Yaponiyada təhsil

Yaponiyada təhsil — Şərqi Asiyada, Sakit okeanın qərb hissəsində yerləşən Yaponiyada mövcud olan çoxşaxəli təhsil sistemi.

Tarixi

Terakoya

Yaponiya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar.

Yaponlar kiçik yaşlarından ciddi və davamlı şəkildə müvafiq biliklərə yiyələnməyə başlayırlar. Uşaqlar bunu, yüksək səviyyəli məktəbə daxil olmaq, gənclər nüfuzlu universitetdə oxumaq, müvafiq seçimlərdə müsabiqələrdən keçə bilmək, daha sonra isə qabaqcıl şirkətlərdə çalışmaq üçün edirlər. Yaponiyada yüksək səviyyəli təhsil hər bir şəxsin gələcək uğurlarına zəmanət hesab olunur.

Təhsil sistemində aparılan mütərəqqi islahatlar II Dünya müharibəsindən sonrakı onilliklərdə ölkənin tərəqqisi və iqtisadi inkişafında mühüm rol oynayıb. 1947-ci ildə Fundamental Təhsil və Məktəb Təhsili qanunları qəbul olunub. Məktəb Təhsili Qanunu bu gün də mövcud olan təhsil sistemini müəyyən edir:

  • Məktəbəqədər təhsil - 6 yaşa qədər uşaqları əhatə edir.

Ümumi orta təhsil:

  • İbtidai təhsil - 6 il;
  • Aşağı orta məktəb - 3 il;
  • Yuxarı orta məktəb - 3 il.

Ali təhsil:

  • Bakalavriat - 4 il;
  • Magistratura - 2 il;
  • Doktorantura - 2 il.

Yaponiyada ibtidai və orta təhsilin aşağı pilləsində - I-IX siniflərdə təhsil icbaridir. 11 aylıq tədris ili apreldə başlayır və martda başa çatır. Dərslər məktəbdən asılı olaraq, həftədə 5 və ya 6 gün keçilir. Tədris ili üç semestrdən ibarətdir. Semestrlər arasında yaz, yay və qış tətili verilir. Məktəblərdə vahid məktəbli forması sistemi tətbiq olunur. İbtidai məktəb şagirdlərinin məktəbli forması orta məktəb şagirdlərinin geyimindən fərqlənir.

Ölkədə bütün dərsliklər pulsuzdur. Məktəblərdə alternativ dərsliklərdən istifadəyə də icazə verilir. Eyni zamanda, fənn müəllimləri də yardımçı dərslik, dərs vəsaiti hazırlaya bilərlər. Ancaq təhsili idarəetmə orqanları tərəfindən təsdiq edildikdən sonra onların istifadəsinə icazə verilir.

Yaponiyada müəllim hazırlığına və işə qəbul məsələsinə çox ciddi yanaşılır. Müəllimlər tələbləri kifayət qədər ciddi və sərt olan imtahan verdikdən sonra işə qəbul edilir. Müəllimlərin böyük əksəriyyəti könüllü şəkildə axşam saat 9-a qədər şagirdlərlə fərdi məşğul olmaqla məktəbdə işlərini davam etdirirlər.

Yaponiyanın orta məktəblərində bir müəllim eyni bir məktəbdə 6 ildən çox çalışa bilməz. Bu müddət bitdikdən sonra prefekturadakı digər məktəbdə və ya digər prefekturadakı tədris ocaqlarında işlə təmin edilir. İş yerini dəyişən müəllimin evlə təmin edilməsi təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.

2009-cu ilin statistik məlumatlarına görə, Yaponiyada 13536 uşaq bağçası, 22258 ibtidai məktəb, 10864 aşağı orta məktəb, 5183 yuxarı orta məktəb, 1026 xüsusi qayğıya ehtiyacı olanlar üçün məktəb, 64 texniki kollec, 406 yeniyetmələr üçün kollec, 773 ali məktəb, 3348 peşə ixtisas kolleci fəaliyyət göstərir.

Yaponiyada bir çox əcnəbi dillərin, xüsusilə ingilis dilinin tədrisinin təkmilləşdirilməsi prioritet kimi qəbul edilib. İngilis dilinin tədrisi səviyyəsinin yüksəldilməsi üçün hökumət Yaponiya Mübadilə və Tədris Proqramı çərçivəsində ingilisdilli ölkələrdən müəllimlər dəvət edir.

Təhsilin idarə olunması

Yaponiya təhsili federal hökumət və regional strukturlar - prefektura və bələdiyyələr tərəfindən idarə olunur.

Federal hökumətin fəaliyyətinə təhsil sisteminin idarə edilməsi, milli kurikulum standartlarının yaradılması, müəllimlərə lisenziyaların verilməsi, təhsilin maliyyələşdirilməsi, dərsliklərin paylanması aiddir.

Prefekturalardakı təhsili idarəetmə orqanları müəllimlərin məktəblərə təyinatını, yuxarı orta məktəblərin yaradılması və idarə olunmasını, məktəblərin tədris şəraitinin yaxşılaşdırılmasını, xüsusi məktəblərin açılması üçün icazənin verilməsini həyata keçirirlər.

Dövlət məktəblərinin yaradılması və idarə olunması məsələləri isə birbaşa bələdiyyələrin üzərinə düşür.

Təhsilə ayrılan xərclər də bu üç orqan - federal hökumət, prefektura və bələdiyyələr arasında bölüşdürülür.

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm, Texnologiya Nazirliyi tərəfindən təhsil sistemini kollegial qaydada idarə etmək üçün Təhsil Şurası yaradılıb. Bu qurum ölkənin təhsil siyasətini müəyyənləşdirir, yerli təhsil orqanlarının nümayəndələrinin fəaliyyətini istiqamətləndirir və müvafiq təlimatlar verir. Hər prefekturadan 1 nəfər Təhsil Şurasının üzvlüyinə təyin olunur. Təhsil Şurasının rəhbəri isə üzvlər arasından seçilir.

Yerli təhsili idarəetmə orqanları Təhsil Komitəsi adlanır. Bu qurumun fəaliyyətində idarəetmə və koordinasiya, ümumtəhsil, fasiləsiz təhsil, mədəniyyət, idman sahəsi əsas yer tutur.

Məktəbəqədər təhsil

Yaponiyada uşaqların məktəbəqədər təhsilə cəlb olunması könüllülük prinsipinə əsaslanır. Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi üçün nəzərdə tutulmuş müvafiq proqramlar vasitəsilə tədris aparılır. Məktəbəqədər təhsil həyat boyu təlimin formalaşmasında əsas rol oynadığı üçün bu təhsil pilləsi ən mühüm mərhələ hesab olunur. Bu baxımdan ölkədə hər bir uşağın keyfiyyətli məktəbəqədər təhsillə təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

Ölkədə həm dövlət, həm də özəl uşaq bağçaları mövcuddur. Məktəblər məktəbəqədər müəssisələrlə yaxından əməkdaşlıq edir. Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində 6 yaşa qədər 1636336 uşağın təlim-tərbiyəsi ilə 110692 müəllim məşğul olur.

İbtidai təhsil

Yaponiyada ibtidai və orta təhsilin aşağı pilləsində təhsil icbaridir. Uşaqlar 6 yaşdan 12 yaşa qədər - I-VI siniflərdə bu təhsil pilləsində oxuyurlar. İbtidai təhsil pilləsində şagirdlərlə əsasən, iki müəllim məşğul olur. Dərslərdə daha çox tətbiqi bacarıqlara, müzakirələrə və oyunlara üstünlük verilir. İbtidai təhsil müəssisələrində 7063606 şagirdin təlim-tərbiyəsi ilə 419518 müəllim məşğul olur.

2011-ci ildən etibarən ingilis dili ibtidai məktəb kurikulumunun icbari hissəsini təşkil edir. Əksər şagirdlər ibtidai, orta təhsilin aşağı pilləsində dövlət müəssisələrində oxusalar da, orta təhsilin yuxarı və ali təhsil pillələrində özəl təhsil müəssisələrinə üstünlük verirlər.

Orta təhsil

Yaponiyada orta təhsil aşağı və yuxarı pillələrə bölünür və ümumilikdə 6 il davam edir. Ölkənin bütün orta təhsil müəssisələrində 6947634 şagirdin təlim-tərbiyəsi ilə 490113 müəllim məşğul olur.

Peşə ixtisas təhsili

Gənc nəslin karyera qazanmaq imkanlarının genişləndirilməsini, əhalinin məşğulluq səviyyəsinin artırılmasını nəzərə alaraq, peşə ixtisas təhsilinin ümumi inkişafı Yaponiyada hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların gənclik illərindən müəyyən peşələrə yiyələnməsinə olduqca ciddi yanaşılır. Bu baxımdan, peşə ixtisas təhsilinin perspektiv inkişafını nəzərdə tutan strategiyanın hazırlanması xüsusilə qeyd olunmalıdır.

Yaponiyada peşə təhsili proqramlarına yüzlərlə ixtisaslaşmış kurslar daxildir. Həmin kurslarda informasiyanın emalı, gəmiçilik, balıqçılıq, sənətkarlıq və digər çoxsaylı ixtisaslar üzrə kadrlar hazırlanır. Peşə ixtisas təhsili alanlar biznes və sənaye sahələri ilə bağlı ixtisaslara daha çox üstünlük verirlər.

Peşə ixtisas kolleclərinin məzunları yalnız müvafiq qaydalar çərçivəsində qəbul imtahanı verdikdən sonra ali məktəbdə, texniki və ya yeniyetmələr üçün xüsusi hazırlıq kolleclərində təhsillərini davam etdirə bilərlər.

Ali təhsil

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.