Yaponiyada buddizm
Yaponiyada buddizm — Yaponiyada ən geniş yayılmış, əhalinin əksər hissəsinin sitayiş etdiyi din.[1] Yaponiyada buddizmin meydana gəlməsini ənənəvi olaraq 552-ci illə bağlasalar da, müasir tədqiqatçılar daha erkən tarixi – 538 -ci ili göstərməyə üstünlük verirlər. Buddizmin əleyhdarları nüfuzlu Nakatomi və Mononobe nəsilləri ilə tərəfdarları – sonda qalib gələn Soqa nəsli arasında gedən mübarizə şəraitində bərqərar olmuşdur. Buddizminin yayılmasında şahzadə Şotoku Tayşi (574–622) böyük rol oynamışdır; o konfusiçi və buddist təlimləri elementləri ilə şinto milli dinini özündə birləşdirən ilk yapon yazılı abidəsi – “17 maddədə nəsihətlər” əsərinin müəllifidir. Üç buddist sutrasının, o cümlədən Lotos sutrasının Yaponiyada ilk şərhinin müəllifliyini də ona aid edirlər. İmperator Şomu (724–749) zamanında buddizm dövlət dini kimi qəbul edildi.
|
Yapon buddist məktəbləri
Buddizm ilkin olaraq sinto dininin stereotipləri çərçivəsində dövləti müdafiə edən və xəstəliklərdən qoruyan xüsusi magiya forması kimi qavranılırdı. Buddist fəlsəfi fikrinin təşəkkülündə başlanğıc mərhələ olan Nara dövründə (710–794) fəaliyyəti monastır divarları daxilində Buddizmin sxolastik öyrənilməsi ilə məhdudlaşan və yalnız aristokratiya arasında az sayda ardıcılları olan altı məktəb var idi. Yaponiyaya keçən ilk buddist məktəbi Sanron-şu (onun Çin proobrazı – Sanlun-zun) oldu. Hoso-şu məktəbi (yap. 法相宗) Çində Syuanszandan dərs almış rahib Dosyo tərəfindən 657 il -də yaradıldı. Yaponiyaya 660-cı ildə rahib Titsu tərəfindən Çindən gətirilmiş Kuşa-şu (çincə – Cuyşelun-dzun) məktəbi hinayana Buddizminə aid idi və əsas diqqətini Vasubandhunun “Abhidharma-koşa” (“Kuşa-ron”) traktatının öyrənilməsinə yönəldirdi. Cocitsu-şu məktəbi (yap. 浄土真宗) 673-cü ildə Sanronun qolu kimi meydana gəldi. Yaponiyaya 674-cü ildə gəlmiş çinli rahib Cancen tərəfindən yaradılan Rissyu-şu məktəbində (yap. 律宗) (çincə –Lyuy-szun) əsas diqqət rahib intizamı məcəlləsi (Vinaya) ehkamlarına praktiki riayət olunmasına yönəldilirdi. Çinli rahib Daosyuan tərəfindən 736-cı ildə gətirilən Keqon-şu (yap. 華厳宗) (çincə– Xuayan-dzun) məktəbinin təlimi “Avatam saka-sutra”ya (“Keqon-qyo”) əsaslanırdı.
Heyan dövründə (794–1192) heç bir hind analoqu olmayan, VIII–XII əsrlərdə yapon fəlsəfi fikrinin inkişaf istiqamətini müəyyənləşdirən, Yaponiya üçün yeni olan iki mahayanist məktəb – Ten dayşu (yap. 天台宗) (çincə – Tyantay-dzun) və Şinqon-şu (yap. 真言宗) (çincə – Cenyan-dzun) ən çox nüfuz qazanmışdı. Tenday məktəbinin ilk patriarxı Sayço (767–822) Lotos sutrasına əsaslanırdı. Şinqon məktəbi (banisi Ku -kay) Tendayın qolu olan Taymitsu məktəbi ilə birlikdə “gizli” təlim (yaponca – mikkyo) statusuna malik tantrik Buddizmin (vacrayana) dəyişdirilmiş yapon variantı idi. Nara dövrünün məşhur hind və Çin məktəblərinin çoxundan fərqli olaraq, Şinqon və Tenday istisnasız bütün varlıqların mövcud olduqları cisimlərində (yaponca –sokusin) bu dünyada və bu həyatda Budda vəziyyətinə ani yetişməsinin (yaponca – sokusin cobut -şu) mümkünlüyünü təbliğ edirdilər.
Yaponiyada buddizimin çiçəklənmə dövrü
Yapon buddizimin çiçəklənmə dövrü Kamakura mərhələsi (1192–1333) kontinental analoqları ilə əlaqəsi olmayan ən orijinal təlimlərin yaranması ilə əlamətdar idi. Bu mərhələnin buddist məktəbləri “islahatçı” məktəblər adlanır, çünki dini təcrübənin ənənəvi formalarını daha sadə formalar əvəzlədi. XII əsrin sonlarından buddizim kütləvi dinə və yapon cəmiyyətinin ruhi həyatında müəyyənləşdirici amilə çevrildi. Heyan dövrü Buddizminində mütləq varlığın metafizik konstruksiyalarını yaratmaq səyləri, Kamakura dövrü Buddizminində isə nicat problematikası üstünlük təşkil edirdi. Yeni tipli Buddizmin parlaq nümayəndəsi Xok -ke-şunun (“Dharma çiçəyi məktəbi”) yaradıcısı Nitiren olmuşdur. Tenday məktəbinin ehkamlarına dayaqlanan Nitiren, Sayyonun ardınca dini və siyasi həyatın eyniləşdirilməsi əsasında teokratik buddist dövləti modelini qurmuşdu: insan və dövlət qarşılıqlı əlaqədə olan qurtuluş objekti kimi nəzərdən keçirilirdi.
Amidaizm
Kamakura mərhələsində amidaizm məktəbləri geniş yayılmışdı. Onlar “kənar qüvvə”nin (yaponca – tariki), yəni budda Amida qüvvəsinin köməyi ilə nicat haqqın da təlimi ön plana çəkirdilər; bu zaman Amidanın xilasedici qüvvəsinə və mərhəmətinə inamdan (sindzin) savayı başqa şəxsi səylər tələb olunmurdu.
Dzen
Dzenin (çincə – Çan) yaranması Çində təhsil almış və Yaponiyaya qayıtdıqdan sonra 1191-ci ildə Rinzay (çincə – Lindzi-dzun) məktəbinin əsasını qoymuş Mean Eysayın (1141–1215) fəaliyyəti ilə bağlıdır. Dzenin digər cərəyanı – Soto (çincə– Saodun) məktəbinin patriarxı orta əsrlər Yaponiyasının ən orijinal buddist mütəfəkkiri sayılan Dogen (XIII əsrin 1-ci yarısı) olmuşdur.
Ədəbiyyat
- Buddizm // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 28–29. ISBN 978-9952-441-10-9.
- Буддизм в Японии / отв. ред. Т. П. Григорьева. — М.: Наука, 1993.
- Игнатович А. Н. Буддизм в Японии. Очерк ранней истории. — М.: Наука, 1988.
İstinadlar
- Asia Society Buddhism in Japan Arxivləşdirilib 2013-01-10 at the Wayback Machine, accessed July 2012