Yusif Məhəmməd Təbib
Yusif Məhəmməd Təbib (XV əsrin sonu — XVI əsrin əvvəli) — mənşəcə Azərbaycan türklərindən olan məşhur alim, təbib.
YUSİF MƏHƏMMƏD TƏBİB | |
---|---|
Yusifi Məhəmməd ibn Yusif Təbib |
Haqqında
XV əsrin sonu — XVI əsrin əvvəlində yaşamış məşhur təbib Yusifi Məhəmməd ibn Yusif haqqında məlumatlara Azərbaycanda təbabət tarixinin ilk tədqiqatçısı İ. K. Əfəndiyevin araşdırmalarında rast gəlinir. Yusif Təbib haqqında bioqrafik məlumatlar olmadığından araşdırıcı onun əsərlərinin təhlili ilə kifayətlənmişdir.
Yusifi Məhəmməd ibn Yusif Təbibdən bizə onun təbabətə dair bir neçə əsəri gəlib çatmışdır. Bu əsərlərdən ən erkən yazılanı 1513-cü ildə bitirdiyi və Şah İsmayıl Xətaiyə həsr etdiyi "Came ül-Fəvaid"dir. Bu əsər görünür, yadda yaxşı qalmaqdan ötrü nəzmlə yazılmışdır. Buradan da belə bir ehtimal irəli sürülür ki, əsər o zaman mövcud olmuş çoxsaylı tibb təhsil mərkəzlərinin tələbələri üçün nəzərdə tutulub.
Kitab iki fəsildən ibarətdir. Birinci fəsildə xəstəliklərin simptomologiyası, bunların qarşısını almaq vasitələri və həmin vasitələrin hazırlanması metodları nəzərdən keçirilir. İkinci fəsil heyvani və bitki əsaslı qida maddələrinin insan orqanizmi üçün faydalılığı haqqındadır. Üçüncü fəsildə insan gigiyenasının əhəmiyyəti, rahatlığın və hərəkətin sağlamlıq üçün faydası məsələləri üzərində dayanılır. Dördüncü fəsildə insanın cəmiyyətdəki davranışından danışılır. Beşinci fəsildə məşhur fəlsəfi risalə olan "Töhfətül-Müluk" əsərindən bəhs edən müəllif altıncı fəsildə mafirfinin müalicəvi əhəmiyyətindən danışır. Yeddinci fəsildə reseptlərin yazılma qaydaları göstərilir. Səkkizinci fəsil bir sıra müalicə vasitələrinin təsir gücündən, doqquzuncu şəxsi gigiyena qaydalarından bəhs edir. Onuncu fəsil zərərli vərdişlər və onlardan can qurtarmaq haqqındadır. Sonuncu fəsildə insanın halının ulduzların yerdəyişməsindən asılılığı göstərilir.
Yusifi Məhəmməd öz təbiblik fəaliyyətinin əsasında əks təsir prinsipini qoyur: "Hər bir xəstəlik onun əksi olan halla aradan qaldırıla bilir." O habelə xəstəliklərin profilaktikası probleminə də toxunur: "Hər şeydən əvvəl hamıya başa salmaq lazımdır ki, sağlamlığın qorunması ən əsas məsələdir və buna necə çatmaq olar." Xəstəliklərin qarşısını almaqdan ötrü onun fikrincə, ətraf mühitdə havanın vəziyyətinə, qidalanmaya, hərəkətə və yuxuya, o cümlədən ciyərlərin hərəkətinə və rahatlığına, qusmalara, orqanizmin ekskretor qabiliyyətlərinə xüsusi diqqət yetirilməlidir. Yusifi Məhəmməd ibn Yusif Təbib tərəfindən tərtib olunmuş dərman vasitələri cədvəlləri geniş kütlələr arasında məşhur olmuşdur. Hər bir cədvəl beş bölümdən ibarətdir. Bölümlərdə dərman vəsaitinin adı, səciyyəsi, faydası, zərəri və həmin zərərin aradan qaldırılma üsulları verilir. Təbib yazırdı: "Faydalı o vasitələri hesab etmək olar ki, onların zərəri asanlıqla dəf edilə bilir. Hər şeydən yaxşı əlbət ki, heç zərəri olmayan vasitələr, maddələrdir. Ancaq axı hətta su, torpaq, günəş və hava kimi əvəzsiz şeylər də bəzən ziyan gətirə bilir." Göründüyü kimi, alim dərmanların əlavə təsirlərinə də ciddi diqqət yetirmişdir. Cədvəllər əyani və istifadə üçün əlverişlidir. Bunlar uzun müddət tədris prosesində əyani vəsait kimi istifadə olunmuşdur.