Yaponiya parlamentinin Nümayəndələr Palatası
Yaponiya parlamentinin Nümayəndələr Palatası (yap. 衆議院) — Yaponiya parlamentinin 2 palatasından biri. Digəri isə Müşavirlər Palatasıdır. Sonuncu seçki 22 oktyabr 2017-ci ildə keçirilmişdir[1].
Quruluşu və təşkili qaydası
Hər 2 palata ümummilli nümayəndəlik orqanı sayılır və bütün xalqı təmsil edən seçkili üzvlərdən ibarət olsa da Nümayəndələr Palatasının 500, Müşavirlər Palatasının isə 252 üzvü var.
Parlamentin qanunvericilik fəaliyyətinin həyata keçirilməsində Müşavirlər Palatasına nisbətən Nümayəndələr Palatasının daha üstün hüquqları var.
Digər palatada olduğu kimi burada da ümumi və birbaşa seçki hüququ, gizli səsvermə yolu ilə qarışıq seçki sistemi əsasında seçilir. Seçkilərin hansı palataya keçirilməsindən asılı olmayaraq majoritar və proporsional seçki sistemləri eyni nisbətdə tətbiq olunur (təxminən 1,5:1 nisbətində).
Qanuna görə 20 yaşa çatmış, uyğun seçki dairəsinin ərazisində azı 3 ay yaşayan və seçici siyahılarına daxil edilən hər bir yapon vətəndaşının fəal seçki hüququ, yəni seçkilərdə iştirak etmək hüququ var. Passiv seçki hüququ, yəni parlament üzvlüyünə namizəd göstərilmək və seçilmək hüququnun həyata keçirilməsi üçün tələb olunan yaş həddi isə Nümayəndələr Palatasına üzv seçilmək üçün 25 yaşa çatmaq tələb olunur[2].
Nümayəndələr Palatasının 300 üzvü birmandatlı seçki dairələri üzrə nisbi çoxluqlu majoritar seçki sistemi əsasında, qalan 200 üzvü isə 11 çoxmandatlı seçki dairələri üzrə proporsional seçki sistemi əsasında seçilir. Qanuna görə, hər 5 ildən bir əhalinin ümumi siyahıyaalınması keçirildikdən sonra seçki dairələrinin sərhədləri seçicilərin sayı nəzərə alınmaqla yenidən dəqiqləşdirilməlidir.
Nümayəndələr Palatasının səlahiyyət müddəti 4 ildir. Hər ümumi parlament seçkiləri zamanı palatanın bütün tərkibi yenidən seçilir. Konstitusiyaya görə, Nümayəndələr Palatası səlahiyyət müddəti başa çatmamış vaxtından qabaq da buraxıla bilər.
Yaponiya qanunvericiliyi nəzərdə tutur ki, Nazirlər Kabineti hökumətə etimad göstərilməsi xahişi ilə parlamentə müraciət etdikdən sonra Nümayəndələr Palatası etimad göstərməkdən imtina etdikdə, yaxud palata öz təşəbbüsü ilə hökumətə etimadsızlıq göstərdikdə Nazirlər Kabineti 10 gün müddətində ya istefaya getməli, ya da Nümayəndələr Palatasının buraxılmasını tələb etməlidir. Nazirlər Kabinetinin belə tələbi olarsa imperator Nümayəndələr Palatasını buraxıb yeni seçkilər təyin edir.
Nümayəndələr Palatası səlahiyyət müddəti başa çatmamış buraxıldıqda yeni seçkilərdən sonra parlamentin ilk sessiyası öz işinə başlayana qədər Müşavirlər Palatasının iclasları keçirilmir. Lakin hökumət (Nazirlər Kabineti) ölkənin mənafeləri üçün son dərəcə zəruri hesab etdiyi hallarda Müşavirlər Palatasının fövqəladə sessiyasını çağıra bilər. Müşavirlər Palatasının bütün parlament adından təcili tədbirlər müəyyənləşdirən qərarlar qəbul etmək səlahiyyəti var. Lakin Müşavirlər Palatasının fövqəladə sessiyasında müəyyən edilən tədbirlər müvəqqətidir və seçkilərdən sonra parlamentin tam tərkibdə növbəti sessiyası açılan kimi 10 gündən gec olmamaq şərtilə Nümayəndələr Palatası tərəfindən bəyənilməzsə, qüvvədən düşmüş sayılır.
Seçkili vəzifəli şəxsləri
Yaponiya parlamentinin hər 2 palatasının seçkili vəzifəli şəxslərinə uyğun palatanın sədri, sədrin müavini, ehtiyat (müvəqqəti) sədr, daimi komissiyaların sədrləri və baş katib aiddir. Göstərilən bütün vəzifəli şəxslər uyğun palatanın ümumi iclasında gizli səsvermə ilə seçilir. Seçkili vəzifəli şəxslərin səlahiyyət müddəti uyğun palatanın səlahiyyət müddəti ilə məhdudlaşır. Vəzifəli şəxslər Nümayəndələr Palatasında hər seçkidən sonra parlamentin ilk sessiyasında seçilir. Palatanın vəzifəli şəxsləri seçilərkən parlamentdəki partiya fraksiyalarının say tərkibindən asılı olaraq mütənasib təmsilçiliyi nəzərə alınmalıdır.
Nümayəndələr Palatasının ən yüksək vəzifəli şəxsi palatanın sədri sayılır. Qüvvədə olan qanunvericilik palatanın və onun inzibati aparatının fəaliyyətinin təşkilində həmin palatanın sədrinə geniş səlahiyyətlər verir. Belə ki, sədr müvafiq palatanın iclaslarını aparır, müzakirələri təşkil edir, çıxış etmək istəyənlərə söz verir, parlament üzvlərinin çıxışetmə ardıcıllığını nizama salır, çıxışetmə müddətini məhdudlaşdıra bilir, səsverməni keçirir və onun nəticələrini elan edir, lazım bildiyi hallarda müzakirə olunan məsələlər üzrə səsvermə vaxtını məhdudlaşdırır, qanun layihəsinə düzəlişlərin qəbul edilməsi üzrə səsvermənin keçirilməsi qaydasını müəyyənləşdirir, öz mülahizəsinə görə palatanın iclasında fasilə elan edir və ya iclası bağlayır, zəruri hallarda uyğun palatanın hüdudları daxilində polis və parlament mühafizəsi qüvvələrindən istifadə edir və s.
Palataların sədri bir qayda olaraq müzakirələrdə və səsvermədə iştirak etmir. Lakin müzakirə olunan məsələnin lehinə və əleyhinə verilən səslər bərabər olduqda palata sədrinin səsi həlledicidir.
Sədr müavini öz vəzifələrini yerinə yetirməkdə palata sədrinə kömək edir, palata sədrinin rəhbərliyi altında həmin palatanın işinin ümumi tənzimlənməsini həyata keçirir, sədr olmadıqda palatanın ümumi iclaslarını aparır. Formalaşmış ənənəyə uyğun olaraq palata sədrinin müavini vəzifəsinə parlament azlığının (müxalifətin) nümayəndəsi seçilir. Ancaq yenə də həmin ənənəyə uyğun olaraq, palatanın sədri və sədr müavini seçildikdən sonra bütün səlahiyyəti müddətində mənsub olduqları partiya fraksiyalarında öz fəaliyyətini dayandırır və partiya ilə əlaqələrini kəsirlər.
Palataların ehtiyat (müvəqqəti) sədrləri uyğun palatanın fəaliyyətinə gündəlik rəhbərlikdə bilavasitə iştirak etmir, yalnız palatanın sədri və onun müavini hər hansı səbəbdən öz vəzifə səlahiyyətlərini müvəqqəti yerinə yetirə bilmədikdə həmin palatanın iclaslarını ehtiyat sədr aparır.
Daimi komissiyaların sədrləri palata sədrinin və onun müavininin rəhbərliyi altında uyğun daimi komissiyanın fəaliyyətinin nizama salınmasını həyata keçirirlər.
Baş katib parlament üzvü olmayan şəxslər sırasından seçilir. Baş katibin əsas vəzifəsi uyğun palatanın katibliyinin fəaliyyətinə rəhbərlik etmək və onun bütün orqanlarının texniki fəaliyyətinə nəzarəti həyata keçirməkdir. Baş katib bilavasitə uyğun palatanın sədrinə və onun müavininə tabedir.
Həmçinin bax
İstinadlar
- "Shinzo Abe gains big victory in Japan election". Financial Times. 22 October 2017. 16 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2017.
- "Temsilciler Meclisi: Diet functions". 2008-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Xarici keçidlər
- House of Representatives Website (in English) – Official site of the House of Representatives
- House of Representatives Internet TV- Official site