Yaqut Dilbazi
Dilbazi Yaqut Paşa qızı (Yaqut Dilbazi; 1910, Qazax – 1994, Bakı) — azərbaycanlı yazıçı.[1]
Yaqut Dilbazi | |
---|---|
Yaqut Paşa qızı Dilbazi | |
Doğum tarixi | |
Doğum yeri | Xanlıqlar, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Həyat yoldaşı | Mirzəağa Quluzadə |
Uşağı | Vəfa Quluzadə |
Fəaliyyəti | yazıçı |
dilbazi.az |
Həyatı
Yaqut Dilbazi Daş Salahlı məktəbindən sonra Ali Pedaqoji İnstitutun aspiranturasını bitirib. XX əsrin 30–40-cı illər Azərbaycan ziyalılarının həyatından bəhs edən "Məhəbbət qocalmır", "Ağ yasəmənlər" povestlərinin müəllifi kimi tanınır. Bu iki povestdə sovetləşmədən sonra kənd və şəhərlərdə ilk məktəb, təlim-tərbiyə və mədəniyyət ocaqlarının təşəkkül tapmasından, eyni zamanda о çağın ziyalılarının, xüsusilə qadın və qızların fəaliyyətindən söz açılır. Müəllimlərin həyatından bəhs edən "Ağ yasəmənlər" povestində isə hadisələr müharibədən sonrakı illərə təsadüf edir. Müharibə dövründə əri Mirzağa Quluzadə hərbi xidmətə çağırılanda bir müddət yeddi aylıq oğlu Vəfanı və anasını da özü ilə götürüb Qazağın Aslanbəyli kəndinə — nənəsi Sayalı xanımın doğma elinə qohumlarıgilə getmiş, müharibə illərində bir neçə il bu kənddə müəllimə işləmişdi. Oradan da Tiflisə — hərbi qərargahda işləyən ərinin yanına getmişdi. Bakıya müharibədən sonra qayıtmışdılar. Bundan sonra 25 il Azərbaycanın ali məktəblərində Azərbaycan dilini tədris etmişdir.
Onun "Məhəbbət qocalmır" povesti 1978-ci ildə, "Ağ yasəmənlər" isə 1984-cü ildə "Yazıçı" nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur. 1991-ci ildə isə "Yazıçı" nəşriyyatı bu iki povesti Nizami Cəfərovun "Yalnız məhəbbət əbədi qalır" başlıqlı ön sözü ilə bir kitab halında nəşr etmişdir. "Yaqut xanım bu kitaba daxil olmuş povestlərində də bir müəllim olaraq qalır, hadisələrin təsvirində, dil-ifadə tərzində pedaqoji təmkini incəliklə gözləyir. Və bu təmkini ən sentimental məqamlarda da özünü hiss etdirir. Yaqut Dilbazinin povestləri bir-birinin ideya-estetik davamıdır — "Məhəbbət qocalmır"ın arxasınca gələn "Ağ yasəmənlər" müəllifin avtobioqrafik xarakterli "gənc müəllimə" obrazını daha da kamilləşdirir və bütövləşdirir, hər iki povest vahid bir mətləbin ifadəsinə xidmət edir", — Nizami Cəfərov ön sözdə yazıçıya və onun əsərlərinə belə səmimi qiymət verir.
Kitabları
- "Məhəbbət qocalmır" (povest)
- "Ağ yasəmənlər" (povest)