Yaşar Qarayev
Qarayev Yaşar Vahid oğlu (5 mart 1936, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR – 25 avqust 2002, Bakı, Azərbaycan) — tənqidçi, ədəbiyyatşünas, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1980), professor (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980), Azərbaycan SSR Əməkdar elm xadimi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü (1990), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2002).[1]
Yaşar Qarayev | |
---|---|
Yaşar Vahid oğlu Qarayev | |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Azərbaycan SSR |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Tanınır | tənqidçi, ədəbiyyatşünas |
Mükafatları |
Həyatı
Yaşar Qarayev 1936-cı il martın 5-də Nuxa (Şəki) şəhərində xırda sənətkar ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada 31 saylı şəhər orta məktəbini bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsil almışdır (1954-1958).
Sonra Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini işləmiş, həmin şöbəyə başçılıq etməklə yanaşı, institutun direktoru vəzifəsində çalışmışdır (1987).
Yaradıcılığı
Ədəbi fəaliyyətə 1955-ci ildə "Lenin tərbiyəsi uğrunda" və "Azərbaycan gəncləri" qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlamışdır. Bundan sonra müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətuatda müntəzəm çıxış etmişdir. Məqalə və kitabları "Yaşar", "Q. Yaşar", "Y. Qarayev" imzaları ilə dərc olunmuşdur.
Azərbaycan Yazıçılar İttifaqının tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri olmuşdur (1976-1991). Azərbaycan Yazıçılar Birliyinin katibi işləmişdir (tənqid və ədəbiyyatşünaslıq üzrə) (1991-?). Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Yaradıcılıq Akademiyası rəyasət heyətinin üzvü və humanitar bölməsinin həmsədri (1990-?) seçilmişdir.
Həmçinin Azərbaycanda daimi fəaliyyətdə olan Şəhriyar konqresi komitəsinin sədri (1993-?), "Ədəbi proses" adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olmuşdur. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqquz cildlik dünya ədəbiyyatı tarixi, "Çoxmillətli Sovet ədəbiyyatı tarixi (inqilaba qədərki dövr)" və Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi" monumental əsərlərin müəlliflərindən biri idi.
Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışmış, Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə şurasının sədri, Ədəbiyyat İnstitutu elmi şurasının sədri, Memarlıq və İncəsənət İnstitutunun, Türkmənistan EA Dil və Ədəbiyyat İnstitutu elmi şurasının, Azərbaycan Dövlət Nəşriyyat Komitəsinin yanında redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, Mədəniyyət Nazirliyi bədii şurasının, "Yazıçı" nəşriyyatının bədii şurasının, "Azərbaycan" və "Ulduz" jurnalı redaksiya heyətinin, "Bilik" Cəmiyyəti rəyasət heyətinin, Ensiklopediya Elmi Redaksiya Heyətinin üzvü olmuşdur.
Eyni zamanda SSRİ Yazıçılar İttifaqı rəyasət heyəti yanında tənqid və ədəbiyyatşünaslıq şurasının, Azərbaycan Yazıçılar İttifaqı M.F.Axundov adına mükafat komissiyasının üzvü idi. "Füzuli Vəqfı" fondunun rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərmişdir (1994-?).
2002-ci il avqustun 25-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri
- Faciə və qəhrəman. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1965, 192 səh;
- Səhnəmiz və müasirlərimiz. Bakı: Azərnəşr, 1972, 252 səh;
- Tənqid: problemlər, portretlər. Bakı: Azərnəşr, 1976, 212 səh;
- Poeziya və nəsr. Bakı: Yazıçı, 1979, 198 səh;
- Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 səh;
- Mirzə Fətəli Axundov. Bakı: Yazıçı, 1982, 36 səh;
- Poeziyanın kamilliyi. Bakı: Yazıçı, 1985, 192 səh. (şərikli);
- Ədəbi üfüqlər. Bakı: Gənclik, 1985, 286 səh;
- İlyas Əfəndiyev. Bakı: Azərbaycan SSR "Bilik" Cəmiyyəti, 1987, 50 səh;
- Meyar-şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, 494 səh;
- Xan bülbülün nağılı. Bakı: Azərnəşr, 1994, 56 səh;
- Tarix: yaxından və uzaqdan. Bakı: Sabah, 1995, 712 səh;
- Şərqin dahisi. Bakı: Azərbaycan Ensiklopediyası, 1996, 52 səh;
- Seçilmiş əsərləri. Beş cilddə. C. 1. Bakı: Elm, 2015, 664 səh;
- Seçilmiş əsərləri. Beş cilddə. C. 2. Bakı: Elm, 2015, 629 səh;
- Seçilmiş əsərləri. Beş cilddə. C. 3. Bakı: Elm, 2015, 907 səh;
- Seçilmiş əsərləri. Beş cilddə. C. 4.Bakı: Elm, 2016, 772 səh;
- Seçilmiş əsərləri. Beş cilddə. C. 5. Bakı: Elm, 2016, 727 səh.
Filmoqrafiya
- Geriyə baxmağa dəyər (film, 1985)
- Sən həmişə bizimləsən (film, 1997)
- Cavad Heyət varlığı (film, 2002)
- Üç zirvənin fatehi (film, 2008)
Mənbə
- Qurban Bayramov, Jalə Qurbanqızı. "Yaşar Qarayev: milli yaddaş təlimi - Azərbaycançılıq." Bakı, BDU nəşriyyatı, 2001. - 138 səh;
- Şirindil Alışanlı. "Yaşar Qarayev: yaxından və uzaqdan" // Seçilmiş əsərləri. Beş cilddə. C. 1. (Tərtib edənlər: Şirindil Alışanlı, Aygün Bağırova) Bakı: Elm, 2015, səh. 5-24;
- Qarayev Yaşar Vahid oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının səhifəsində.
İstinadlar
- "Qarayev Yaşar Vahid oğlu - Azərbaycan Milli Elmlər Akademiyası". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.