7 (ədəd)

Yeddisay sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir.

7
yeddi
 5 · 6 · 7 · 8 · 9 
Faktorizasiya 7 (sadə)
Rum rəqəmi VII
İkili 111
Səkkizlik 7
Onaltılıq 7
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s.

Ümumi məlumat

Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.

Yeddi sayının yaradılışla bağlılığı səma kitablarından sayılan "Tövrat"da məxsusi şəkildə bildirilmişdir. Burada yeddi sayının, ümumiyyətlə, ifadə etdiyi anlamlar çoxdur: "yeddi sünbül", "yeddi bolluq ili", "yeddi qıtlıq ili", "yeddinci gün", "yeddi qardaş", "yeddi erkək quzu", "yeddi inək" və s. Digər səma kitablarında da yeddi sayı çox işlənib. "İncil"də yeddi sayına belə rast gəlirik: "yeddi qızıl çıraq", "yeddi ulduz", "yeddi kilsə", "yeddi ruh", "yeddi günəş", "yeddi şimşək", "yeddi ilahə", "yeddibaşlı əjdaha", "yeddi dağ", "yeddi pəri", "yeddi padşah", "yeddi qızıl piyalə" və s.

Sözsüz ki, müqəddəs "Quran"da da yeddi sayının işlənmə yeri və ifadə anlamı az deyil: "yeddi göy", "yeddi gecə", "yeddi gün", "yeddi yol", "yeddi dəniz", "yeddi inək" və s. Ümumiyyətlə, yeddinin göy-səma, yer - torpaqla bağlılığına etiqad çox-çox mənbələrdə özünə yer tapmışdır. Bu mənbələrdə, bir qayda olaraq, göyün yeddi qatdan, yerin yeddi iqlimdən ibarət olduğu bildirilir. Həm də deyilir ki, Tanrı göyün hər bir qatını, yerin də hər bir iqlimini yeddi günə yaratmışdır. Və hətta Tanrının ilkin olaraq insanları da yeddi nəfərdən ibarət xəlq etdiyi söylənilir. Bildirilir ki, Tanrı yaratdığı birinci insanı bəyənməmiş və bu səbəbdən təzədən yeddi nəfər xəlq etmişdir. Sonrakı insan nəsli də elə bu yeddi nəfərdən törəyib çoxalmışdır.

Astronomik müşahidə və riyazi hesablamalar əsasında elm yeddi sayının Ayla əlaqəsini də təsdiq etmişdir. Belə ki, Ay öz fazalarını iyirmi səkkiz gün müddətində, yəni hər yeddi gündən bir dörd dəfə dəyişir. Başqa sözlə, Ay bədirlənənə qədər əvvəldə də, sonda da hilal yarımçevrə mərhələlərindən keçir. Bu da hər yeddi gündən bir təkrar olunur. Yeddi sayının kosmik cisimlərlə bağlılığı yalnız Ayla bitmir. Həmin sayın Ayla yanaşı digər səyyarələrlə (Zühəl - Saturn, Müştəri - Yupiter, Mərrix - Mars, Günəş, Zöhrə - Venera, Utarid - Merkuri) də əlaqəsi zənn olunmaqdadır. Elə Nizami Gəncəvi, Əlişir Nəvai, Əbdürrəhman Cami kimi möhtəşəm sənətkarların "Xəmsə"ləri sırasına daxil etdikləri əsərlərindən birini uyğun olaraq, "Həft Peykər" ("Yeddi gözəl"), "Yeddi səyyarə", "Böyük Ayı bürcünün yeddi səyyarəsi" adlandırmaları da bu görüşlərlə bağlıdır. Yeddi sayını, xatırlandığı kimi, "Yeddi qardaş ulduz"da adlanan Böyük Ayı bürcü ilə əlaqələndirmək cəhdi də olub. Bir mifdə deyilir ki, yeddi ulduz əslində bir-birinə qoşulmuş yeddi kişi imiş. Onlar öz yalanları ilə məşhur imişlər. Bundan qəzəblənən Tanrı onları öldürüb səmada yeddi ulduza - Böyük Ayı bürcünə çevirir. Bəzi xalqlarda isə Böyük Ayı bürcü "xoşbəxt tale bəxş edən" sayılır və o, "Yeddi Tanrı" adlanır.

Skif məişətində də Böyük Ayı bürcünün himayəçi, qardaşlıq, əbədi eşq bəxş edən simvol bildirməsi düşünülmüşdür. Bu da onlarda yeddi sayının müqəddəs sayılmasından xəbər verir. Bunun belə olmasına Yusif Vəzir Çəmənzəminlinin "Qızlar bulağı" romanı da şahidlik edir. Romanda "Qoç" və "Xoruz" adlı iki qəbilənin bir-biri ilə dostlaşması, qardaşlaşması şərəfinə mərasim keçirilir, ayinlər icra olunur. Bu ayinlərdən biri belədir: Aralığa üstüörtülü bir sini gətirilir. Orta yaşlı iki qadın bu örtüyü qaldırıb "Oradan yeddi ağ daş çıxarırlar. Qarşı-qarşıya duran iki qəbilə müməssillərinin sol əllərini qaldıraraq barmaqlarının şirin ətini cızdılar və çıxan qanı yaşıl bir yarpaq üzərində qarışdırıb" yeddi daşa yaxdılar. Daşlar yolun ortasında basdırıldı. Bu adət iki qəbilə arasında əmələ gələn qardaşlığa işarə idi. Sağ tərəfdən yeddi ağsaqqal aralandı, yanaşaraq başımıza yeddi bürünc ulduzlardan mütəşəkkil bir tac qoyub geri döndü. Bu adət yeddiqardaş ulduzun himayəsinə girməyimizin rəmzi imiş. Sol tərəfdən yeddi ağbirçək qadın gəldi, hərəmizin köksünə mumdan hazırlanmış yeddi nar taxaraq geri qayıtdı. Nar eşqin rumuzu imiş. Yeddi nar yeddiqardaş ulduzun bir-birinə qarşı bəslədikləri əbədi eşqə işarə imiş. Bu deyilənlərdən aydın görünür ki, romanda "Qoç" adıyla tanıdılan qəbilə yeddiqardaş ulduza - Böyük Ayı bürcünə etiqad bəsləyir və onu sakral sayır. Ona görə də onlar əməl və işlərində, əsasən yeddi saylı nəsnələrin iştirakına üstünlük verirlər. Məişət mərasimlərində yeddi sayına müraciət məqamları daha çoxdur. Həqiqətdir ki, soyu yaşatmaq, nəsli çoxaltmaq məsələsi insanları həmişə düşündürmüş, ər evinə köçən gəlinə çoxlu övlad anası olmaq alqış-duası söylənilmişdir. Bu cəhət öz izlərini bir nəğmədə də qorumuşdur:

Gəlin-gəlin, qız gəlin,
İnciləri düz, gəlin,
Yeddi oğul istərəm,
Son beşiyi qız, gəlin.

Gəlinin uşağı olmadıqda isə qədimdə də, elə indi də müalicəvi çarələrə müraciət olunub və olunur. Bununla əlaqədar ayinlər icra edilir. Həmin ayinlərdə yeddi sayı ilə bağlı olanlardan biri belədir: uşağı olmayan qadın çərşənbə günü qəbiristanlığa gedib yeddi qəbirdən torpaq götürür. Arxaya baxmadan evə gəlib həmin yeddi qəbir torpağını suya tökür və bu suda çimməklə uşağı olacağına inanır. Uşaq xəstələndikdə, halbahal olduqda onun qorxması, yaxud yenə də elə çilləyə düşməsi zənn olunur. Bu məqamda da yeddi sayı ilə bağlı ayinlər keçirilir. Yeddi evin qapı cəftəsi suya salınır və bu sudan uşağa dadızdırılır. Yeddi həyətdən yeddi çöp gətirib yandırılır. Yanan yeddi çöpün tüstüsü uşağın burnuna tutulur, alnına sürtülür. Bununla bəlanın sovuşacağı düşünülür. Məişət mərasimləri sırasında duran yas mərasimində ölənin yeddisi ayinlə qeyd olunur. Bundan savayı, dünyasını dəyişənin qırxına qədər hər yeddi gündən bir onun üçün ehsan verilir. Etiqada görə, bu günlərdə ölənin ruhu gəlib yad edilib-edilməməsinə göz qoyur. Əks halda ruh qəzəblənib yeni fəlakət törədə bilər. Bütün bu deyilənlər yeddi sayının xalqımız arasında da müstəsna mahiyyət daşımasını aşkar edir.

Riyaziyyatda

İnam və etiqadlarda

İlk andan anlayacaqsınız ki, bu, digərlərindən fərqlənən bir uşaqdır. Adətən, yeddi rəqəmi altında doğulanlar çox sakit uşaq olur. Yox, əgər uşaq həddən artıq temperamentlidirsə, sizi məyus etməli olacağıq: bu numerologiya silsiləsində ən çətin uşaqdır. Belə uşaq dəqiq bilir ki, ona nə lazımdır, nə isə yox. Nə isə etmək istəmirsə, özünü yorma. Əziyyətə dəyməz. Əgər valideynlər həssasdırlarsa, hətta ən çətin uşaq sizə çoxlu sevinc bəxş edəcək. Kiçik yaşlarından sizin həyəcanlı olduğunuzu hiss edəndə sakitləşdirməyə çalışır. Bu həssaslıq bacı-qardaşlarına və dostlarına qarşı da olur. Onun kiçik dünyasını sındırmağa cəhd etsəniz, uşağın qəzəbini təsəvvür edə bilməzsiz. «Yeddincilərin» yaxşısı da, pisi də onların rejimlərinin pozulmasına dözmür. Əgər vaxtında yedizdirməsən, qapalı və adamayovuşmaz ola bilərlər. Fiziki cəhətdən qeyri-fəaldırlar, amma zehni qabiliyyətləri yüksək olur. Böyüyəndə təkliyə can atırlar. Emosiyalarını gizlətməyi yaxşı bacarırlar. Onlarda yaradıcılığa həvəs oyandırmaq lazımdır.

Qurani-Kərimdə

  • Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir![1]
  • Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir.Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.[2]
  • Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir və hər şeyi biləndir.[3]
  • (Bir gün) padşah (Misir padşahı) belə dedi: "Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!"[4]
  • (Zindandakı) iki (cavan) oğlandan (edamdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: "Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana - Yusifin yanına) göndərin!" (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) "Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) bilsinlər!" (Yusif) belə cavab verdi: "Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.[5]
  • Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.[6]
  • Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir![7]

İstinadlar

  1. Bəqərə surəsi, 29
  2. Bəqərə surəsi, 196
  3. Bəqərə surəsi, 261
  4. Yusif surəsi, 43
  5. Yusif surəsi, 46-48
  6. Haqqə surəsi, 7
  7. Loğman surəsi, 27

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.