Yəmən rabitəsi
İnformasi̇ya texnologiyaları
Hazırda telekommunikasiya və informasiya texnologiyaları inqilabı bütün dünyanı bürüyüb. Sahənin prioritetli olduğunu nəzərə alaraq hətta zəif inkişaf etmiş ölkələr belə informasiya texnologiyalarına meyl göstərir. Yəmən Ərəb Respublikasında keçirilən iqtisadi islahat ölkəni inflyasiyaya uğrama, daxili borcun aradan qaldırılması istiqamətində işlərin aparılmasına zəmin yaratdı. Lakin elmi-texniki inkişafa olan diqqət zəiflədi. Ölkədə informasiya texnologiyaları sektorunun zəif olması Yəmənin beynəlxalq iqtisadi məkana inteqrasiya olmasına maneə yaradırdı. Sahənin ölkə iqtisadiyyatında mühüm sahə olduğunu nəzərə alaraq İKT-nin inkişaf etdirilməsi istiqamətində Yəmən telekommunikasiya və texnologiya sektorunun təkmilləşdirilməsi məqsədilə siyasət irəli sürməyə başladı. Bu siyasət üzrə ölkədə milli inkişaf, informasiya-texnologiyaları sisteminin həyata keçirilməsi ilə bağlı sahə üzrə mütəxəssislərin ixtisaslaşması və s. kimi addımlar atılmışdır. Ölkənin telekommunikasiya və informasiya texnologiyaları nazirinin sözlərinə əsasən, telekommunikasiya və informasiya texnologiyalarının inkişaf etdirilməsində əsas strateji məqsəd texnoloji avadanlıqlardan istifadə edərək Yəməni istehsalçı dövlətə çevirməkdən ibarətdir. Yəmən elektron hökumət layihəsinin həyata keçirilməsi ilə bağlı plan işləyib hazırladı və bu layihə 2002-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Bu layihəyə baş nazirin sədrliyi ilə yüksək texniki komitə nəzarət edirdi. Komitə ölkədə e-dövlət xidmətinin təqdim olunmasının sürətləndirilməsi ilə bağlı bir sıra layihələr həyata keçirməyə başladı. E-dövlət regional simpoziumunun keçirilməsi ölkə üçün mühüm əhəmiyyət kəsb etdi. Bu tədbir Yəmənin Telekommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi, Qərbi Asiya Siyasi-İqtisadi Komitə (SECWA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Təşkilatının (PROON) təşkilatçılığı ilə keçirilmişdir. Ölkənin bir çox sahələrində informasiya texnologiyaları xidməti gündəlik istifadə olunur. Sahənin inkişaf etdirilməsi insvestisiya tələb edir. Məhz bu məqsəd üçün 2002-ci ildə dövlət və özəl sektor informasiya texnologiyaları sektorunun inkişafına 150 milyon dollar vəsait ayırmışdır. Sahə üzrə mütəxəssislərə ehtiyac duyulduğu üçün ixtisasartırma kursaları da təşkil edilmişdir. Göstərilənlərdən əlavə sahənin inkişaf etdirilməsi istiqamətində bir sıra işlər aparılır.
İnformasiya texnologiyaları sektorunun mühüm sahəsi kimi internet zəif inkişaf etmişdir. Yəməndə internet 1996-cı ildən fəaliyyət göstərməyə başladı. Həmin ildən Yəməndə rəsmi olaraq işgüzar dairələr üçün "Y. Net" ("TeleYemen" kompaniyasının bölməsi) provayderi fəaliyyət göstərməyə başladı. İnternetin meydana çıxması ilə ölkədə dini ideyalar yayılmağa başladı və nəticədə ölkədə internetə nəzarət edən "NASS" Dövlət Agentliyi 1997-ci ildə 15 min sayta qadağa qoydu. Yəqin elə bu səbəbdən 1997-ci ilin aprel ayında isə internet istifadəçilərinin sayı 476, 1999-cu ildə isə 1754 nəfər təşkil etmişdir. 2002-ci ildə texnologiya infrastrukturunun məhdud olması istifadəçilərin sayının artmasına maneə yaradırdı. Ölkədə ilk internet-kafe 1998-ci ildə meydana çıxmışdır. Hazırda isə internet-kafelərin sayı 1600, internet istifadəçilərin sayı isə 100 min nəfəri təşkil edir. Ölkədə internetə qoşulma imkanını yaradan kompüter texnikasının satışı da təşkil edilmişdir. Hazırda ölkədə kompüter 900 dollardan aşağı məbləğdə satılır. Bununla yanaşı "Yemenia Telecom" dövlət kompaniyası əhalini bir aylıq ödənişsiz internetlə də təmin edir. Ölkədə internet imkanlarının genişlənməsi ilə əlaqədar "Yemen Telecom" "Alcatel" kompaniyası ilə saziş imzalamışdır. Sazişə əsasən "Alcatel" ölkədə xidmət keyfiyyətinin artırılmasına təkan verəcək DSL şəbəkəsinin tikintisini həyata keçirməlidir. İnkişaf getdikcə internet fırıldaqçılığın sayı da artır. Belə ki, bu yaxınlarda Yəməndə internet vasitəsilə vəsait oğurluğu halları aşkar edilmiş və 4 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir. Göstərilənlərlə yanaşı ölkədə "İSP", "YemenNet" kimi provayderlər də fəaliyyət göstərir.
Telekommuni̇kasi̇ya
Ümumiyyətlə, lokal şəbəkələr 1970-ci illərdə "Then-North Yemen" kompaniyasının ölkədə telekommunikasiya infrastrukturunun işləyib hazırlanması nəticəsində meydana çıxmışdır. İlkin olaraq bu sistem ölkənin cənub hissəsində inkişaf etməyə başlamışdır. O zaman bu sistem işgüzar dairələrdə və ümumtəhsil müəssisələrində daha çox maraq oyatmışdı.
Ölkədə telekommunikasiya sahəsi üzrə "Yəmən Telecom" inhisarçı operator hesab edilir. Kompaniya dövlətə məxsusdur və sabit, mobil internet və verilənlərin ötürülməsi xidmətini təqdim edir. Kompaniyanın SDH fiber-optik rabitə kabelinin uzunluğu 1,3 min kilometrdir. 2004-cü ildə telekommunikasiya sahəsi və informasiya texnologiyaları sahəsi üzrə əldə olunan nailiyyətlər ölkənin dünyaya çıxışına zəmın yaratı. Nəticədə ölkədə telekommunikasiya sahəsi üzrə müasir texnologiyalar vasitəsilə təqdim edilən xidmətlər qənaətbəxş hesab edilir. Ölkədə "Tele Yemen"- ictimai telekommunikasiya korporasiyası fəaliyyət göstərir. Bu korporasiya Yəmən ərazisində milli telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi və aparılan əməliyyatlara cavadeh təşkilatdır. Yəmən telekommunikasiya korporasiyası elektrik günəş sistemini tətbiq etmişdir. Bu sistem Yəmənin ucqar kənd telekommunikasiya stansiyaları üçün vacib mənbədir. Bu sistem vasitəsilə həmçinin internet, səsin ötürülməsi, faks kimi xidmətlərə qoşulma mümkündür. İctimai Telekommunikasiya Korporasiyası tərəfindən verilən məlumata əsasən, 2005-ci ilin birinci yarısı üçün ölkədə telefon xətlərinin sayı 1 149 000, kənd yerlərində isə bu göstərici 140 026 təşkil etmişdir.
Mobi̇l rabi̇tə
Ölkədə mobil rabitə xidməti də mövcuddur. Mobil rabitə xidməti "Siemens", "Sabafon" və başqa operatorlar tərəfindən təqdim edilir. "China Mobile-led" kompaniyası Yəməndə üçüncü nəslin mobil rabitə sisteminin təqdim olunması ilə əlaqədar lisenziya əldə etmişdir.
Poçt
Yəməndə poçt xidməti uzun müddətdir ki, fəaliyyət göstərir. Hökumət əhalinin tələbatına tam cavab vermək və xarici ölkələrlə əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoymuşdur. 1990-cı ildə Yəmənin birləşməsindən sonra yeni poçt qanunu qəbul olundu. Bu qanunun həyata keçirilməsi Poçt v Poçt Əmanət Korporasiyasına həvalə edildi. Bu, ölkənin 45 poçt agentliyi və 206 ofis vasitəsilə təqdim olunan xidmətlərin sürətləndirilməsinə zəmin yaradan inzibati və maliyyə azadlığının təminatına şərait yaradır. Korporasiya poçt xidməti keyfiyyətini artırmaq üçün bir sıra işlər görmüşdür. Bunlara poçt şöbələrini birləşdirən, həmçinin ofislər arasında ticarət əlaqələrinin sürətləndirilməsi baxımından kompüter şəbəkəsinin genişləndirilməsi, əməkdaşların ixtisaslaşması üçün ÜPİ və yaxud digər ölkələr tərəfindən təşkil olunmuş kursların təşkili və s. kimi işləri misal göstərmək olar. Faks xidmətini xüsusi qeyd etmək lazımdır. Poçt telekommunikasiya xidmətindən geridə qalmayaraq qayıq, təyyarə vasitəsi ilə çatdırılırdı. Lakin müasir texnologiyalar bu xidmətin təqdim olunmasını daha da asanlaşdırmışdır. Nəticədə poçt xidməti vacib faktora çevrilmişdir. Müəssisə qarşısında duran əsas vəzifə ənənəvi xidmətlər daxil olmaqla iş keyfiyyətinin yaxşılaşdırılması üçün poçt xidmətini genişləndirmək məqsədilə investisiya qoyuluşunu həyata keçirməkdir. Bu yaxınlarda poçt şöbələrində elektron poçt xidmətinin təkmilləşdirilməsi məqsədilə kompüterlər quraşdırılacaq. Həmçinin müştərilərə internet vasitəsilə müasir xidmətlərin təqdim olunması da nəzərdə tutulmuşdur.