Yamac

Maili səth və ya yamac — yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumulyativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yaranır və müəyyən dəyişikliyə uğrayır. Sin.: yamac.[1]

Yamac

dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meyilli, qabarıq, batıq və pilləli formada olur.[2] Yamac, adından göründüyü kimi, səthi mailli olan sahələrə deyilir. Yamacın əksinə olaraq üfüqi səthi olan sahələr – hamar düzənliklərə ayrılır. S. S. Voskresenskiyə görə — yamac dedikdə səth meyilliyi 1–2 o dərəcədən artıq olan sahələr nəzərdə tutulur. Yamacların meyilliyi olduqca müxtəlifdir, 1–2 dərəcədən 90 dərəcəyə qədər dəyişir. Yamacın meyillik dərəcəsi yamac proseslərinin inkişafına təsir göstərən ən başlıca amillərdən biridir.

Yer səthinin hər yerində süxur hissəciklərinə başqa bir qüvvə- yəni ağırlıq qüvvəsi də təsir göstərir. Bu qüvvə hər hansı süxur hissəciyini yamacın meyilliyi istiqamətində hərəkət etdirməyə səy göstərir. Meyillik artdıqca bu təsir güclənir və süxurların ilişmə qüvvəsindən artıq olduğundan, hissəciklərin yamac boyu hərəkət surəti artır. Bundan başqa torpaq eroziyası və ümumiyyətlə eroziya prosesi yamacların meyilliyindən və uzunluğundan çox asılıdır.

Yamacları meyilliyinə görə (S. S. Voskresenski) aşağıdakı qruplara bölürlər:

  • Dik yamaclar (α≥35°)
  • Orta meyilli yamaclar (α=35°–15°)
  • Meyilli yamaclar (α=15°–5°)
  • Az meyilli yamaclar (α=5°–1°)

Uzunluğuna görə isə yamaclar aşağıdakı üç növə bölünür:

  • Uzun yamaclar (500 m-dən çox)
  • Orta uzunluqda yamaclar (500–50 m)
  • Qısa yamaclar (50 m-dən az)

Formasına görə yamaclar bir neçə növə bölünür: 1. Düz yamaclar. 2. Qabarıq yamaclar. 3. Batıq yamaclar. 4. Pilləli, yaxud qabarıq-batıq yamaclar.

Düz yamaclar tektonik qalxma və denudasiya proseslərinin eyni intensivlikdə (sürətlə) baş verməsi nəticəsində yaranır.

Qabarıq yamaclar tektonik qalxma sürətinin denudasion alçalma sürətindən artıq olması şəraitində, batıq yamaclar isə, bunun əksinə olaraq, denudasiya sürətinin tektonik qalxma sürətində artıq olması şəraitində əmələ gəlir.

Pilləli yamaclar, axırıncı iki şəraitin növbələşməsindən yaranır.

Mənşəyinə görə yamaclar aşağıdakı növlərə ayrılır:1. Tektonik yamaclar – bunlar üfüqi yatan layların tektonik hərəkətlər və qırılmalarla deformasiya edilməsi nəticəsində əmələ gəlir. Təbiətdə ekzogen proseslərin təsirinə məruz qalmayan və bu proseslərin təsirilə dəyişməyən yamaclara nadir hallarda təsadüf olunur. 2. Vulkanik yamaclar — əsasən püskürməkdə olan cavan vulkanlar sahəsində yayılmışdır. Qədim vulkanların yamacları isə eroziya-denudasiya prosesi ilə çox dəyişilmişdir. 3. Ekzogen yamaclar yer səthində ən geniş yayılmışdır. Ekzogen geomorfoloji proseslər çox müxtəlif olduğundan onların yaratdığı yamaclar da məişə etibarilə və morfologiyasına görə çox müxtəlifdir.

Həmçinin bax

İstinadlar

  1. Yamac // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
  2. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.