Yeon Kounq Kim
Yeon Kounq Kim (26 fevral 1988) — dünyaca məşhur cənubi koreyalı qadın voleybolçu. Dünyanın ən güclü hücumçuları sırasında göstərilir. Olduqca cəld, güclü zərbələri ilə digər voleybolçulardan asanlıqla seçilir.[1] Türkiyənin Fənərbaxça komandasında forma geyinir. Bu klubla 2016-cı ilə qədər müqaviləsi var. Həmin sözləşməni 2014-cü ildə imzalamışdır.[2]
Yeon Kounq Kim 김연경 | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Seul Cənubi Koreya |
Vətəndaşlığı | koreyalı |
Voleybolçu məlumatları | |
Boyu | 1.92 m |
Çəkisi | 73 kq |
Zərbəsi | 307 sm |
Bloku | 299 sm |
Mövqeyi | Hücumçu |
Karyerası | |
Komandası | Fənərbaxça |
Nömrəsi | 10 |
Klub karyerası | |
2005–2009 2009–2011 2011– |
Heunqkuk Life JT Marvelous Fənərbaxça |
Milli komanda karyerası | |
2005– | Cənubi Koreya |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
Peşəkar karyerasındakı ilk addımları
Kimin peşəkar karyerası 2005-ci ildə (16 yaşında) öz ölkəsinin Heunqkuk Life komandasında başlamışdır. 2009-cu ilə qədər yerli klubda oynayan voleybolçu burada bir sıra uğurlara imza atmışdır. 2006, 2007 və 2008-ci illərdə ölkə çempionatının Ən Dəyərli Oyunçu mükafatını qazanmışdır. Adı çəkilən illlərdə keçirilən Cənubi Koreya çempionatlarında (2005-06, 2006-07, 2007-08 mövsümlərində) klubu ilə çempionluqlar da yaşamışdır.
2009-cu ildə isə Yaponiyanın JT Marvelous komandasına transfer olunaraq karyerasında ilk dəfə ölkə xaricində oynamaq şansı əldə etmişdi. Marvelousla da ölkə çempionluğu yaşayan voleybolçu 2011-ci ildə klubla müqavilə müddəti başa çatdıqdan sonra ayrılmaq qərarı aldı. Artıq o, voleybol karyerasını dünyanın ən səviyyəli liqalarında davam etdirmək istəyirdi. Əlbəttə ki, bu qədər perspektivli voleybolçu Avropanın tanınmış voleybol klublarının da diqqətini çəkməyə bilməzdi. Bu isə Yeon Kounqun xəyalının gərçəkləşməsində başlıca amil oldu.
Fənərbaxça ilə dünyanın ən yaxşısı
Yeon Kounq Kim 2009-cu ildən bəri çox böyük yüksəliş yaxalamışdır. Buna onun şəxsi mükafatları bölməsində adı çəkilən ildən sonra qazandığı uğurlara baxaraq inanmaq olar. O, 2011-ci ildə Fənərbaxça ilə sözləşmə imzalayaraq karyerasındakı ən doğru qərarlardan birini vermişdi. Fənərbaxçaya keçidi zamanı jurnalistlərlə bölüşdüyü ilk təəsüratları bunlar idi:
Buraya çoxdan gəlmək istəyirdim. Türkiyənin ən məşhur voleybol komandasında oynayacağımdan ötrü özümü çox xoşbəxt və şanslı hiss edirəm. Bizim ölkəmizlə Türkiyə qardaş dövlətlərdir. Belə bir ölkədə oynamaqdan ötrü çox sevincliyəm. Çox qısa vaxtda buraya öyrəşib komandama kömək etmək istəyirəm.[3] |
Doğrudan da o, dediyini etdi. Komanda ilə keçirdiyi ilk mövsümdəcə CEV Qadınlar Çempionlar Liqasında üçüncülük yaşayan Kim komandanın bu uğuru qazanmasında böyük pay sahibi olmuşdu. Yarımfinalda Vakıfbanka uduzan Fənərbaxçada bu voleybolçunun varlığı komandaya ayrı bir stimul idi. Belə ki, turnirin sonunda Yeon Kounq Kim çempionluq yaşamamasına baxmayaraq "Ən Dəyərli Oyunçu" və "Ən çox xal toplayan" (Bombardir) oyunçu kimi iki şəxsi mükafat qazanmışdı.
2013-14 sezonunda da uğurlu bir mövsüm keçirən voleybolçu ilk olaraq CEV Kubokunu başı üzərinə qaldırdı. Bu kuboku qazanmaq üçün o və komandası finalda Uraloçka Yekaterinburq səddini keçməli idi. Səfərdə rəqibini "3-2" hesabı ilə məğlub etdikdən sonra Burhan Fələk Spor Salonu meydançasında yaşanan "3-0"-lıq zəfər Fənərbaxçaya tarixində ikinci Avropa və ilk CEV kuboku qazandırdı. Bu qələbənin qazanılmasında ən böyük pay sahiblərindən biri də heç şübhəsiz Kim idi. Turnirin sonunda ona CEV prezidentinin vəkili Filip Berben tərəfindən verilən Ən Dəyərli Oyunçu mükafatı bunun bariz nümunəsi idi.[4]
Kimin 2013-14 mövsümündəki uğurlu çıxışı bununla bitmirdi. O, həmin mövsümdə Türkiyə Qadınlararası Voleybol Çempionatında nümaşiy etdirdiyi möhtəşəm oyunla çoxlarının rəğbətini qazandı. Komandasının Türkiyə ikinciliyi yaşamasında da çox böyük əmək sərf edən Yeon Kounq birnöv 25 yaşında olmasına baxmayaraq voleybolsevərlərə hələ edəcəklərinin irəlidə olduğunu göstərmişdi. Ancaq onun bu uğurlu oyunu komandasının finalda Vakıfbankı məğlub etməsinə kömək etmədi. Əlbəttə, Fənərbaxçanın bu uğurları qazanmasında təkcə Kimin yox o cümlədən Kristina Bauer, Alişa Qlass kimi perspektivli voleybolçularında payı çox olmuşdu. Sonda çempionatın ən yaxşıları açıqlanarkən Yeon Kounq Kimin adının iki dəfə çəkilməsi heç də süpriz olmadı. Belə ki, o bu səfər də turnirin bombardiri ola bilmişdi. Digər qazandığı titul isə "Ən Yaxşı Hücumçu" mükafatı idi. [5]
Milli komanda karyerası
Kim 2005-ci ildən Cənubi Koreya milli komandasının şərəfini qoruyur. O, həqiqətən də Cənubi Koreyanın yetişdirdiyi ən yaxşı voleybolçularından biridir. Bu milli komandanın keçmişdəki kimi o qədər də güclü olmaması bəlkə də Kimin milli komanda karyerasındakı uğurlarının bir qədər az olmasına gətirib çıxarır. Ancaq yenə də Yeon Kounqun milli komanda ilə qazandığı uğurlar da çox təqdirəlayiqdir. O, xüsusən də Asiya və Okeaniya çempionatlarında Koreya yığmasının önəmli uğurlar qazanmasında böyük pay sahibi olmuşdur. Belə ki, o komandasının yarımfinalçı olduğu 2009-cu il Asiya və Okeaniya çempionatında turnirin ən çox xal toplayan oyunçusu olmuşdu. Bundan başqa eyni uğuru 2010-cu ildə komandası Asiya kubokunda finalçı olduğu zaman da qazanmışdır. Həmin turnirdə "Ən Yaxşı Hücumçu" adına da koreyalı Yeon Kounq Kim laqyiq görülmüşdü. Bir il sonra yəni; 2011-ci ildə Asiya və Okeaniya çempionatında da hər iki titulu bir daha qazanmış, komandası isə turnirin bürünc medallarına layiq görülmüşdü. 2 il sonra keçirilən analoji yarışda Cənubi Koreyanın yenə də bürünc medal qazanmasında böyük pay sahibi olan, mükafata doymayan voleybolçu qitə çempionatının "Ən Yaxşı Servisçi"si olmuşdu. Bundan başqa yenə də turnirin ən çox xal qazananı olmağı bacarmışdı.
Voleybolçu milli komanda ilə birlikdə 2012 London Yay Olimpiya Oyunlarında da iştirak etmişdi. Komandanın Londona apardığı on iki voleybolçu sırasında yer alan Kim burada tarixi medalı – olimpiya bürüncünü qazanmağa çox yaxın olmuşdu. Cənubi Koreyanın süpriz etdiyi turnirdə dörddəbir final mərhələsində dünya nəhəngi İtaliyanın bu komandaya yenilməsi böyük sensassiyaya səbəb olmuşdu. Ancaq bundan sonra öncə yarımfinalda Amerika Birləşmiş Ştatlarına sonra da üçüncülük matçında Yaponiyaya məğlub olan Kim və komandası tarixi uğurun bir addımlığında büdrəmişdi. Yenə də dördüncülük də Cənubi Koreya voleybolu üçün bir ilk idi. Bu uğur da uzaq şərq ölkəsinin tarixi nailiyyətlərindən sayılırdı.[6] Həmin bu tarixi nailiyyətin qazanılmasında da əvəzsiz rolu olan Kim yenə də mükafatları rəqiblərinə verdirmədi və turnirin ən çox xal qazanan oyunçusu oldu. Bunun yanında isə karyerasının ən böyük mükafatına – 2012 Yay Olimpiya Oyunlarında Voleybol növündə ən yaxşı oyunçu (yəni ən dəyərli oyunçu) adına layiq görüldü.[7]
Haqqında transfer şayiələri
Əlbəttə, Yeon Kounqun bu qədər böyük nailliyyətlər qazanması onun tez-tez idman mətbuatının gündəmində olmasına gətirib çıxarırdı. Fənərbaxçada və milli komandada göstərdiyi möhtəşəm oyun sayəsində az qala hər transfer pəncərəsinin açıldığı dövrdə adı İtaliya, Polşa, Azərbaycan və Türkiyənin digər klubları ilə bir yerdə çəkilirdi. Hətta onun 2012-ci ildə Bakı klubu Azərreyl ilə müqavilə imzaladığı bildirilmişdi.[8] Daha sonra isə voleybolçunun meneceri bu xəbəri təqzib etmiş və yalanlamışdı. Voleybolçu isə keçidin baş verməməsini belə açıqlamışdı:
Mən hansı komandada çıxış edəcəyimi London Yay Olimpiya Oyunlarına həll etməli idim. Gələcəyə ümidlə baxıram. Həddən artıq çox şeyi öyrənib, dərhal uyğunlaşa biləcəyim bir komandada oynamağı planlaşdırırdım. Bakı klublarından təklif almağım doğrudur, amma mən Türkiyədə qalmaq istədiyimdən, “Fənərbaxça” ilə yeni müqavilə bağlamağı üstün tutdum[9] |
2014-cü ilin yayında isə Azəryol Bakı ilə anlaşma mərhələsinə gələn voleybolçu son anda fikrindən daşınaraq Fənərbaxça ilə müqavilə yeniləmişdi.[10]
Uğurları
Klublar ilə
- Cənubi Koreya çempionatı: 6
- 2005-06, 2006-07, 2008-09
- Yaponiya çempionatı: 1
- 2010-11
- / V.League Top Match: 1
- 2009
- 2011-12
- CEV kuboku: 1
- 2013-14
Milli komanda ilə
- 2008 Asiya kuboku - Gümüş medal
- 2010 Asiya kuboku - Bürünc medal
- 2010 Asiya oyunları - Gümüş medal
- 2011 Asiya və Okeaniya çempionatı - Bürünc medal
- 2013 Asiya və Okeaniya çempionatı - Bürünc medal
Şəxsi mükafatları
- 2006 Cənubi Koreya çempionatı - "ƏDO"
- 2007 Cənubi Koreya çempionatı - "ƏDO"
- 2008 Cənubi Koreya çempionatı - "ƏDO"
- 2009 Cənubi Koreya və Yaponiya Top Matç liqası - "ƏDO"
- 2009 Asiya və Okeaniya çempionatı - "Bombardir"
- 2009 Qran Pri kuboku - "Bombardir"
- 2010 Asiya kuboku - "Bombardir"
- 2010 Asiya kuboku - "Ən Yaxşı Hücumçu"
- 2011 Asiya və Okeaniya çempionatı - "Bombardir"
- 2011 Asiya və Okeaniya çempionatı - "Ən Yaxşı Hücumçu"
- 2012 Çempionlar Liqası - "ƏDO"
- 2012 Çempionlar Liqası - "Bombardir"
- 2012 Yay Olimpiya Oyunları - "ƏDO"
- 2012 Yay Olimpiya Oyunları - "Bombardir"
- 2013 Asiya və Okeaniya çempionatı - "Bombardir"
- 2013 Asiya və Okeaniya çempionatı - "Ən Yaxşı Servisçi"
- 2014 CEV kuboku - "ƏDO"
- 2014 Türkiyə çempionatı - "Bombardir"
- 2014 Türkiyə çempionatı - "Ən Yaxşı Hücumçu"
İstinadlar
- "Alex Gibi Efsane Olmak İstiyorum" (türk). acunn.com. 14-01-2013. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-09.
- "Sözləşmə haqqında klubun rəsmi saytından açıqlama" (türk). fenerbahce.org. 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-10.
- "Yeon Koung Kim Fenerbahçe'yle sözleşme imzaladı!" (türk). gazetevan.com. 11-06-2011. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-09.
- "En Değerli Oyuncu: Kim-Yeon Koung !" (türk). voleybolextra.com. 29-03-2014. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-09.
- "Ve Vakıfbank şampiyon!" (türk). spor.haberturk.com. 03-05-2014. 2014-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-09.
- "Bronz madalya Japonya'nın" (türk). tr.eurosport.com. 11-08-2012. İstifadə tarixi: 2014-06-10.
- "Kim Yeon-koung Named Olympic Volleyball MVP" (ingilis). world.kbs.co.kr. 14-08-2012. 2014-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-10.
- "Cənubi koreyalı ulduz ölkəmizə gəlir" (türk). http://xeber.azeri.net. İstifadə tarixi: 2014-06-10.
- "Yeon Kounq Kim "Azərreyl"dən imtina etməsinin səbəbini açıqladı" (az.). apasport.az. 21-07-2012. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-10.
- "Fenerbahçe'de 3 isimle yeni sözleşme" (türk). cumhuriyet.com.tr. 08-05-2014. İstifadə tarixi: 2014-06-10.
Mənbə
- Yeon Kounq Kimin karyerası haqqında ətraflı məlumat Arxivləşdirilib 2014-08-07 at the Wayback Machine (ing.)