Yusif Əzimzadə
Əzimzadə Yusif Əhmədulla oğlu — nasir, dramaturq, publisist, tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1979).
Yusif Əzimzadə | |
---|---|
Yusif Əhmədulla oğlu Əzimzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Uşağı | |
Atası | Əhmədulla Əzimzadə |
Fəaliyyəti | yazıçı |
Mükafatları |
Həyatı
Yusif Əzimzadə 1917-ci il fevralın 22-də Bakıda fəhlə ailəsində doğulmuşdur. Natamam orta məktəbi bitirib N.Nərimanov adına sənaye texnikumunun elektrik-mexanika şöbəsində təhsil almışdır (1930-1937). Həm də Bakı şəhər rayonlarının elektrik yarımstansiyalarında işləmişdir (1934-1937). Tələbə ikən öz şeirlərini "Ədəbiyyat qəzeti"ndə, "Gənc işçi", "Yeni yol" və "Azərbaycan gəncləri"ndə müntəzəm çap etdirmişdir. Onun əsərləri müstəsna hallarda "Ə.Yusif", yaxud "Y.Əhədoğlu" imzaları ilə çap olunmuşdur. Bakı hərbi məktəbini leytenant rütbəsi ilə bitirmişdir (1937-1939). Qərbi Ukraynanın azad olunmasında, ağ finlərə qarşı döyüşlərdə iştirak etmişdir. 1940-cı ildə xəstəliyinə görə tərxis olunub iki il "Abşeron kolxozçusu" qəzeti redaksiyasında ədəbi işçi, katib, 1942-1944-cü illərdə isə "Ədəbiyyat qəzeti"ndə, "İnqilab və mədəniyyət" jurnalında ədəbi işçi, nəsr şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan KP MK yanında Partiya tarixi İnstitutunun "Böyük Vətən müharibəsi" şöbəsində baş elmi işçi (1944-1945), M.Qorki adına Bakı Gənc Tamaşaçılar Teatrında ədəbi hissənin şöbə müdiri (1945-1947), "İnqilab və mədəniyyət" jurnalında tənqid şöbəsinin müdiri (1948-1951), Azərnəşr və Uşaqgəncnəşrdə bədii ədəbiyyat şöbəsinin redaktoru (1951-1952), "İnqilab və mədəniyyət" jurnalı, sonra "Ədəbiyyat qəzeti" redaksiyalarında məsul katib, "Göyərçin" jurnalının məsul redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru, "Ulduz" gənclik jurnalında redaktor əvəzi və Azərbaycan Yazıçılar Birliyində bədii tərcümə üzrə məsləhətçi (1966-1971), "Ədəbiyyat və incəsənət" qəzetində baş redaktor (1971-1978) olmuşdur. Bakı şəhəri və 26 Bakı komissarı adına rayon Sovetinin deputatı seçilmişdir (1971). "Anacan" pyesinə görə musiqili teatrların ümumittifaq festivalının laureatı diplomuna layiq görülmüşdür (1957). Keçmiş SSRİ respublikalarının teatrlarında "Çiçəklər səltənəti", "Anacan", "Nəsrəddin", "Aprel səhəri" və "Qonşular" dram əsərləri səhnəyə qoyulmuşdur. Onun tərcümə etdiyi pyeslər (Konstantin Simonovun "Rus məsələsi", Sergey Mixalkovun "Qırmızı qalstuk", Y.Soloviçin "Qəribə dilənçi", O.Bodıkovun "Qaraqum faciəsi", Ş.Xusainovun "Anam gəldi") Azərbaycan teatrlarında səhnələşdirilmişdir. "Pravda", "İzvestiya", "Trud" və "Literaturnaya qazeta" kimi mərkəzi qəzetlərdə müntəzəm çıxış etmişdir. Ümumittifaq Yazıçılar İttifaqının V qurultayına nümayəndə seçilmişdir. Moldaviyada Azərbaycan mədəniyyəti günlərində (1960), Bryansk, Voroşilovqrad və Qərbi Sibirin Tümen vilayətində Sovet ədəbiyyatı günlərində (1970, 1973, 1974) iştirak etmişdir. SSRİ medalları və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur.
1984-cü il mart ayının 6-da Bakıda vəfat etmişdir.
Əsərləri
- 1. Partizan oğlu. Bakı: Uşaqgəncnəşr, 1942, 84 səh.
- 2. İlk görüş. Bakı: Azərnəşr, 1945, 117 səh.
- 3. Onun həyatı (Sosialist Qəhrəmanı usta Baba Pirməmməd haqqında sənədli povest). Bakı: Azərnəşr, 1948, 125 səh.
- 4. Görüşdən sonra. Bakı: Uşaqgəncnəşr, 1950, 120 səh.
- 5. Üç bayram. Bakı: Uşaqgəncnəşr, 1954, 120 səh.
- 6. Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1956, 88 səh..
- 7. Yenə görüşəcəyik (roman). Bakı: Uşaqgəncnəşr, 1960, 260 səh.
- 8. Murad dayının xatirələri. Bakı: Uşaqgəncnəşr, 1961, 90 səh.
- 9. Xatırlayacaqsan. Bakı: Azərnəşr, 1964, 120 səh.
- 10.Anacan (pyeslər). Bakı: Azərnəşr, 1968, 161 səh.
- 11.O, qərib deyildi (roman). Bakı: Gənclik, 1968, 226 səh.
- 12.Qaranquşa hay verin! (sənədli povest). Bakı: Gənclik, 1969, 166 səh.
- 13.Ləpirlər. Bakı: Gənclik, 1971, 36 səh.
- 14.Unutmayın (sənədli povest, publisist məqalələr). Bakı: Gənclik, 1973, 124 səh.
- 15.Mənim mahnılarım. Bakı: Azərnəşr, 1976, 304 səh.
- 16.Mən gənc qvardiyaçıyam. Bakı: Gənclik, 1978, 264 səh.
- 17.Həmişə borcluyuq. Bakı: Yazıçı, 1980, 287 səh.
- 18.O, qərib deyildi. Bakı: Gənclik, 1981, 272 səh.
- 19.Qardaşlar (hekayələr). Bakı: Gənclik, 1986, 156 səh.
Tərcümələri
Ruscadan
- 1. O.Qonçar. Qızıl Praqa. Bakı: Azərnəşr, 1950, 150 səh.
- 2. İ.Osipov. Yeddi gəmi adası. Bakı: Azərnəşr, 1951, 135 səh.
- 3. V.Popova. Aydın sahil. Bakı: Azərnəşr, 1952, 252 səh.
- 4. İ.Osipov. Xəzər çağırır. Bakı: Azərnəşr, 1953, 190 səh.
- 5. E.Qrin. Cənub küləyi. Bakı: Azərnəşr, 1954, 146 səh.
- 6. L.Tolstoy. Saxta kulon. Bakı: Uşaqgəncnəşr, 1960, 88 səh.
- 7. F.M.Dostoyevski. Bəyaz gecələr. Bakı: Uşaqgəncnəşr, 1962, 64 səh.
- 8. İ.S.Turgenev. Yakov Pasınkov. Bakı: Azərnəşr, 1968, 41 səh.
- 9. C.London. Dəmirdaban. Bakı: Gənclik, 1971, 280 səh.
- 10.A.N.Ostrovski. Öz adamımızdır, düzəlişərik. Bakı: Azərnəşr, 1973, 46 səh.
- 11.Skandinav dastanları. Bakı: Gənclik, 1974, 245 səh.
- 12.Mir Möhsün. Ağ mərmər. Bakı: Yazıçı, 1979, 36 səh.
- 13.M.Xeyrullayev. Tənbur nəğmələri ("Odlu diyar" kitabında). Bakı: Yazıçı, 1979, 306 səh.
- 14.M.Burqxardt. Yazılmamış məktublar. Bakı: Gənclik, 1981, 87səh.
- 15.K.Simonov. Dirilər və ölülər (3 kitab). I kitab. Bakı: Yazıçı, 1987, 687 səh.
Ədəbiyyat siyahısı
- 1.Hacıyev A. Xatirələrin izi ilə/ A.Hacıyeva. Yazıcı, şəxsiyyət və bədii qanunauyğunluq. Bakı: Yazıçı, 1986, səh. 181-189.
- 2.İbrahimov M. İnam və məhəbbət: (Y.Əzimzadənin 60 illiyi münasibətilə). "Ədəbiyyat və incəsənət", 1977, 2 aprel.
- 3.Məmmədov M. Gənclik hərarətilə (Yusif Əzimzadənin "Mən gənc qvardiyaçıyam"). Kommunist, 1978, 2 avqust.
İstinadlar
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 52.