Yasif Nəsirli
Nəsirli Yasif Mirzə oğlu (23 dekabr 1938, Kavdar, Cəbrayıl rayonu) — nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azəbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat lureatı (1994), "Qızıl qələm" mükafatı laureatı (1999).
Yasif Nəsirli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 dekabr 1938 (85 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | yazıçı |
Həyatı
Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Azərbaycanda Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı Mədəni-Maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini (1963) fərqlənmə diplomu ilə bitirmişdir. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nin Ali komsomol məktəbində (1964), SSRİ DTK-nin F.Dzerjinski adına Ali məktəbində (1973-1975) təhsilini artırmışdır.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin Elmi Cəmiyyətinin sədri və universitet qəzetinin baş redaktorunun müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlamış, sonra burada şöbə müdiri vəzifələrində (1962-1969) işləmişdir. "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və ilk baş redaktoru (1967-1968) olmuşdur. Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı (1969-1973), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində şöbə müdiri, İdarə rəisi və orada Kollegiya üzvü (1975-1987) olmuşdur. Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri (1987-1991) vəzifəsində çalışmışdır. Azərbaycan KP MK-ya üzv seçilmişdir. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü (1989-1991) olmuşdur. Burada general-mayor rütbəsinə layiq (1990) görülmüşdür. Azərbaycan Prezidenti yanında Ali Nəzarət İnspeksiyasında İnzibati orqanlar şöbəsinin müdiri, sədr müavini (1991-1992) işləmişdir.
Yasif Nəsirli bir müddət Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü olmuşdur.[1]
Qarabağ Təşkilat Komitəsinin birinci müavini olmuşdur. Qarabağ müharibə veteranıdır. Respublika "Veteran" Xeyriyyə fondunun prezidenti, Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidentidir. Bir çox xarici ölkə universitetlərinin fəxri doktorudur. Azərbaycan yazıçılarının hərbi vətənpərvərlik komissiyası sədrinin müavinidir.
2007-ci ildən Azərbaycan Dünyası Beynəlxalq Əlaqələr Mərkəzinin (Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti) prezidentidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 19 dekabr tarixli sərəncamı ilə "Əməkdar İncəsənət xadimi" Fəxri adına layiq görülmüşdür.
SSRİ-nin Fəxri çekistidir.
Ritsumeikan Universitetinin fəxri doktoru (Yaponiya, 2008) seçilmişdir.
Ədəbi yaradıcılığa tələbəlik illərində başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. Azərbaycan nümayəndə heyətinin başçısı kimi İngiltərə (1970), Belçika (1976), İtaliya (1978), Malta (1978), Türkiyə (1980), Fransa (1983), İraq (1993), Kuba Respublikası (2003), Yaponiya (2008), Çin Xalq Respublikası (2010) və b. ölkələrdə rəsmi səfərdə olmuşdur. Xidmətlərinə görə medallar və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanlari ilə təltif edilmişdir.
Yazıçının "Liftdə hadisə", "Təyyarə geri dönür", "Qan qardaşları" və başqa pyeslərinin tamaşaları dəfələrlə Azərbaycan Dövlət televiziyası ilə nümayiş etdirilib.
Əsərləri
- Sənədli hekayələr. Bakı: Uşaqgəncnəşr, 1962.
- Araz daşan yerdə (sənədli hekayələr). Bakı: Gənclik, 1962.
- Bolluq yaradanlar. Bakı: Gənclik, 1966.
- Qırmızı qərənfil. Bakı: Gənclik, 1969.
- İnsanlar, görüşlər. Bakı: Azərnəşr, 1969.
- Adsız təpə (hekayələr). Bakı: Yazıçı, 1979.
- Çinar vüqarı (hekayələr, ədəbi portretlər). Bakı: Gənclik, 1985.
- Qayıdacağam. Bakı: Yazıçı, 1989.
- Görə bilmədin (hekayə və esselər). Bakı: Azərnəşr, 1999.
- Azərbaycan şeiri. Bakı: "Şərq-Qərb", 2000
- Əgər ki, yıxılsam çinar göstərin (tənqid). Bakı: "Şərq-Qərb", 2000.
- Ömür (povest, hekayə və esselər). Bakı: Azərnəşr, 2003.
- Dünya (hekayələr). Bakı: Adiloğlu, 2005.
- Zaman (povest, hekayə və esselər). Bakı: Nurlan, 2006.
- Mənalı ömür (sənədli roman). Bakı: "Əkizlər", 2011
- Zirvə. Roman. Bakı. “Təknur” nəşriyyatı, 2019.
- Günəşlə görüş. Bakı: Nurlan, 2009.
- Gündoğandan günbatana (publisistika). Bakı, Elm və təhsil nəşriyyatı. 2020.
Tərcümələri
Ruscadan
- Georgi Markov. "Sibir" (roman). Bakı: Yazıçı, 1978, 592 səh.
- Adolf Dıçanski. "Filosof və paltaryuyan qız" (povest). Bakı: Azərnəşr, 1978, 196 səh.
- Polşa hekayələri. Bakı: Azərnəşr, 1978, 296 səh.(şərikli)
- Mariya Mayerova. "Dünyaların ən yaxşısı" (roman). Bakı: Yazıçı, 1983, 323 səh.
- Ş.Ələddinin "Mərmər pillələr"
Pyeslerinə tamaşalar
- Liftdə hadisə
- Təyyarə geri dönür
- Qan qardaşları
- Dirilən adam
İstinadlar
- "Arxivlənmiş surət". 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-17.