Yadviqa (Bavariya-Landsxut hersoqinası)

Yadviqa Yaqellonka (pol. Jadwiga Jagiellonka, lit. Jadvyga Jogailaitė, alm. Hedwig Jagiellonica, 21 sentyabr 1457, Krakov18 fevral 1502) Polşa şahzadəsi və Yaqellon sülaləsinin üzvü, həmçinin evliliklə Bavariya-Landsxut hersoqinası idi.

Yadviqa
pol. Jadwiga Jagiellonka
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1457
Doğum yeri
Vəfat tarixi 18 fevral 1502 (44 yaşında)
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı I Georq
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1457-ci ildə Krakovda anadan olub, Polşa kralı IV Kazimir və Avstriyalı Elizabetin böyük qızı idi.

Elçiliklər

1468-ci ildə, hələ 11 yaşında olanda Macarıstan kralı Matyaş Korvinus onunla evlənmək istədi və həmin ilin aprelin 8-də Olomouts yepiskopu Protas Çernohorski z Boskoviçi öz nümayəndəsi olaraq göndərdi. Macarıstan hökmdarı bu evliliklə Bohemiya taxt-tacı uğrunda rəqibi Podebradlı Georqa qarşı dəyərli müttəfiq qazanacağına ümid edirdi. Eyni zamanda, Maksimilianin atası Fridrix IV Kazimirin ikinci qızı Sofiya evlilik üçün danışıqlara başlamışdı; beləliklə, Polşa kralı Avstriya və Macarıstanın gələcək hökmdarlarının onun nəslindən olacağına zəmanət verəcəkdi. Matyaşın səyləri həm İmperator, həm də Papa II Pavel tərəfindən dəstəklənirdi. Bununla belə, IV Kazimirin Podebradlı Georq ilə 1462-ci ildən bəri ittifaqı var idi və bu, Polşanın Tevton ordeninə qarşı vuruşması Papa II Piyin şübhəsinə səbəb oldu. Bundan əlavə, şahzadənin anası Kraliça Elizabetin də Matyaşdan zəhləsi gedirdi[1]:

" Matyaş kəndlidir, bəstəboydur, valaxdır, itdir, bir sözlə ona layiq deyil.
pol. Matyasz chłop, kurczek, Wołoszyn, pies, niegodziem jej
"

Buna baxmayaraq, yepiskop Protas 27 aprel 1467-ci ildə anadan olan və imperatorun şərəfinə Fridrix adlandırılan kral IV Kazimirin yeni oğlunun vəftiz mərasimində xaç atası seçildi.

1469-cu ildə Bohemiya Krallığının katolik qrupla.mas; rəsmi olaraq tacı Matyaşa təqdim etdi. Podebradlı Georq Polşadan dəstək istədi, onların köməyi müqabilində IV Kazimirin böyük oğlu Vladislavın varisliyini vəd etdi. Bu Polşa-Bohemiya ittifaqından qorxan Matyaş yenidən Yadviqaya elçi düşdü amma yenə də rədd edildi. 20 oktyabr 1470-ci ildə IV Kazimir və Müqəddəs Roma İmperatoru III Fridrix Qrats şəhərində müqavilə imzaladılar və Yadviqa ilə Maksimilian arasında mümkün evlilik də müzakirə olundu.

Matyaş 1471-ci ilin iyulunda yenidən Yadviqaya elçi düşdü və 1473-cü ilin sentyabrında nəhayət ona qəti rədd cavabı verildi. 1473-cü ilin əvvəlində Bavariya-Münhen hersoqu IV Albert tərəfindən göndərilən iki elçi Polşaya gəldi; lakin IV Kazimir bu təklifdən imtina etdi, çünki o zaman o, artıq böyük qızı ilə Bavariya-Landsxut hersoqu IX Lüdviqin oğlu və varisi Georq arasında evlilik haqqında danışıqlar aparırdı.

Evliliyi

Landsxut toyu, 1880-ci il. Rudolf Seitz, Ludwig von Löfftz, August Spieß, Konrad Weigand

Kazimir Bohemiya Krallığı olan cənub-qərb sərhədlərini ilə qorumaq üçün Bavariya ilə daha sıx ittifaqa girməyə qərar verdi. 1473-cü ildə Polşa nümayəndələri Stanislav Kurozveçkii və Pavel Yasiençki Landsxut sarayına göndərildi. Nəticədə, 1474-cü il sentyabrın 7 və ya 10-da hersoq Yadviqaya rəsmən elçi düşdü. Danışıqlar dekabrın 30-da Lençitsa və Radom şəhərlərində aparıldı. Ertəsi gün nikah müqaviləsi bağlandı. Yadviqa 32000 Macarıstan zlotisi məbləğində cehiz aldı, növbəti beş il ərzində bu cehiz 5 hissə ilə ödənilməli idi. Polşa şahzadəsinin yeni evinə səyahətinin qiyməti 100000 zlotıya başa gəldi.

Gələcək cütlüyün yaxın qohum olması səbəbindən (Yadviqanın ana tərəfdən babası II Albert, Georqun ata tərəfdən nənəsi Avstriyalı Marqaretin qardaşı idi) Polşa kansleri Uriel Qorka 1475-ci ildə Romaya lazımi icazəni almaq üçün getdi. Həmin il mayın 26-da Papa IV Sikstus tərəfindən icazə verildi.

Yadviqa ailəsi ilə birlikdə Poznan şəhərinə gəldi və burada 1475-ci il oktyabrın 10-da onlarla vidalaşdı. Təxminən 1200 cəngavərdən ibarət böyük heyət ilə o, oktyabrın 23-də Vittenberqə gəldi. 14 noyabr 1475-ci ildə Yadviqa və onun xidmətçiləri Landsxuta çatdılar, bu, orta əsrlərdə məşhur Landsxut yoyu bayramına ilham verən hadisədir. Toy mərasimi həmin gün Müqəddəs Martin kilsəsində baş tutdu, mərasimi Zalsburq arxiyepiskopu Bernhard fon Ror idarə edirdi. Toyda bir neçə alman hökmdarı, o cümlədən imperator III Fridrix və onun oğlu Maksimilian, Brandenburq kürfürstü III Albert Axilles, Avstriya hersoqu Sigizmund, Pfals kürfürstü Filipp və digərləri iştirak edirdi. Ertəsi gün 9000 nəfərin iştirak etdiyi toy mərasimi keçirildi.

Ölümü

1479-cu ildə Yadviqa qayınatasının ölümündən sonra Bavariya-Landsxut hersoqinası oldu. Onun evliliyi uğursuz oldu; əri məşhur alkoqolik və qadın düşkünü idi. Cütlüyün beş övladı, üç oğlu və iki qızı olub. Lakin onların oğullarından heç biri Georqun ölümünə qədər sağ qalmadı[2][3] və orta əsr Almaniyasında tətbiq olunan Salik qanununun məhdudiyyətlərinə görə, onların qızları hersoqluğu miras ala bilmədilər. Kişi övladlarının olmadığı halda qarşılıqlı varisliyi nəzərdə tutan Vittelsbax sülalə müqavilələrinin əksinə olaraq, Georq 19 sentyabr 1496-cı ildə öz vəsiyyətində öz torpaqlarını qızı Elizabetə miras qoydu, onu Pfals qolundan olan Ruprextlə evləndirdi. Bu da öz növbəsində Landsxut varislik müharibəsinə gətirib çıxardı.

1485-ci ildə Georq arvadını Landsxutdakı hersoq sarayından qovdu və onu Burqhauzen qalasına yerləşdirdi, o, öz sarayında və çoxsaylı qulluqçuları ilə birlikdə yaşayırdı. Məktublarını alm. geborene Königin von Polen (doğumca Polşa kraliçası) kimi imzalayan Hedviq ailəsi ilə sıx əlaqə saxlamırdı. Yadviqa 18 fevral 1502-ci ildə Burqhauzen qəsrində gözlənilmədən öldü. Burqhauzen yaxınlığındakı Müqəddəs Georgi monastırında dəfn edildi. 1803-cü ildə monastır dünyəviləşəndə onun məzar daşı dağıdıldı. Ancaq əvvəllər məzarının yerləşdiyi yerdə kilsənin döşəməsində bir xatirə daşı var. 31 yanvar 1503-cü ildə qardaşı Polşa kralı Aleksandr Georqa məktub yazanda qeyd edirdi ki, Yadviqanın on bir ay əvvəl öldüyünü bilmirdi. İddiaya görə, avstriyalı anasına baxmayaraq, Yadviqa almanca az danışırdı və ya heç bilmirdi.[4]

İstinadlar

  1. M. Duczmal: Jagiellonowie. Leksykon biograficzny, p. 282.
  2. Johann Dorner: Herzogin Hedwig und ihr Hofstaat – Das Alltagsleben auf der Burg Burghausen nach Originalquellen des 15. Jahrhunderts. In: Burghauser Geschichtsblätter. Nr. 53, S. S. 54 f.
  3. Christian Häutle: Genealogie des Erlauchten Stammhauses Wittelsbach: von dessen Wiedereinsetzung in das Herzogthum Bayern bis auf unsere Tage, München 1870, S. 116
  4. "Hedwig von Polen". 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-09.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.