Yelmar Şərifov

Yelmar Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi.

Yelmar Şərifov
azərb. Yelmar Fərhad bəy oğlu Şərifov
Doğum tarixi
Doğum yeri Seyidli, Şuşa qəzası
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan SSR
Elm sahəsi meşə torpaqşünaslığı
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri namizədi
Elmi adı dosent
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Təhsili ali

Həyatı

Yelmar Fərhad bəy oğlu Şərifov 22 dekabr 1908-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Onun atası Fərhad bəy Xurşud bəy oğlu, anası Ildız xanım Qasım bəy qızı soy-kök etibarilə Seyidli oymağının Şərifli soyundandırlar. Yelmar Şərifovun Qarabağın sayılıb-seçilən nüfuzlu bəylərindən olan dayıları İldırım xan və Çərkəz bəy qardaşları öz silahdaşları ilə Şuşada vəhşiliklər törətmiş ermənilərə qarşı uzun illər silahlı mübarizə aparmışlar. Neçə-neçə tarixi şəxsiyyətlər məhz bu iki qardaşın igidliyi sayəsində sağ qala bilmişlər. Fərhad bəy də əmisi oğlanları İldırım xan və Çərkəz bəy qardaşlarının silahdaşı kimi ermənilərə qarşı döyüşlərdə iştirak etmişdir. Fərhad bəy Şərifli nəslinin oxumuş, qoçaq insanlarından sayılırdı. 1931-ci ildə Seyidlidə vəfat etmişdir.[1]

Yelmar Şərifovun anası Ildız xanım qardaşları İldırım xan və Çərkəz bəy kimi Qarabağda qeyrətli, qoçaq, cəsarətli, savadlı şəxs kimi tanınmış, Seyidli oymağının ictimai həyatında da yaxından iştirak etmişdir. Ildız xanım qardaşlarına kömək edərək bir neçə tarixi şəxsiyyətin həyatının xilasında əhəmiyyətli rol oynamışdır. Ildız xanım 1945-ci ildə faciəli şəkildə həlak olmuşdur.[1]

Yelmar Şərifov Ağdam şəhər məktəbində təhsil almış, 1931-ci ilə kimi Ağdamda pedaqoji fəaliyyət göstərmişdir. O, 1931–1935-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldıqdan sonra Elmi-Tədqiqat Kimya İnstitutunun Aqrokimya və torpaqşünaslıq şöbəsində kiçik elmi işçi işləmişdir. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının Torpaqşünaslıq bölməsində kiçik elmi işçi vəzifəsinə işə düzəlmiş Yelmar Şərifov 1936–1940 illərdə həmin bölmənin torpaqşünaslıq ixtisası üzrə aspirantı olmuşdur. O, 1940–1942-ci illərdə Azərbaycan Xalq Torpaq Komissarlığında çalışmışdır.[1]

Yelmar Şərifov 1942 ilin yanvar ayından avqust ayına kimi Bakı Piyada Hərbi Məktəbində oxumuşdur. İkinci dünya müharibəsi illərində o, 1942-ci ilin avqust ayından 1943-cü ilin sonuna kimi 271 və ikinci qvardiya diviziyasının heyətində xidmət etmişdir. Yelmar Şərifov 1943-cü ilin sentyabr ayından 1944 ilin avqust ayına kimi Xarkov Hərbi Kimyəvi Məktəbinin zabit-kursantı idi. O, 1944–1945-ci illərdə 33-cü atıcı diviziyasının heyətində zabit kimi Almaniya və Polşa cəbhəsində vuruşmuşdur.[1]

Yelmar Şərifov İkinci dünya müharibəsi illərində göstərdiyi igidliyiyə görə SSRİ hökuməti tərəfindən müxtəlif illərdə 6 medalla (Döyüş xidmətinə görə medal, Qafqazın müdafiəsinə görə medal, Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə medalı, SSRİ Silahlı Qüvvələrinin qələbəsinin 50 illiyinə görə medalı, Böyük Vətən Müharibəsinin qələbəsinin 30 illiyinə görə medalı, Böyük Vətən Müharibəsinin qələbəsinin 25 illiyinə görə döş nişanı) mükafatlandırılmışdır.[1]

Müharibədən vətəninə qələbə ilə qayıdan Yelmar Şərifov uzun illər müxtəlif vəzifələrdə Azərbaycan Elmlər Akademiyasında (indiki Azərbaycan Milli Elmlər Akademiyası) çalışmışdır.

Yelmar Şərifov Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

Yelmar Şərifov 1946–1952 illərdə Azərbaycan Elmlər Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutunda baş elmi işçi işləmişdir. 1952-ci ildən 1959-cu ilə kimi Meşə Təsərrüfatı İnstitutunun Meşə torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqşünaslığı laboratoriyasında baş elmi işçi olmuşdur. 1968-ci ildə Meşə torpaqşünaslığı laboratoriyası şöbə şəklində Coğrafiya İnstitutunun tərkibinə keçdikdən sonra həyatının sonuna kimi həmin şöbənin baş elmi işçisi vəzifəsində çalışmışdır.[1]

Yelmar Şərifov 5 monoqrafiyanın, 50-yə yaxın elmi məqalənin müəllifi idi. O, 1952–1959 illərdə Respublikanın dağ və dağətəyi meşə altı torpaqlarda tədqiqat işləri aparmış bunun nəticəsi olaraq "Azərbaycan meşə torpaqlarının bəzi genetik xüsusiyyətləri" adlı monoqrafiyasını yazmışdır. Bu əsər 1964-cü ildə Bakıda rus dilində nəşr edilmişdir.[1]

İstinadlar

  1. Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Şərifli nəslinin övladları. "Təzadlar" qəzeti, 18 dekabr, 2012-ci il, № 189 (1732)

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Şərifli nəslinin övladları. "Təzadlar" qəzeti, 18 dekabr, 2012-ci il, № 189 (1732)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.