Yusif ibn Küseyir türbəsi
Yusif ibn Küseyir türbəsi — Naxçıvan şəhərində yerləşən, Naxçıvan-Marağa memarlıq məktəbinin və ümumilikdə Azərbaycan memarlığının ən böyük nümayəndələrindən biri olan memar Əcəmi Naxçıvaninin əsəri olan tarixi memarlıq abidəsidir.[1]
Yusif ibn Küseyir türbəsi | |
---|---|
39°12′06″ şm. e. 45°24′50″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Memar | Əcəmi Naxçıvani |
Tikilmə tarixi | 1162 |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The mausoleum of Nakhichevan | |
Tipi | Mədəni |
Kriteriya | i,iv |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1173 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 15 |
Kateqoriya | Türbə |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Görünüşü
Türbə ikiqatlı olub, hər iki qatı planda səkkizbucaqlı biçimdədir. Sərdabə yer altına salındığından türbə bayırdan birqatlı qüllə kimi görünür. Yusif Küseyir oğlu türbəsi ilk baxışdan tutumunun həndəsi təmizliyi, nisbətlərinin incəliyi və harmonik gözəlliyi ilə yadda qalır.
Sərdabə ikiüzlü plana uyğun ortası yastı olan günbəzlə örtülüdür. Üst qüllədə isə səkkizüzlünün həm içəri, həm də bayır üzlərində dayaz sivri tağçalar (içəridə sivri, bayırda düzbucaqlı) verilmiş, iç məkan sferonik, bayır prizmatik tutum isə səkkizüzlü uca piramidavari günbəzlə örtülmüşdür. Bütün türbə bişmiş kərpicdən tikilib, yüksək tikinti texnikası ilə seçilir.
Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik, onun altında yerləşən sərdabəyə açılır. Sərdabənin damı mürəkkəb günbəz şəklindədir. Divar müstəviləri ilə günbəz (qübbə) arasında kiçik çıxıntılar vardır. Sərdabə qübbəsinin təpəsi kəsilmiş səkkizbucaqlı xonça ilə tamamlanır.[2]
Türbənin qülləsi iç və dış tağçalarla işləndiyindən qalın dayaqlar şəklində olan künc hissələr karkas (qəfəsə) quruluşuna bənzəyən konstruktiv sistem yaradır. Belə quruluş abidənin bayır görünüşünün vizual dayanıqlılığını da gücləndirir. Başlıca məsələ isə künclərin konstruktiv möhkəmliyi hesabına ara divarları o qədər də qalın olmayan (80 sm) tikilinin uzunömürlüyünün təmin edilməsidir. Yüksək mühəndis həllinin nəticəsidir ki, Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində üst piramidal örtüyü 800 ildən artq bir müddətdə salamat qalan tək abidədir.
Fasadı
Türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlərlə bəzədilmişdir.Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılmış,sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilmişdir. Quruluşu etibarı ilə türbənin yalnız bir səthi, Qərb tərəfə baxan səthi,başqa şəkildə həll edilmişdir.Burada türbənin giriş qapısı yerləşdirilmişdir.Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsi ilə bir portal şəklini almışdır.Türbənin rəis,xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə,yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilmişdir.
Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada da kitabə yerləşdirilmişdir.Kufi xətlə yazılmış bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılmışdır:"Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu".
Yusif Küseyir oğlu türbəsinin interyeri bəzədilməmişdir. Onun bayır tağçalarının içərisi isə kərpicdən yığılmış sıx həndəsi naxış hörmələri ilə üzlənmişdir. Tağçaların üstündə gövdəni dövrələmə yazı qurşağı qapayır. Öz incəliyi və dekorativliyi ilə bu kitabə zolağı gövdə ilə örtük arasında yüngül bir keçid yaradır. Şiş uclu piramidal örtük elə bil bütöv prizmatik gövdəyə yox, yazı qurşağının incə şəbəkəsinə dayanır. Memar tağçaların içərisini də naxış kompozisiyaları ilə yüngülləşdirib, künclərin vertikal ritmini, konstruktiv dəyərini qabartmışdır. Bayır səthlərin beləcə yerinə uyğun işlənməsi bütövlükdə türbənin yüksək memarlıq-bədii görkəm, arxitektonik quruluş almasına səbəb olmuşdur.
Memar türbənin şimal üzünə baştağ kompozisiyası vermiş, onda yerüstü qülləyə giriş qapısı yerləşdirmişdir. Qapı gözü daha dərin tağça içərisinə salınıb üstü böyük kitabə lövhəsi ilə bəzədilmişdir. Ayrıntıları, biçimləri daha incə işləməklə memar bu üzü heykəl kimi hər yandan baxılan tutumun baş elementinə çevirmişdir.
Yusif Küseyir oğlu türbəsinin həm əsas tikintisi, həm də bəzək hörgüsü bir materialla – keyfiyyətli bişmiş kərpiclə işlənmişdir. Bu da abidənin saya, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirir, ona vahid, ifadəli qırmızımtıl kolorit verir. Prizmatik gövdə, piramidal günbəz, üzlərin girinti-çıxıntıları,bol kölgə - işıq effektləri abidənin koloritini daha da zənginləşdirir.
Yusif Küseyir oğlu türbəsinin kürsülüyündən 7,2 m hündürlükdə, xarici perimetr üzrə düzəldilmiş frizdəki yazılarda abidənin kim tərəfindən tikilməsi haqqında məlumat vardır. Yazının hərfləri 20 x 20 x 4 sm ölçülü kərpiclərdən düzəldilərək, onun fonunu əmələ gətirən friz müstəvisindən 2 sm irəli çıxır. Frizin əsas müstəvisini isə kiçik ölçülü kərpiclər təşkil edir. Bu kərpiclərin şaquli tikişləri ensiz, üfüqi tikişləri isə enlidir.
Frizin aşağı və yuxarı hissələrində kərpicdən qurşağı vardır. Türbənin dam örtüyü səkkiztilli piramida şəklindədir. Dam örtüyü ikiqatlıdır: xarici tərəfdən səkkiztilli, içəri tərəfdən isə qübbə şəklindədir. Türbənin kvadrat kərpicdən hörülən divarlarına qalınlığı 12 sm olan pilitələrdən üz çəkilmişdir. Binanın yerüstü hissəsinin qapısı çatma şəklindədir. Tağın arxivoltu rombvari kərpiclə, yanları isə yanüstə qoyulmuş kiçik kərpiclərlə bəzədilmişdir. Portalın ümumi çərçivəsi düzbucaqlı olub, meandrı xatırladan həndəsi naxışlarla örtülmüşdür.
Yusif ibn Küseyr məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə olunmamışdır. Bu abidədə yazılar müxtəlif ölçülü kərpiclərin hörgüyə düzülüşü nəticəsində əldə edilmişdir. Frizlər və haşiyələrdəki kitabələ rin fonunda şaquli "ləm", "əlif‖, "kəf‖ hərflərinin arasındakı sahələr həndəsi naxışlarla zənginləşdirilmişdir. Müxtəlif rəngli şirli kərpiclərdən və lövhələrdən Möminə xatun məqbərəsinin bədii tərtibatı işində istifadə edilmişdir. Onguşəli məqbərənin bütün tərəfləri kufi xətli yazılarla haşiyələnmişdir. Kitabələrin mətni Quran ayələridir. Məqbərənin tərəflərindəki hər on stalaktit tağda təkrar olunan yazıda deyilir: "Hakimiyyət vahid, qadir Allaha məxsusdur".
İstinadlar
- İsmayılova, N. Nəqşicahanda adına türbə ucaldılan Yusif Küseyr oğlu kim olub? //İki sahil.- 2015.- 14 mart.- S.18.
- K. M. Məmmədzadə - Azərbaycanda inşaat sənəti, Bakı, "Elm", 1978, səh 43