Yaponiyada evlilik
Yaponiyada evlilik ölkədə ailənin leqal və sosial institutudur. Orta əsrlərdən fərqli olaraq hazırda Yaponiyada bərabərhüquqlu evlilik qüvvədədir. Toylar iki formada keçirilir: ənənəvi şinto adətləri ilə və xristian evliliyi adətləri ilə. Yaponiyada evlilik "kankon sosai" (冠婚葬祭) adlandırılan 4 əsas mərasimdən biridir.
Orta əsrlər
Orta əsrlər dövründə Yaponiyada ümumi mənşə ilə bağlı böyük patriarxal ailə mövcud idi. Bu cür ailələr bir qayda olaraq, bir neçə kiçik ailəni əhatə edirdi. Valideynlərlə uşaqlar, ərlə arvad, böyük qardaşla kiçik qardaş arasında münasibətlər subordinasiya əsasında qurulmuşdu. Patriarx (ailə başçısı) öz icma üzvləri üzərində geniş hakimiyyətə malik idi. Evlənmə, boşanma, oğulluğa götürmə kimi məsələlərdə patriarxın razılığı olmalı idi.[1]
Qədim yapon qanunlarında silki və patriarxal başlanğıclar sosial-hüquq münasibətlərinin bütün sferalarını səciyyələndirirdi. Hər bir silk — əyanlar, əsas əhali kütləsi, qullar öz qaydaları ilə yaşayırdı. Özünəməxsus cəhətlərdən biri ondan ibarətdir ki, orta əsrlərdə Yaponiyada birgəyaşayış şəklində mükəmməl kiçik ailə olmamışdır. Ailə münasibətlərinin əsasını xüsusi yapon nikahı — tsumadoy təşkil edirdi. Belə nikahda ər ayrılıqda yaşayır və sərbəst surətdə arvadı ilə görüşə bilərdi. Belə nikah arvada ev işlərində xeyli müstəqilliyə malik olmaq imkanı verirdi.[1]
Əhalinin əsas kütləsi nikaha yetkinlik yaşına çatdıqdan sonra daxil olurdu: nikah yaşı kişilər üçün 15, qadınlar üçün isə 13 yaşdan müəyyən olunmuşdu. Nikahın bağlanmasına arvad tərəfdən çoxsaylı qohumlar razılıq verməli idi. Nikah sanki iki mərhələdən keçirdi: müəyyən etmə (nişan) və "qüvvəyə minmə". Nikahı müəyyən etmə ilə onun həqiqətən qüvvəyə minməsi arasında müddət üç ayı keçərsə, onda nikaha razılıq pozula bilərdi və bu da heç bir hüquqi nəticə doğurmurdu. Şəxsin uzun müddət xəbərsiz itkin düşməsi də nikahın pozulması üçün əsas ola bilərdi. İki mərhələ arasında olan müddət əslində faktiki nikah münasibətləri və eyni zamanda qadın üçün sınaq müddəti idi. Sınaq müddətində arvadın sonsuz olması müşahidə olunduqda, ailə başçısı ondan narazı qaldıqda həmin qadın sınaqdan çıxmamış hesab olunurdu.[1]
Tsumadoy nikahı kişiyə bir neçə arvad, habelə məşuqə saxlamağı qadağan etmirdi. Lakin qanunlar kişiyə öz arvadları ilə özünü istədiyi kimi aparmasına, yeni arvadla evlənmək üçün səbəbsiz olaraq öz arvadlarını tərk etməsinə icazə vermirdi. Nikah bağlanarkən istər nişanlı oğlanın, istərsə də nişanlı qızın razılığı tələb olunmurdu. Bu məsələdə yalnız ailə başçılarının razılığı kifayət idi.[1]
Yaponiyada hər bir silk üçün yaşamaq qaydaları müəyyən olunmuşdu. Hətta qulların müxtəlif növləri (özünün (yerli), yadelli, dövləti cinayətlərə görə qullara çevrilmişlər) üçün qaydalarda fərqlər mövcud idi. Qullarla onların sahibləri arasında olan qadağan olunmuş nikahdan əmələ gələn uşaqlar dövlət qullarının aşağı dərəcəsinə keçirdilər. Lakin azad adamlarla təsadüfi əlaqələrdən törəyən uşaqlar azad sayılırdı. Bununla belə, bu cür əlaqə nikah sayılmırdı.[2]
Yalnız XIV–XV əsrlərdə ailə-nikah münasibətlərində normal monoqam nikah (kişi ilə qadının daimi birgə yaşaması) bərqərar olmuşdur.[2]
Boşanma
Çin ənənələrinə uyğun olaraq boşanma asan məsələ idi. Konfutsiçilik kanonlarına görə yeddi səbəbdən boşanmağa icazə verilirdi: arvadın sonsuzluğu, onun əxlaqsızlığı, ərin qohumlarına itaətsizliyi, xəbərçiliyi, qısqanclığı, oğurluğa meylli olması, pis xəstəliyi.[1]
Kişinin nikahdan kənar əlaqələri əxlaqi cəhətdən pisləndiyi halda, arvadın ərinə xəyanət etməsi isə cinayət sayılırdı. Hətta ərin ölümündən sonra yalnız ailə başçısının razılığı ilə arvad evi tərk edə bilərdi. Ər tərəfindən boşanma onda ifadə olunurdu ki, o arvadına öz imzası ilə müvafiq məktub (savadsız olduqda isə barmaq izini əks etdirmiş kağız) verirdi. Lakin bəzi hallarda (valideynlərinin matəmi, ərinin vəzifəsinin böyüdülməsi, arvadın getməyə yeri olmadıqda) hətta arvad boşanma məktubu aldıqda belə ərin evini tərk edə bilməzdi. Ər və ya arvad digərinin qohumunu döyməyə və ya öldürməyə cəhd etdikdə, boşanmağa icazə verilirdi. Əvvəllər pis yollara getmiş qadınla nikah bağlamaq mümkünsüz idi. Boşanma zamanı arvadın cehizi özünə qaytarılırdı.[2]
Adətlər
Ənənəvi Yaponiya toylarının indiki forması Meyci dövrünə qədər gedib çıxsa da, adətlər məkandan asılı olaraq dəyişir. Toy günü seçilən zaman Çin və Yaponiya astrologiyasında uyğun olmayan günlərdən qaçınılır. Gəlin toydan qabaq ailə məbədində ibadət edir. Toy günü ritualları əsasən bəyin evində baş tutur. Bəy evinə köçən gəlinin paltarı ağ rəngdə olur. Bu rəng onun valideynlərlə olan əlaqəsinin bitməsinin simvoludur. Bəy evində gəlin furisode stilində olan rəngli kimono və tsunokakuşi adlı başlıq geyinir. Tsunokakuşi taxmaq gəlinin "qısqanclıq buynuzlarını" gizlətməsini simvolizə edir. Bəy isə üzərində ailə gerbi olan kimono və hakama geyinir.[3]
Gəlin öz evinə qayıdarsa, qohumlarına və dostlarına hədiyyələr gətirir və bu adət satoqaeri adlanır.[3]
Geyim
Şinto ənənələri keçirilən toylar zamanı gəlin şiromuku adlanan ağ geyim dəsti geyinir. Ağ rəng bakirəliyi, təmizliyi və saflığı təmsil edir, eləcə də, ərinin fikirləri və ideyalarını götürəcəyini göstərir. Şiromuku ağ furisode kimonosundan ibarətdir. Bu kimononun kakeşita adlı ətəyi olur. Qurşaq hissədə maru və ya fukuro obi adlanan belbağı olur. Bu belbağı şərfəbənzər obi-aqe və obi-cime adlı iplə möhkəmləndirilir. Bunların üstündən uçikake adlı xalatabənzər ikinci kimono geyinilir. Ayaq geyimi kimi zori sandallarından və tabi corablarından istifadə olunur. Gəlin hakoseko kisəsi, kayken bıçağı və sensu yelpiyindən də istifadə edə bilər.[4]
Bəzən gəlin vataboşi adlı ağ duvaq da geyinir. İnanca görə vataboşi gəlinin saçlarındakı pis ruhları gizlətmək və gəlinin üzünün ancaq ər tərəfindən görünməsi üçün nəzərdə tutulub. Digər gəlinlər isə tsunokakuşi papağı geyməyi seçirlər və şimada parikindən istifadə edirlər. Pariklər Edo dövrünün şimada stilində olur.[4]
Evlilik mərasimindən sonra gəlin nisbətən daha rəngli olan iro-uçikake kimonosuna keçir. İro-uçikake əsasən parlaq qırmızı rəngdə olsa da, qızılı, tünd bənövşəyi və firuzəyi rənglərdə də ola bilir. Libas sakura, yapon durnası və digər yapon ornamentləri ilə bəzəli olur. Uğur gətirən simvollara üstünlük verilir. Nisbətən daha az formal geyim istəyən gəlinlər isə hikifurisodeni seçirlər. Hikifurisodenin daha uzun qolları olur və ətəyi kiçikdir.[4]
Bəylər isə nisbətən daha sadə geyim geyinirlər. Bəyin geyimi üzərində ailə emblemi olan montsuki kimonosundan, hakama şalvarından və haori pencəyindən ibarət olur. Əsasən qara və boz rəngdən istifadə olunur, ailə emblemi isə ağ rəngdə olur.[4]
İstinadlar
- Məlikova, 2005. səh. 319
- Məlikova, 2005. səh. 320
- Kodansha, 1999
- "Traditional Japanese Wedding Dresses (Shinto style)". Japanology (ingiliscə). 9 avqust 2018. Archived from the original on 2021-08-20. İstifadə tarixi: 20 avqust 2021.
Ədəbiyyat
- Məlikova, Məsumə; Nəbiyev, Elbəy. Xarici ölkələrin dövlət və hüquq tarixi: qədim və orta əsrlər (az.). Bakı: Elm və Həyat. 2005. səh. 464. İstifadə tarixi: 6 dekabr 2020.
- Japan: Profile a Nation (ingilis) (1). Kodansha. ISBN 4-4-7700-2384-7. (#accessdate_missing_url)