Yaponiyada tualetlər
Yaponiyada tualetlərin tarixi Yayoi dövrünə qədər uzanır. Antik Yaponiyada sadə quyulardan və ya çayların keçdiyi yerlərdə tikilən "kavaya" adlı strukturlardan tualet kimi istifadə edilirdi. VII–VIII əsrlərdə isə sarayda və dini tikililərdə su axınından istifadə edən daha müasir tualetlər peyda olmuşdu. Orta əsrlərdən başlayaraq insan ifrazatı Yaponiyanın kənd təsərrüfatı həyatında əhəmiyyətli yer tutmağa başlamış və əsas gəlir mənbələrindən birinə çevrilmişdir.
Meyci islahatından və qərbləşmə siyasətindən sonra ölkədə ilk ictimai tualetlər tikilmişdir. Tayşo dövründə isə Qərb üslubunda olan tualetlər yayılmağa başlamışdır. İkinci dünya müharibəsinin ardından Qərb üslubundakı tualetlər ən geniş yayılmış tualetlər olmuşdur. 1980-ci illərdən başlayaraq isə kontrol panelinə malik, müxtəlif funksiyalı yüksək texnologiyalı tualetlər ortaya çıxmışdır.
Hazırda Yaponiyada tualetlərin iki növü yayılıb: Qərb üslubunda və yapon üslubunda tualetlər. İctimai tualetlərdə iki üsluba da rast gəlmək mümkün olsa da, bəzən köhnə tikililərdə təkcə yapon üslubunda tualetlərə, müasir tikililərdə isə təkcə Qərb üslubunda olan tualetlər olur. Müasir evlərdə və hotellərdə tualetlər Qərb üslubundadır. Həm Qərb, həm yapon üslubundakı tualetlərin iki su axını rejimi var: böyük və kiçik. Tualetlər üçün otohime və ayaqqabı kimi aksessuarlardan istifadə olunur. Toto şirkəti Yaponiyada ən böyük və məşhur tualet istehsalçısıdır. Tokionun Kitakyuşu bölgəsində Yaponiyada tualetin tarixinə həsr olunmuş Toto Muzeyi fəaliyyət göstərir.
Tarix
Antik dövr
1990-cı illərdə Yaponiyada antik tualetləri aşkarlamaq üçün aparılmış ilk paleoparazitoloji analizlər ilk belə tualetlərin Yayoi dövründə (e.ə. 300-b.e. 250) ortaya çıxdığını göstərir.[1] Böyük yaşayış məntəqələrini çevrələyən çuxurlardakı çöküntülərdə tapılmış nəcis böcəkləri göstərir ki, antik Yaponiyada insanlar ifrazatlarını evdən uzaq tutmaq üçün çuxurlardan istifadə edirdilər.[1] Çayların keçdiyi yaşayış məntəqələrində isə çayın üzərində tikilən, kavaya[lower-alpha 1] adlı tualetlər tikilirdi.[1] Kavayalar ifrazatı su axını ilə uzaqlaşdırırdı.[1] İlk dəfə "Kociki" yazılarında təsvir olunan bu tualetlər Yaponiyada primitiv unitazlara ilk misaldır.[1]
Yaşayış məntəqələri inkişaf etdikcə tualetlər də inkişaf edirdi.[1] 694–710-cu illərdə Yaponiyanın ilk paytaxtına ev sahibliyi edən Fucivara sarayında iki tip tualet var idi: quyu tipli və unitaz tipli tualetlər.[1] Quyu tipli tualetlər yerə qazılmış sadə dəliklərdən ibarət olurdu, dolanda üstü bağlanılır və yenisi qazılırdı.[1] Bəzən quyu tualetlərin içində kusobera adlı taxta çubuqlar da olurdu ki, ifrazatdan sonra nəcisi təmizləmək mümkün olsun.[1]
Unitaz tipli tualetlər isə qəsri çevrələyən divarların xaricindəki su axınından istifadə edən tualetlər idi.[1] Saraya bir qədər su yönəltmək üçün xəndək qazılırdı və xəndəkin üstündə kiçik daxma tikilirdi.[1] Tualet istifadəçisi xəndək üzərində çömələrək oturmalı idi və su ifrazatı yaşayış yerindən uzaqlaşdırırdı.[1] IX əsrin ortalarına aid bir qanuna əsasən məhbuslar yağışlı gündə çirkab sularının yığıldığı arxı təmizləyərək zibillə dolmasına mane olmalı idilər.[1] Bu zibillər su axınına mane olaraq tualetlərin işləməsinə mane ola və ifrazatın toplanmasına səbəb ola bilərdi.[1] Lakin konstruksiya səhvi daimi pis qoxunun yaranmasına şərait yaradırdı.[1] Fucivara qəsri Tan sülaləsinin Çanan qəsri əsasında tikilmişdi və qəsrin tikintisi zamanı in-yan və beş element doktrini tətbiq edilmişdi.[1] Saray paytaxtın şimalında yerləşirdi, aşağı təbəqə isə cənub bölgəsində qərarlaşmışdı.[1] Asuka çayı paytaxta cənubdan daxil olub şimala axdığından aşağı təbəqənin buraxdığı bütün ifrazat imperatorun sarayından keçirdi və orda üfunətə səbəb olurdu.[1] "Rikkokuşi"də qeyd olunur: "paytaxt həm içəridən, həm çöldən üfunət qoxurdu".[1] Bundan sonrakı paytaxt şəhərlərin konstruksiyasına su axını daxil edilərək eyni səhvi təkrarlamaqdan qaçınılmağa çalışmışdılar.[1]
Növbəti dövrlərdə Yaponiya tualetlər inkişaf etməyə davam etmişdir.[1] Daha sofistik misallara Koya dağında və Akita qəsrində rast gəlmək mümkündür.[1] Yaponiyada buddizm mərkəzlərindən biri olan Koya dağındakı tualetlərdə də su axınından istifadə olunmuşdur.[1] İlk öncə su çaydan bambuk borularla məbədin mətbəxinə yönləndirilərək yemək üçün təmiz suyu təchiz edirdi.[1] Daha sonra su tualetdən keçərək bütün çirkab sularını çaya qaytarırdı.[1] Akita qəsrində tapılmış tualetlər isə həmin dövrdə Yaponiyada ən inkişaf etmiş tualetlər hesab olunur.[1] Tualet evdən uzaqda — yamacda yerləşirdi.[1] Bir daxmada üç ayrı otaq olurdu və hər otaqda bir dəlik vardı.[1] Bu dəliklər taxta borularla yamacın aşağısında yerləşən çöküntü çəni ilə əlaqələnmişdi.[1] Axar su olmadığından insanlar özləri ifrazatı axıtmalı idilər.[1]
Heyan dövrü
Heyan dövründə aristokratik zümrənin tualet verdişləri dəyişmişdir.[1] Normal tualetlərdən istifadəni dayandıraraq 700-cü ildə Çindən gələn yeni dəb olan güvəclardan istifadə etməyə başlamışdılar.[1] İşlərini bitirəndən sonra xidmətçi güvəcu boşaltmalı idi.[1] Lakin aşağı təbəqə ifrazatını küçədə boşaltmağa davam edirdi.[1]
XII əsrə aid "Qaki-şoşi" adlı buddist əlyazmasında paytaxt sakinlərinin küçədə çömələrək oturması və qaki adlı ac ruhlarla əhatə olunması təsvir olunub.[1] Qakilər pis xüsusiyyətlərinə görə daima acdırlar və nəcis kimi iyrənc şeylərlə qidalanırlar.[1] Əlyazmada qakilərin insanların ifrazatını başa çatdırmalarını gözləmələri təsvir olunub.[1] XIII əsrin əvvəllərinə aid "Uci Şui Monoqatari" adlı yapon hekayələri kolleksiyasında isə paytaxtda yerləşən "ifrazat dərəsi"ndən bəhs olunur.[1]
Heyan dövründə müşahidə olunan oyuq, nəm yaylar əkinlərin məhv olmasına səbəb olduğundan həmin dövrdə bir çox kütləvi aclıqlar baş vermişdir, lakin primitiv tədbirlər bunun qarşısını ala biləmişdir.[1] Hökumət rəsmiləri bunun günahını fermerlərdə görmüş və onlara torpaqlarını münbitləşdirməyi əmr etmişdilər.[1] İnkişaf etdirilmiş irriqasiya, ikiqat məhsul və kotandan istifadə Kamakura dövründə məhsuldarlığı artırsa da, gübrə kimi istifadə olunan heyvan peynində çatışmazlıq yaşanmağa başlanmışdır.[1] Bu dövrdə ilk dəfə insan ifrazatından kənd təsərrüfatında istifadə olunmuşdur.[1]
Heyan dövründən etibarən kusobera quyu tipli tualetlərdən yoxa çıxmışdır, çünki nəcisin gübrə kimi daşınmasına mane olurdu.[1] Bundan əlavə, insanlar nəcisi gübrə kimi toplamaq üçün tualetin yanına vedrələr qoymağa başlamışdılar.[1] XII əsrdən etibarən quyu tipli tualetlərin ölçüsü böyümüşdür.[1] Bunun da səbəbi nəcisin gübrə kimi istifadə olunmasında idi.[1]
Edo dövrü
Tokuqava şoqunluğu tərəfindən 1649-cu ildə yayımlanmış qanuna görə fermerlər əsas evin yanındakı tualeti damla tikməli idilər ki, yağış yağanda ifrazat heyif olmasın.[1] Bu onu göstərir ki, artıq XVII əsrdə insan ifrazatının gübrə kimi istifadəsi Yaponiyanın kənd təsərrüfatı həyatında əhəmiyyətli yer tuturdu.[1] Edo dövrü boyunca gübrə üçün təlabat o qədər artmışdı ki, fermerlər şəhərlərə gedərək məhsulları qarşılığında insanlardan ifrazat alırdılar.[1] Edo dövrünün ortalarında ifrazat toplayan və pul qarşılığında fermerlərə satan peşə sahibləri ortaya çıxmışdı.[1] Nəticədə, ifrazat toplamaq gəlir mənbəyinə çevrilmişdi.[1]
XVII əsrin sonlarına doğru gübrənin qiyməti Osakada o qədər qalxmışdı ki, fermerlər təşkilatlanaraq insan ifrazatını əldə etmək uğrunda monopoliya əldə etməyə çalışmışdılar.[1] Hətta ifrazat toplamaq hüquqları və qiymətlər üstündə davalar baş vermişdir.[1] XVIII əsrin ortalarında insan ifrazatı o qədər bahalı olmuşdu ki, kasıb fermerlər onları oğurlamağa başlamışdılar.[1]
Edo şəhərində isə insan ifrazatından gübrə kimi istifadə o qədər populyar deyildi.[1] Edo idarəçiləri paytaxtın görkəminə daha çox önəm verirdilər, hətta çayın yaxınlığındakı kiçik tualetləri yığışdırmağı əmr etmişdilər.[1] Lakin XVIII əsrin birinci yarısında insan ifrazatına olan təlabat hətta paytaxtda da artmışdır.[1] Fermerlər petisiya imzalayaraq küçələrə vedrələr qoymaq üçün icazə istəsələr də, hökumət bu icazəni verməmişdir.[1]
Çoxmənzilli evlərdəki ümumi tualetlərdəki ifrazatı satan Edo mülkədarları ildə 30–40 ryo pul qazana bilirdi.[1] Bu məbləğ adi dülgərin illik qazancından iki dəfə artıq idi.[1] Osaka şəhərində ümumi tualetlərdən ifrazat satmaq mülkədar həyatının standart parçasına çevrilmişdi.[1] Hətta kimsə mənzildən çıxanda digərləri üçün kirayə qiyməti qalxırdı, çünki mülkədarın sata biləcəyi ifrazat azalırdı.[1] Nəcis ev sahibinə məxsus olsa da, sidik kirayəçinin idi.[1] Hətta bununla bağlı Yaponiyada "mülkədarın uşağı nəcis üzərində böyüyür" ifadəsi ortaya çıxmışdırlar.[1]
Sidik və nəcis ayrı-ayrı toplanılırdı, çünki fərqli əkinlər üçün istifadə olunurdu.[1] Sidiyi daşımaq daha çətin olduğu üçün mülkədarlar üçün dəyəri az idi, lakin fermerlər üçün yaxşı gübrə kimi qalırdı.[1] Hətta Kanazava şəhərində sidik fermerlər üçün əsas gübrəyə çevrilmişdi.[1] Gübrə kimi dəyəri olduğu üçün qadınlar ayaqüstə işəyirdilər, lakin bu praktika çox ibtidai sayılırdı və müasir şəhərə uyğun gəlmirdi.[1] Məsələn, Kioto qadınlarının ifrazat vərdişləri paytaxt kişilərini şoka salırdı.[1] Kəndlərdə bu vərdiş hətta İkinci dünya müharibəsindən sonra da müşahidə olunmağa davam etmişdir.[1]
Gübrə kimi istifadə olunan ifrazatın keyfiyyəti evin pəhrizindən də asılı idi.[1] Daha varlı mülkədarın daha bahalı ifrazatı olurdu, çünki daha keyfiyyətli qidalarla qidalanması gübrənin keyfiyyətini artırırdı.[1] Həbsxanadan toplanmış ifrazat ən keyfiyyətsiz hesab olunurdu.[1] Edo qəsrindən toplanmış ifrazat isə ən keyfiyyətli idi.[1] Hər bir fermer buradan ifrazat toplamaq istəyirdi, lakin bu hüquq diqqətlə seçilmiş və qəsri təmiz saxlaya biləcək fermerlərə verilirdi.[1]
Şoqunun həyat yoldaşının ifrazatı toplanmırdı.[1] Onun tualeti mannen[lower-alpha 2] adlanırdı və o qədər dərin quyudan ibarət idi ki, 10 il boyunca dola bilməzdi.[1] Bu tualet sadəcə şoqunun xanımına aid idi və o öləndə üstü bağlanılırdı.[1] Şoqun yenidən evlənəndə yeni quyu qazılırdı.[1] Bu adətin məqsədi xanıma hörmət göstərmək idi.[1] Edo dövründə ali zümrənin qadınlarının tualet vərdişləri adi insanlardan fərqlənirdi.[1] Məsələn, onlar səsi azaldan güvəclardan istifadə edirdilər.[1] Ali zümrədən qadın çöldə tualetdən istifadə etmək istəyəndə xidmətçi güvəcdan tıxacı çəkərək suyun axmasına və ifrazat zamanı çıxarılan səsi maskalamalı idi.[1] Şoqun ailəsindən olan qadınların isə ifrazatdan sonra onları təmizləyən xidmətçiləri vardı.[1] Bu, ancaq yüksək statuslu qadınların imtiyazı olsa da, şoqunun qızı, həyat yoldaşı və ya anası üçün normal hal idi.[1] Xidmətçilər xanımı tualetə qədər müşayiət edərək paltarlarını çıxarmasına kömək etməklə yanaşı, nəcisinə baxaraq sağlamlıq vəziyyətini yoxlayırdılar.[1]
Meyci dövrü
İnsan ifrazatının gübrə kimi dəyərləndirilməsi Yaponiya şəhərlərinin nisbətən daha təmiz olmasına gətirib çıxarırdı və bu hal XVI əsrdə Yaponiyaya gələn avropalıları təəccübləndirirdi.[1] Avropalıların çox yaponların sanitariya standartlarını və insan ifrazatına qarşı praktiki yanaşmasını bəyənmişdir.[1] Həmin dövrün Avropasında insan ifrazatının gübrə kimi istifadəsi populyar deyildi və kanalizasiya sistemi olmadığından şəhərlər çirklə dolu idi.[1] XIX əsrdə Avropada kanalizasiya sistemlərinin yaranmasına və tualetlərin inkişafına baxmayaraq, Yaponiyanın sanitarik vəziyyəti izolyasiya dövrü boyunca dəyişməmiş qalmışdı.[1] Buna görə də Yaponiyanın XIX əsrdə Qərbə açılmasından sonra Yaponiyanı ziyarət edən qərblilər xoş olmayan mənzərə ilə qarşılaşdıqlarını bildirirlər.[1] 1878-ci ildə Yaponiyaya səyahət edən İzabella Börd səyahətnaməsində hər yerin pis qoxduğunu, birə və ağcaqanadlarla dolu olduğunu yazırdı.[1]
Xariciləri ən çox Yaponiyada geniş yayılmış ictimai işəmə ənənəsi şoka salırdı.[1] Kansay regionunda sidik toplamaq üçün nəzərdə tutulmuş vedrələr yol boyunca düzülürdü.[1] Yaponiyada ictimai yerdə rahatlamaqla bağlı çox cüzi utanc mövcud idi, lakin xaricilərin gözündə barbar davranış idi.[1] Xaricilərin bu halda mənfi reaksiyaları Yaponiya hökumətinin hərəkətə keçməsinə səbəb olmuşdur.[1]
Meyci islahatından sonra Qərb dünyasında sivil ölkə kimi görünmək istəyən Yaponiya hökuməti əvvəlcə 1868-ci ildə Yokohamada ictimai işəməni qadağan etmiş, 1871-ci ildə ictimai yerdə işəyən üçün 100 monluq cərimə təyin etmişdir.[1] Buna baxmayaraq, ictimai işəmə barədə qadağa qanununun qəbul edildiyi 1872-ci ildə Tokioda 4000-dən çox pozuntu qeydə alınmışdı.[1] 1871-ci ildə Yokohamada Yaponiyanın ilk ictimai tualeti istifadəyə verilmiş və 1872-ci ildə onların sayı 83-ə çatmışdır.[1] Bu tualetlər sadə idi: taxta lövhələrlə əhatə olunmuş, yerə basdırılmış qabdan ibarət idi.[1]
Tədbirlərə baxmayaraq, xaricilərin şikayətləri davam edirdi.[1] Hətta 1872-ci ilin yanvarında Britaniyanın diplomatik missiyası insan ifrazatından gübrə kimi istifadə barədə Yaponiya Xarici İşlər Nazirliyinə etiraz etmişdi.[1] İfrazatın gübrə kimi istifadəsi Yaponiyada mübahisə mövzusu idi.[1] Nəcisin xolera xəstəliyinin yayılmasına səbəb olması barədə tibbi biliklər inkişaf etsə də, yapon intelektualların bəziləri bu fikirlərlə razılaşmayaraq hətta Yaponiyada kanalizasiya sisteminin tikilməsinə dəstək vermirdilər.[1] 1889-cu ildə sanitariya departamentinin sədri Naqoya Sensai və mühəndis U. K. Burton Tokio üçün kanalizasiya sistemi layihəsi təklif etsələr də, hökumət fermerlərə ziyan dəyəcəyini səbəb kimi göstərərək layihəni qəbul etməmişdir.[1] 1900-cü ildə Yaponiyada ilk "Tullantı təmizləmə haqqında qanun" qəbul edilsə də, insan ifrazatı təmizlənməli tullantılar siyahısında göstərilməmiş və mülkədarların imtiyazında qalmağa davam etmişdir.[1]
Tayşo dövrü
Birinci dünya müharibəsinin ardından urbanizasiyanın sürətlənməsi və ucuz kimyəvi gübrələrin ortaya çıxması nəticəsində Yaponiyada ifrazat gübrələrinə olan təlabat aşağı düşsə də, populyarlığını qorumağa davam edirdi.[1] Əhalinin artması şəhərlərdə ifrazat probleminə səbəb olurdu.[1] 1930-cu ildə "Tullantı təmizləmə qanunu"nda dəyişiklik edərək insan ifrazatını idarə etmək səlahiyyəti yerli bələdiyyələrə verilmişdi.[1] Hökumət kanalizasiya sistemi ilə problemi həll etmək istəsə də, bahalı layihə olduğu üçün həyata keçirə bilmirdi.[1] Yerli orqanlar ifrazatı gəmi, yük maşını, dəmiryolu kimi vasitələrlə fermerlərə çatdırmaqla problemi həll etməyə çalışırdı.[1] Toplanılan ifrazat o qədər çox idi ki, fermerlərə göndərilə bilməyən hissə suya atılırdı.[1] Məsələn, 1931-ci ildə Kiotoda toplanılan nəcisin 7%-i suya atılmışdı.[1] İkinci dünya müharibəsi dövründə yanacağa artan təlabat ifrazatın daşınmasını daha da çətinləşdirirdi.[1] 1944-cü ildə ifrazat tullantılarının ancaq 70%-i toplanılırdı, qalan hissəsi isə suya qarışırdı.[1]
1920-ci illərə qədər ancaq yüksək sinifdən olan şəxslər evlərində Qrəb elementlərindən istifadə etsələr də, Tayşo dövrünün ortalarından etibarən adi insanlar da evlərində Qərb üslubuna keçid etməyə başlamışdı.[1] Qərb üslublu tikililərin və obyektlərin artması tualetlərdə də qərbləşməsinə gətirib çıxarsa da, Cuniçiro Tanizaki kimi bəzi intellektuallar ənənəvi tualetlərə üstünlük verməyə davam edirdilər.[1]
Tualetlərin qərbləşdirilməsi nəticəsində Yaponiyada Qərb üslubunda olan bir neçə tualet növü ortaya çıxmışdır: Tayşo tualeti və Şova tualeti, Mədəniyyət tualeti, Ev Nazirliyinin stilindəki tualet, Sağlamlıq və Rifah Nazirliyinin stilindəki tualet.[1] Ev Nazirliyinin stilindəki tualet 1927-ci ildə yaradılmışdı və ifrazata təhlükəsiz yanaşmanı təklif edirdi.[1] Bu tualet növü iki açılışdan ibarət idi: biri ifrazat üçün, biri gübrə toplamaq üçün.[1] Çən 3–5 sferaya bölünürdü və sferanın hər biri dolanda digəri onu əvəz edirdi.[1] Üç aydan sonra ifrazatın gübrə kimi toplanması mümkün olurdu, çünki bu müddət bakteriya və parazit yumurtalarının ölməsi üçün kifayət edən vaxt idi və sağlamlıq üçün risk yaratmırdı.[1] 1937-ci ildə tualetlər üzərindəki yurisdiksiya Sağlamlıq və Rifah Nazirliyinə verildikdən sonra tualetdə bəzi dəyişikliklər edilərək "Sağlamlıq və Rifah Nazirliyinin stilindəki tualet" yaradılmışdı.[1]
Buna baxmayaraq, bir çox insan hələ də müasir tualetlərdən istifadə etməyi bacarmırdılar.[1] İnsanları bu cür tualet innovasiyaları ilə tanış etmək üçün bir çox "həyat tərzi inkişafı" sərgiləri təşkil olunurdu.[1] İlk belə sərgi 1919-cu ildə Tokio Təhsil Muzeyində baş tutmuşdur.[1]
Sadəcə tualetlərin görünüşü deyil, hazırlandıqları material da dəyişirdi.[1] Ənənəvi tualetlər taxtadan hazırlansa da, çox tez çürüyürdülər.[1] Dözümlülüyü artırmaq üçün taxta tualetlər XIX əsrin sonlarından etibarən keramika tualetlərlə əvəz olunmağa başlamışdır.[1] 1891-ci ildə baş verən Nobi zəlzələsi və 1923-cü ildə baş verən Böyük Kanto zəlzələsindən sonra keramika tualetləri Yaponiyada populyar olmuşdur.[1]
İkinci dünya müharibəsindən sonra
İkinci dünya müharibəsinin başa çatmasından və Yaponiyada ABŞ işğalı dövrünün başlamasından sonra amerikalılar yapon tualetlərini sanitarik hesab etməmiş və Amerika modeli əsasında tualetləri ölkədə yaymağa başlamışdırlar.[1] Bu dövrdə insan ifrazatından gübrə kimi istifadəyə də məhdudiyyətlər qoyulmuş və kimyəvi gübrələrdən istifadə standart hal almışdı.[1] 1950-ci illərdən başlayaraq Qərb stilindəki tualetlər Yaponiyada populyarlıq əldə etməyə başlamışdır.[1] Qərb stilində tualetlərə malik ilk mənzil kompleksi 1958-ci ildə Osaka şəhərində tikilmişdir və iki il sonra bu tualetlər bütün yaşayış kompleksləri üçün standartlaşmışdır.[1] 1977-ci ildə ilk dəfə Qərb stilindəki tualetlərin satışı yapon stilindəki tualetlərin satışını ötmüşdür.[1]
İqtisadiyyatın və texnologiyanın Yaponiyada inkişaf etməsi 1980-ci illərdə ölkədə ən müasir tualetlərin ortaya çıxması üçün zəmin yaratmışdır.[1] 1969-cu ildə Toto şirkəti cinsi orqanları və anal dəliyi təmizləyən su spreyinə malik olan ilk elektron tualeti təqdim etmişdir.[1] Yaponiya bu cür elektron tualetlər ilk dəfə 1967-ci ildə INAX şirkəti tərəfindən hazırlansa da, məhsulu Yaponiyada populyarlaşdıran şirkət Toto şirkəti olmuşdur.[1] Lakin şirkətin hazırladığı məhsulun iki nöqsanı var idi: birincisi, temperatur tənzimlənmədiyi üçün su yanıqlara səbəb ola bilirdi, ikincisi, su spreyi düzgün hədəfi seçmirdi.[1] Anal dəliyin pozisiyası ilə bağlı elmi data olmadığı üçün şirkət 300 işçisindən bununla bağlı kömək istəmişdir.[1] İnkişaf etdirilmiş məhsul 1980-ci ildə "vaşlet" adı ilə bazara çıxarılmış və ölkədə böyük populyarlıq əldə etmişdir.[1]
2015-ci ilin məlumatına əsasən Yaponiyada evlərin 77,5%-ində yüksək texnologiyalı tualetlər var və elektron tualetlərdən istifadə geniş yayılıb.[1] Yüksək inkişaf etmiş tualetlər əcnəbilərin də diqqətini çəkməkdədir və hətta Yaponiya hökumətinin yumşaq güc siyasətinin bir hissəsinə çevrilib.[1] 2020-ci ilə qədər turist bölgələrindəki tualetləri inkişaf etdirmək üçün "Yaponiya Tualet Müsabiqəsi" layihəsi elan olunmuş və layihə çərçivəsində 2015-ci ildə Yaponiya Tualet Mükafatı təsis edilmişdir.[1]
Xüsusiyyətlər
Yaponiyada iki cür — Qərb üslubunda və yapon üslubunda tualetlər yayılıb.[2] İctimai tualetlərdə iki üsluba da rast gəlmək mümkün olsa da, bəzən köhnə tikililərdə təkcə yapon üslubunda tualetlərə, müasir tikililərdə isə təkcə Qərb üslubunda olan tualetlər olur.[2] Müasir evlərdə və hotellərdə tualetlər Qərb üslubundadır.[2] Həm Qərb, həm yapon üslubundakı tualetlərin iki su axını rejimi var: böyük və kiçik.[2] Tualetə daxil olmazdan qabaq otağın qarşısına qoyulmuş xüsusi ayaqqabılardan istifadə olunur.[2]
Hazırda vaşletlər inkişaf etməkdə davam edir.[1] Antibakterial və özünü təmizləyən forsunkalar standart hala gəlib.[1] Hətta bəzi modellər forsunkanı aşağı və yuxarı qaldıran sensorlara, eləcə də, isidiciyə malikdir.[1] İnkişaf etmiş bəzi tualet modelləri sevimli mahnını ifa edə və ya qan təzyiqini ölçə bilər.[1] Hətta luks model olan Neorest istifadəçinin vərdişlərini öyrənərək üstünlük verdiyi temperaturu və su təzyiqini yadda saxlayır.[1] WellyouII adlı tualet modeli isə istifadəçinin sidiyindəki şəkərin miqdarını avtomatik olaraq ölçür.[3] Yüksək texnologiyalı tualetlərdə bir çox funksiyalar mövcud olduğundan kontrol panelinə malikdir və kontrol paneli standart ikonoqrafiya ilə təchiz olunub.[4] Yüksək texnologiyalı tualetlərin çoxfunksiyalılığı, xüsusilə, Yaponiya yeni gəlmiş əcnəbilər üçün çətinlik yaradır.[4]
Aksessuarlar
Yaponiyada bir çox qadın tualetdə çıxardıqları səsdən utandıqları üçün bəzi tualetlərdə süni su səsi çıxaran və səsi maskalayan "Otohime" (音姫, azərb. Səs şahzadəsi) adlı cihazlar quraşdırılıb.[5] Cihaz ilk dəfə Toto və INAX şirkətləri tərəfindən 1988-ci ildə təqdim olunub və ən çox satan məhsullarından birinə çevrilib. Cihazın digər məqsədi isə su israfının qabağını almaqdır, çünki bu cihaz olmadıqda qadınlar tualetin suyunu çəkib səs çıxarmalı olurlar.
Qeydlər
- Hərfi tərcümədə "kavaya" (厠) "çay evi" deməkdir.
- Hərfi tərcümədə "mannen" (万年) "on min il" deməkdir.
İstinadlar
- Szczygiel, 2016
- "Japanese Toilets". Japan Guide (ingiliscə). Archived from the original on 2022-06-20. İstifadə tarixi: 19 aprel 2021.
- James Brooke. "Nara Journal; Japanese Masters Get Closer to the Toilet Nirvana". New York Times (ingiliscə). 8 oktyabr 2002. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2021.
- Sam Byford. "Japanese toilet industry agrees to standardize complex bidet controls". The Verge (ingiliscə). 17 yanvar 2017. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2021.
- "Sound Princess eliminates toilet noises". IOL (ingiliscə). 4 oktyabr 2004. 2017-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2021.
Ədəbiyyat
- Szczygiel, Marta. "From Night Soil to Washlet". Electronic journal of contemporary japanese studies (ingiliscə). 16 (3). 23 dekabr 2016. İstifadə tarixi: 17 aprel 2021.