Yaqublu (Oğuz)

YaqubluAzərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.

Yaqublu
40°55′23″ şm. e. 47°27′31″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 586 nəf.
Rəsmi dili
Yaqublu xəritədə
Yaqublu
Yaqublu

Toponimikası

Azərbaycan Respublikasında "Yaqublu" toponiminə hazırda Oğuz və Gədəbəy rayonlarında rast gəlirik, lakin tarixi mənbələr göstərir ki, vaxtı ilə İrəvan quberniyasının Zəngəzur və Eçmədzin qəzalarında, Tiflis quberniyasının Dmanisi rayonunda, digər regionlarda da həmin adda kəndlər olmuşdur.

Haqqında bəhs edilən Yaqublu kəndi isə ölkəmizin Oğuz (keçmiş Vartaşen) rayonunun cənubunda Oğuz – Mingəçevir – Yevlax – Gəncə şose yolunun kənarında; Oğuz rayonunun mərkəzindən təxminən 20 km. məsafədə Alazan- Əyriçay çökəkliyində yerləşir.

Folklor nümunələrində də təsadüf etdiyimiz bu toponimlə yazılı mənbələrdə "Yakublu" formasında, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV–XV əsrlərdə yaşamış məşhur tarixçi Mahmud Xınaluqinin "XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri" adlı əlyazmasında rastlaşırıq.

Toponimin etimologiyası barədə müxtəlif maraqlı və ziddiyyətli fikirlər vardır. Bəzi tədqiqat əsərlərində "Yaqublu" toponiminin tərkibindəki "Yaqub" sözü yəhudi adı olan Yakovun (İakovun) ərəb forması hesab edilir. Mənası "ardınca, dabanbasdı, izi ilə gələn" kimi izah olunur. Bəzən isə Yaqublu toponimi Yakov adlı udi adı ilə də əlaqələndirilir. Bunların heç bir əsası yoxdur, fərziyyədir və ancaq iddia sayıla bilər.

"Yaqublu" toponimi türk mənşəli toponimdir. Bu baxından da sözün Onkin və Orxon abidələrində, M. Qağanqatlının "Alban tarixi" əsərində işlənmiş "Yabğu" ("Yabqu"), "Kitabi-Dədə Qorqud"dakı "yapaqlu", "yavuq" və yavuqlu", Altay dillərindəki "yaq" və "qu", Oğuz Yabgu dövləti (Oğuz yabğululuğu), Oğuz dövlətinin rəhbərlərindən olan yabğu (titul bildirirdi, xaqandan sonrakı şəxs), tədqiqat əsərlərində rastlaşdığımız "sağ və sol yabqular" ifadələri, tayfa adları Yaqublu və Yoloqlu; Ermənistandakı tirə adı Babayaqublu, Ş. İ. Xətainin mürşidi Miskin Abdalın doğma kəndi Sarıyaqub, həmçinin Ermənistan və Gürcüstandakı məşhur Şadmanlı, Kosalı, Oğuz-türkmən və avşar tayfalarının bir qolu olan "yaqublular"; kənd adları Yaqubkənd, Yaquboğlu (qışlağ), Yaquboba, Yaqupi, Yaqub və s. kimi onlarla belə titul, şəxs, yer, tayfa, oymaq, qol və tirə adları ilə səsləşməsini təsadüfi hesab etmək mümkün deyil.

Ona görə ki, birincisi, bu titul, şəxs, yer, tayfa, oymaq, qol və tirə adlarına daha çox Azərbaycan xalqının yaşadığı və Azərbaycan dövlətlərinin idarə etdiyi məmləkətdə (o cümlədən, bəzi türk dövlətlərində) rast gəlirik. İkincisi, həmin şəxs, titul, yer, tayfa, oymaq, qol və tirə adlarının hamısının daşıyıcıları əsasən azərbaycanlılardır (və ya digər bəzi türk xalqlarıdır). Üçuncüsü, həmin şəxs, yer, tayfa, oymaq, qol və tirə adları həm tarixilik, həm də müasirlik baxımından Azərbaycan dilinin (türk dillərinin) fonetik, morfoloji və leksik-semantik xüsusiyyətlərini tam əks etdirir.

Dilçi alimlərin əksəriyyətinin tədqiqatları da bir mənalı olaraq göstərir ki, "Yaqublu" qədim arxaik sözlərimiz əsasında formalaşmış türk-Azərbaycan mənşəli ad, soyad və toponimdir. Təsadüfi deyil ki, akademik A. Qurbanov onu "keçmişin izlərini özündə bariz şəkildə saxlayan" toponimlərin sırasına aid edir. Filologiya elmləri doktoru A. Paşayev də "Yaqublu" sözünün dilimizin morfoloji xüsusiyyətlərini tam əks etdirdiyini və türk mənşəli qədim oykonim (yaşayış məntəqəsinin adını bildirən xüsusi isim) olduğunu qeyd edir. Gürcüstan MA-nın həqiqi üzvü, professor Ş. Məmmədli isə həmin sözü "osmanlı kökənli" hesab edir.

Akademik, coğrafiya elmləri doktoru B. Ə. Budaqov və Azərbaycan Respublikası Milli Məclisinin toponomiya komssiyasının tanınmış üzvlərindən, tarix elmləri doktoru Q. Ə. Qeybullayevin "Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti"ndə "Yaqublu" adının qədim türk dillərində "şahzadə" və "başçı" mənalarında işlənən "yabğu"("yağbu") sözündən yarandığı göstərilir. Filologiya elmləri doktoru M. Çobanlı və filologiya elmləri namizədləri M. Borçalı və H. Çobanova da bu fkirlə razılaşırlar. Maraqlıdır ki,"Türk folkloru dünya alimlərinin gözü ilə" tədqiqat toplusunun I hissəsində də "Yabqu" ("Yabğu") həm toponim, həm də şəxs adı kimi göstərilir. 

Başqa bir mənbədə isə Yaqublu toponimi "Kitabi-Dədə Qorqud"dan bizə tanış olan, Ş. İ. Xətainin əsərlərində də rastlaşdığımız "yavuq" və "yavuqlu" (yaxın, yaxınlıq) sözləri ilə əlaqələndirilir; "yavuq" sözü ilə "-lu" şəkilçisindən formalaşdığı və sonralar "Yaqublu" kimi sabitləşdiyi (Yavuqlı – Yavıqlı – Yavıxlı – Yaquplu – Yaqublu) qeyd olunur. Türkiyəli araşdırmaçı, doktor Rəcəb Albayraq Hacaloğlu "Borçalı toponimləri" əsərində bu fikri təsdiq edir. 

Şair-araşdırmaçı Y. Rzayev "Mingəçevir işıqları" qəzetində dərc olunmuş "Günəş doğanda da gözəldir, qürub edəndə də…"adlı məqaləsində dilin mənşəyi haqqında monogenezis nəzəriyyəsinə istinad edərək yazır ki, Yaqub sözü maq-oğuz-Azərbaycan sözüdür. Mənası "qürub edən Günəş kimi parlaq" deməkdir. Mənbələrdə Yaqub sözünün qədim türk sözü olub, "ya" (günəş anlamında) və "qürub" komponentlərindən formalaşdığı da qeyd olunur.

"Yaqublu" toponiminin tərkibindəki türk mənşəli "Yaqub"un, yəhudi adı olan Yakovun (İakovun) ərəb forması "Yaqub"la fonetik tərkibcə eyni olması bir təsadüf və zahiri bənzərlikdir. 

Ümumiyyətlə, türklər arasında "Yaqub"un şəxs adı kimi işlənməsi tarixi çox qədimlərə gedib çıxır.

Toponimin tərkibindəki –lu şəkilçisi isə –luk4 şəkiçisinin törəməsi olub, türk mənşəli qədim şəkilçidir. Sonluğu –lı4 şəkilçiləri ilə bitən soyadlara qədim mənbələrində də rast gəlmək mümkündür. Məsələn, Xivəli Əbülqazi Bahadır xanın "Şəcəreyi-tərakimə" əsərindən aydın olur ki, Oğuz xanın 6 oğlundan dünyaya gələn törəmələrinin bəzilərinin adları dördvariantlı –lı4 şəkilçiləri ilə işlənmiş və Turbatlı, Kəraylı, Sultanlı, Oklı, Kokli, Suçlı və s. olmuşdur. Orta əsərlərdə bu şəkilçinin yer adlarına əlavə edilərək şəxs adları ilə qoşa işlənməsi isə daha intensiv hal almışdır. Məsələn, Y. Balasaqunlu, A. Ərdəbilli, A. Tufarqanlı, X. Q. Tikmədaşlı və s.

M. Xınaluqinin yuxarıda adı çəkilmiş əlyazmasında, osmanlı idarəçiləri tərəfindən tərtib edilmiş "Tiflis və İrəvan əyalətlərinin müfəssəl dəftərləri"ndə, həmçinin XIX əsərin əvvəllərindən başlayaraq rus cinovnikləri tərəfindən Şəki qəzasında aparılmış kameral təsvirlərdə də toponimin –lu şəkilçisi ilə qoşa işləndiyini görürük.

Akademiklərdən A. Qurbanov, tədqiqatçı alimlər O. T. Molçanova, S. Cəfərov, T. Əhmədov və başqaları qeyd edirlər ki, "-lu4" şəkilçisi həm də şəxs, tayfa, nəsil, tirə adlarına qoşularaq, onlara mənsub (törəmə, yaxın, qohum) mənası ifadə edən düzəltmə etnonimlər (xalqların, millətlərin, qəbilələrin, qəbilə və etnik birliklərin adı) əmələ gətirir.

"Yaqublu" oykonimi xalqımızın etnogenezinin formalaşmasında ciddi və əhəmiyyətli rol oynamış şəxs, tirə, qol, boy, oymaq, nəsil və tayfa adları ilə sıx bağlıdır. Antrotoponim (şəxs adlarından əmələ gələn coğrafi ad) əsasında əmələ gəldiyi açıq-aşkar görünür. "Yaqub nəslinə məxsus, Yaqub nəslindən, tirə, qol, boy, oymaq və tayfasından olanlar" anlamındadır.

H. Çobanova öz dissertasiyasında göstərir ki, osmanlı idarəçiləri tərəfindən 1728-ci ildə tərtib edilmiş "Tiflis əyalətinin müfəssəl dəftəri" və "İrəvan əyalətinin müfəssəl dəftəri"ində 2 və 3 Yaqublu oymağının adı çəkilir. Hər iki sənəddə qeyd edilir ki, Yaqub adlı şəxs Kosalı tayfasının yaqublular qoluna mənsub olub. O qeyd edir ki, yaqublular Qərbi Azərbaycandan bütün Azərbaycana və Gürcüstana səpələnmiş və məskunlaşdıqları yerləri əvvəlki yaşayış yerinin adı ilə adlandırmışlar.

Toponimin müxtəlif mikro və makroareallarda təkrarlanmasının əsas səbəbi eyni yer, tayfa, oymaq və tirədən çıxmış nümayəndələrin yeni saldıqları yaşayış məntəqələrinə əvvəlki məntəqələrin adlarını vermək cəhdindən irəli gəlir. Bu, artıq toponimikada əsaslandırılmışdır.

Yaqublu areal (birdən çox coğrafi obyektin adını bildirən) toponimdir. Bu kənd yuxarıda qeyd etdiyimiz şəxs, yer, tayfa, oymaq, qol və tirə nümayəndələri tərəfindən düşərgə, köç və ya qışlaq yeri kimi salınmış, sonralar isə daimi yaşayış məntəqəsinə çevrilmişdir. İlk sakinlər kəndə ya çıxdıqları əvvəlki yaşayış məntəqəsinin, ya onları bu əraziyə gətirən şəxsin, ya da mənsub olduqları tayfa, oymaq, qol, boy və tirənin adını – Yaqublu adını vermişlər. Beləliklə, hansı məntəqə və tayfa, oymaq, qol, boy və tirədən olduqlarını nəzərə çatdırmaq istəmişlər. Bunlar toponim yaradıcılığında daha qanunauyğun hal sayılır.

Tarixi

Kəndin 300–400 metrliyindəki qədim kurqanlar (Vardanlı (Kərimli) kurqanları nəzərdə tutulur) və qazınti zamanı oradan tapılmış son tunc dövrünə aid eksponatlar bu ərazinin çox qədimdən yaşayış məskəni olduğunu sübut edir.

Hələlik məlum olan və Yaqublunun yaşayış məskəni kimi adının çəkildiyi son mənbə kəndin ən azından 600 ildən artıq yaşı olduğunu göstərir. Belə ki, Quba rayonu Xınalıq kəndində anadan olmuş, XIV–XV əsrlərdə yaşamış tarixçi Mahmud Xınaluqi "XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri" adlı əlyazmasında qeyd edir ki, Şirvanşah Sultan Gerşasp Vardanlı, Yaqublu və Söyüdlü kəndləri müstəsna olmaqla, Ağdaş mahalını qohumu Qaytaq əmrinin oğluna (bacısı oğlu – İlçav Əhməd bəyə) öz məişətini təmin etməsi üçün vermişdi.

Əlyazmanın təhlili və hadisələrin Əmir Teymurun dövrünə təsadüf etməsindən belə məlum olur ki, Xınaluqi Sultan Gerşasp dedikdə İbrahim Dərbəndini (1382–1417) nəzərdə tutmuşdur.

Digər bir mənbədə də kəndin yuxarıda göstərilən dövrdə mövcud olduğunu görürük. Belə ki, rayon ərazisindəki Calut monastırının tarixindən də bəhs olunmuş bu mənbədə adı çəkilən monastırın katolikoslarından birinin, etnik udi olan Aristakesin (1511–1516-cı illərdə katolikosluq edib) 1516-cı ildə Oğuz rayonunun indiki Yaqublu kəndində ("svoey rodine") vəfat etdiyi və burada dəfn edildiyi göstərilir.

Başqa bir tarixi mənbədə də Yaqublu kəndinin adına rast gəlirik. 1701-ci ilə aid olan və erməni kilsə arxivində saxlanılan, Səfəvi Şahı Sultan Hüseynə ünvanlanmış bu sənəddə görürük ki, 1701–1728-ci illərdə katolikosluq etmiş udi Yesai Həsən Cəlalyan Şəki və Şirvandakı qriqoryanlaşdırılmış udi və tat əhalisinin mənsub olduğu Şirvan yeparxiyasını Eçmədzin (Üçkilsə) kilsəsinin əlindən almaq istəyirmiş. Bu məqsədlə şaha ünvanlanmış həmin ərizəyə öz möhürünü basanların içərisində Yaqublu udiləri — kəndin kəndxudası Simeonun və keşişi Nerses Bəynəzərin adlarını da oxuyuruq. Maraqlıdır ki, həmin ərizədə göstərilənlərin həqiqiliyi Padar və Ərəş mahalının məliyi Məlik Şəhabəddin tərəfindən də təsdiq edilmişdir.

1819-cu ilə aid olan "Şəki vilayətinin təsviri" adlı başqa bir mənbədə də Yaqublu kəndinin Şəki mahalında yaşayış məntəqəsi kimi mövcud olduğunu görürük. M. Barxudaryantsın 1893-cü ildə yazdiği "Albaniya (Аlyank) ölkəsi və onun qonşuları" kitabında da Yaqublu haqqında məlumat verilir .

Bizim eranın əvvəllərindən Qafqaz Albaniyasının tərkibində olduğu ehtimal edilən Yaqublu kəndi IX əsrdən XVI əsrin ortalarınadək Şirvanşahlar və XVI – XVIII əsrlərdə Səfəvilər dövlətlərinin, XVIII əsrin sonlarından XIX əsrin 30-cu illərinədək Şəki xanlığının, Azərbaycan çar Rusiyası tərəfindən işğal olunandan sonra – 1840-cı ildən Kaspi vilayətinin Nuxa əyalətinin, 1846-cı ildən Şamaxı quberniyasının, 1859-cu ildən Bakı quberniyasının, 1867-ci ilin sonlarından isə Yelizavetpol quberniyasının Nuxa və Ərəş qəzalarının tərkibində olmuşdur.

1824-cü ildə aparılmış siyahıyaalmada kənd Nuxa qəzasının Nuxa mahalına, sonrakı dövrlərdə isə qəzanın Xaçmaz sahəsinə aid edilmişdir.

Vartaşen (Oğuz) məktəbinin keçmiş müdiri, tədqiqatçı M. Bejanovun 1896-cı ildə Tiflisdə çap etdirdiyi "Xlebopaşestva v Nuxinskom i Areşskom uezde" məqaləsindən ("Kafkazskoye selskoye xozyaystvo", 1986, № 146) və Qafqaz Statistika Komitəsinin statistika şöbəsinin baş redaktoru D. D. Paqirevin 1914-cü ildə Tiflisdə çap etdirdiyi "Alfavitnıy ukazatel k pyativerstnoy karte Kavkaza"(səh:305) əsərindən Yaqublu kəndinin bu illərdə də mövcudluğunun şahidi oluruq.

Mənbələrdə XIX əsrin sonlarından XX əsrin əvvəllərinə kimi Yaqublunun Nuxa yox, Ərəş qəzasının tərkibində olduğunu görürük, lakin 1920–1921-ci illərdən kənd yenidən Nuxa qəzasının tərkibinə qaytarılmışdır. Kəndin Nuxa qəzasının tərkibində olması 1930-cu ilə kimi davam edib. Qəzanın Vartaşen sahəsində 1921-ci ildə 4, 1926-cı ildə 9 kənd şurası (sovetlik) olsa da, Yaqublu kəndinin 1920-ci illərdə hansı kənd şurasına (sovetliyə) daxil olması və əhali sayı barədə rəsmi məlumat tapmaq mümkün olmamışdır. Yaşlı sakinlərin söylədiklərinə görə, həmin illərdə kəndin Padar sovetliyinin tərkibində olmasını güman edilir. 1930-cu ildə Oğuz (Vartaşen) rayonu təşkil edilərkən Yaqublu kəndi onun tərkibinə daxil edilmiş və Padar Zəhmətkeş Deputatlar Sovetinin (ZDS) idarəçiliyinə verilmişdir.

Oğuz (Vartaşen) rayon ZDS-nin 28 iyun 1946-cı il tarixli qərarı ilə Yaqubluda ilk dəfə Sovetlik (ZDS) həmin ildə yaradılmış və 1954-cü ilə kimi fəaliyyət göstərmişdir.

(Maraqlı olduğunu nəzərə alaraq qeyd edək ki, kənd 03 aprel 1952-ci il – 23 aprel 1953-cü il tarixlərində mövcud olmuş Gəncə vilayətinin Vartaşen rayonunun tərkibində olmuşdur, lakin özünü doğrultmadığına görə bu vilayət SSRİ Ali Sovetinin 1953-cü il 23 aprel tarixli qərarı ilə ləğv edilmişdir.)

1954-cü ildə Yaqublu kəndi yenidən Padar Sovetliyinin tərkibinə verilmişdir. 1960-cı ildə kənddəki mövcud kolxozun Kərimli (Vardanlı) kəndindəki "Qələbə" kolxozuna birləşdirilməsi ilə əlaqədar Yaqublu (həmçinin Yenikənd, Top və Zərrab) kəndi Padar Sovetliyinin tərkibindən çıxarılaraq Kərimli (Vardanlı) Sovetliyinin tərkibinə daxil edilmişdir. Kənd 1966-cı ilə kimi həmin sovetliyin tərkibində olmuşdur.

1966-cı ildə kənddə yenidən inzibati mərkəzi Yaqublu olmaqla Yenikənd, Top və Zərrab kəndlərini də əhatə edən Sovetlik təşkil edilmişdir.

1991-ci ildə ölkədə Prezident institutunun yaradılması Ilə əlaqədar kənd Sovetinin (XDS) fəaliyyətinə xitam verilmiş, Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Yaqublu İƏD-si üzrə nümayəndəliyi yaradılmışdır. Ölkə Konstitusiyasına uyğun olaraq 12 dekabr 1999-cu il tarixdə kənddə ilk dəfə Bələdiyyə seçkiləri keçirilmiş və bələdiyyə orqanı formalaşdırılmışdır.

Azərbaycan Respublikası Milli Məclisinin 29 may 2009-cu il tarixli qərarına uyğun olaraq ərazi icra nümayəndəliyində müstəqil fəaliyyət göstərən Top, Zərrab və Yenikənd bələdiyyələri həmin ildən Yaqublu Bələdiyyəsinə birləşdirilmişdir.

Kəndin şimalında qədim kurqanlar var.

Coğrafiyası və iqlimi

Yaqublu kəndi Azərbaycan Respublikasının Oğuz (keçmiş Vartaşen) rayonunun cənubunda Oğuz – Mingəçevir – Yevlax – Gəncə şose yolunun kənarında; Oğuz rayonunun mərkəzindən, o cümlədən Böyük Qafqaz sıra dağlarından təxminən 20 km. məsafədə Alazan-Əyriçay çökəkliyində yerləşir.

Bəzi mənbələrdə kəndin keçmiş adı "Qayabaşı" kimi qeyd edilir. Bu isə tamamilə yanlışdır. Bunlar müxtəlif yaşayış məntəqələri olub. XVIII – XIX əsrlərdə aparılmış kameral təsvirlərdə də bu kəndlər ayrı-ayrı yaşayış məntəqələri kimi qeydə alınıb. Qayabaşı kəndi Yaqublu kəndinin cənubi-qərb istiqamətində olub, kənddən təxminən 7–8 km. uzaqlıqda yerləşir və hazırda Şəki rayonunun tərkibindədir.

Yaqublu kəndi isə Oğuz rayopnunda olub, Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Yaqublu İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin mərkəzidir. Dairəyə Yaqublu kəndi ilə yanaşı Yenikənd, Top və Zərrab kəndləri də daxildir. Kənd şimaldan rayonun Kərimli (keçmiş Vardanlı), şimali-şərqdən Padar, şərqdən Yenikənd, qərbdən Top, cənubdan isə Şəki rayonunun ərazisinə daxil olan Sarıca sinklinal düzənliyində yerləşən Bolludərə, Sarıca və yuxarıda haqqında bəhs etdiyimiz Qayabaşı kəndləri ilə həmsərhəddir.

Kəndin şimal-qərbində qədim kurqanlar, cənubunda isə "Quşlar kəndi" adlı dərələr var. (Bəzən "Quşlar kəndi" düzəngah və yaşayış məntəqəsi kimi təqdim olunur, lakin tarixi mənbələr bunu təsdiq etmir. Deyilənə görə, bura çöl quşlarının çox olduğu kolluq bir ərazi olub, adı da burdan götürülüb.)

Oğuz — Gəncə, Oğuz — Mingəçevir, Oğuz — Bərdə, Xaçmaz (kənd) — Mingəçevir və s. avtobus marşrutları Yaqubludan keçir. Müntəzəm olaraq Yaqublu– Oğuz– Yaqublu avtobus marşurutu işləyir.

Kəndin inzibati ərazisi 1112,54 hektardır. Torpaq fondunun 400 hektara yaxınını əhalinin pay torpaqları, 30 hektardan çoxunu fərdi həyətyanı torpaqlar, 600 hektardan çoxunu isə Bələdiyyə torpaqları təşkil edir. Burada adi bərkimiş və karbonatlı, dağ qara (meşə altından çıxmış) torpaqlarla yanaşı, bəzi kiçik sahələrdə tünd-şabalıdı və şabalıdı torpaqlar yayılmışdır. İllik rütubətlənmə əmsalı 0,14 – 0,47 arasında dəyişir. Ən yağıntılı, çiskin havalı dövr aprel-may, qismən də sentyabr-oktyabr aylarıdır. Həmin dövrlərdə illik yağıntının təxminən 50%-i yağır. Ən isti ayda (iyulda) 10 dərəcədən yuxarı temperatur cəmi 3800–4100 arasında dövr edir. Ümumi günəş radiasiyası 126 kkal/kv.metrdir.

Yaqublu kəndi dəniz səviyyəsindən 440 metr yüksəklikdədir. Yeraltı sular dərində olduğuna görə burada suya, o cümlədən içməli suya ciddi ehtiyac vardır.

Evlərin xarabalıqları və xarabalıqlardan tapılan məişət əşyaları göstərir ki, Yaqublu kəndi Güllüdağın ətəyindən Kərimli (Vardanlı) kurqanlarının 300–400 metrliyinə kimi uzanan bir ərazini əhatə etmişdir. Kənd özünün təbii gözəllikləri ilə seçilir. Burada çoxlu sayda faydalı bitki (yovşan, yulğun, inciçiçəyi, əməköməci, üzərlik, qantəpər, qatırquyruğu, qızılgül, əvəlik, bağayarpağı, baldırqan, gülxətmi, vəhşi

keşniş, növruzgülü, kəklikotu, quşəppəyi, pişik otu, qızılgül, cincilim, yemlik, danaqıran, kəvər, reyhan, çaşır, quşqonmaz (mərəçöyüt), çiyələk, pərpərtöyün və s.) bitir ki, onların da əksəriyyəti dərman bitkisidir – min bir dərdin dərmanıdır. Kəndin saf, təmiz və oksigenlə zəngin havası vardır .

Meşə ərazisi, demək olar ki, yoxdur. Yaxınlıqdakı dağlarda (xüsusən Güllüdağda) seyrək şəkildə enliyarpaqlı ağac növlərindən qarağac və onların arasında cırmeyvə və giləmeyvə ağacları bitir. Qaratikan kolluqları geniş yayılmışdır.

Ərazidə ən çox təsadüf olunan çöl heyvanları dovşan, tülkü, çaqqal, porsuq, tısbağa, kirpi, sincab, canavar, çöldonuzu və digərləridir.

Çöl quşlarından isə qaratoyuq, göyərçin, sərçə, kəklik, qırqovul, qartal, qarğa, bülbül, sarıköynəyə və digərlərinə rast gəlmək olur.

Kəndin ərzisində qiymətli süxur və minerallara da təsadüf olunur. Bol əhəng daşları vardır. Bir zamanlar bu daşlardan əhəng istehsal olunurdu.

Əhalisi

Aparılmış araşdırmalar, tarixi faktlar və məscidin olması , şair Ə. Salaminin 1826-cı ildə burada anadan olması və bu kənddə yazıb yaratması, kəndin adının türk mənşəli olması göstərir ki, əsrlər boyu Yaqubluda azərbaycanlılar, idilər və ləzgilər birlikdə yaşamışlar.

Calut monastırının katolikoslarından mənşəcə udi olan Aristakesin 1516-cı ildə indiki Yaqublu kəndində vəfat edərək dəfn edilməsini, 1701-ci ilə aid başqa bir mənbədə kənd rəhbərinin (kəndxudanın) və keşişin mənşəcə udi olmalarını, XIXəsrdə və XX əsrin əvvəllərində bu ərazilərin çar ordusunun generalı, mənşəcə udi olan S. Silikovun xüsusi torpaq sahələri olduğunu nəzərə alaraq belə güman etmək olar ki, kənd sakinlərinin içərisində azərbaycanlılardan sonra çoxluq təşkil edənlər türk mənşəli alban xristian udilər olmuşlar. Onların burada ayrıca bir məhəllədə yığcam şəkildə yaşadıqları ehtimal edilir.

Məhz bu səbəbdən də müasirlərin qeyd etdiyi kimi burada hər yerdə köhnə kilsələrin xarabalıqlarına rast gəlinir. Xarabalıqları yaxın vaxtlara kimi qalan belə kilsələrdən ikisi Yaqublu kəndində olub. İndi bəzilərinin erməni kilsəsi hesab etdikləri həmin kilsələr əslində IV əsrdən xristianlığı qəbul etmiş; VII əsrdən başlayaraq etnik ermənilərin də qızışdırması ilə ərəb xəlifəsi tərəfindən zorla qriqorianlaşdırılmış və Eçmədzin kilsəsinə tabe etdirilmiş xristian udilərin kilsələri idi.

1855-ci ildə Azərbaycanın Qax rayonunda inqloy ailəsində anadan olmuş etnoqraf və tarixçi İ.(M). Canaşvili 1903-cü ildə yazdığı "Heretinin təsviri" adlı məqaləsində Vartaşendəki (Oğuzdakı) udi kilsələrinin erməniləşdirilməsindən bəhs edərkən yazırdı: "…əslində bu torpaqlarda heç vaxt erməni kilsələri olmamışdır." Ona görə də bu kilsələri erməni kilsəsi kimi tanımaq yanlışdır.

Mənbələr sübut edir ki, XIX əsrin əvvəllərində kənddə məsçid binası da olub. Belə ki, filologiya elmləri doktoru Ə. Cəfərzadə 1826-cı ildə Yaqublu kəndində anadan olmuşşair Ə. Salami barədə qeyd edir ki, o, mollaxana təhsili alıb. Əslən İrəvan quberniyasının Üçkilsə (Eçmədzin, sonralar Talin rayonu adlanmışdır) qəzasının Quldərviş kəndindən olan Kərimov Hüseyn Alı oğlu da söyləyirdi ki, kəndin şimal-qərb istiqamətində kiçik bir binanın xarabalıqları varmış. Onlar qonşu kəndlərin sakinlərindən buranın nə olduğunu soruşanda "məscid yeridir" deyirmişlər.

Tarixi faktlar və arxiv materialları sübut edir ki, etnik ermənilərin bu ərazilərə kütləvi gəlişi çox-çox sonralar – XIX əsrin əvvəllərindən başlanmışdır. Bu fikri rus ordusunda xidmət edən, Şirvana gedərkən rayonun Zərrab və Yaqublu kəndlərindən keçən (Şirvana atla gedən şəxsin Zərrabın şərqində yerləşən Yaqubludan keçməməsi inandırıcı deyil.) ispan general Xuan Van Haleni Sarti də öz xatirələrində təsdiq edir. Belə ki, o, 1820-ci ildə buradan keçərkən qeyd edir ki, "…Ermənilər bu ərazilərə yeni köçürülüb, sənaye və ticarətlə məşğul olurlar…"

Tarixi faktlar da bunu sübut edir. Ermənilər əsasən XIX əsrin əvvəllərindən – Rus-İran, Rus-Türk müharibələrindən sonrakı dövrdə (xüsusən Şəki xanı Səlim xanın 1805-ci ildə ruslara məğlub olmasındansonra və 1806-cı ildə İrandan üz döndərib Rusiya tərəfinə keçən və Şəki xanı təyin olunan keçmiş Xoy hakimi Cəfərqulu xanın dövründə) rusların himayəsilə kütləvi şəkildə İran və Türkiyədən köçürülərək Bakıya, Qarabağa və Azərbaycanın şimal bölgələrinə (o cümlədən Nuxa qəzasının Vartaşen (Oğuz) sahəsinə) yerləşdiriliblər. Hətta tarixi mənbələrdən Cəfərqulu xanın Xoydan özü ilə gətirdiyi erməniləri bu ərazilərdə yerləşdirmək üçün rus çarına müraciət etdiyi də məlumdur.

Həmin dövrdən ermənilərin intensiv olaraq Yaqubluya yerləşdirildiyini əhalinin say dinamikası da aydın göstərir. Belə ki, müxtəlif illərdə aparılmış kameral təsvirlərdən məlum olur ki, kənddə 1824-cü ildə 13 evdə 71nəfər yaşadığı halda 1863-cü ildə 91 evdə 822 (382 nəfəri qadın), 1873-cü ildə 133 evdə 982 (459 nəfəri qadın), 1886-cı ildə isə 106 evdə 1142 (539 nəfəri qadın) nəfər yaşamışdır. Şubhəsiz ki, əhali sayındakı kəskin artım həm də köçürmə siyasətinin nəticəsində baş vermişdir.

Şahidlərin ifadələri və faktlar göstərir ki, XIX əsrin II yarısında kəndə Rusiyadan malakanlar, Qarabağdan isə yeni erməni ailələri köçürülmüşdür. Ermənilərin əraziyə köçürülməsi başlayandan az sonar onlar yerli xalqların nümayəndələrinə — azərbaycanlılara, ləzgilərə, udilərə, onların məscid və kilsələrinə qarşı təcavüzə başlamışdılar. Daşnaklar tezliklə etnik udilərin kilsələrində hökmranlığı ələ almışdılar. Çox güman ki, yuxarıda haqqında bəhs etdiyimiz məsçid də ya müsəlmanlar kəndi məcburən tərk etdiyi üçün baxımsız qalaraq xarabalığa çevrilmiş, ya da burada məskunlaşdırılmış ermənilər tərəfindən dağıdılmışdır.

Ermənilər yerli əhalini evlərindən çıxarır, onlara məxsus olan əmlakı mənimsəyir, talançılıq edir, əhalini soyur və incidirdilər. Nəticədə azərbaycanlılar, ləzgi və udilər tədricən kəndi tərk etməyə başlamışdılar. 1886-cı ildə aparılmış kameral təsvirdən də göründüyü kimi, XIX əsrin sonlarında burada — Yaqublu kəndində Azərbaycan, ləzgi və udi xalqlarının nümayəndələrindən cəmi 10–15 nəfər qalmışdı.

Ermənilərin qeyri millətlərin nümayəndələrinə qarşı təcavüzləri isə bitib tükənmək bilmirdi. AXC-nin yaratdığı "Fövqəladə Təhqiqat Komissiyası"nın 1918-ci ilin yazında və yayında ermənilərin etdikləri vəhşiliklər barədə topladığı materiallarda oxuyuruq: "Qəbələdən aşağı Vartaşen kəndində baş qərargahı (qərargahın rəisi latış Bredis olub, onlar dağlıq erməni kəndlərini nəzarətə götürmüşdülər -İ. V.) Qayabaşı kəndində olan bütöv qarnizon yaradılmışdı…Nuxaya gedən yolda ermənilər biçindən evə qayıdan və heç bir günahı olmayan 23 nəfər azərbaycanlı biçinçini öldürmüşlər.

1918-ci ilin fevral ayında Nuxa (Şəki)-Vartaşen (Oğuz) bölgəsində Yaqublu erməniləri ilə də sıx əlaqə saxlayan, Vartaşen qarnizonun zabitlərindən Ter Qriqoryants adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants Nuxa və Ərəş qəzalarının erməni milli şuralarının üzvü, sonralar sədri olmuş, özünü hər iki qəzanın komissarı elan etmişdi. Bu quldur erməni kəndlərini, o cümlədən Yaqublunu gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. Oz dəstəsi ilə müsəlman kəndlərinin əhalisinə hücum çəkərək qətl və qarətlər törədirdi. O, qısa müddətdə 20 müsəlman kəndini viran qoymuşdu. AXC yarandıqdan sonra da bu daşnak bölgədə hökumətlə əlaqəni kəsmək, özü başda olmaqla erməni çoxluğundan ibarət hökumət yaratmağa çalışırdı.

Qətliamlarda Yaqubluda məskunlaşmış ermənilər də çox fəal iştirak edirdilər. Daşnaklar Qayabaşıdakı qərargahla sıx əlaqə saxlayır, onlara hər cür maddi-mənəvi köməklik edir, silahlanır və aldıqları əmrləri yerinə yetirir, Bakıya və Tiflisə böhtan dolu məktublar göndərirdilər. Yaqublu ermənilərinin bəziləri Qayabaşıdakı qərargahın və Vartaşendəki (Oğuzdakı) qarnizonun qeyri-rəsmi üzvləri idilər. Ermənilər zorla qriqorianlaşdırdıqları udi kilsələrində müsəlmanların hər cür qətlə yetirilməsini təbliğ edirdilər.

Ermənilərin kənddə yaşayan digər xalqların nümayəndələrinə qarşı aqressiv münasibəti gücləndiyinə görə XX əsrin əvvələrində azlıqda qalan azərbaycanlılar, ləzgilər və udilər buranı birdəfəlik tərk etməyə məcbur oldular. Ermənilər kəndi məcburən tərk etmiş azərbaycanlı, udi və ləzgilərin geri qayıtmaq ehtimalını nəzərə alaraq onların evlərini talan edib yandırmışdılar. Faktlara görə, kənddə yaşayan udilərin xeylu hissəsi Qəbələ rayonun Nic kəndinə, Vartaşenə (Oğuza) və Gürcüstana köç etmişlər .

1918-ci ilin yazında çox yerdə olduğu kimi, Yaqubluda da erməni silahlı dəstələri müsəlman xalqların nümayəndələrinə qarşı qırğınlara başlamışdılar. Onlar adətən səhərlər, hava tam açılmamış müsəlman kəndlərinə silahlı hücumlar edir, qətl və qarətlər törədir, hava işıqlanan kimi çəkilib gedirdilər, amma yalandan Bakıya və Tiflisə müsəlmanların təzyiq və təqiblərinə məruz qalmaları barədə məktublar göndərir, "imdad" diləyirdilər.

Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi. Erməni mənbələrində də ("Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie" sənədlər və materiallar məcmuəsi) qeyd olunduğu kimi, 3 may 1918-ci il tarixdə Padar və Yaqublu kəndləri arasında neytral zonada Zaqafqaziya müftisi Mustafa Əfəndizadənin; Nuxa və Ərəş qəzalarının rəhbər şəxslərinin, 32 kəndin rəsmi nümayəndələrinin (müsəlman və ermənilərin) iştirakı ilə keçirilmiş geniş sülh konfransında kəndlərin qarşılıqlı dəyişdirilməsi, ədavətə son qoyulması və dinc-yanaşı yaşamaq barədə razılıq əldə olunsa da, sonralar erməni daşnakları tərəfindən bu razılaşmalar pozulmuşdu.

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qaçqın düşmüş ermənilərin ərazidəki müxtəlif kəndlərə, o cümlədən Yaqubluya yerləşdirilməsi təklifi də erməniləri qane etməmiş, onlar öz murdar əməllərini davam etdirmişdilər. Özünü Nuxa və Ərəş qəzalarının komissarı elan etmiş Ter Qriqoryants da baş verən erməni vəhşiliklərini dana bilmir, məcburiyyət qarşısında qalıb, ermənilər tərəfindən müsəlmanlara qarşı müxtəlif quldurluq hərəkətlərinin baş verdiyini etiraf edirdi.

1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə Miralay Süleymanovun komandanlığı altında qısa müddət ərzində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan "8 vers" şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni daşnaklarından təmizləmişdi. Ermənilərdən müsəlmanları qətl etmək üçün istifadə etdikləri yüzlərlə müxtəlif növlü odlu silahlar–pulemyot, tüfəng, tapança, bomba, çoxlu sayda patron və başqa soyuq silahlar toplanmışdı.

Onu da qeyd etmək maraqlı olardı ki, kəndsakinlərindən K. Qafaroğlu, Qurban və Əkbər Qurbanov qardaşları da bir müddət türk hərbi qüvvələrinin tərkibində daşnaklara qarşı mübarizə aparmış, rayondakı digər kəndlərin də erməni quldurlarından azad olunmasında .iştirak etmişdilər. Yaqublu sakinləri ölənə kimi onlara fəxrlə "türkün saldatı" deyirdilər.

Etdikləri qanlı cinayətlərə görə ciddi cəzalanacaqlarını bilən ermənilər qəsdən öz evlərini yandırıb viran qoyaraq buranı birdəfəlik tərk edib, meşələrdə, Nic, Böyük Söyüdlü, Calud, Vartaşen və digər kəndlərdə, böyük bir hissəsi isə Gürcüstanda – ruslar tərəfindən salınmış "Sarskiy Kolodsı" hərbi şəhərciyində gizləndilər. Yeni fürsətlər gözləməyə başladılar.

1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalma materiallarında həmin dövrdə rayon ərazisində olan 9 kəndin — Axpilakənd, Salabəyli, Cucamış, Məclis, Qozlu, Zərrab, Top, Yenikənd, o cümlədən Yaqublunun ermənilər tərəfindən dağıdılıb viran qoyulduğu qeyd edilmişdi.

Tarixi mənbələrdə qeyd edilir ki, yuxarıda adları göstərilən dağıdılmış kəndlərdən Yaqublu və Zərrabda müsəlman əhalinin yenidən məskunlaşması daha tez başlamışdır.

Faktlar göstərir ki, 1918-ci ilin sonlarından Yaqubluda azərbaycanlıların sayı tədricən artmağa başlamışdı. Artım əsasən İrəvan quberniyasının Üçkilsə (Eçmədzin, sonralar Talin rayonu adlanmışdır) qəzasının Ağcaqala, Eşnək, Dian, Quldərviş, Əkərək və Yuxarı Kolanı (Qərbi /Azərbaycandakı həmin kəndlərdə 1918–1919-cu illərdə ev və əhali sayı müvafiq olaraq belə olmuşdur: Ağcalalada- 72/420; Eşnəkdə-145/677; Dianda-92/432; Quldərvişdə- 48/357; Əkərəkdə-99/629; Yuxarı Kolanıda-159/768) kəndlərindən deportasiyaya məruz qalaraq gələnlərin hesabına olmuşdur. Bu barədə Azərbaycan SSR Xalq Təsərrüfatı Uçotu İdarəsi (AzNHU) tərəfindən 1933-cü ildə hazırlanmış "ASSR-in inzibati bölgüsü" nəşrinə əsasən 1933-cü il yanvarın birinə olan vəziyyətə görə kənddə 43 fərdi təsərrüfatda 65 nəfəri qadın olmaqla cəmi 134 nəfər yaşadığı halda , 1934-cü ildə 55 fərdi təsərrüfatda 206 nəfər yaşayırmış. Bir il ərzində əhali sayındakı artım miqrasiyanın davam etdiyini göstərirdi. 1940-cı ilə kimi miqrasiya, demək olar ki, başa çatmışdı.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, 1941–1945-ci illərdə (müharibə dövründə) kəndə Rusiya, Ukrayna və Belorusiyanın işğal olmuş ərazilərindən az sayda (11 ailə) rus, ukrayna və belorus ailələri köçürülmüşdür. Müharibə qurtarandan bir neçə il sonar onların əksəriyyəti kəndi tərk etmişdilər .

1947-ci ildən sonra kəndə Cənubi Azərbaycandakı inqilabi hərəkatın iştirakçıları, İran şahının təqibindən canını qurtarmış və 1948–1951-ci illərdə Ermənistandan köçürmə adı ilə yenidən deportasiya olunmuş soyadaşlarımız da gələrək burada məskunlaşmışlar. Müxtəlif illərdə bura Dağıstandan və qonşu kəndlərdən də ailələr köçmüşdür.

1988–1993-cü illərdə Yaqubluya Ermənistandakı yurd-yuvalarından, Azərbaycanın erməni quldurları tərəfindən işğal olunmuş Kəlbəcər, Laçın, Ağdam, Cəbrayıl, Şuşa və Xocalı rayonlarından qovulmuş və didərgin salınmış soydaşlarımızın yeni axını başlamışdır. 2003-cü ildəkənddə 1991–1993-cü illərdə işğal olunmuş Kəlbəcər, Laçın, Ağdam, Cəbrayıl, Şuşa və Xocalı rayonlarından gələn 140 nəfər yaşayırdı. Onlar üçün kəndin cənub-qərbində beynəlxalq humanitar təşkilatın vəsaiti ilə 25 ailəlik yaşayış məntəqəsi salınmışdı. (Onların çoxu bir müddətdən sonra köçərək ölkənin digər kənd və şəhərlərinə getmişlər.)

1990-cı illərdə kəndə Özbəkistandakı qarşıdurma nəticəsində evlərini tərk etmiş bir neçə mesxeti türk və Gürcüstan Respublikasının Marnauli rayonundan bir neçə azərbaycanlı ailəsi pənah gətirmişdilər. Şübhəsiz ki, əhalinin tarixinin və say dinamikasının müəyyənləşdirilməsində bu amillər nəzərə alınmalıdır.

Statistik rəqəmlər göstərir ki, 1978-ci ildə kənddə 68 fərdi təsərrüfatda 369, 1994-cü ildə 158 təsərrüfatda 511, 2000-ci ildə 166 fərdi təsərrüfatda 587 nəfər yaşamışdır.

Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Yaqublu İƏD üzrə nümayəndəliyinin məlumatına görə, 01.01.2022-ci il tarixi vəziyyətinə kənddə 198 fərdi təsərrüfatda 332 nəfəri kişi, 328 nəfəri qadın olmaqla cəmi 660 nəfər əhali yaşayır. Əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Burada çox az sayda ləzgi, tatar və udmurt millətlərinin nümayəndələri yaşayır ki, onlar da qarışıq nikahda olanlardır və ailə başçılarının hamısı azərbaycanlılardır. Kənd əhalisinin hamısı müsəlmandır.

Şəhidləri

  • Allahverdiyev Cumar Allahverdi oğlu (1963–1994). Allahverdiyev Cumar Allahverdi oğlu 03 dekabra 1963-cü ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yenikənd kəndində anadan olmuşdur. 1970-ci ildə Yaqublu kənd orta məktəbinin I sinfinə daxil olmuş və 1979-cu ildə həmin məktəbin IX sinfini bitirmişdir. 1979-cu ildən ərazidəki "Azərbaycan" üzümçülük sovxozunun süd-əmtəə fermasında əmək fəaliyyətinə başlamışdır. 1982 −1984-cü illərdə Primorskda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurandan sonra "Azərbaycan" sovxozunda mexanizator kimi əmək fəaliyyətini davam etdirmiş və qısa müddət ərzində təcrübəli mexanizator kimi tanınmışdır. 1993-cü ilin noyabr ayında Milli Ordu sıralarına çağrılmış və cəbhəyə göndərilmişdir. Ağdərədə və Tərtərin Çaylı və Qırmızıkənd kəndləri ətrafında gedən qanlı döyüşlərdə iştirak etmişdir. Öz igidliyi və cəsarəti ilə döyüşçü dostlarının hörmətini və rəğbətini qazanmışdır. Döyüş tapşırıqlarını nümunəvi qaydada yerinə yetirmişdir. O, 1994-cü ilin fevral ayının 13-də Tərtər rayonundakı "Tnaşen – 1" postu yaxınlığında gedən döyüşdə itkin düşmüşdür. Ailəsi hazırda Oğuz rayonunun Yenikənd kəndində yaşayır.
  • Babayev Tale Eynulla oğlu (1965–1992). O, 1964-cü ildə Yaqubluda anadan olmuşdu. Ağdərənin və Güllüdağın gül ətirli və saf havasını uda-uda, mayası halallıqdan yoğrulmuş bir ailədə böyümüşdü. Yaqublu kənd orta məktəbinin VIII sinfini bitirəndən sonra ehtiyac üzündən təhsilini qiyabi formada davam etdirməklə "Azərbaycan" sovxozunda işə girmişdi. Bir neçə il heyvandarlıq sahəsində çalışmışdır. 1984 – 1986-cı illərdə Qazaxıstanın Semipalatinsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurandan sonra bir neçə il Rusiyanın müxtəlif şəhərlərində yaşamış və işləmişdi. 1991-ci ildə doğma kəndi Yaqubluya qayıtmışdı. 1992-ci ilin mart ayında könüllü olaraq cəbhəyə yola düşmüşdü. Onların rotası Şuşa rayonunun Kosalar kəndini müdafiə edirdi. 1992-ci ilin mart ayının 29-da səhər tezdən rotaya düşmən hücumunu qabaqlamaq üçün hücuma keçmək əmri verildi. Müxtəlif istiqamətlərdən hücum başladı. Düşmənin bir neçə postu darmadağın edildi. Qanlı döyüş bir neçə saat çəkdi. Bu Talenin son düyüşü oldu. O, Vətən uğrunda öz canını qurban verdi. Allah dərgahına – şəhidlik zirvəsinə ucaldı. Oğuz şəhərindəki "Şəhidlər xiyabanı"nda dəfn olunmuşdur. Onun bu torpaqda uyumağa hamıdan çox haqqı vardır. Azərbaycan Respublikası Nazirlər Kabineartinin 13 dekabr 1993-cü il tarixli 606 saylı qərarı ilə T. Babayevin adı təhsil aldığı Yaqublu kənd tam orta məkəbinə verilmişdir. Məktəbdə şəhid T. Babayev xatərəsinə ayrıca abidə düzəldilmiş və xüsusi guşə hazırlanmışdır.
  • Rzayev Tofiq Qafar oğlu (1945–1992)
  • Tofiq Oğuz (Rzayev Tofiq Qafar oğlu) 1945-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdur. İlk təhsilini Yaqublu məktəbində almışdır. Orta təhsilini Padar kənd orta məktəbində başa vurmuşdur. 1962-ci ildə Sumqayıt Texnologiya Texnikumuna daxil olmuş və buranı uğurla başa vurmuşdur. 1963-cü ildə sambo üzrə Azərbaycan, 1965-ci ildə isə keçmiş SSRİ çempionu olmuşdur. 1965 – 1968-ci illərdə Leninqradda (Sank-Peterburqda) hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurandan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 1972 – 1974-cü illərdə Kuybışev şəhərində Ploitexnik İnstitutda idman müəllimi işləmişdir. Sambo üzrə SSRİ idman ustası idi. 1974-cü ldə Azərbaycana qayıtmış və Azərbaycan Dövlət Tibb İnstitutu,, İnşaaat Mühəndisləri institutu və Sumqayıt Texnologiya İnstitutunda baş müəllim işləmişdir. Respublika dərəcəli hakim idi. 1987-ci ildə doğma kəndi Yaqubluya qayıtmışdır. Bir müddət buradakı Üzümün ilkin emalı zavodunda işləmişdir. 1989-cu ildə Oğuz Rayon İdman Komitəsinə sədr təyin olunmuşdur. Ümumiyyətlə, T. Rzayevin Oğuz rayonunda idmanın inkişafında böyük əməyi olmuşdur. O, 1988-ci ildən başlayan milli azadlıq hərəkatının fəal üzvlərindən biri olmuşdur. Oğuz rayonunda isə həmin hərəkatın əsas liderlərindən biri idi. Nankor ermənilərin təcavüzkar fəaliyyətlərinə biganə qala bilməyən T. Rzayev 1989-cu ildə Oğuzdan Qubadlı rayonunun sərhəd kəndlərinin müdafiəsinə yollanan könüllülər dəstəsinə rəhbərlik etmişdi. 20 Yanvar hadisələri zamanı əsl həqiqəti "Azadlıq" radiosu ilə bütün dünyaya çatdıranlardan biri olmuşdur. Qırğından sonra baş verənlərə etiraz edərək Oğuz Rayon İdman Komitəsinin sədri vəzifəsindən istefa etmiş və qalan həyatını torpaqlarımızın erməni işğalçılarından qorunmasına həsr etmişdir. 1991-ci ildə 60 nəfər oğuzlu gənclə birlikdə Şuşanın müdafiəsinə yollanmışdır. Orada könüllülər batalyonunun komandiri təyin olunmuşdur. 1992-ci ilin may ayının 3-də isə briqada komandiri E. Orucov tərəfindən briqadanın qərargah rəisi təyin edilmişdir. T. Rzayev 7–8 may tarixlərində Şuşada "Zapravka", "Kolxozstroy", "Qaraj" ətrafında gedən qanlı döyüşlərin ən fəal iştirakçılarından olub. Döyüşçü yoldaşlarının dediyinə görə, ağır yaralı olan Tofiq onların atəş altından çıxmasına kömək edərkən başından ağır yara alıbmış. Dostlarını təhlükədən xilas eləsə də, onların təklif və təkidlərinə baxmayaraq özü döyüş meydanını tərk etməmişdi. Araşdırmalar və faktlar göstərir ki, o Şuşanın son döyüşçülərindən biri olub, axır nəfəsinə kimi vuruşmuşdur. Təəssüf ki, biz hələ də Tofiq Rzayevin son taleyi haqqında heç nə bilmirik. Amma T. Oğuzun ruhu rahatdır. Çünki oğulları Polad və Qafar onun və bütün şəhidlərimizin qisasını alıblar. Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Cəbrayıla ilk qələbə bayrağını sancanlardan biri, T. Oğuzun böyük oğlu kapitan Polad Rzayev Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni, "Cəbrayılın azad edilməsinə görə" və "Qubadlının azad edilməsinə görə" medalları, kiçik oğlu Qafar isə "Cəbrayılın azad edilməsinə görə" medalı ilə təltif olunmuşlar.
  • Süleymanov Nüsrət Muradəli oğlu (1971–1992)
  • Nüsrət Süleymanov 1971-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdu. Onun qismətinə az, lakin mənalı və şərəfli bir ömür payı düşdü. Orta təhsilini 1978–1988-ci illərdə Yaqublu kənd orta məktəbində alıb. Məktəbi bitirəndən sonra bir müddət Üzümün İlkin Emalı zavodunda işləmişdi. 1989–1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdu. Hərbi xidmətini keçmiş Almaniya Demokratik Respublikasında keçirmişdi. 1991-ci ildə hərbi xidmətdən qayıdan Nüsrət "Azərbaycan" kolxozunda sürücü işləyirdi. Lakin hər gün eşitdiyi qara xəbərlər onun da sakit həyatını əlindən almışdı. Minlərlə digər idid oğlanlarımız kimi Nüsrət də düşmənə qarşı intiqam hissi ilə yaşayırdı. N. Süleymanov 1992-ci ilin sentyabr ayında cəbhəyə yollandı. Bir müddət Tərtər və Laçın rayonlarının müxtəlif bölgələrində döyüşən N. Süleymanov əsil döyüşçü kimi püxtələşmişdi. O, döyüşçü dostlarının və komandanlığın rəğbətini qazanmışdı. N. Süleymanov 1992-ci il oktyabr ayının 9-da Laçın rayonunun Xınalılar kəndi yaxınlığındakı Sarıbaba dağı ətrafında gedən ağır döyüşdə həlak oldu. Şəhidlik zirvəsinə ucaldı, tək bir ananın yox, minlərlə ananın övladı oldu. Oğuz rayonunun Yaqublu kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 215 saylı qərarı ilə onun adı qonşu Zərrab kənd orta məktəbinə verilmişdir.

İqtisadiyyatı

Yaqublu kəndinin coğrafi mövqeyi əkinçilik və heyvandarlığın inkişafı üçün geniş imkanlar açır. Ona görə də kəndin əsası qoyulandan bəri buranın əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur.

Kənddə iri tut bağlarının (tut bağının bir hissəsi hələ də qalır) və kiçik üzüm bağlarının olması isə XIX əsrdə burda ipəkçiliyin və şərabçılığın da inkişaf etdiyini göstərir.

XIX əsrdə çar Rusiyası tərəfindən aparılmış kameral təsvirləri tədqiq etdikdə, əhalinin sosial-zümrə quruluşunu da müəyyən etmək olur. Siyahıyaalmaya əsasən demək

olar ki, həmin dövrdə hakim təbəqəni bəylər və ruhanilər, aşağı təbəqəni isə kəndlilərin müxtəlif kateqriyaları – dövlət kəndliləri, sahibkar kəndlilər və rəncbərlər təmsil etmişlər.

XIX əsərdə kənd camaatının sosial tərkibində sahibkar kəndlilər üstünlük təşkil etmişlər. Onlar istifadə etdikləri torpağın müqabilində vergi verirvə müəyyən mükəlləfiyyətlər daşıyırdılar.

Tiflisdə dərc olunmuş "Nor-Dar" qəzetinin 7 sentyabr 1887-ci il tarixli 151-ci sayında Yaqublu kəndinin Silikovların mülki olduğu göstərilir. İlk dəfə bura kənd təsərrüfatı texnikasını da onlar gətirib. Lakin kəndlilər həmin texnikaları işlədə bilmədikləri üçün tezliklə sıradan çıxarmışdılar. M. Bejanov 1896-cı ildə yazırdı ki, "…Yaqublu kəndinin sakinləri Stepan Silikovun (udi mənşəlidir-İ. V.) torpaqlarında yaşayırlar. O, hərbi qulluqçu olmasına baxmayaraq, öz torpaqlarını icarəyə verir, bu yolla geniş sahələrini əkib becərtdirir. Onun kiçik qardaşı Rüstəm isə hər il Yaqublu kəndinə gələrək yetişdirilmiş məhsulun toplanmasında iştirak edirdi. Belə ki, o, 1895-ci ildə 10000 put buğda, 3000 put arpa, bir o qədər darı, 10000 araba ot və 400 araba saman toplamış və üstəlik 2000 manat qışlaq haqqı pul almışdı.

Göründüyü kimi, kənd həm də qışlaq yeri olub. Burdan qışlaq kimi istifadə edənlər əsasən elatlar və ləzgilər olub.

Yuxarıda göstərilən mənbədən həmçinin məlum olur ki, kəndlilər istehsal etdikləri məhsulun onda biri qədər icarə haqqı verirlərmiş. Bir nəfər kəndli öz gücü ilə 60 puta qədər buğda əkməyə qadir olub. Arpa və buğdanın məhsuldarlığı 15–20 sentner, darı isə bundan artıq məhsul verirmişdir.

1901-ci ildə Vartaşendən (Oğuzdan) Bayana, oradan isə Yaqublu kəndinə qədər çəkilən qumlu-çınqılli yol kənddə iqtisadiyyatın və ticarət əlaqələrinin inkişafına öz müsbət təsirini göstərirdi. 1900–1930-cu illərdə də kəndin iqtisadiyyatında əsasən əkinçilik və heyvandarlıq aparıcı sahə olaraq qalırdı.

1920-ci ildən sonra xırda kəndli təsərrüfatları yaradılmış, bütün torpaqlar əhaliyə paylanmışdı. Vergi mükəlləfiyyətləri xeyli yüngülləşdirilmişdi. Arxiv sənədləri göstərir ki, 1933-cü ilin yazında xırda kəndli təsərrüfatları tərəfindən 37 hektar sahədə arpa, 70 hektar sahədə buğda, bundan başqa xeyli sahədə payızlıq taxıl və çovdar əkilmişdir. Həmin dövrdə şəxsi təsərrüfatlarda 123 baş inək, 88 baş camış, xeyli sayda qoyun-keçi, at və quş bəslənilirdi.

1934-cü ildə Yaqubluda kollektivləşmə aparılmış — xırda kəndli təsərrüfatları məcburən ümumi təsərrüfatda birləşdirilmişdi. 1934-cü ilin sentyabr ayında kənddə kolxoz (rusca "kollektivnoe xozyaystvo" sözlərinin ixtisarı) — kollektiv təsərrüfat təşkil edilmişdi. Kolxoz əvvəlcə S. Rəhmanovun adını daşıyırmış, sonralar isə "Komsomol" adlandırılmışdır. Kolxoz yaranarkən lik dəfə ora cəmi 14 nəfər təktəsərrüfatçı daxil olmuşdur.

Kolxozun cəmi 30 baş mal-qarası vardı. Əkin planı isə 35 hektar idi. İllər keçdikcə "Komsomol" kolxozunun iqtisadi göstəriciləri də yüksəlirdi. Əldə edilmiş nəticələrə görə kolxoz 1940 və 1941-ci illərdə Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək hüququ qazanmışdı. Həmin illərdə qabaqcıl kolxozçulardan bir qrupu Moskvada Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmişdi. 1940-cı ildə rayonda çıxan "Varlı həyat" qəzeti yazırdı ki, "Komsomol" kolxozu 1940-cı ildə Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmişdir. Bu il taxıl sahələrindən 12 sentner əvəzinə 18 sentner buğda və 18 sentner arpa götürülmüşdür."(22) 1940-cı ildə kolxozun fermalarında 118 baş inək, xeyli sayda qoyun-keçi bəslənilirdi.

1941–1945-ci illərdə — müharibə dövründə "Komsomol" kolxozu rayonun qabaqcıl və varlı, bütün tədarük planlarını artıqlaması ilə yerinə yetirən kolxozlarından biri idi. "Aclıq illərində" kolxoz qonşu kəndlərdən və Dağıstandan gəlmiş yüzlərlə imkansıza kömək etmiş, geridə qalan digər kolxozlara yem və toxumla yardım göstərmiş, müdafiə fonduna küllü miqdarda vəsait köçürmüşdü. Məsələn, kolxoz tank istehsalı üçün 100 min rubl vəsait köçürmüşdür.

Kolxozun vəsaiti hesabına tikintisinə 1940-cı ilin əvvəlindən başlanmış və 1946-cı ildən istismara verilən kənd dəyirmanı əhalinin un və çəltik məhsulları ilə təminatını xeyli yaxşılaşdırmışdı. Bu vaxta kimi buğda üyütmək üçün qonşu, o cümlədən Şəki rayonunun kəndlərinə gedən və günlərlə vaxt itirən kənd sakinlərinin işi xeyli yüngülləşmişdi.

Arxiv materialları göstərir ki, 1949-cu ildə kolxozda 150 ha sahədə payızlıq buğda, 40 ha sahədə arpa, 25 ha sahədə darı, 40 ha sahədə paxlalı bitkilər əkilmişdir. 1950-ci ildə kolxozun balansında 81850 manat dəyərində malqara, 60 baş at, arı ailəsi və quş bəslənilirdi. Həmin illərdə emal sexləri də fəaliyyət göstərilirdi. Burada fermalarda istehsal olunmuş süddən qatıq, yağ, şor, pendir və digər məhsullar hazırlanır, kolxozçuların əmək gününə bölünürdü.

1950-ci illərdə kolxozda baramaçılığın da inkişafına başlanmışdır. Baramaqurdu indiki Yevlax rayonunun Qaradeyn (Kürün sahilində yerləşir) kəndində bəslənilirdi. Təsərrüfata ziyanla başa gəldiyinə görə qısa müddətdən sonra baramaqurdu bəslənməsi dayandırılmışdı.

1950-ci ilin sentyabr ayında Yenikənd, Top və Zərrab kəndlərindəki kolxozlar da Yaqublu kəndindəki kolxoza birləşdirilmişdi. On ildən sonra −1960-cı ildən isə həmin kolxoz qonşu Kərimli (Vardanlı) kəndindəki "Qələbə" kolxozunun tərkibinə verilmişdi.

1965-ci ildə kənddə Yaqublu, Yenikənd, Top və Zərrab kəndlərini də əhatə edən "Azərbaycan" adlı yeni kolxoz yaradılmışdır. Kolxoza dövlət aktı ilə 2481 hektar torpaq sahəsi təhkim olunmuşdur."Azərbaycan" kolxozunun iqtisadiyyatının əsasını əkinçilik, heyvandarlıq və tütünçülük təşkil edirdi. Əkinçiliyin əsasını dənli və dənli-paxlalı bitkilər (buğda, apra, qarğıdalı, darı, vələmir, günəbaxan və s.), heyvandarlığın əsasını isə iribuynuzlu mal-qara, qoyunçuluq və quşçuluq təşkil edirdi. Kolxozun qoyun sürüləri qış aylarında Sarıca və Ağdib düzlərindəki yataqlarda, yaz-yay aylarında isə Böyük Qafqazın yüksəkliklərindəki səfalı Tülkülər, Ağızlar, Yastıdaş, Çuxadurmaz, Ağbulaq, Qarayataq və Tayaqoşun yaylaqlarında bəslənilirdi.

Tütünçülüyn inkişafı üçün "Azərbaycan" kolxozununöz vəsaiti ilə kəndlərdə subartezian quyuları qazılmış, su anbarları (göllər) və quruducu sexlər (saraylar) tikilmişdi. Sonralar tütün saraylarındakı həmin sexlər hamısı mexanikləşdirilmiş və avtomatlaşdırılmışdı. Kolxoz 1965-ci ilin avqust ayından Vartaşen (Oğuz) rayonundakı kolxozlararası tikinti idarəsinin üzv olmuşdur.

1966-cı ildə "Azərbaycan" kolxozu dövlətə plandan artıq 40 ton taxıl, 50 ton süd, 10 ton tütün, 500 kq. yun; 1967-ci ilin 6 ayı ərzində isə 30 min 600 ədəd əvəzinə 57 min ədəd yumurta satmışdır. Qeyd edilənərlə yanaşı, həm kolxoz təsərrüfatında, həm də şəxsi təsərrüfatlarda meyvə və bostan-tərəvəz bitkiləri də becərilir, arı ailələri bəslənilirdi.

Bu illərdə şəxsi təsərrüfatlar da inkişaf edirdi. Məsələn, 1967-ci ildə şəxsi təsərrüfatlardan ehtiyacdan artıq olan 5 tondan çox ət, bir tondan artıq yun və 17000 ədəddən çox yumurta tədarük edilərək dövlətə satılmışdı.

1970-ci illərin əvvəlində kolxozda pambıqçılığın inkişafına da cəhd göstərilmiş, sınaq əkini aparılmışdır. Lakin perspektivsizliyi nəzərə alınaraq imina edilmişdir.

1971-ci ildə kolxoz 999,4 ton dənli və dənli-paxlalı məhsul, 166,1 ton tütün, 31,1 ton diri çəkidə ət, 235,9 ton süd və 162700 ədəd yumurta istehsal etmişdi.

"Azərbaycan" kolxozunun 04 may 1978-ci il tarixli 4saylı 361 nəfərin iştirak etdiyi ümumi yığıncağında kolxozun üzümçülük sovxozuna çevrilməsi məqsədəuyğun hesab olunmuş və qərarın icrası rayon XDS İK-dən xahiş edilmişdir. Üzümçülük sovxozu yaradıldıqdan sonra tütünçülüyün inkişafına son qoyulmuş, kənddə smeta dəyəri 328 min manat olan 10 min dekalitr gücündə üzümün ilkin emalı zavodunun inşasına başlanmışdı.1979-cu ildə 380 ha, 1980-ci ildə isə 210 ha, o cümlədən 20 ha sahədə süfrə üzümü əkilməsi, 1983-cü ildə kəndlər daxilində 5 km. uzunluğunda qaz kəmərinin çəkilişi nəzərdə tutulmuşdu. İntensiv üzüm istehsalına 1980-ci əvvəllərindən başlanmışdı. Belə ki, sovxozda 1983-cü ildə 2853 ton, 1987-ci ildə 2676 ton üzüm istehsal olunmuşdur. Məhsulun emalı isə kənddəki üzümün ilkin emalı zavodunda həyata keçirilirdi. Bu zavod kənddə tikilmiş ilk sənaye müəssisəsi sayılırdı. Burada əsasən üzüm şirəsi, spirtli içkilər, sirkə, konserv məhsulları və "Oğuz-2" mineral su istehsal olunurdu.

1990-cı ildən etibarən yenidən kolxoz təsərrüfatına qayıdılmışdı.1995-ci ildə kolxoz üzümün ilkin email zavoduna birləşdirilmişdi.

1997-ci ildə həyata keçirilən aqrar islahatlarla əlaqədar kənddəki kolxozun fəaliyyətinə son qoyulmuş, əmlak və torpaq sahələri, o cümlədən üzüm bağları təsərrüfatın özünün üzvləri arasında bölüşdürülmüşdü. Zavod isə sahibkarlıq obyektinə — səhmdar cəmiyyətə çevrilmişdi.

Şəxsi torpaq sahələrindən 1998-ci ildə 107, 2002-ci ildə isə 400 tondan çox taxıl istehsal edilmişdir. 2003-cü ildə kənd əhalisinin sərəncamında xüsusi mülkiyyət kimi əkin sahəsinin cəmi 390 hektardan, həyətyanı torpaq sahələrinin cəmi isə 30 hektardan çox idi.

Qısa müddətdən sonra üzüm bağları sıradan çıxmışdır. Bu gün kənd əhalisinin əsas məşğuliyyəti yenə də heyvandarlıq, əkinçilik və qismən tütünçülükdür.

Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Yaqublu İƏD-si üzrə nümayəndəliyinin rəsmi məlumatına görə, 01.01.2022-ci tarixi vəziyyətinə kənd əhalisinin şəxsi təsərrüfatlarında 379 baş mal-qara, 690 başdan çox qoyun-keçi, xeyli sayda arı ailəsi, ev quşları və s. bəslənilir. 2021-ci ildə 257 ha sahədə buğda, 300 ha sahədə arpa əkilmişdir. 822 ton buğda, 870 ton arpa və vələmir istehsal olunmuşdur. Buğdanın məhsuldarlığı 32, arpanın məhsudarlığı isə 29 sentner olmuşdur.

Son 100 ildə kənddə öz işinin ustası olan onlarla, yüzlərlə əkinçi, heyvandar, bağban və bostançı, mexanizator və sürücü, dəmirçi və qaynaqçı, dəyirmançı, bənna və dülgər, üzümçü və tütünçü, müəllim və həkim, aqronom, baytar, çayçı, bərbər və dərzi, poçtalyon, ali təhsilli digər müxtəlif peşə sahibləri və iş adamları yetişmişdir. Onlar əhalinin sifariş, tələb və təkliflərinin yerinə yetirilməsində, həyati tələbatlarının ödənilməsində böyük rol oynamış və oynamaqdadırlar.

Son illər isə sahibkarların, ailə-fermer və xırda kəndli fermer təsərrüfatlarının sayı artmaqdadır. İqtisadi islahatlar başlanandan sonra kənddə "Könül", "Bəhruz", "Parket", "Təranə", "Səma", "Şiraslan", "Lalə", "Elman" və s. sahibkarlıq subyektləri fəaliyyətə başlamışdı. Sahibkarlar kəndin sosial-iqtisadi, mədəni həyatının canlanmasında xüsusi rol oynayırlar.

Mədəniyyəti

Qonşu bağlı-bağatlı kəndlərin adamlarının dilində həmişə bu kəndin camaatının güzəranı, işi-gücü, xeyir-şər işləri əfsanəyə, söz-söhbətləri zərb-məsələ dönmüşdür. Kənddə ən yüksək səviyyədə qeyd edilən bayram Novruz bayramı olardı. 1928-ci ildən qadağan olunmasına baxmayaraq, Novruz bayramı hər il coşqu və təntənə ilə qeyd edilirdi. Bayram ərəfəsində rəhmətə gedənlərin yad olunması, kolxozda istehsal olunan və kənd dəyirmanında üyüdülmüş buğdanın unundan şirniyyat və bayram xörəklərinin hazırlanması, kasıblara əl tutmaq və bayram payı göndərmək, gözəl-göyçək yumurtalar boyamaq, "yumurta döyüşdürmək", "papaq atmaq", gənclərin "Kosa-kosa" tamaşası göstərməsi, qapı pusmalar, suya iynə sallamaq, göyə yandırılmış lopa (şar) atmaq və s. yazılmamış ənənələrdən idi. Nə yaxşı ki, bu adətlər indi də davam edir.

Aşıqların şəxsi evlərdə təşkil olunan məclisləri hələ də yaşlı kənd sakinlərinin xatirələrində yaşayır. Onların səhərə kimi söylədikləri dastanlar, nağıllar, qaravəllilər, ustadnamələr, deyişmələr, saz havaları, balabanın iniltisi günlərlə, aylarla camaatın yaddaşından silinmirdi.

Əvvəlcədən ciddi hazırlıq görülən kənd toyları 2–3 gün davam edirdi. Qara zurnanın və kosun səsi kəndi başına götürürdü. Gənclərin "Zorxana" sədaları altında küştü tutmaları, şabaş vermək, şah bəzəmək, "bəy durma" mərasimi, "bəy oğurlamaq", gəlin arabasının (maşınının) qarşısını kəsib pay almaq, gəlinin qonaq çağrılması, bəy və gəlinin tərifi, bəy və gəlinin üzəçıxma mərasimi, gəlinin bulaq başına getməsi, şirniyyat paylamaq və s. bir ayrı aləm idi. V. Musayevin rəhbərlik etdiyi çalğıçılar dəstəsinin; zurna, balaban və klarnet ustası A. Nağıyevin iştirak etdiyi toylar xüsusi təntənə ilə keçirdi.

Camaat kəndə aşıqların, ilan və ayı oynadanların, simdə oynayan pəhləvanların, gözbağlayıcıların gəlişini həsrətlə gözləyirdi. Çox vaxt Calğalıqda və Xırman yerində təşkil olunan bu xalq tamaşalarında bir konfet üçün "mişkanın" dombalaq aşması, pəhləvanların sim üstündəki təhlükəli tryukları və yalançı pəhləvanın məsxərələri, meymunun meymunluğu, torbadan çıxan ilanın vahiməsi onları həyəcanlandırır və qəhqəhələrə boğurdu.

1934-cü ildə açılmış ibtidai məktəb əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, savadsızlığın aradan qaldırılmasına öz təsirini göstərməyə başlamışdı. 1945–1946-cı dərs ilində natamam, 1971–1972-ci dərs ilində orta (tam orta) məktəbə çevrilmiş kənd məktəbini yüzlərlə şagird bitirmişdir.

1946-cı ildə "Komsomol" kolxozunun vəsaiti ilə qurulan kənd dəyirmanının istifadəyə verilməsi isə əhalinin un məhsulları ilə təminatında dönüş yaratmışdı.

1947-ci ilin yanvarında kənddə qiraətxana (kitabxana) açılmışdı. Kitabxana mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilmiş və əhalinin mütaliə mədəniyyətinin formalaşmasında, onların Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri və mətbuatla tanış edilməsində böyük rol oynayırdı. Qiraət komaları fəaliyyət göstərirdi. 1950–1960-cı illərdə kitabxana müdirlərinin təşkilatçılığı ilə C. Cabbarlının "Sevil","Almaz" və "Solğun çiçəklər"; M. F. Axundzadənin "Hacı Qara"; Ü. Hacıbıyovun "O olmasın, bu olsun" və N. V. Qoqolun "Müfəttiş" əsərlərinin tamaşaya qoyulması böyük marağa səbəb olmuşdu.

1961-ci ildə kolxozun vəsaiti ilə elekrik xəttinin çəkilməsi böyük sevincə səbəb olmuşdur. Bu insanların məişət şəraitini xeyli yaxşılaşdırmışdı. Sonralar kolxozun 06 noyabr 1968-ci il tarixli 4 saylı ümumi yığıncaq qərarı ilə kənddaxili və kəndlərarası elektrik xətləri Şəki elektrik idarəsinin balansına verilmişdi.

1965-ci ildə kənddə klubun açılması isə mədəni-kütləvi tədbirlərin tez-tez keçirilməsinə və keyfiyyətinin yüksəlməsinə öz təsirini göstərməyə başlamışdı. Kəndli gənclərdən ibarət özfəaliyyət dərnəkləri fəaliyyət göstərirdi.

1960-cı illərin sonunda həm kolxoz üçün idarə binası, həm də yeni klub binası tikilmişdir. Klub tezliklə mədəniyyət evinə çevrilmişdi. Müxtəlif vaxtlarda mədəniyyət evində Pespublikanın Xalq artistləri Bülbül, S. Qədimova, T. İsmayılova, E. Rəhimova, S. Aslan, B. Səfəroğlu, N. Qasımova, H. Bayramov, H. Bağırov, A. Quliyev, Ə. Ağayevin; Oğuz rayon mədəniyyət evinin nümayəndələrinin; Şəki, Gəncə və Bakı şəhərlərindən gəlmiş müxtəlif ansambların, o cümlədən 1975-ci ildə Naxçıvan Dövlət "Araz" mahnı və rəqs ansamblının verdikləri konsert və tamaşalar kəndin və onun sakinlərinin mədəni həyatında unudulmaz hadisələr idi.

Mədəniyyət evində əhalinin, xüsusən gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçirməsi, istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq inkişaf etdirilməsi üçün hər şərait vardı. Kəndli gənclərin keçirdiyi konsertlər və əyləncəli tamaşalar, müxtəlif baxış və yarışlar, görüşlər, stolüstü oyunlar, 1976-cı ildə mədəniyyət evinin "Zurnaçılar" bədii özfəaliyyət dərnəyinin üzvlərinin Şəki şəhərində keçirilən bədii özfəaliyyət kollektivlərinə zona baxışında birinci yerə çıxaraq Bakı şəhərində keçiriləcək tura dəvət edilməsi hələ də yaddaşlarda qalıb.

XX əsrin 60-cı illərindən kənddə bədən tərbiyəsi və idmanın inkişaf dövrü başlanmışdı. Xüsusən "Azərbaycan" kolxozu yaranandan sonra bu məsələlərə diqqət artırılmışdı. Kolxoz vəsaiti hesabına idman meydançası istifadəyə verilmiş, idman işləri üzrə təlimatçı vəzifəsi müəyyən olunmuşdu . Əvvəllər "Xırman yerində", sonralar kəndin şərqində tikilmiş stadionda keçirilən idman tədbirləri bayram xarakteri alır və uzun müddət yaddaşlardan silinmirdi. Ən populyar idman növü isə futbol idi. Kənd akinlərinin çoxu futbol komandasının azarkeşləri idi. Təsadüfi deyildir ki, 1967-ci ilin may ayında "Pravda" kolxozunun futbolçuları, 1975-ci ilin aprel ayında Oğuz şəhər stadionunda Calud kənd futbolçuları, 1990-cı ilin mart ayında rayonun "Gülüstan" yığma futbol komandası üzərində qazanılan qələbələr, 1990-cı ilin sentyabr ayında "Futbol həftəsi" ilə əlaqədar Oğuzda 13–14 yaşlılar arasında keçirilən və 20 komandanın iştirak etdiyi yarışda Yaqublunun gənc futbolçularının birinci, 2003-cü ilin may-iyun aylarında futbol üzrə rayon birinciliyində isə ikinci yeri tutması hələ də şirin xatirə kimi yaddaşlarda qalmaqda və xatırlanmaqdadır. Kəndli gənclər futbolla yanaşı idmanın digər növləri ilə də maraqlanırdılar. Belə ki, gənclər yüngül atletika, voleybol, güləş, sambo və karate ilə də məşğul olurdular.

Vaxtaşırı kəndə "kinoverənlər" gələrdi. Onların nümayiş etdirdikləri filmlər çox vaxt başqa dildə, hətta səssiz olsa da, camaat sevə-sevə tamaşa edirdi. 1960-cı illərin ortalarında isə kənddə — köhnə klub binasında daimi kino qurğusu qurulmuşdu. Kinomexanniklər axşamlar maraqlı və əyləncəli filmlərlə camaatın görüşünə gəlməyə başlamışdılar. Əhalinin ən çox bəyəndiyi filmlər Azərbaycan, türk və hind filmləri idi.

Sonrakı illərdə kənddə rabitə şöbəsi də açılmış, Yaqublu XDS İK-nə, poçt şöbəsinə və kolxozun inzabatı binasına telefon xətləri çəkilmiş, evlərə və içtimai yerlərə radio şəkilişi başa çatdırılıb qurtarmışdı. Bütün bunlar əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsini xeyli yüksəltmişdi.

1960-cı illərin sonlarından Yaqublu kəndində kolxoz vəsaiti hesabına mövsümü körpələr evi açılmış, az sonar yenə təsərrüfatın vəsaiti hesabına daimi fəaliyyət göstərən uşaq bağçası fəaliyyətə başlamışdı.

Həmin illərdən kənddə daimi fəaliyyət göstərən mağaza ilə yanaşı bərbərxana, dəmirçi və dərzi sexləri də fəailiyyət göstərirdı. Kənddə mağazanın açılmasının tarixi isə 1940-cı illərə gedib çıxır. Hələ 1946-cı ildə "Komsomol" kolxozunun 29 mart 1946-cı il tarixli 10 saylı ümumi yığıcağında "Tükan komissiyasının tərkibinin üəyyənləşdirilməsi" haqqında məsələ müzakirə olunmuşdu. Mağazanın açılması ilə əhalinin alış-veriş üçün yollara düşməsinə, qonşu kənd mağazalarına getməsinə son qoyulmuşdu.

Həftə bazarları içərisində ən çox istifadə olunan bazarlar Nic, Padar, Kərimli (Vardanlı), Vartaşen (Oğuz), qismən Şəki, Ağdaş və Yevlaxdakı "kolxoz bazarları" idi. Sakinlər kənd təsərrüfatı məhsullarını əsasən bu bazarlarda satır və alırdılar. Hələ 1901-ci ildə Oğuzdan Yaqubluya, sonralar Yevlaxa kimi salınan yol (sonralar asfaltlanmışdır) ticarət əlaqələrinin qurulmasında və gücləndirilməsində böyük rol oynayırdı. Kənddə ilk içtimai-iaşə müəssisəsi isə 1961-ci ildə açılmışdır.

1980-ci illərin ortalarında (1985–1986) kəndə təbii qaz xətti çəkilmiş, telefonlaşma aparılmış, kənddaxili və kəndlərarası yolların çoxuna asfalt örtük döşənmişdi. Kəndə təbii qaz xəttinin çəkilməsində Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq Komutəsinin sədri Y. Rzayevin böyük rolu və köməyi olmuşdur.

1950-ci ilə kimi kənddə üstü kirəmitli və şiferlə örtülən evlərə təsadüf olunmazdı. Hamısının üstü torpaq və cillə örtülmüşdü. İndi həmin evlərdən əsər-əlamət qalmayıb. 2003-cü ildə əhalinin ixtiyarında olan şəxsi evlərin ümumi sahəsi 113962 kv.metr, yaşayış sahəsi isə 64502 kv.metr idi. Ötən illər ərzində əhalinin mənzil şəraiti əsaslı şəkildə yaxşılaşmışdır. Evlərin mütləq əksəriyyəti müasir evlərdir.

Bu gün kənddə təbii qazdan, müasir məişət avadanlıqlarından, televizor, telefon, komputer və digər İKT avadanlıqlarından istifadə edilməyən ev, demək olar ki, yoxdur. Evlərin əksəriyyətində çanaq antennalardan və internet bağlantısından istifadə olunur. Xeyli sayda kənd sakininin şəxsi minik və yük avtomobilləri, traktorları və başqa kənd təsərrüfarı texnikaları vardır.

Hazırda kənddə müasir tələblərə cavab verən bir tam orta məktəb, uşaq baxçası və həkim məntəqəsi; üç kommersiya mağazası, üç içtimai-iaşə obyekti; kitabxana, folklor evi, 200 yerlik ATS, baytarlıq məntəqəsi, poçt, ət mağazası, futbol stadionları, şəxsi evlərdə maşın təmiri, dülgər, dərzi və dəmirçi sexləri, bərbərxanalar və digər sahibkarlıq obyektləri fəaliyyət göstərir.

Təhsil

XIX əsrin sonlarına kimi Yaqublu kəndində ancaq dini xarakter daşıyan təhsil müəssisələri olmuşdur. Bu müəssisələr ya ərazidəki məscid və kilsələrin nəzdində, ya da savadlı din xadimlərinin evlərində fəaliyyət göstərirdi. Buranı bitirənlər öz təhsillərini qonşu kəndlərdə və rayonlarda davam etdirirdilər. Məsələn, 1826-cı ildə Yaqublu kəndində anadan olmuş şair Əsgər Salami bir müddət molla yanında, sonra isə Ağdaşdakı mədrəsədə oxumuşdu. O, öz dövrünə görə mükəmməl təhsil almışdı. Şübhəsiz ki, Ə. Salami istisna ola bilməzdi. Çox güman ki, onun kimi mollaxana və mədrəsələrdə təhsil alan başqaları da olub.

Gürcüstan Respublikasının Mərkəzi Tarix Arxivində saxlanılan bir sənəddən (fond 422, s-1, iş-6315, v-27–29) belə məlum olur ki, Yaqubluda ilk dünyəvi təhsil müəssisəsi 30 sentyabr 1898-ci ildə açılmışdır. Həmin sənəddə göstərilir ki, ilk dəfə məktəbə 31 nəfər şagird cəlb olunub və şəriət müəllimləri bir yanvar 1899-cu ilə kimi ödəncsiz işləməyə söz veriblər. Onu da qeyd edək ki, bu məktəb Vartaşen (Oğuz) rayonunun ərazisində Rusiya XMN-nin kənd məktəbləri proqramı əsasında işləyən (Xaçmaz, Padar və Vartaşen (Oğuz) məktəblərindən sonra) dördüncü məktəb idi. Məktəb əhalinin gücü ilə saxlanılırdı və dərslər rus dilində keçirilirdi. Tədris planına şəriət, rus dili ilə yanaşı başqa dillər, hesab, coğrafiya, tarix, ədəbiyyat və rəsm daxil idi. Müəllimlərin arzusu ilə digər fənlər də tədris edilir, uşaqlara kənd təsərrüfatına aid biliklər verilir və müxtəlif peşələr öyrədilirdi. Yaqubluda məktəbin açılması rus çarizminin siyasi məqsədlərindən irəli gəlsə də, dünyəvi elmlər tədris etməsi və mükəmməl təhsil verməsinə görə mütərəqqi hadisə sayıla bilərdi, lakin baş vermiş mürəkkəb içtimai-siyasi hadisələr səbəbindən məktəb XX əsrin əvvəllərində öz fəaliyyətini dayandırmışdı.

1920-ci ilə kimi kəndin dünyəvi təhsil almaq istəyən sakinlərinin başqa kənd və şəhərlərdə olan xalq və qəza məktəblərində, 1920-ci ildən sonra isə Padar, Kərimli, Qayabaşı, Vartaşen (Oğuz) və Şəkidəki ibtidai, natamam orta və ya orta məktəblərdə oxuduqları güman edilir. Məsələn, kənd sakinlərindən R. Ələkbərov, M. Mehdiyev və digərləri Şəki şəhərindəki natamam orta və orta məktəblərdə təhsil almışdılar.

1918-ci ilin sonlarından 1930-cu illərin əvvəlinə kimi kənddə ana dilli milli təhsil müəssisəsinin açılmasına dəfələrlə cəhdlər edilsə də, mümkün olmamışdır. Kənd camaatı 1919-cu ildə AXC-nin Maarif və Dini Etiqad naziri N. Yusifbəyliyə Yaqubluda məktəb açılmasına köməklik etmək barədə müraciət etmişdir, lakin bu müraciət AXC-nin devrilməsi ilə əlaqədar nəticəsiz qalmışdır.

Təhsil almaq istəyən, lakin digər kənd və şəhərlərə getmək imkanı olmayanların XX əsrin 20-ci illərində savadlı şəxslərin evlərində oxumaq və yazmaq öyrəndikləri məlum faktlardandır. Məktəb olmasa da, həmin illərdə kənddə yaşlılar və köçərilər arasında savadsızlığı ləğv etmək üçün, onlara latın qrafikalı əlifbanı, oxuyub-yazmağı öyrətmək məqsədilə "gecə kursları" və "yay kursları" təşkil olunurdu, lakin burada çalışmaq üçün savadlı şəxslər çatışmadığına görə həmin kurslar istənilən səmərəni və nəticəni vermirdi.

Məktəbin açılması zamanın tələbinə çevrilmişdi. Müstəqil Vartaşen (Oğuz) rayonu təşkil ediləndən sonra kənddə milli ümumtəhsil məktəbinin açılması təşəbbüsləri də gücləndi. 1933/1934-cü dərs ilindən başlayaraq bütün ölkədə ümumi icbari orta təhsilin həyata keçirilməsi ilə əlaqədar 1934-cü ilin dekabr ayının 15-də kənddə ibtidai məktəb açıldı. Beləliklə, Yaqubluda milli məktəbin əsası qoyuldu.

1945/1946-cı dərs ilində kənddəki ibtidai məktəb natamam orta (7 illik) məktəbə məktəbə çevrildi. Məktəb iki növbədə fəaliyyət göstərirdi. 1961/1962-ci tədris ilindən 8 illik təhsil sisteminə keçilmişdir.

Yaqublu kənd natamam məktəbi 1971/1972-ci dərs ilindən orta məktəbə çevrildi. Zərrab kənd natamam orta məktəbini bitirən, Zərrab və Top kəndlərində yaşayan uşaqlar da təhsillərini burda davam etdirirdilər. Orta məktəbin ilk buraxılışı 1973-cü ildə oldu. Həmin il orta məktəbi 22 nəfər bitirmişdi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 dekabr 1993-cü il tarixli 606 saylı qərarı ilə məktəbə onun məzunu, I Qarabağ müharibəsinin şəhidi Tale Bəyənulla oğlu Babayevin adı verilmişdir.

2012-ci ildə kənddə — məktəbin özünün 16035 m2-lik (1,6 ha) ərazisində tikinti sahəsi 1673.00 m2, həcmi 15,500 m3, mərtəbələrdəki sinif otaqlarının ümumi sahəsi 705,60 m2 olan 220 yerlik yeni məktəb binasının tikilməsinə başlandı. Tikinti işləri 2015-ci ilin yazında başa çatdırıldı.

5 mart 2015-ci il tarixdə Oğuz rayonunun Tale Babayev adına Yaqublu kənd tam orta məktəbinin yeni tədris binasının açılış mərasimi olmuşdur.

1934–2022-ci illərdə, yəni 88 il ərzində məktəbdə 230 nəfərdən çox müəllim işləmişdir. Onların milli tərkibi müxtəlif olsa da, mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Bu unudulmaz müəllimlər əsl xalq müəllimi kimi həyata vəsiqə almış gənclərin gözlərini maarif və elm nuru ilə işıqlandırmış, elm, təhsil, incəsənət və mədəniyyət carçıları olmuşlar.

2021/2022-ci dərs ilində məktəbdə 186 nəfər (bunlardan 87 nəfəri qızlardır, cəmi şagirdlərin 24 nəfəri erməni daşnakları tərəfindən işğala məruz qalmış Kəlbəcər, Laçın, Füzuli, Ağdam və digər rayonlardan qaçqın düşmüş soydaşlarımızın övladlarıdır.) şagird təhsil alır. 186 nəfər şagirdin təlim-tərbiyəsi ilə 27 nəfər (22 nəfəri qadın olmaqla) təhsil işçisi məşğul olur. Təhsil işçilərinin 22 nəfəri ali, 5 nəfəri orta-ixtisas təhsillidir.

Həmin müəllimlər — Azərbaycan dili və ədəbiyyatı müəllimi İmran Allahverdi oğlu Verdiyev (direktor), fizika müəllimi Süleymanova Nərminə Fəxrəddin qızı (tədris işləri üzrə direktor müavini), Muğumova Rüxsarə Aslan qızı (tərbiyə işləri üzrə direktor müavini), Azərbaycan diliədəbiyyatı müəllimləri Vəfa Heydər qızı Qurbanova, Aygün Fəxrəddin qızı Atakişiyeva və Aytən Möhlüt qızı Atakişiyeva, riyaziyyat-informatika müəllimləri Həsənov Nazim Sultan oğlu, Bayramov Rafət Əmrah oğlu və Mənəfova Yeganə Seyfulla qızı, alman dili müəllimləri Möylamova Samirə Qəzənfər qızı və Mustafayeva Samirə Əlövsət qızı, ingilis dili müəllimi Rüstəmli Cəmilə Qurbanəli qızı, tarix müəllimi Məmmədli Şəbnəm Mirvaleh qızı, coğrafiya müəllimləri Əliyeva Mehriban Tacəddin qızı və İsayeva Aygün Yaqub qızı, kimya müəllimi Vahabova İradə İdris qızı, təcrübəli biologiya müəllimi İsmayılova Əmanət Niyazi qızı, müsiqi müəllimi Qocayeva Telli Vasif qızı, fiziki tərbiyə müəllimi Əhmədov Sərxan Nəbi oğlu, təsviri incəsənət və texnologiya müəllimi Əhmədova Pərvanə İsrəfil qızı, sinif müəllimləri Heydərova Səadət Saat qızı, Qasımova Bəsti Abuzər qızı, Heydərova Xalidə İlham qızı və Qasımova Gülxanım Əzim qızı, hərbi rəhbər Məmmədov Tale Rəhman oğlu, psixoloq Sadıqova Leyla Tofiq qızı və uşaq birliyinin rəhbəri Əliyeva Zərqələm Mürvət qızı şagirdlərə "Ümumi orta təhsilin dövlət standartları" səviyyəsində bilik, bacarıq vərdişlərin verilməsi, onların milli müstəqillik baxış və dünyagörüşlərinin formalaşdırılması, "…müstəqil Azərbaycan cəmiyyətinin layiqli üzvləri kimi" yetişməsi, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması üçün əllərindən gələni əsirgəmir, ardıcıl və sistemli iş aparırlar.

1980-ci illərin sonuna kimi məktəbin uğurlarında ona müdirlik və ya direktorluq etmiş, əsl xalq müəllimləri R. Ələkbərovun (1934–1938), İ. İbrahimovun (1945–1949), B. Şükürovun (1949–1951), B. Həşimovun (1951–1955), M. Mikayılovanın (1955–1958), İ. Rəhimovun (1958–1960), İ. Vahabovun (1960–1965) və H. Qurbanovun (1965–1989), Ə. Həbibullayevin (1989–1992) böyük əməyi olmuşdur. Onlar rayonun qabaqcıl təhsil işçiləri və bacarıqlı təhsil təşkilatçıları idilər. Siyahıdan göründüyü kimi, məktəbin yeganə qadın direktoru Maral Mikayılova məktəbə 1955–1958-ci illərdə müdirlik etmişdir. 26 avqust 1992-ci il tarixdən 05 sentyabr 2023-cü il tarixədək (30 il) məktəbə onun öz məzunu, Azərbaycan Respublikasının Əməkdar müəllimi İ. Verdiyev direktorluq etmişdir.

Verdiyev İmran Allahverdi oğlu – kəndin və məktəbin ilk Əməkdar müəllimi olub. O, 15 yanvar 1958-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu kəndində anadan olmuşdur. Orta təhsilini 1965–1975-ci illərdə Yaqublu kənd orta məktəbində almışdır. 1975-ci ildə keçmiş APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinə daxil olmuş, 1979-cu ildə həmin ali məktəbi bitirmişdi. 2 avqust 1979-cu il tarixdən Oğuz rayonundakı Yaqublu kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

Dəfələrlə keçmiş kənd Xalq Deputatlari Sovetinin deputatı seçilmişdir. 1985–1990-cı illərdə Vartaşen (Oğuz) rayonundakı Yaqublu kənd XDS-nin İcraiyyə Komutəsinin sədri, 1990-cı ilin may ayından dekabr ayına kimi isə qonşu Zərrab kənd orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir.

1990-cı ilin dekabr ayından yenidən öz dogma məktəbində — Yaqublu kənd orta məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdır. O, Oğuz Rayon Təhsil Şöbəsinin 26 avqust 1992-ci il tarixli 223 nömrəli əmri ilə işlədiyi məktəbə direktor təyin edilmişdir. 30 ildən çox həmin məktəbdə direktor vəzifəsində çalışmışdır. Bu illər ərzində məktəbdə sağlam mənəvi-psixoloji və əlverişli təhlükəsiz iş mühitin yaradılması, gənc pedaqoji kadrlarla iş, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilalanlar üçün əlverişli təlim və inkişaf mühitinin yaradılması, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması onun gündəlik qayğıları olmuşdur. Direktor vəzifəsində işlədiyi müddət ərzində məktəbin bütün nailiyyətləri onun adı ilə bağlıdır. Kənddə yeni və müasir tələblərə cavab verən məktəb binasının tikilməsində də böyük əməyi olmuşdur.

Pedaqoji iş təcrübəsi Təhsil Naziri M. Mərdanov, akademik H. Əhmədov, Bakı şəhəri Tİ-nin keçmiş rəisi A. Cahangirov, "Azərbaycan məktəbi" jurnalının redaktoru N. Həcəfov, Bakı Ali Pedaqoji Qızlar Seminariyasının təsisçisi, nasir və dramaturq, professor A. Rəhimov, ADPU-nun Şəki filialının elmi-metodiki işlər üzrə direktor müavini, dosent N. Çələbiyev, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Oğuz bölməsinin sədri V. Əlfiyev (Vüsal Oğuz), yazıçı-rəssam, Azərbaycan Jurnalistlər və Rəssamlar İttifaqlarının, Yazıçılar Birliyinin üzvü, mədəniyyət və İncəsənət İnstitutunun müəllimi, "İncəsənət" qəzetinin redaktoru Ə. İbrahimov, "Təhsil problemləri" qəzetinin redaktoru M. Rəcəb, "Respublika" qəzetinin müxbiri R. Amanov, tanınmış təhsil işçisi E. Kərimov və digərləri tərəfindən yüksək qiymətləndirilmişdir. Səmərəli fəaliyyəti və uğurları Təhsil Nazirliyinin kollegiya qərarlarında və əmrlərində, Oğuz müəllimlərinin ənənəvi konfranslarında, Oğuz Rayon Təhsil Şöbəsinin şura iclaslarında dəfələrlə qeyd edilmişdir. İş təcrübəsi, nailiyyətləri və fəaliyyətinin səmərələliyi barədə qəzet və jurnallarda, İ. Vahabovun "Oğuz təhsili" (I hissə), V. Zeynalovun "Azərbaycan ziyalıları", N. Hüseynlinin "Yurdum, torpağım, əzəl ünvanım–Oğuz" və digər kitablarda geniş məlumatlar verilmişdir. 2003-cü ildə məktəbdə olmuş Azərbaycan Respublikasının Təhsil Naziri M. Mərdanov onun fəaliyyətini təqdir etmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 sentyabr 1998-ci il tarixli 610 (s) saylı sərəncamına əsasən iş təcrübəsi öyrənilərək yayılmışdır.

Bir müddət içtimai əsaslarla keçmiş AMİ-nin Şəki filialının Oğuz şəhərində təşkil etdiyi müəllimlərin ixtisasartırma kurslarında mühazirəçi olmuşdur. O, 2010–2015-ci illərdə kurikulum təlimçisi kimi də fəaliyyət göstərmişdir. Mətbuat səhifələrində çap olunmuş metodik tövsiyələrindən, müasir tələblər səviyyəsində hazırladığı dərs nümunələrindən ölkə məktəblərində geniş istifadə olunur.

İ. Verdiyev uzun illər Oğuz Rayon Təhsil Şöbəsinin şura üzvü olub. Rayon, zona, respublika və beynəlxalq səviyyəli bir sıra konfrans, müşavirə, seminar və treninqlərin iştirakçısıdır. Azərbaycan müəllimlərinin XII qurultayının nümayəndəsi olmuşdur.

Metodik tövsiyə müəllifidir. Onun Oğuz müəllimlərinin iş təcrübəsi əsasında hazırladığı "BMT-nin "Uşaq Hüquqları Konvensiyasının müəddəalarının öyrənilməsi, təbliği və tətbiqi" adlı metodik tövsiyəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi metodik şurasının "Məktəbəqədər tərbiyə və ibtidai məktəb" bölməsinin 16 mart 2002-ci il tarixli 3 saylı protokolu ilə təsdiq olunaraq çap olunmuş və müəllimlərin istifadəsinə verilmişdir.

O, öz təklif və tövsiyələri ilə dərslik və fənn proqramlarının hazırlanmasında da yaxından iştirak etmişdir. İmran Verdiyev Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün ilk dəfə hazırlanan "Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu"nu (I–XI siniflər) hazırlayan işçi qrupunun üzvü olmuşdur.

1998-ci ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin Respublika turunun qalibi olduğuna görə Təhsil Nazirliyinin Fəxri fərmanı, 2000-ci ildə isə "Təhsilin humanistləşdirilməsi yeni pedaqoji təfəkkürün təzahürüdür" mövzusunda keçirilmiş Respublika pedaqoji mühazirələrinin yekun turunun qalibi olaraq I dərəcəli Diplom ilə təltif edilmişdir. 1914-cü ildə "Elektron təhsil" müsabiqəsində "Milli elektron tədris resurslarının yaradılması" nominasiyası üzrə fərqlənərək Diplomla təltif olunmuşdur. İ. Verdiyev Oğuz Rayon Təhsil Şöbəsinin (Sektorunun) keçirdiyi müxtəlif baxış və müsabiqələrin də qalibidir. O, həmçinin müxtəlif münasibətlərlə çoxlu sayda digər fəxri fərman, diplom, sertifikatlarla da təltif olunmuşdur.

İ. Verdiyev "Yaqublu və yaqublular" (2003), "Yaqublu məktəbi" (2003), "Yaqublu kəndi və onun məktəbi" (2022) kitablarının müəllifidir.

Onun "Azərbaycan müəllimi", "Təhsil problemləri", "Təhsil və zaman", "P. S. Elm, təhsil və həyat", "Maarifçi", "İncəsənət", "Bəşər", "Üç nöqtə", "Oğuz yurdu" (Oğuz şəhərində nəşr olunan), "Mingəçevir işıqları", "Ədalət", "Səs", "Qəbələ", "Oğuz yurdu" (Naxçıvanın Sədərək rayonunda nəşr olunan) qəzetlərində; "Kurikulum", "Azərbaycan məktəbi", "Azərbaycan dili və ədəbiyyat tədrisi", "Təhsil" jurnallarında, "ManeraAZ", "Ucnoqta" və digər saytlarda 100-dən çox yazısı dərc olunmuşdur ki, bunların da çoxu pedaqoji mövzulardadır. Bu məqalələrdə səmərəli iş təcrübələrindən söz açılır, təlim-təbiyənin aktual problemlərindən bəhs edilir, maraqlı və orijinal təkliflər irəli sürülür.

İmran Verdiyev 2005-ci il oktyabr ayının 4-də "Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar müəllim" Fəxri adına layiq görülmüşdür.

1960-cı illərin sonlarından Yaqublu kəndində kolxoz vəsaiti hesabına mövsümü körpələr evi açılmış, az sonra yenə təsərrüfatın vəsaiti hesabına daimi fəaliyyət göstərən uşaq bağçası fəaliyyətə başlamışdı. Uşaq bağçası indi də öz fəaliyyətini davam etdirir. .

Din

Aparılmış araşdırmalar göstərir ki, əsrlər boyu Yaqubluda azərbaycanlılar, idilər və ləzgilər birlikdə yaşamışlar. Məhz bu səbəbdən də müasirlərin qeyd etdiyi kimi burada hər yerdə köhnə kilsələrin xarabalıqlarına rast gəlinir. Xarabalıqları yaxın vaxtlara kimi qalan belə kilsələrdən ikisi Yaqublu kəndində olub. İndi bəzilərinin erməni kilsəsi hesab etdikləri həmin kilsələr əslində IV əsrdən xristianlığı qəbul etmiş; VII əsrdən başlayaraq etnik ermənilərin də qızışdırması ilə ərəb xəlifəsi tərəfindən zorla qriqorianlaşdırılmış və Eçmədzin kilsəsinə tabe etdirilmiş türk əsilli xristian udilərin kilsələri idi.

XIX əsrin əvvəllərindən başlayaraq bura İrandan, Türkiyədən və Qarabağ zonasında erməni ailələri də köçürülmüşdür. Bu fikri rus ordusunda xidmət edən, Şirvana gedərkən rayonun Zərrab kəndindən keçən (Şirvana atla gedən şəxsin Zərrabın şərqində yerləşən Yaqubludan keçməməsi inandırıcı deyil.) ispan general Xuan Van Haleni Sarti də öz xatirələrində təsdiq edir. Belə ki, o, 1820-ci ildə burdan keçərkən qeyd edir ki, "…Ermənilər bu ərazilərə yeni köçürülüb, sənaye və ticarətlə məşğul olurlar."

Ermənilərin əraziyə köçürülməsi başlayandan az sonar onlar yerli xalqların nümayəndələrinə — azərbaycanlılara, ləzgilərə, udilərə, onların məscid və kilsələrinə qarşı təcavüzə başlamışdılar. Daşnaklar tezliklə etnik udilərin kilsələrində hökmranlığı ələ almışdılar.

Mənbələr sübut edir ki, XIX əsrin əvvəllərində kənddə məsçid binası da olub. Belə ki, filologiya elmləri doktoru Ə. Cəfərzadə 1826-cı ildə Yaqublu kəndində anadan olmuş şair Ə. Salami barədə qeyd edir ki, o, mollaxana təhsili alıb. Əslən İrəvan quberniyasının Üçkilsə (Eçmədzin, sonralar Talin rayonu adlanmışdır) qəzasının Quldərviş kəndindən olan Kərimov Hüseyn Alı oğlu da söyləyirdi ki, kəndin şimal-qərb istiqamətində kiçik bir binanın xarabalıqları varmış. Onlar qonşu kəndlərin sakinlərindən buranın nə olduğunu soruşanda "məscid yeridir" deyirmişlər. Çox güman ki, yuxarıda haqqında bəhs etdiyimiz məsçid də ya müsəlmanlar kəndi məcburən tərk etdiyi üçün baxımsız qalaraq xarabalığa çevrilmiş, ya da burada məskunlaşdırılmış ermənilər tərəfindən dağıdılmışdır.

Ermənilərin kənddə yaşayan digər xalqların nümayəndələrinə qarşı aqressiv münasibəti gücləndiyinə görə XX əsrin əvvələrində azlıqda qalan azərbaycanlılar, ləzgilər və udilər buranı birdəfəlik tərk etməyə məcbur oldular.

Faktlar göstərir ki, 1918-ci ilin sonlarından Yaqubluda azərbaycanlıların sayı tədricən artmağa başlamışdı. Artım əsasən İrəvan quberniyasının Üçkilsə (Eçmədzin, sonralar Talin rayonu adlanmışdır) qəzasının Ağcaqala, Eşnək, Dian, Quldərviş, Əkərək və Yuxarı Kolanı kəndlərindən deportasiyaya məruz qalaraq gələnlərin hesabına olmuşdur .

01.01.2022-ci il tarixi vəziyyətinə kənddə 198 fərdi təsərrüfatda 332 nəfəri kişi, 328 nəfəri qadın olmaqla cəmi 660 nəfər əhali yaşayır. Əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Burada çox az sayda ləzgi və digər millətlərin nümayəndələri yaşayır ki, onlar da qarışıq nikahda olanlardır və ailə başçılarının hamısı azərbaycanlılardır. Kənd əhalisinin hamısı müsəlmandır.

Səhiyyə

1948-ci ildən etibarən kənddə səhiyyə müəssisəsi fəaliyyətə başlamış və məntəqə üçün bina tikilmişdi.

"Azərbaycan" kolxozunun 07 dekabr 1965-ci il tarixli 7 saylı ümumi yığıncaq qərarına əsasən Yaqublu kəndində doğum evi açılmışdı. Beləliklə, əhaliyə göstərilən səhiyyə xidmətləri xeyli dərəcədə yaxşılaşmışdı.

2013-cü ildə kənddə Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində layihə dəyəri 106,699 min ABŞ dolları olan və tibb heyətinin 2030 insana xidmət göstərə biləcəyi poliklinika istifadəyə verilmişdir. Layihənin əsas məqsədi Yaqublu kəndində yeni tibb məntəqəsi tikməklə həmin kəndin və ona qonşu olan digər üç kəndin sakinlərinə göstəriləcək tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq idi.

Poliklinikanın açılışında Yaponiyanın Azərbaycandakı səfiri Şuşuki Vatanabe də iştirak etmişdir.

Həmçinin bax

İstinadlar

    Mənbələr

    1. Maxmud iz Xnaluqa: "Sobıtiya v Daqestane i Şirvane" (XIV–XV vv), Maxaçkala-1997 (rusca)
    2. "Azərbaycan tarixi" (1900–1920), V cild, Elm nəşriyyatı, Bakı-2008
    3. AMEA Tarix İnstitutunun Elmi əsərləri, 60-cı cild, Bakı-2016, səh: 96–114
    4. Verdiyev İ.:"Yaqublu məktəbi", "Çaşıoğlu", Bakı-2003
    5. Verdiyev İ.:"Yaqublu kəndi və onun məktəbi", Mingəçevir-2022
    6. İsmayılov İ."15 millətin nümayəndəsi yaşayan rayon" (rusca), Bakı-1981
    7. Cavadova Z. Ə.:"Şimal-qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri — 70-ci illər)", Bakı-2002
    8. Cavadov Q. və Hüseynov R.:"Udilər", Bakı-1999
    9. Vahabov İ. İ: "Oğuz təhsili (I hissə), "Çaşıoğlu", Bakı-2005
    10. Verdiyev İ.:"Yaqublu toponimi haqqında", "Üç nöqtə" qəzeti, 06 iyun 2022
    11. Verdiyev İ.:"Talenin son döyüşü" "Ordu" qəzeti, 14 – 21 aprel 1992.
    12. Verdiyev İ.:"Qəhrəmanlar ölmürlər", "Oğuz yurdu" qəzeti, 25.05.2003
    13. Verdiyev İ.;"Yaqublu və Yaqublular", Sumqayıt-2003
    14. Gülxani P.; "Oğuz şəhidləri və itkinləri", "Mütərcim", Bakı-1999, səh:131–133, 187–189, 208-estane, 269–272
    15. Kərimova M. "Tanıyaq, tanıtdıraq" ("Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsi "Tanıyaq, tanıtdıraq" layihəsi çərçivəsində nəşr olunmuşdur), "M. Dizayn" MMC, Bakı-2020. Səh:16,19,90,94
    16. Cilovdarlı A. və Abbas qızı Ş.:"Türk yurdu Qarabağ-yüz il müharibə" (I kitab), Bakı-2000
    17. Rzayev Y.:"Bura Oğuzdur" (Oğuz rayonu haqqında məlumat-informasiya kitabı)", Mingəçevir-2004
    18. İbrahimov Ə."Talelər". Bakı-1971
    19. ORDA (Oğuz Rayon Dövlət Arxivi)
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.