Yeprem xan
Yeprem xan Davityan (1868[1], Barsum, Yelizavetpol qəzası[1] – 6 may 1912[1], Kirmanşah ostanı[1]) — inqilabçı, daşnak[3]
Yeprem xan | |
---|---|
Yefrem Davitoviç Davtyan | |
Doğum tarixi | |
Doğum yeri | Barsum, Yelizavetpol qəzası |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Vəfat səbəbi | döyüşdə ölüm[1] |
Dəfn yeri | |
Fəaliyyəti | fədai |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yefrem Davityans (1868-1912) əslən Azərbaycan ermənisi idi. Yelizavetpol quberniyasının Barsum kəndində doğulmuşdu. Gənc yaşlarında Tiflisə köçmüş, daha sonra Osmanlı türklərinə qarşı vuruşan erməni silahlılarına qoşulmuşdu. Sultan hökumətinin tələbi ilə Tiflisdə həbs olunmuşdu. Sibirə, bəzi məlumatlara görə, Saxalinə sürgün edilən Yefrem Davidyan cəza yerindən qaçaraq Təbrizdə və Gilanda daşnak hərəkatının özəklərini yaratmaq üçün partiyanın qərarı ilə 1896-cı ildə İrana gəlmişdi.
Daha sonra Rəştə köçərək, əsasən Qafqazdan mühacirət edən erməni və gürcülərdən ibarət silahlı dəstə yaratmışdı. Məşrutə inqilabı başlanan zaman Təbrizə gəlib Səttar xana qoşulmuş, tezliklə onun etimadını qazanmışdı. Məşrutəçilər sırasında Məhəmmədəli şahın qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirak etmişdi. Rəştdə və İranın bir sıra yerlərində Səttarxan tərəfdarlarını öz sıralarında birləşdirən "Səttar komitəsi" adlı qurumun yaradılmasında fəallıq göstərmişdi.
Lakin Yefrem mövqelərini möhkəmləndirərək Tehranın polis rəisi olandan sonra Səttar xanın əleyhdarlarından birinə çevrilmişdi. 1909-cu ildə Səttar xan və Bağır xanın başçılığı ilə Tehrandakı Təbriz mücahidləri hakimiyyəti xalqın zərərinə çıxarılacaq qərarlardan çəkindirmək üçün silahlarını təhvil verməkdən boyun qaçıranda İkinci İran məclisi onların tərksilah olunmasını Yefrem xana həvalə etmişdi. Üç min nəfərlik hökumət qoşunu ilə Səttar xanın düşərgə saldığı Atabəy parkını mühasirəyə alan Yefrem İran əhalisinin "Sərdari-milli" adlandırdığı milli hərəkat başçısından təslim olmağı tələb etmişdi.
Rədd cavabı aldıqdan sonra bir neçə top və onlarla pulemyotdan Atabəy parkını atəşə tutmaq əmrini vermişdi. İran mənbələrinin məlumatına görə, dörd saat davam edən atışma nəticəsində mücahidlərdən 300 nəfər həlak olmuş, Səttar xan özü isə ayağından ağır yara almışdı. "Sərdari-milli" və tərəfdarları vəziyyətin çıxılmazlığını gördükdən sonra silahı yerə qoymaq qərarına gəlmişdilər. Həyatının sonrakı illərini ev dustağı kimi yaşayan Səttar xan aldığı həmin yaradan vəfat etmişdi. Beləliklə, Yefrem sonralar soydaşları tərəfindən Şimali Azərbaycanda da uğurla həyata keçirilən azərbaycanlılara qarşı soyqırım siyasətinin öncüllərindən biri olmuşdu. Məhz Yefremin türk düşmənçiliyini nəzərdə tutan Sabir onu özlərinə "xan" yapan iranlıların korafəhmliyindən və nadanlığından ürək ağrısı ilə söz açmışdı.
İstər farslar, istərsə də ermənilər indinin özündə də xaos və anarxiya dövrünün "xadimlərindən" olan Yefremi milli qəhrəman sayırlar. Erməni şairi Avetik İsaakyan hələ "xalqlar dostluğunun" rəsmi siyasi doktrina sayıldığı sovet dövründə İranda yaranmış dərəbəylik və hakimiyyətsizlikdən istifadə edərək üzvü olduğu Daşnak partiyasının məkrli niyyətlərini həyata keçirmək istəyən soydaşına mədhiyyə yağdıraraq yazırdı: "Şah Abbasların və Ağa Məhəmməd xanların atlarının dırnaqları altında Ermənistan xarabazarlığa dönmüşdü. Yefrem və onun cəsur döyüşçüləri isə Şah Abbasların məzar torpaqlarını öz atlarının nalları altında kül kimi havaya sovuraraq, sülhün, qardaşlığın və bərabərliyin bərpasına səy göstərmişdilər".
S.T.Stepanyanın 2005-ci ildə Sankt-Peterburqda nəşr olunan "Artsax-Qarabağ ensiklopediyası" kitabında isə Yefrem Davtyan Qarabağ ermənilərinin milli qəhrəmanları siyahısına daxil edilmişdir.
Mənbə
- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
- Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- http://www.iranicaonline.org/articles/dasnak.
- "Aram Arkun. "Eprem Khan", Encyclopedia Iranica, Online Edition". 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-10.