Yaycı nekropolu
Yaycı nekropolu — orta tunc dövrünə aid olub, Şərur rayonunun Aşağı Yaycı kəndindən cənubda yerləşən abidə.
Nekropol 1976-cı ildə Arpaçay su anbarı tikilərkən təsadüfən aşkar olunmuşdur. Tikinti zamanı bir neçə qəbir abidəsi dağıdılmış, zəngin maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. Qəbirlər daş qutulardan ibarət olub müxtəlif istiqamətlərə yönəlmişdir. Onların divarları iri sal daşlarla qurulmuş, üzəri bir neçə daş pilitə ilə örtülmüşdür. Bəzi daş qutular kromlexlə əhatə olunmuşdur. Qəbirlərin üzərində yer səviyyəsindən 0,5-1 m hündürlükdə olan kurqanlar saxlanmışdır.[1][2]
2011-ci ildə Yaycı nekropolunda kəşfiyyat qazıntıları aparılmışdır. Bu qazıntılar zamanı E.Məmmədov tərəfindən üzəri daş kurqanla örtülmüş bir torpaq qəbir açılmışdır. Qəbirdə skelet qalıqları tapılmamışdır. Ancaq 5 ədəd küpə, 1 ədəd şamdan və 1 ədəd kasadan ibarət qablar aşkar olunmuşdur.[3] Yaycı nekropolundan aşkar edilmiş arxeoloji materiallar əsasən boyalı qablardan ibarət olub küpə və kasa tipli qablarla təmsil olunmuşdur. Onların gilinə narın qum qatılmış, çəhrayı rəngdə yaxşı bişirilmiş, qırmızı boya ilə örtülərək xaricdən cilalanmışdır.[4] Boyalı keramika məmulatı arasında uzunboğazlı küpələr yüksək sənətkarlıq nümunəsi olmaları ilə fərqlənir. Onların boğazı dar, gövdəsi qabarıq, oturacağı yastıdır. Bu tip küpələrin bəzisinin gövdəsi bikonus formalı, bəzisi isə şarşəkillidir. Boğazı və gövdəsinin yuxarı hissəsi qırmızı anqob üzərindən qara rənglə çəkilmiş üçbucaq, sınıq və dalğalı xətlərlə naxışlanmışdır. Onların birinin gövdəsində həndəsi ornamentlər arasında yerləşən quş təsvirləri verilmişdir. Digərinin gövdəsi isə iki cərgə heyvan təsviri ilə naxışlanmışdır. Birinci cərgədə quş təsvirləri, ikinci cərgədə isə bir-birinin ardınca düzülmüş maral, it, keçi və qoyun təsvirləri verilmişdir. Təsvirlərin kompozisiyası Şumer mədəniyyətinə məxsus elementləri xatırladır. Bu cür mürəkkəb kompozisiyası olan boyalı qablar Naxçıvanda hələlik başqa abidələrdən məlum deyil. Aşkar olunmuş bu monoxrom naxışlı boyalı qablar Azərbaycan boyalı qablar mədəniyyətinin ilk mərhələsi üçün xarakterikdir.[5]
2011-ci ildə Yaycı nekropolundan aşkar olunmuş küpələr orjinal ornamentasiyası ilə diqqəti cəlb edir. Yeni tapıntıların üzərindəki ornamentlər, xüsusilə kəpənək şəkilli üçbucaqlar və torşəkilli dördbucaqlı naxışların bənzərləri Naxçıvan və Şərqi Anadolu abidələrindən üzə çıxarılmışdır.[6] Küpələrdən biri bəzəmə motivinə görə arxeoloji ədəbiyyatda Təzəkənd mədəniyyəti adı ilə tanınan abidələrdən aşkar olunmuş keramika məmulatı ilə bənzərdir. Bu küpə gövdəsinin yuxarısında, qırmızı rəng üzərinə qara rənglə, iki paralel xətt arasına alınmış həndəsi ornamentlərlə naxışlanmışdır. Naxışlar bəzi yerlərdə iki pilləli olub yuxarıda bitişik üçbucaqlar (qumsaatı motivi), aşağıda isə torlu ya da ştrixlənmiş dördbucaqlardan ibarətdir. Bu motivdə bəzənmiş küpələrə Kirovakan, Ariç, Verin Naver, Təzəkənd nekropolu və digər abidələrdə rastlanmışdır. Bu küpə bəzəmə motivinə görə yuxarıda qeyd olunan abidələrdən aşkar olunan materialların heç birini təkrar etmir. Bəzəmə motivində istifadə olunan ornamentlər ştrixlənmiş üçbucaqlar II Kültəpə, Şahtaxtı və Şortəpə üçün xarakterikdir. Qum saatı motivlərinə isə daha çox Qızılburun və Şahtaxtıda rastlanır.[7]
Yaycı boyalı qabları üçün xarakterik ornamentlərin Təzəkənd mədəniyyəti nümunələrində aşkar olunması bu mədəniyyətin Naxçıvandan gedən tayfalar tərəfindən yaradıldığını göstərir.
İstinadlar
- Baxşəliyev V.B. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 301 s.
- Seyidov A.Q. Naxçıvan e.ə. VII-II minilliklərdə. Bakı: Elm, 2003, 339 s.
- Кулиева З.К. Новые находки из могильника Яйджи. Российская археология. Москва: Наука, 2012 №2, с 164-165.
- Baxşəliyev V.B. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, 301 s.
- Seyidov A.Q, Baxşəliyev V.B, Məmmədov S.M, Aşurov S.H. Qədim Şərur. Bakı, 2012, 466 s.
- Quliyeva Z.K. Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri. Bakı: Elm və Təhsil, 2014, 192 s.
- Bahşaliyev V.B. Nahçıvan ve Doğu Anadolunun Orta Tunç çağı kültürü. II Uluslararası Ahlat-Avrasya bilim, kültür ve sanat sempozyumu. İstanbul, 2014, s 29-33.