Xudavəng monastırı
Xudavəng monastırı — Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1] Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G. Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir.
Xudavəng monastır kompleksi | |
---|---|
40°09′41″ şm. e. 46°17′16″ ş. u. | |
Ölkə | Azərbaycan |
Yerləşir | Vəng, Kəlbəcər rayonu |
Aidiyyatı | Dop sülaləsi |
Sifarişçi |
|
Tikilmə tarixi |
|
İstinad nöm. | 11 |
Kateqoriya | Monastır |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilmişdir. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilmişdir.
Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunmuşdur.
Həmçinin Dadivəng və Xutavəng də adlandırılır.
Tarixi
Monastır, Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir. Ərazi olduqca cazibədar təbiətə malikdir. Buna görə də monastır memarlarının qarşısında duran tələblərdən biri kompleksin memarlığının landşaftla vəhdətinin yaradılması olmalı idi.[2] XIX əsrin II yarısında Qafqazın dağlıq ərazilərinin geologiyasını öyrənmiş Q. Abix qeyd edir ki, Xudavəng və onu əhatən edən təbiətin gözəlliyini təsvir etməyə söz tapa bilmir.[3]
Monastırın adı tarixi mənbələrdə Dadivəng kimi də qeyd edilir. Dadi sözünün etimologiyası Qafqaz Albaniyasının tarixi ilə əlaqəlidir. Belə ki, Dadi və ya Dada, Həvari Faddey tərəfindən "xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş" 70 həvaridən biri olmuşdur. Xristianlığı təbliğ etdiyinə görə, o, Qarabağ da əzablı ölümlə üzləşmişdir.[4] Bu hadisədən bəhs edərkən Mikael Asori yazır: "Dadi, Müqəddəs Faddeyin göstərişi ilə Böyük Ermənistanın şimal ərazilərinə göndərilmiş 70-lərdən biri idi. O, Abqarın əlindən ölümünü tapmış və və Kiçik Sünikdə dəfn edilmişdir. Onun məzarı üzərində isə Dadi monastırı inşa edilmişdir."[5]
Monastır kompleksi orta əsrlər Qarabağının mədəniyyət mərkəzlərindən biri olmuşdur. Monastır kompleksinə daxil olan ondan çox tikili və tikili qalıqları uzun əsrlər ərzində burda çoxsaylı monaxların iştirakı ilə təşkil olunmuş aktiv monastır həyatının olduğunu deməyə əsas verir.[6] XIX əsrdə monastırdan bəhs edən "Ararat" jurnalı yazır ki, "Tadey monastırı öz tikililəri ilə çoxinsanlı şəhərin zəngin məhəlləsini xatırladır".[7]
Ətraf ərazilərdə yerləşən kəndlərin bir çoxu monastırın tabeliyində olmuşdur. Monastır tarixi boyunca dəfələrlə tərk edilmiş, perslər, ərəblər, səlcuqlar tərəfindən yağmalanmışdır. XVII əsrdən başlayaraq Xudavəng tədricən tabeliyində olan əraziləri itirir.[4]
Monastır kompleksinə daxil olan tikililər müxtəlif inşaat materiallarından, fərqli memarlıq üslublarında inşa edilmiş, dini və dünyəvi süjetlərə malik relyeflər, oyma naxışlar və epiqrafiya nümunələri ilə bəzədilmişdir. Kompleks iki hissəyə bölünür; əsas tikililər daş hasarla əhatələnib, köməkçi tikililər isə hsardan kənarda – cənub tərəfdə yerləşir.[4]
Müasir dövrdə
Birinci Qarabağ müharibəsi zamanı Xudavəng monastırının yerləşdiyi Kəlbəcər rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. 1994-cü ildə müharibənin bitməsindən sonra monastır yenidən istifadəyə verilir. 2004-cü ildə erməni əsilli ABŞ iş adamı Edel Hovnanyan monastırda restavrasiya işləri apardırır ki, bu proses 2005-ci ildə tamamlanır.[8] 2017-ci ilin avqust ayında əvvəllər Xudavəng monastırında restavrasiya işləri aparmış olan italyan mütəxəssislər monastırın təmizlənməsinə və restavrasiya prosesinə davam etmək üçün geri qayıdırlar. Onlar artıq kompleksə daxil olan dörd kilsəni və onların freskalarını restavrasiya etmişdilər, layihənin isə 2020-ci ilə qədər tamamlanması planlaşdırılırdı.[9]
Bununla birlikdə, 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində atəşkəs bəyanatı imzalanır, Kəlbəcər rayonu daxil olmaqla Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş torpaqlar Azərbaycana qaytarılır. Bu zaman ermənilər Xudavəng monastırını tərk edirlər və monastırın baş rahibi kompleksdəki xristian incəsənət nümunələrini, o cümlədən zınqırov və xaç daşları Ermənistana aparır.[10] Azərbaycan Mədəniyyət Nazirliyi bunu qeyri-qanuni fəaliyyətlər adlandırmış, bununla bağlı zəruri hüquqi proseduraların tətbiqi üçün tədbirlər görüləcəyini əlavə etmişdir.[11] Erməni qoşunları bölgədən çıxarıldıqdan sonra monastır Rusiya sülhməramlı qüvvələrinin himayəsinə verilir.[12] Lakin 28 noyabr 2020-ci ildə Azərbaycan Müdafiə Nazirliyi monastırın içərisindən video yayımlayır.[13] Azərbaycan hakimiyyəti erməni rahiblərin monastırda qalmasına icazə verir. 4 dekabr 2020-ci ildə Qafqaz albanlarının etnik və mədəni varisləri olan Azərbaycanın udi icmasının nümayəndələri kompleksi ziyarət edirlər və monastırın içərisində liturgiya keçirirlər.[14] 5 dekabrda udi xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunur.[15] 16 dekabr-da Ermənistan paytaxtı İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində "Dadivəngdən İrəvana" adlı satış-sərgi keçirilmişdir. Sərgidə Xudavəng monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olunmuşdur.[11]
2023-cü il mayın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Heydər Əliyev 100: azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfransdan sonra jurnalistlərə açıqlamasında deyib ki, Xudavəng monastırında olan erməni keşişlər oranı tərk etməlidir: "Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyəti yoxdur".[16][17]
Memarlıq xüsusiyyətləri
Qədim bazilika
Mənbələrin məlumatında görə məbədin əsası İsanın həvarilərindən biri olan Müqəddəs Faddeyin təbliğat üçün "Şərq ölkəsinə" göndərdiyi Dada və ya Dadi tərəfindən qoyulmuşdur.[18] Mxitar Qoş da məbədin qədim tarixə malik olmasını, onun əsasının bizim eranın ilk əsrlərində missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulmasını təsdiq edir.[19]
Bazilika Xudavəng monastırı ərazisindəki ən qədim tikilidir. Birnefli bazlikanın şərq dətəfində geniş yarımdairəvi altar apsidası yerləşir. Divarlara bitişik yerləşən üç cüt sütun dövrümüzə çatmamış çatmatağ tavanı dəstəkləyirdi. Divarlardakı pilyastrlar arasında dərin nişlər yerləşir. G. Məmmədovanın fikrincə bazilikanın kilsənin ən maraqlı xüsusiyyətlərindən biri əsas altarın yanlarında yerləşən əlavə məkanlardır. Tədqiqatçı bildirir ki, bu məkanlar Qafqaz Albaniyası memarlığında məbəd inşasının kanonlaşdırılması dövründə hətta birnefli kilsələrdə də əlavə altar yerlərinin inşası ənənəsini parlaq şəkildə əks etdirir.[20] Həmin dövr əlavə məkanların plan və kompozisiya həlli və binanın ümumi kompozisiyasında yerləşdirilməsi ilə bağlı çoxsaylı müxtəlif nümunələr verir.[21] Xudavəng bazilikasının ölçü baxımından eyni olmayan asimmetrik əlavə məkanları sakində daş kütlə içində oyulmuşdur.[20]
Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bizim dövrümüzə kimi çatmış bina daha qədim binanın təməli üzərində inşa edilsə də, köhnə binadan daha böyük ölçülərə malikdir.[22] Dövrümüzə çatmış tikili arxeoloqlar tərəfindən VIII–IX əsrlərə aid edilir.[23] G. Məmmədova isə qeyd edir ki, Cənubi Qafqazın anoloji abidələrinin tədqiqi göstərmişdir ki, böyük ölçülü birnefli bazilikalar əsasən erkən orta əsrlərdə inşa edilmişdir. Nadir hallarda VI–VII əsrlərdə də belə tikililərə rast gəlinir. Tədqiqatçıların fikrincə Xudavəng bazilikasının qonşu ölkələrdəki anoloji abidələrlə müqayisəsinə əsasən tikilinin VI əsrə aid olmasını söyləmək olar. Epiqrafika məlumatına əsasən bazilikanın əlavə məkanları (pridel) XIII əsrə aid edilir.[24]
Məbədin cənub divarına bitişik narteks və kiçik birnefli kilsə inşa edilmişdir. Kilsənin divarında yerləşdirilmiş sütunlar qabağa çıxaraq ensiz, lakin dərin nişlər formalaşdırır. Bina Qafqaz Albaniyası monastırlarında geniş yayılmış düzbucaqlı altar kilsələri qrupuna aiddir. Oxşar kilsə binasına nümunə olaraq Gütəvəng monatırındakı kilsəni, həmçinin Xatirəvəng və Müqəddəs Yelisey monastırlarındakı sovməələri göstərmək mümkündür.[24]
Arzu Xatun kilsəsi
Kompleksin başkilsəsi olan Arzu xatun kilsəsi 1214-cü ildə knyaginya Arzu xatunun sifarişi ilə inşa edilmişdir. Arzu xatun knyaz Kurdun qızı olmuşdur.[25] Knyaz kurd isə müasir Azərbaycan Respublikasının Qazax və Tovuz rayonlarının, həmçinin Ermənistan Respublikasının sərhəd ərazilərini əhatə edən[26] tarixi Kaen əyalətinin hakimi olmuşdur. Kirakos Qandzaketsinin məlumatına görə, Xudavəngdə kilsənin inşa edilməsindən əvvəl, Arzu xatın həyat yoldaşı olan Xaçın knyazı Vaxtanqla birlikdə Qoşavəngdəki Müqəddəs Tanrı anası kilsəsinin inşasında iştirak etmişdir.[25]
G. Məmmədova qeyd edir ki, "heç şübhəsiz ki, Arzu xatun həm də Qazaxdakı Əskipara monastırının memarlığı ilə tanış olmuş və sözsüz ki, Xudavəngdəki kilsənin memarlıq üslubunun seçilməsində bu tanışlıq da rol oynamışdır." Bununla yanaşı Xaçının ən zəngin ailələrindən birinin sifarişi ilə ölkənin intibah dövründə inşa edilən kilsə, həm də sələflərini geridə qoymalı idi.[25]
Monastırın giriş darvazası ilə üzbəüz həyətin sonunda yerləşən Arzu xatun kilsəsi yüksək günbəzi və monumental həcmi ilə kompleks ərazisinə girənlərin diqqətini cəlb edir və ətrafındakı bütün tikililər arasında dominant mövqe tutur. Kilsəyə ən yaxşı görünüş kompleksin cənub və şərq tərəfindən açılır. Kilsənin şimal tərəfində kompleks ərazisini əhatə edən yüksək təpəlik ərazi başlayır. Kilsənin qərb fasadı ona bitişik inşa edilmiş tikililər – qalereya formalı narteks və birnefli zal kilsəsi ilə örtülmüşdür.[25]
Kitabənin sifarişçi ilə bağlı hissəsinin tərcüməsi: Hər şeyə qadir Tanrı Ata və onun yeganə Oğlu İsa Məsihin rızası, ən Müqəddəs ruhun bəxşişi ilə mən, İsa Məsihin itaətkar qulluqçusu, knyazlar knyazı böyük Kurdun qızı, Aterk və bütün Yuxarı Xaçının hakimi çar Vaxtanqın həyat yoldaşı, böyük ümid ilə həyat yoldaşım və övladlarım – ilk övladım Həsən və körpə ikən bizi tərk edərək Tanrıya qovuşmuş Qriqorun məzarları üzərində bu kafedral kilsəni inşa etdirdim.[27][28] |
Eksteryer
Kilsə monastırın memarlıq ansamblının kompozisiya mərkəzidir. Kilsənin yeganə giriş qapısı qərb tərəfdə yerləşməklə monastır darvazasına istiqamətlənmişdir. Kilsəni kəmər kimi əhatə edən beş hissəli arkatura maraqlı işıq-kölgə effekti yaratmaqla, tikiliyə plastiklik və böyük daş divarlara yüngüllük bəxş edir. Fasadların hər birində ortada yerləşən hündür tağda naxışlı çərçivə ilə əhatə edilmiş pəncərə yerləri vardır. Şərq və cənub fasadlarında pəncərələrdən yuxarıda knyaz Vaxtanq və onun oğullarnın barekyefləri yerləşdirilib.[25]
Planda üçbucaqlı formaya malik nişlər divarın daha qalın hissələrində hörgünü yüngülləşdirməklə[25] yanaşı həm də altar kimi qəbul edilir. Nişlərin yarımdairəvi olan yuxarı hissələri zərif naxışlarla bəzədilmişdir.[29]
Kilsənin cənub fasadının dizaynında da anoloji xüsusiyyətlər əks olunmuşdur. Lakin, şərq fasadından fərqli olaraq, pəncərə üzərindəki barelyeflərdə tam boyda təsvir edilmiş və əllərində kilsənin maketini tutan iki insan fiquru göstərilmişdir. Cənub fasadında tağın aşağı hissəsində Arzu xatunun 19 sətirlik kitabəsi, həmçinin müxtəlif dövrlərdə kilsəyə edilmiş bəxşişlərdən bəhs edən tarixli və tarixsiz müxtəlif xırda kitabələr yerləşir.[29]
Kilsənin şimal fasadı Qafqaz Albaniyasının memarlığı üçün xas olan[30] formada dekorativ portalla bəzədilmişdir. Ş. Mkrtçyan şimal fasadının Erməni memarlığı üçün xarakterik olmadığını qeyd edir. Şimal fasadı tamamilə açıq olsa da, sıldırım qayanın küncündə yerləşməsi ona yaxından baxmağı çətinləşdirir. Ş. Mkrtçyan qeyd edir ki, bu fasadı bəzəyən "portalın naxışları o qədər incəliklə işlənmişdir ki, zərgər filiqraniyası təəsüratı yaradır."[29]
Yarımsütunlar və onlar üzərində ucaldılan yarımtağlarla on altı hündür və geniş sahəyə bölünmüş kilsə barabanının sahələrinin hər birində növbə ilə tağlı üçbucaq formalı nişlər və nazik pəncərə yerləri vardır. Günbəzin dam örtüyü yelpik formalıdır. Yelpiyin tərəflərinin hər biri barabanın tərəflərinin biri ilə üst-üstə düşür. Yaxşı yonulmuş və sıx düzülmüş tünd boz rəngli daş plitələrdən hazırlanmış günbəz örtüyü, barabanın açıq-çəhrayı rəngli tərəfləri, tünd-boz rəngli yarımsütunlar, yarımtağlar və baraban frizi ilə sərt işıq-kölgə effekti yaradır. Bu effekt sayəsində günbəzin həcmi və bölünməsi uzaqdan diqqət cəlb edir.[31]
İnteryer
Zal-günbəz tipinə malik olan kilsə xaricdən düzbucaqlı, daxildən xaçvari formaya malikdir. Kilsənin dörd küncünün hər birində iki mərtəbəli köməkçi otaqlar yerləşir. İkinci mərtəbədə yerləşən otaqlardan konsol pilləkəninə çıxış vardır.[31]
Ağ və boz rəngli daşlardan hazırlanmış pilyastr və tağlar naxışlarla bəzədilmişdir. Kilsənin divarları daxildən ağ əhəng məhlulu ilə üzlənmiş və freskalarla bəzədilmişdir. Həmin freskaların yalnız az bir hissəsi dövrümüzə çatmışdır. Ş. Mkrtçyan qeyd edir ki, dövrümüzə çatmış freskaların keyfiyyəti Artsak rəssamlarının "həm divar rəsmləri, həm də illüstrasiyalı əlyazmalar yaratmaq"da olan istedadlarını göstərir.[31]
Narteks
Uzadılmış zal formasına malik olan kilsə narteksi ona qərb tərəfdən birləşir. Zalın cənub divarı arkada formasında həll edilmişdir. Zal ikitərəfli damla örtülmüşdür. Damın tağtavanı bir tərəfdən Kiçik bazilikanın cənub divarına, digər tərəfdən isə arkadaya söykənir. Narteksin interyerinin mərkəzini kafedral kilsəsinin zəngin ornamentlərlə bəzədilmiş portalı təşkil edir. Həmçinin kiçik bazilikanın qapıları da bu zala açılır.[32]
Narteksin divarlarında üç kitabə saxlanmışdır. Onlardan ikisi ciddi zədələndiyindən oxunulması mümkün olmamışdır. Üçüncü kitabə inşaat kitabəsi olsa da, inşa tarixi olan hissə silinmişdir. Lakin, daha əvvəl kitabənin surəti çıxarıldığından onun 1241-ci ildə Smbatın sifarişi ilə inşa edildiyini müəyyən etmək mümkün olmuşdur.[32]
Böyük Həsən kilsəsi
Kilsə kollonadalı narteksin qarşısında, monastır həyətinin cənub tərəfində yerləşir. Mərkəzi günbəzli struktura malik olan kilsə, kiçik ölçülərinə görə bəzən elmi ədəbiyyatda sovməə də adlandırılır. Kilsənin günbəz və barabanının hörgüsündə bişmiş qırmızı kərpiclərdən istifadə olunmuşdur.[32]
Kilsənin divarlarının hörgüsündə kobud yonulmuş daşlardan istifadə olunmuşdur. Həmçinin bəxşiş kitabələri olan kiçik xaçdaşlar da kilsənin divarlarına hörülmüşdür. Həmin kitabələrdən ən erkəni kilsənin daxilində sol nişin yanında yerləşən xaçdaş üzərində olmaqla 1182-ci ilin yayına aiddir.[33]
Kiçik bazilika
Orta əsrlərə aid kiçik bazilika Qədim bazilikanın cənub divarına bitişik inşa edilmişdir. Tağvari damla örtülmüş kiçik kilsə binası üç pilyastra malikdir. Kiçik bazilika, bitişik inşa edildiyi Qədim bazilikadan əhəmiyyətli dərəcədə ensiz və qısa ölçüdədir. Kilsənin divarları yonulmamış daşlardan tikilmiş, yaxşı işlənmiş daş bloklarından yalnız nişlərin toxunmasında istifadə olunmuşdur.[4]
Ayrı-ayrı hissələrdə divar hörgüsünün vəziyyəti, kilsənin bir neçə dəfə bərpa edildiyini göstərir. K. Mkrtçyan qeyd edir ki, dəfələrlə bərpa işləri aparılmasında baxmayaraq kilsənin ilkin görünüşü və memarlıq xüsusiyyətləri saxlanmışdır.[4]
Kilsənin ibadət zalı daxili divar vasitəsiylə iki bərabər hissəyə bölünmüşdür. Qərb tərəfdə qalan hissənin narteks kimi istifadə olunduğu güman edilir.[4]
Yepiskop Qriqor kilsəsi
Ayrıca narteks-sovməə kimi inşa edilmiş Yepiskop Qriqor kilsəsi qərb tərəfdən Qədim bazilikaya birləşməklə kompleksin memarlıq ansamblında xüsusi yer tutur. Tikili özünəməxsus memarlıq xüsusiyyətlərinə malikdir. Onun dünyəvi-dini xarakteri memarlıq xüsusiyyəti və prinsipinə təsir etmişdir və buna görə də onun memarlıq obrazında yerli kənd evlərinin xüsusiyyətlərini görmək mümkündür.[27]
Kompleksin bütün tikililərinin vahid ansambl təşkil etməsi üçün kilsə memarları onun eksteryerlərini ətraf kilsələrin eksteryerinə uyğun – mümkün qədər sadə təşkil etmiş, interyerdə isə zəngin və dəbli dizayn istifadə etmişlər.[27]
Tikilinin günbəzli tağtavanı müstəqil dayanan dörd sütun və onlar üzərində ucalan pilyastrlar vasitəsiylə saxlanılır. Günbəzin ortasında işıq düşməsi üçün oyuq vardır. Kilsənin yonulmamış kobud daşlardan hörülmüş divarları daxildən yaşı işlənmiş daş bloklarla üzlənmişdir və bu baxımdan o, bazilikal zal kilsələrini xatırladır.[27] Kilsənin naxışlı portala malik yeganə girişi cənub tərəfdə yerləşir. Girişin sağ tərəfindəki kitabədə abidənin 1224-cü ilin yayında yepiskop Qriqor tərəfindən inşa edildiyi göstərilir.[4]
Kilsənin divarları daxildən çoxsaylı xaçdaşlarla bəzədilmişdir. Bu baxımdan şərq divarı daha xarakterikdir; divarın mərkəzi doqquz ədəd xaçdaşla bəzədilmişdir. Bu kiçik stellalar kompleksə olan bəxşiş kitabələri və incə naxışlarla bəxədilmişdir.[4]
Yepiskop Qriqor kilsəsi əsrlər boyunca Yuxarı Xaçının knyaz nəsillərinin ailə türbəsi rolunu oynamışdır. Kilsənin döşəməsi bütünlüklə müxtəlif məzarların sinə daşları ilə örtülmüşdür. Həmin daşların bir hissəsinin yazıları tədricən silinərək oxunmaz hala düşdüyündən kimə məxsus olduqlarını anlamaq mümkün deyil.[27]
Zəng qülləsi
Kompleksin qərb tərəfində, kompleksə giriş darvazasının qarşısında yerləşən ikimərtəbəli tikili XIII əsrin ortalarında inşa edilmişdir.[34] Zəng qülləsinin inşası Dop sülaləsindən olan Yuxarı Xaçın knyazı Vəqramın oğlu Sərkis tərəfindən maliyyələşdirilmişdir.[31]
Binanın birinci mərtəbəsinə xaricdən giriş qapısı hörülərək bağlanmışdır. İkinci mərtəbədəki kor nişə isə qərb tərəfdə inşa edilmiş pilləkənlə qalxmaq mümkündür. İkinci mərtəbədəki nişdə 1283-cü ildə hazırlanmış iki ədəd Xaçın tipli xaçdaş yerləşdirilmişdir.[31]
Zəng qülləsinin ikinci mərtəbəsi dörd stuna malik rotonda formasındadır. Rotondanın günbəzinin altında zənglər asılmışdır. Günbəzin təməli, günbəzdaşıyan tağlar, sütunlar və onların kapitelləri yaxşı işlənmiş daşlardan inşa edilmişdir və ümumilikdə olduqca xoş təəssürat buraxır.[31]
Xaçdaşları
Xaçdaşların hər biri boz-ağ rəngli əhəng daşından olan iki plitədən ibarətdir. Aşağı plitələr daha böyük ölçüyə malik olmaqla xaçdarların əsas həcmini təşkil edir. Plitələr bir-birinə elə ustalıqla birləşdirilmişdir ki, birləşdirilmə yeri tamamilə görünməz və diqqətçəkməzdir.[31]
Xaçdaşlar ümumi həcm və detalların nisbətinə görə eyni olsa da, ornament motivləri hər ikisində tamamilə orijinaldır. Buna baxmayaraq, fərqli ornamentasiya kompozisiya kontrastı yaratmır; əksinə xaçdaşlar (hər birinin ölçüsü 3,05x1 m) bir-birini tamamlayaraq harmoniya hissi yaradır.[31]
Dəbdəbəli həndəsi və nəbati naxışlar zərgər incəliyi ilə yonulmuşdur. Həddən artıq xırda və incə oymalar insanı qarşısındakının daş olduğunu unutmağa məcbur edərək, zərgərlik nümunəsi və ya tikmə işinə baxdığı təəssüratı yaradır. Naxışlar Arzu xatunun tikmə işlərinin naxışlarından götürülmüşdür.[31] Knyaginyanın öz əli ilə monastır altarları üçün örtük tikdiyindən xəbər verən Kirakos Qandzaketsi qeyd edir ki, həmin örtüklər "Xilaskar və digər müqəddəslərin əziyyətlərini bir-birinin üstündən keçən naxışlarla olduqca dəqiq əks etdirir."[35]
Bu xaçdaşların naxışları yalnız dekorativ xarakter daşımayıb, həm də dini-fəlsəfi simvolika kimi əhəmiyyətli məlumat verir. Onlardan bir-birinin üstündə iki dairəvi xonça olan birinci xaç daş olduqca maraqlı quruluşa malikdir. Aşağıdakı böyük xonça yeraltı səltənətin və ya ora girişin rəmzidir. Yuxarıda isə onun içində meridional şəkildə əlavə dörd kiçik xonça yerləşir. Çox gümün ki, bu səmanın dörd cəhətinin – cənnət sferasının rəmzidir və yaxud planetlərin əbədi hərəkəti ilə hüdudsuz işıq fəzasını təcəssüm etdirir. Onların üstündə həyat ağacı şəklində xaç təsvir olunmuşdur. Xaçdaşın bədii simvolik təfsiri incə işlənmiş qurşaqla tamamlanır. Onun mərkəzində xaçdan yuxarıda üçləçəkli tağın içərisində bürcləri, səmanın möhkəmliyini, göy cismlərinin cənnət sferasını təcəssüm etdirən üç çarpazlaşmış xonça yerləşir.[36]
Soldakı xaçdaş siluetinə görə özünün sağ tərəfdəki qonşusuna oxşar həll olunmuşdur. Onun aşağı issəsində şəbəkəli dairələrdən toxunmuş və ustalıqla naxışlanmış böyük bir xonça yerləşir. Yuxarıda yanlarda iki kiçik xonça yerləşir ki, onlar da böyük xonçayla birlikdə ilahi üçlüyü (Ata, Ağul, Müqəddəs ruh) təşkil edir. İki xonça arasındakı üçbucağın təpəsində bir-birinin içərisində yerləşən iki kiçik dairə vardır. Üçbucaq və dairə günəşi[37] təmsil edir, ondan həyat ağacı – məhsuldarlıq rəmzi şəklində xaç yüksəlir. Bu xaçdaş birinci xaçdaşa analoji olaraq incə işlənmiş, qurşaqla tamamlanır. Onun üçləçəkli tağında taxtda oturmuş tanrı təsvir edilmişdir.[36] Hər iki xaçdaç çox orijinal və təkrarsız tamamlanır. Xaçın yuxarı budağından anadlı dairədə kiçik haça çıxır. Xaç daşda xristian simvolikası ilə ağlasığmaz tərzdə birləşmiş cüt Ahura-Mitra tanrılarının aşkar rəmzinin belə təsvirləri, yalnız Qafqaz Albaniyasının stellalarında müşahidə olunur.[36]
Digər tikililər
Böyük Həsən kilsəsindən cənub-şərq və cənub-qərb istiqamətlərdə monastıra aid çoxlu sayda köməkçi binalar vardır. Onların arasında ziyafət zalı öz memarlığı ilə diqqət cəlb edir. Zalın inşasını da kompleks ərazisində kilsə tikdirmiş yepiskop Qriqor həyata keçirmişdir. Tikilinin kitabəsində onun inşaat tarixi 1211-ci il kimi göstərilmişdir.[32]
Böyük zal olan ziyafət zalı adi kilsə narteksləri formasında inşa edilib. Zalın divarları xaricdən kobud, daxildən isə incə və səliqəli yonulmuş daşlarla üzlənmişdir. Sütun kapitelləri forma zənginliyi və naxışları ilə diqqət cəlb edir. Zalın şərq tərəfində beş kiçik otaq vardır.[32]
Ziyafət zalından qərb tərəfdə rahiblərin yaşayışı üçün nəzərdə tutulmuş hücrə tipli dörd otaq da vardır. Monastırın cənub-qərb tərəfində qonaqların gecələməsi üçün mehmanxana tipli tikili, kitabxana, yağ çəkilməsi üçün yer, emalatxana, şərab hazırlanması üçün yer, rahib hücrələri və digər tikililər yerləşir.[32]
Xudavəng monastırının yerlşdiyi təpənin ətrafında daha üç sovməənin xarabalıqları qalmışdır. Monastır ərazisindən Tərtər çayına qədər olan ərazilərdə monastır bağları yerləşir.[32]
İstinadlar
- "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- Mkrtçyan, 1989. səh. 34
- Abix, Q. Геологические наблюдения в нагорной стране между Курой и Араксом. Записки Кавказского отдела Императорского географического обшества, кн.8. 1897. 63.
- Mkrtçyan, 1989. səh. 35
- Asori, Mikayel. Хроника. Yerusəlim. 1871. 33.
- Ulubabayan, B. Монастырь Дади или Хута. Üçkilsə. 1871. 63.
- Арарат: 42. 1869. (#accessdate_missing_url)
- "Restoration in Dadivank". Research on Armenian Architecture. 2005. 24 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2020.
- "Italian specialists to arrive in Karabakh to continue Dadivank Monastery restoration". News.am. 2 August 2017. 24 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2020.
- "Father Hovhannes of Artsakh's Dadivank Monastery to bring bells and cross to Armenia". News.am. 10 November 2020. 16 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2020.
- "Bu günün xəbərləri: 136 Türkiyə minaaxtaranı Azərbaycanda, Suqovuşan və Talış kəndlərinə gedən yollar asfaltlanır". BBC Azərbaycanca Xidməti (az.). 16 dekabr 2020. 2020-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2020.
- "Dadivank under protection of Russian peacekeepers". Armenpress.am. 14 November 2020. 14 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 November 2020.
- "Kəlbəcər rayonunun Vəng kəndindən video". BBC Azerbaijani Service. 28 November 2020. 9 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2020.
- "Между удинами и армянскими священниками возник спор в монастыре Худаванг Кельбаджарского района - ВИДЕО". Oxu.az (rus). 4 December 2020. 4 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 December 2020.
- "Preacher appointed to Khudavan monastery in Azerbaijan's Kalbajar". AzerNews (ingilis). 5 December 2020. 6 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2020.
- "Mübariz Qurbanlı: Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir". 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-02.
- "Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir" - Mübariz Qurbanlı
- Geyuşev, 1982. səh. 3
- Qoş, 2006. səh. 246
- Məmmədova, 2004. səh. 38
- Geyuşev, 1982. səh. 8
- Geyuşev, 1982. səh. 72
- Geyuşev, 1982. səh. 6
- Məmmədova, 2004. səh. 39
- Məmmədova, 2004. səh. 119
- Bərxudaryan, 1895. səh. 30
- Mkrtçyan, 1989. səh. 36
- Bərxudaryan, S. Свод армянских надписей. İrəvan. 1982. 199. (#accessdate_missing_url)
- Mkrtçyan, 1989. səh. 37
- Məmmədova, 2004. səh. 120
- Mkrtçyan, 1989. səh. 38
- Mkrtçyan, 1989. səh. 39
- Məmmədova, 2004. səh. 131
- Mkrtçyan, Ş. Исторические памятники долины Тартар (№ 3). Вестник архивов Армении. 1975. 136.
- Qandzaketsi, Kirakos. История Армении (пер. Л. А. Ханларян). Moskva. 1976. 144.
- Axundov, D. A. Храмы Ирана в эпоху первых Ахеменидов, их реставрация реконструкция. Изв. АН Азерб ССР, сер. ист., фил. И права, ,№2, табл.1. 1978. (#accessdate_missing_url)
- Hüseynova, M. A. Об интерпретации рисунков на группе сосуд эпохи поздней бронзы Азербайджана. Изв. АН Азерб. ССР (ист., фил., право), №2, , табл II. 1977. (#accessdate_missing_url)
Ədəbiyyat
- Geyuşev, R. B. "О Худаванкском храме и его надписях". ИАНА, серия история, философия, право. №3 (Bakı). 1982.
- Məmmədova, Gülçöhrə, Зодчество Кавказской Албании, Bakı: Çaşıoğlu, 2004
- Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
- Bərxudaryan, Makar, Арцах, Bakı, 1895