nəsib bəy Yusifbəyli kimi bolşeviklər tərəfindən öldürülüb[6].
Ailəsi
Yusif bəy İbrahimlinin dörd qardaşı, bir bacısı olub[2]. Kiçik qardaşı Bəhram 1918-ci ildə Mart soyqırımında ermənilər tərəfindən öldürülüb. 1937-ci ildə qardaşı Sabit İbrahimli, əmiləri və əmisi uşaqları sürgün olunublar[2].
1912-ci ildə Ziba Əmrah qızı ilə ailə qurub. Bu evlilikdən iki qızı bir oğlu olub. Həyat yoldaşı Ziba Əmrah qızı 1960-cı ildə dünyasını dəyişib[2].
Xatirəsi
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakıdakı Çiçerin küçəsinin adı dəyişdirilərək Yusif bəy İbrahimli küçəsi adlandırılıb və burada onun barelyefi quraşdırılıb[7][8].
İstinadlar
- Məmməd Əmin Rəsulzadə. "İbrahimli Yusuf". Odlu Yurd. İstanbul. 1929-04-27. 112.
- Hafiz Sadıqov. "Yusif bəy İbrahimli kimdir?". Novruz. Bakı. 12 March 1991. 7.
- Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı: Kitab Klubu. 2013. səh. 23. ISBN 978-9952-8202-2-5. 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
- Müşfiqə. "Küçəniz kimin adınadır?" (az.). yeniazerbaycan.com. 2021-09-21. 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
- Sevda İsmayıllı. "'100-ə nə qaldı?': Cümhuriyyət nazirləri: Nəsib bəy Yusifbəyli [5-ci yazı]" (az.). Azadlıq Radiosu. 2013-01-23. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
- Qoşqar Salmanlı. ""Mənim balaca xalqımın böyük ürəyi var, bu xalq kiməsə qul olmağa razılaşmaz"" (az.). alp.az. 2021-08-04. 2023-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
- Qara Məşədiyev. Bakı küçələri: adlar və talelər. Bakı: Elm . 2013. səh. 39.
- "Старые наименования улиц и площадей Баку". 2022-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.