Yəzid ibn Əhməd

Yəzid ibn Əhməd (Şamaxınoyabr 1027, Şamaxı) – Şirvanşahlar dövlətinin onuncu hökmdarı, Əhməd ibn II Məhəmmədin oğlu, Kəsranilər sülaləsinin əsasını qoymuş Şirvanşah Mənuçöhr ibn Yəzidin atası.

Yəzid ibn Əhməd
Yəzidin adına kəsilmiş gümüş dirhəm, Azərbaycan Tarix Muzeyi
Yəzidin adına kəsilmiş gümüş dirhəm, Azərbaycan Tarix Muzeyi
991 1027
ƏvvəlkiMəhəmməd ibn Əhməd
SonrakıMənuçöhr ibn Yəzid
Dərbənd əmiri
1019 1021
ƏvvəlkiMənsur ibn Maymun
SonrakıMənsur ibn Maymun
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Şamaxı
Atası Əhməd ibn II Məhəmməd
Uşaqları Mənuçöhr ibn Yəzid
Ənuşirəvan ibn Yəzid
Əbu Mənsur Əli ibn Yəzid
Qubad ibn Yəzid
Ailəsi Məzyədilər

Fəaliyyəti

Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yəzid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin dəyişilməsindən istifadə edən əmir Məymun II dəfə Dərbəndi tutaraq, cəmi bir il beş ay əvvəl, Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yəzidin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər[1]) arasında şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları Ədb ül-Əziz və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı.

H.389 (999)-cu ildə Şirvanşah Yəzid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə[1]) mülkünə sahib olmaq üstündə Dərbənd əmiri Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi. Lakin Şirvanlılar onlarla şəhərin qapıları qarşısında vuruşdular. Dərbənd qoşunu ağır məğlubiyyətə uğradı, döyüşdə Ləşkərinin qardaşı Əbu Nəsr ibn Məymun əsir alındı. Şirvanşah onu həbsxanaya saldırdı, barışıq bağlandıqdan sonra o, girov saxlandı. H.391 (1001)-ci ildə Ləşkərinin ölümündən sonra Dərbənd əhalisi Şirvanşah Yəziddən özlərinə əmir seçmək istədikləri Əbu Nəsrin azad olunmasını tələb etdilər. Lakin Yəzid qızını Əbu Nəsrə ərə vermək istəməsi bəhanəsilə bundan boyun qaçırdı və şərt qoydu ki, Əbu Nəsri o zaman buraxar ki, Dərbənd camaatı Dərbənd və Sull (Çul) qalalarının tikilməsinə (daha doğrusu, bərpa olunmasına) razılıq versinlər. Dərbəndlilər bu təklifi rədd etdilər və Yəzid heç bir günahı olmayan Əbu Nəsri edam etdi. Əbu Nəsr Şabran qalasının həbsxanasında saxlanırdı və Şirvanşah onu həmin şəhərin qapıları qarşısında dəfn etdirdi. Bu hadisə h.392 (1002)-ci ildə olmuşdur. Dərbənd əhalisi Əbu Nəsrin qardaşı Mənsuru əmir seçdi. Şirvanşah Dərbəndi tutmaq üçün müharibəni davam etdirdi. Döyüşlər gah bu, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. H.410 (1019)-cu ildə sərhəd vilayətinin (səqr), Dərbəndin əhalisi öz əmiri Mənsurun əleyhinə üsyan qaldırdı, onu şəhərdən qovub hakimiyyəti Şirvanşah Yəzid ibn Əhmədə təslim etdi.[1]

Yəzid ibn Əhməd Dərbənd qalasını bərpa etdi və orada öz qarnizonunu yerləşdirdi. Lakin Səririn hakimi Mənsuru müdafiə etdi. Dərbənd sakinləri Şirvanşaha xəyanət edərək Mənsurun tərəfinə keçdilər. H.412 (1021)-ci ildə Mənsur Dərbəndə daxil olaraq onu Yəziddən aldı. Sonra Mənsur Şabrana hücum etdi. Şirvanlılarla Mənsurun qoşunları arasında bir neçə vuruşma oldu. Lakin düşmən tərəflərin heç biri qələbə qazana bilməyib aralandılar. Dərbənd əhalisi h.414 (1023)-cü ildə yenidən əmir Mənsuru şəhərdən qovdu, Şirvanşah Yəzidi dəvət edib, Dərbəndi ona təhvil verdi. Yəzid qalanı bərpa etdi. H.415-ci ilin ramazan ayında (noyabr 1024) Mənsur qayıtdı və iyirmi gündən sonra yenidən qalanı ələ keçirdi. H.416 (1025)-cı ildə Şirvanşah Yəzidin qardaşı Heysəm Təbəsəranda, Şirvanşahların ailə üzvlərinin irsi mülkü olan "Məhəmməd mülkü"ndə öldü. Elə həmin ildə Sərracilərə – ehtimal ki, sərraclar zümrəsinin tərəfdarları ilə Şirvanşahlar arasında şiddətli mübarizə başladı və Şirvanşahlar qalib gəldilər.[2]

Ənuşirəvan ibn Yəzidin qiyamı

"Tarix-i əl-Bab"da Şirvanşah Yəzidin hökmranlığı dövrünə aid maraqlı məlumatlar verilir: "Həmin il (ehtimal ki, h.416 (1025)-cı il) Şirvanşahın Yəzidiyyə canişini olan oğlu Ənuşirəvan ibn Yəzid atasının əleyhinə qiyam qaldırdı. Bu vaxt atası (ailə üzvlərindən olan) bir neçə qadınla Gürzül (Girdədül) qalasında əylənir və ov edirdi. Bundan istifadə edən Ənuşirəvan ibn Yəzid açıq-aşkar qiyam qaldırdı. Qara camaatdan (aybaş ən-nas) çoxları onun ardınca getdi. O atasının vəziri Əbd-ül-Əziz ibn Abbasın əmlakını müsadirə etdi, evini talayıb özünü həbsxanaya saldırdı. Sonra onun tərəfdarları arasında təfriqə düşdü. (Onlardan bəziləri) tutduqları işdən, onun ardmca getmələrindən peşman oldular. Onlar Yəzidi gizlincə dəvət edərək, onu tezliklə qayıtmağa razı salmağa çalışdılar. Yəzid təcili (evə) hərəkət etdi, əhali şəhərin qapılarını açdı, onun oğlundan üz döndərdi. Qiyamçı oğul sığınmaq üçün Kastan (Gülüstan) qalasına qaçdı, lakin vəzir onun arxasınca düşərək, yolda yaxaladı və atasına verdi. Yəzid oğlunu bir müddət həbsxanada saxladı, sonra orada ac və susuz qalıb öldü. Şirvanşah Yəzid ibn Əhməd özü otuz yeddi il səltənət sürdükdən sonra h.418 (1027)-ci ildə öldü." [3]

Farslaşma

Yəzid ibn Əhmədin hökmranhğı dövründə bu səltənət xanədanında ilkin mənbələrdə əksini tapmayan hansısa hadisələr baş vermişdir. Lakin bir şey şəksizdir: Şirvanşahların adları dəyişmişdir – Yəzid ibn Əhməddən sonra ərəb adlarından qədim Sasani adlarına dönüş başlamışdır. Şirvanşah Yəzid ibn Əhmədin oğulları Ənuşirəvan, Mənuçöhr adlanırdı. Artıq X yüzilliyin birinci yarısında Məzyədi Şirvanşahlar Sasani mənşəli əsilzadə ailələri ilə qohumluq əlaqələrinə girir və həmin ailələrin qadın nümayəndələri köhnə ənənələri dirçəldirdilər. Əl-Məsudi h.332 (943)-ci ildə Şirvan şahı Məhəmməd ibn Yəzidin Sasani Bəhram Gurun nəslindən olduğunu göstərirdi.[4] Şirvanşahların Sasani Bəhram Gurun əsilzadə nəslindən olmalarını iddia etmələri faktı özü artıq erkən dövrlərdə yerli şahlardan biri ilə, ehtimal ki, Sasani mənşəli Şirvanşahlarla nikah bağlanması ilə izah edilir.[1]

Xilafətin tənəzzülü və Şirvanşahların hakimiyyətinin möhkəmlənməsi ilə bağlı "xanədan yenidən dirçəlməyə başladıqda ona öz nüfuzunu əsilzadə nəslinə mənsubluğu ilə hər vəchlə əsaslandırmaq lazım gəldi və onda Şirvanşahların Sasanilərlə qohumluğu barədə köhnə nəzəriyyə ortaya çıxdı, onlann Şeyban tayfası ilə bağlılığı isə arxa plana çəkildi..." [5]

Ailəsi

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.