Yanar şist
Yanar şist — uzun geoloji dövr ərzində məhv olmuş bitki və heyvan qalıqlarının toplanması nəticəsində yaranan üzvi maddə süxürlardır. Yanar şistlərdən yanacaq-enerji ehtiyatının alternativ mənbəyi kimi geniş istifadə olunur. Onlardan müxtəlif neft və kimya məhsulları — benzin, sürtkü yağları, benzol, fenollar, naftalin, toluol, lak alınır və tibbi preparatlar — ixtiol, naşatır spirti və s. hazırlanır. Azərbaycanda yanar şist yataqları və təzahürləri əsasən İsmayıllı, Quba, Şamaxı-Qobustan, Abşeron rayonları ərazilərində məlumdur və müxtəlif yaşlı çöküntülərlə əlaqədardır.
Yanar şist | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Yanar şistlərdən qazlaşdırmada və maye yanacaq alınmasında, yandırılması yolu ilə istilik elektrik stansiyalarında, benzin, sürtkü yağları, benzol, fenollar, lak və sair neft-kimya məhsullarının, ixtiol, naşatır spirti və sair tibbi preparatların emalında istifadə olunur. Üstəlik, bu şistlərin külündən sement, silikat kərpic, beton və digər tikinti materialları hazırlanır. Eyni zamanda, bu küldən kənd təsərrüfatında mineral gübrə kimi istifadə edilir[1]
Dünya üzrə yanar şist ehtiyatları müxtəlif hesablamalara görə 2,8 trilyon və 3,3 trilyon barrel arasındadır. Yanar şist ənənəvi neftin əvəzedicisi hesab olunur, lakin yanar şistin fərqli hasilat metodları var və onu hasil etmək daha baha başa gəlir, lakin ənənəvi neftin bazar qiyməti yüksək olduğu dövrdə yanar şistlər həmişə alternativ mənbə kimi diqqət mərkəzində olub. Estoniya və Çin yanar şistlərin istehsalı üzrə ixtisaslaşmış sənayeyə sahibdirlər, Braziliya, Almaniya və Rusiya da həmçinin yanar şistlərin istehsalı ilə məşğuldur.
Yanar şistləri istehsal etmək üçün şistli süxurlar piroliz üsulu ilə yüksək dərəcəyə qədər qızdırılır və sonra soyudulur, bu zaman süxuxrlardan ayrılaraq buxarlanmış neft yenidən mayeyə çevrilir. Soyudulma zamanı həmçinin şistli qazlar da ayrılır. İstehsal zamanı bu qazlar yandırılır, istehlak məqsədilə istifadə edilir və ya təbii qaz kimi istehlak mənbəsinə nəql edilir.
Yanar şistlər neftlə əlaqəli olduğu üçün, əsasən neft ehtiyatlarının olduğu bütün regionlarda yayılıb, lakin yanar şistin bir çox ehtiyatlarını hasil etmək texniki və iqtisadi cəhətdən çox çətindir. Yanar şistlərin olduğu regionlarda hasil oluna bilən neftin miqdarı fərqlənir. Yanar şistlər dünyanın bir çox ölkəsində olmasına baxmayaraq, yalnız 33 ölkənin ehtiyatlarının hasilatı iqtisadi cəhətdən sərfəlidir. Dünyada iqtisadi yararlı ən böyük yanar şist ehtyatlarına malik ölkə ABŞ-dır (62%). ABŞ, Rusiya və Braziliya birlikdə dünya ehtiyatlarının 86%-nə sahibdir.
Azərbaycanda yanar şistlərin təbii bitumlarla birlikdə məlum yataq və təzahürlərinin sayı 120-dən çoxdur. Bu resurslar əsasən ölkəmizin şərqində yayılıblar. Hazırda Azərbaycan ərazisində yanar şistlərin 80-ə yaxın təzahürü var. Onlara əsasən Qusar-Dəvəçi muldasında, Quba-Xəzəryanı, Vandam-Lahic, Şamaxı-Qobustan, Abşeron və digər regionlarda rast gəlinir.