Yaşıl Qələm Cəmiyyəti
Yaşıl Qələm cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ədəbi birlik.[1]
Tarix
Hələ XIX əsrdə daha çox ayrı-ayrı bölgələrdə "Məclisi-üns", "Məclisi-fəramuşan'" (Şuşa), "Beytüs səfa" (Şamaxı), "Əncüməni Şüəra" (Ordubad), "Fövcül tüsəha" (Lənkəran), "Məcməüş süəra" (Bakı) kimi ədəbi məclislər fəaliyyət göstərsə də, Azərbaycanda bütün ədəbi qüvvələri birləşdirən vahid ədəbi qurum yox idi. 20-ci əsrin əvvəllərində, əsasən, ədiblərin sıx birləşdiyi Bakıda da müəyyən ədəbi birlik və dərnəklər fəaliyyət göstərirdi. Onların təşkilində çox vaxt məfkurə uyğunluğu nəzərə alınırdı. 1917-ci ildə Hacı İbrahim Qasımovun rəhbərliyi ilə "Müsəlman mühərrir və əbiblər cəmiyyəti", 1919-cu ildə "Mühərrir və ədiblər ittifaqı" yaradıldı. 1919-cu ildə bolşevik ideyalarına xidmət edən yazıçılar və jurnalistləri birləşdirən "Qırmızı qələm" cəmiyyəti də təşkil olunmuşdu. Bakıda "Ədəb yurdu", "Tənqid gecələri", Gəncədə "Ədəbiyyat və sənayeyi-nəfisə ittifaqı" kimi ədəbi birliklər fəaliyyət göstərirdi. Bununla belə, Azərbaycanın qabaqcıl ziyalılarının vahid ədəbi cəmiyyət yaratmaq təşəbbüsləri uğursuz olmuş, müstəqil dövlətin qurulmasına qədər reallaşmamışdır.[1]
Yaradılması
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli mədəniyyətin inkişafı yolunda atılan mühüm addımlardan biri ilk vahid ədəbi cəmiyyətin — "Yaşıl qələm" cəmiyyətinin təşkili oldu. Cəmiyyətin təsis toplantısı 1919-cu il avqustun 26-da keçirildi. 35 nəfərin iştirak etdiyi iclasda Seyid Hüseyn cəmiyyətin sədri seçildi. Qəbul olunmuş məramnamədə göstərilirdi ki, "cəmiyyətin məqsədi Azərbaycan xalqının fikrən yüksəlməsinə çalışmaq, Azərbaycan ədəbiyyatında müşahidə edilməkdə olan yeniliyi qüvvətləndirmək, onu türklüyə və sadələşməyə sövq etməkdir". Cəmiyyət konkret işlər görməyi də planlaşdırmışdı. Onun məramnaməsində ədəbiyyatın təhlili və ədəbiyyat tarixinin tərtibi, yazıçılıq sənətinin təşviqi və ədəbiyyat həvəskarlarının bir araya toplanması, yaradıcılıq müsabiqələrinin keçirilməsi, elmi konfranslar təşkil olunması, ədəbi irsin, milli tarixə və ənənələrə aid əsərlərin toplanması, nəşri, nəşriyyat işinə diqqətin artırılması, ədəbi məcmuə və qəzetlərin buraxılması, gənc yazarlarla iş aparılması, əcnəbi dillərdəki Azərbaycana aid mühüm əsərlərin tərcüməsi nəzərdə tutulurdu. Cəmiyyətin "Yaşıl qələm" adlandınlması bununla izah olunurdu ki, "əvvələn, yaşıl baharı andırır, saniyən, yaşıl rəngi ümid və nicat işarələrini mütəzəmindir. Bunun üçün də istiqlaliyyətimizdən naşi ədəbiyyatımızda da bir bahar mövsümü gələcəyini cəmiyyət öz adı ilə təbəşşir edir". Məramnamədə nəzərdə tutulan tədbirlər Azərbaycan mədəniyyətində vaxtı çatmış, həllini gözləyən problemlərlə bağlı idi. Onların həyata keçirilməsi Azərbaycan ədəbiyyatına, həqiqətən, baharın gəlişi kimi qiymətləndirilə bilərdi. Bütün bu problemlərin həlli üçün çoxlu vəsait tələb olunurdu. Odur ki, təsis iclasında üzvlərin hamısı üzvlük haqqı vermiş, Salman Mümtaz isə cəmiyyətə böyük məbləğdə yardım göstərmişdi. Cəmiyyət demokratik əhvali-ruhiyyəli mühərrir və şairləri öz ətrafında birləşdirdi. Cəmiyyət üzvlərinin əksəriyyəti Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ruh yüksəkliyi ilə qarşılayan, Azərbaycanın istiqlaliyyət qazanması ilə ədəbiyyatımızda daha böyük uğurlar əldə ediləcəyinə inanan, milli mədəniyyətin inkişafı yolunda çalışan ziyalılar, sənət adamları idilər. Təsis iclasında Seyid Hüseyn, Məhəmməd Ağaoğlu, Ümmügülsüm, Əli Yusif, Mirzə Bala Məmmədzadə idarə heyətinə seçilmişdilər. Məhəmməd Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Üzeyir bəy Hacıbəyli, Əhməd Cövdət, Şəfi bəy Rüstəmbəyli, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əliabbas Müznib, Salman Mümtaz və b. cəmiyyətin iclaslarında iştirak edirdilər. Cəmiyyətin fəaliyyəti qısa müddət ərzində ədəbi mühitdə canlanma yaratdı. 1919-cu il 19 sentyabr tarixli iclasında Sabirin "Hophopnamə"sinin yenidən təb və nəşri məsələsi" müzakirə edilmiş, böyük şair "xalq şairi" adlandırılmışdı. "Yaşıl qələm" cəmiyyəti Bakıda Mart soyqırımı zamanı erməni daşnaklarının vəhşicəsinə yandırdıqları binalardan biri — möhtəşəm memarlıq abidəsi, milli istiqlal mübarizəmizin müqəddəs məbədgahı "İsmailiyyə"yə həsr olunmuş əsərlər üçün müsabiqə elan etmişdi. Bu münasibətlə mətbuatda həmin mövzuda xeyli yazı dərc olunmuşdu. Bu yazılar içərisində Seyid Hüseynin "Həzin bir xatirə. İsmailiyyə" (1919) sənədli-publisistik hekayəsi xüsusilə seçilirdi. Əsər müsabiqənin mükafatına layiq görülmüşdü. Azərbaycan Xalq Cümhuriyyətinin ədəbi-mədəni həyatında əhəmiyyətli rol oynayan "Yaşıl qələm" cəmiyyətinin bir çox üzvləri kommunist ideologiyasının uzun illər boyu unutdurmağa cəhd göstərdiyi milli istiqlal ədəbiyyatımızın nümayəndələri olmuşlar.[1]
Həmçinin bax
İstinadlar
- Yaşıl Qələm Cəmiyyəti // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 440. ISBN 9952-417-44-4.
Ədəbiyyat
- Azərbaycan Xalq Cümhuriyyəti (ədəbiyyat, dil, mədəniyyət quruculuğu), B., 1998