Yay Olimpiya Oyunları
Yay Olimpiya Oyunları — hər dörd ildən bir yay fəslində keçirilən bütün dünyanı əhatə edən çox növlü idman yarışı. Qədim Yunanıstanda yaranmışdır. Müasir Olimpiya Oyunları ilk dəfə 1896-cı ildə Afinada keçirilmişdir.
Olimpiya Oyunlarının yaranması
Qədim Yunanıstanda hələ 28 əsr bundan əvvəl kimin daha güclü, çevik və cəld olduğunu aşkara çıxarmaq üçün atletlərin yarışı keçirilərmiş. Ən böyük və məşhur idman yarışları Olimpiya şəhərində keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları adlanırdı.
Olimpiya Oyunları Yunanıstanda böyük bir bayram sayılırdı və 1417 gündən bir, yəni hər dörd ildən bir keçirilirmiş. Əvvəllər olimpiyaçılar yalnız qaçışın sürətinə görə yarışırmışlar. Lakin illər keçdikcə Olimpiya Oyunları yarışlarının proqramına həmçinin pentatlon (beşnövçülük: qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), yumruq döyüşü, ikitəkərli arabalarda yürüş də daxil edilir. Olimpiya bayramlarında incəsənət müsabiqələri də keçirilərmiş, məsələn, şairlər Olimpiya Oyunlarının şərəfinə qoşduqları şeirləri və himnləri oxuyar, natiqlər qalibləri tərifləyərmişlər.
Müasir Olimpiya Oyunları
Müasir Olimpiya Oyunlarının tarixi XIX əsrin axırlarında başlanır. 1896-cı ildə Afina şəhərində antik Olimpiadaların nümunəsi əsasında çox böyük beynəlxalq idman yarışları keçirildi. O vaxtdan hər dörd ildən bir Olimpiya Oyunları keçirilir. Yay Olimpiya Oyunlarının proqramına ən kütləvi yayılmış idman növləri – yüngül atletika, üzgüçülük, gimnastika, basketbol, boks, sərbəst və klassik güləş, velosiped idmanı, voleybol, avarçəkmə idmanı, atçılıq idmanı, müasir beşnövçülük, ağır atletika, futbol, ot üzərində hokkey və başqaları daxildir.
Olimpiya məşəli
Olimpiya Oyunlarında qaldırılan bayraqla yanaşı, açılış günü stadionda yandırılan alov da yadda qalır. Ənənəyə görə, bu alov Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülür. Bundan sonra xüsusi seçilən oğlan və qızlar bu məşəli Olimpiya Oyunları keçirilən şəhərə doğru qaça-qaça bir-birlərinə ötürürlər. Son anda məşəl adlı-sanlı bir idmançıya verilir, o, stadiona daxil olub, Olimpiya Oyunlarının məşəlini yandırır. Bu məşəl yarışların açılışından bağlanışına qədər yanır.
İlk Olimpiya Oyunları zamanı stadionda məşəli əsasən kişi idmançı yandırırdı. Qadın idmançılar arasında ilk dəfə bu şərəfə 1968-ci ildə Mexikoda keçirilən Olimpiadada meksikalı Enriqueta Basilio layiq görülmüşdür. Maraqlıdır ki, BOK rəhbərliyi məşəli əlində tutan idmançını seçəndə əsasən onun ad-sanına, qazandığı uğurlara və yaraşıqlı olmasına fikir verir. Ancaq 1958-ci il Melburn Olimpiadasında məşəli 18 yaşlı, heç kimin tanımadığı avstraliyalı Ronald Klark yandırdı. Səkkiz il sonra Tokioda isə məşəli yandırmaq hüququ Yaponiyanın Xirosima şəhərinə atom bombası düşən gün anadan olmuş Yoshinori Sakaiyə verilmişdi.
Olimpiya andı
"Bütün idmançılar adından mən Olimpiya Oyunlarında idman qanunlarına hörmət edib, əsl idman ruhunda və komandalarımızın uğurunu düşünərək çıxış edəcəyimizə and içirəm!". İlk dəfə 1920-ci ildə Antverpendə keçirilən Olimpiadada yerli qılıncoynadan Viktor Buan bu andı söyləmişdi. Elə həmin vaxtdan indiyədək də hər Olimpiya Oyunlarında bir idmançı bu yarışların təmiz qanunlarla keçiriləcəyinə and içir.
1968-ci ildə Meksikada keçirilən Olimpiadada idmançılarla yanaşı, hakimlər də ilk dəfə and içir. Onun məzmunu belədir: "Hakimlərin adından mən Olimpiya yarışlarının bitərəf keçiriləcəyinə və yarışların qanunlarına hörmət ediləcəyinə and içirəm".
Onu da əlavə edək ki, Olimpiya Oyunlarını yarışların keçirildiyi ölkə prezidenti açır və "Mən … nömrəli Olimpiadanı açıq elan edirəm", — deyə nitqini tamamlayır. Dördilliyin ən əsas yarışını Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti bağlayır. 1952-ci il Helsinkidə keçirilən Olimpiya Oyunlarından sonra yeni bir ənənə yarandı. Yarış bağlı edilən kimi stadionda olan tabloda "Əlvida, Helsinki, Melburn bizi gözləyir!" sözləri yazıldı.
Olimpiya bayrağı
Hər bir Olimpiya Oyunlarının açılışı keçirilən stadionda havaya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı qaldırılır. Ağ rəngli bu bayraqda dünyanın beş qitəsinin rəmzi rənglərində olan bir-birinə keçirilmiş dairələr təsvir olunub. İlk dəfə bu bayraq 1920-ci ildə Belçikanı Antverpen şəhərində keçirilən Olimpiya Oyunlarında qaldırılıb. Məhz o vaxtdan etibarən ənənəyə görə, əvvəlki Olimpiya Oyunlarının keçirildiyi şəhərin nümayəndəsi bayrağı BOK prezidentinə təqdim edir. Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri isə bayrağı yeni Olimpiada keçiriləcək şəhərin merinə təqdim edir. Bu ənənə o vaxtdan indiyədək saxlanılıb. Onu da əlavə edək ki, yarışların açılışından sonuna qədər Olimpiya Oyunları başa çatandan sonra isə bayraq şəhərin merində dörd il ərzində saxlanılır. Olimpiya bayrağı ideyasını 1913-cü ildə BOK prezidenti Pyer de Kuberten vermişdir.
Olimpiya halqaları
Olimpiya bayrağı ideyasını 1913-cü ildə BOK prezidenti Pyer de Kuberten vermişdir. Göstərilən halqalarda üst-üstə 3 halqa soldan sağa doğru mavi, qara və qırmızıdır. Altdakı halqalar isə soldan sağa doğru sarı və yaşıldır. Hər bir halqa bir qitəni göstərir. (Antarktida göstərilmir)
Halqanın rəngi | göstərdiyi qitə |
---|---|
Mavi halqa | Avropa qitəsi |
Qara halqa | Afrika qitəsi |
Qırmızı halqa | Amerika qitəsi |
Sarı halqa | Asiya qitəsi |
Yaşıl halqa | Avstraliya qitəsi |
Olimpiya medalları
Olimpiya Oyunlarında and, bayraq və məşəllə yanaşı, medallar da böyük məna kəsb edir. İlk belə medalı 1896-cı ildə Afinada keçirilən yarışda amerikalı yüngülatlet Ceyms Brendon Konnoli qazanıb. Üç təkanla tullanışda 13,71 metr nəticə ilə birinci olan Ceymsin adı tarixə düşüb.
Qadınların arasında isə ilk medalı 1990-cı ildə Parisdə amerikalı tennisçi Şeyla Kuper qazanıb. Onu da əlavə edək ki, ilk Olimpiadalardan indiyəcən kişi və qadın yarışlarında medalların sayı eyni deyil. Kişilər bir qədər çox medal əldə edirlər.
Olimpiya rekordları
İdmanın "şah"ı hesab olunan Olimpiya Oyunları özünün rekordları ilə də yadda qalıb. Çoxları hesab edirlər ki, burada ancaq cavanlar iştirak edə və medal qazana bilərlər. Lakin 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən Olimpiya Oyunlarında iştirak edən ingiltərəli Xilda Lorna Consonun 70 yaşı olub. Bu yaşa baxmayaraq, Xilda atçılıq idmanının çıxışetmə növündə böyük məharət göstərir.
Kişilər arasında ən yaşlı Olimpiya iştirakçısı isə isveçli Oskar Svan olub. O, 1920-ci ildə Stokholmda keçirilən Yay Olimpiadasında 73 yaşında güllə atıcılığı proqramında iştirak edib. Maraqlıdır ki, Oskar Svan dörd il sonra Parisdə keçirilən Olimpiya Oyunlarına hazırlaşırmış, ancaq xəstələnir. Məhz Svan Olimpiya Oyunları tarixində ən yaşlı qalib olmuşdur. O, 1908-ci ildə 61 yaşında iki qızıl medal qazanmışdır.
Olimpiya tarixinə Norveç gəmisürəni (yaxtsmen) Maqnus Konovun adı da daxil olub. O, 40 il ərzində — 1908, 1912, 1920, 1936 və 1948-ci illərdə keçirilən beş Olimpiya Oyunlarında iştirak edib, iki qızıl və bir gümüş medal qazanıb.
Məşhur macar qılıncoynadanı Aladar Qereviç isə atlı Olimpiya Oyunlarında medallara layiq görülüb. O, 1932 – 60-cı illərdə keçirilən oyunlarda 7 qızıl, 1 gümüş və bürünc. 2008-ci ildə Çinin Pekin şəhərində keçirilmiş Olimpiya Oyununda isə Amerikalı üzgüçü Maykl Felps 7 qızıl medalla tarixə düşüb.
Olimpiadaların keçirildiyi yerlər
İndiyəqədər 31 Yay Olimpiya Oyunları keçirilib. 32-ci Yay Olimpiya Oyunlarının 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə təxirə salınmışdır.
Qeyd. Olimpiya Oyunlarının keçirilmədiyi hallarda da Olimpiadaya nömrə veririr.
Yay Olimpiya Oyunları
Sıra | İl | Şəhər | Tarix | Ölkə sayı | İdmançı sayı |
---|---|---|---|---|---|
I | 1896 | Afina | 6 aprel-15 aprel | ||
II | 1900 | Paris | 14 may-28 oktyabr | ||
III | 1904 | Sent-Luis | 1 iyul-23 noyabr | ||
IV | 1908 | London | 27 aprel-31 oktyabr | ||
V | 1912 | Stokholm | 6 iyul-22 iyul | ||
VI | 1916 | I Dünya Müharibəsi səbəbi ilə keçirilmədi | |||
VII | 1920 | Antverpen | 14 avqust-12 sentyabr | ||
VIII | 1924 | Paris | 4 may-27 iyul | ||
IX | 1928 | Amsterdam | 28 iyul-12 avqust | ||
X | 1932 | Los-Anceles | 30 iyul-14 avqust | ||
XI | 1936 | Berlin | 1 avqust-16 avqust | ||
XII | 1940 | II Dünya Müharibəsi səbəbi ilə keçirilmədi | |||
XIII | 1944 | II Dünya Müharibəsi səbəbi ilə keçirilmədi | |||
XIV | 1948 | London | 29 iyul-14 avqust | ||
XV | 1952 | Helsinki | 19 iyul-3 avqust | ||
XVI | 1956 | Melburn | 22 noyabr-8 dekabr | ||
XVII | 1960 | Roma | 25 avqust-11 sentyabr | ||
XVIII | 1964 | Tokio | 10 oktyabr-24 oktyabr | ||
XIX | 1968 | Mexiko | 12 oktyabr-27 oktyabr | ||
XX | 1972 | Münhen | 26 avqust-10 sentyabr | ||
XXI | 1976 | Monreal | 17 iyul-1 avqust | ||
XXII | 1980 | Moskva | 19 iyul-3 avqust | ||
XXIII | 1984 | Los-Anceles | 28 iyul-12 avqust | ||
XXIV | 1988 | Seul | 17 sentyabr-2 oktyabr | ||
XXV | 1992 | Barselona | 25 iyul-9 avqust | ||
XXVI | 1996 | Atlanta | 19 iyul-4 avqust | ||
XXVII | 2000 | Sidney | 15 sentyabr-1 oktyabr | ||
XXVIII | 2004 | Afina | 13 avqust-29 avqust | ||
XXIX | 2008 | Pekin | 8 avqust-24 avqust | ||
XXX | 2012 | London | 27 iyul-12 avqust | ||
XXXI | 2016 | Rio-de-Janeyro | 5 avqust-21 avqust | ||
XXXII | 2020 | Tokio | 24 iyul-9 avqust | ||
XXXIII | 2024 | Paris | 2 avqust-18 avqust | ||
XXXIV | 2028 | Los-Anceles | 21 iyul-6 avqust |