Yulana Əlikişizadə
Yulana Yusufovna Əlikişizadə — Azərbaycan baletmeysteri.
YULANA ƏLİKİŞİZADƏ | |
---|---|
Doğum tarixi | 6 yanvar 1938 (86 yaş) |
Doğum yeri | Bakı |
Fəaliyyəti | baletmeyster |
Həyatı
Əlikişizadə Yulana Yusufovna 1938-ci il yanvarın 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1956-cı ildə Bakı Xoreoqrafiya məktəbini, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət institutunu bitirmişdir. BXM-ni bitirdikdən dərhal sonra Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına balet artisti vəzifəsinə qəbul edilərək, 1978-ci ilə kimi burada çalışmışdır. Truppada çalışdığı illərdə o repertuarda olan bir çox balet tamaşalarında əsas partiyaları ifa etmişdir.
Balet artisti kimi fəaliyyətini başa vurduqdan sonra Y.Əlikişizadə müxtəlif illərdə Azərbaycan Dövlət Mahnı teatrı (1978-1987; 1990-1992; 1994-1997), Azərbaycan Milli Dram teatrı-1988, "Qaya" Dövlət estrada-simfonik orkestri (1988-1990), Azərbaycan Dövlət Musiqili Komediya teatrında (1992-1994) balet qrupunun rəhbəri vəzifəsində çalışmışdır.
Y.Əlikişizadə istər balet artisti, istərsə də baletmeyster kimi çalışdığı dövrlərdə Azərbaycan incəsənətini dünyanın bir çox ölkələrində-Fransa, Lyuksemburq, Hindistan, Nepal, Birma, İsveçrə, Almaniya, Pakistan, Belçika, Əlcəzair, Tunis, Türkiyə və s. təmsil etmişdir.
1998-ci ilin əvvəllərindən Yulana Əlikişizadə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında baş baletmeyster vəzifəsində işləməyə dəvət olunmuşdur. Onun rəhbərliyi altında balet truppası son illərdə böyük uğurlar əldə etmişdir.
Bundan başqa balet truppası onun rəhbərliyi altında 2000-ci ilin iyun ayında Türkiyə Respublikasında keçirilən beynəlxalq balet festivallarında "Qız qalası" və "Min bir gecə" baletləri ilə çıxış etmiş və uğur qazanmışdır. Truppanın Moskvada Böyük teatrın səhnəsində çıxışlarının keçirilməsində də Y.Əlikişizadənin rolu böyükdür. Moskvada Böyük teatrın səhnəsində çalışlarının keçirməsində də Y.Əlikişizadənin böyükdür.
2000-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşdür.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 21.05.1970[1]
Quruluş verdiyi baletlər, operalar
- Cırtdan (opera)
- Qız qalası (balet) — yeni redaksiyada
Filmoqrafiya
- Salur Qazanın evi talandığı boy (film, 2001)
- Bakı xoreoqrafiya məktəbi 2005 (film, 2005)