Xudafərin körpüləri

Xudafərin körpüləriAzərbaycanıCənubi Azərbaycanı birləşdirən, Azərbaycanın Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhəri arasında yerləşən, Araz çayı üzərində salınmış iki körpü.

Xudafərin körpüləri
15 aşırımlı körpü 2006-cı ildə.
39°09′02″ şm. e. 46°56′24″ ş. u.
Ölkə
Yerləşir Cəbrayıl rayonu, Xudafərin şəhristanı
Aidiyyatı Şəddadilər
Sifarişçi Fəzl bin Məhəmməd
Tikilmə tarixi 1027
Üslubu Azərbaycan memarlığı
Uzunluğu 130 m (11 aşırımlı)
200 m (15 aşırımlı)
Eni 6 m (11 aşırımlı)
4.5 m (15 aşırımlı)
Aşırımları 11 (birinci körpü)
15 (ikinci körpü)
İstinad nöm.12/13
KateqoriyaKörpü
ƏhəmiyyətiDünya əhəmiyyətli
Xudafərin körpüləri (Azərbaycan)
Xudafərin körpüləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 15 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.

Hər iki körpü İpək yolunun üzərində yerləşir.[1]

Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. Körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir.

Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu — IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.

Körpünü inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Xüdafərin körpüsünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldənizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558–529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha Mərhəba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib.

Hazırda qəbul edilən tarixə görə, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən inşa olunub. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən birincisi "Baş Xudafərin körpüsü" adlanır. Onun uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.

XII–XIII əsrlərdə Azərbaycanda bir sıra möhtəşəm körpülər salınıb. Bunlardan Araz çayı üzərindəki 15 aşırımlı (XII əsr) və 11 aşırımlı (XIII əsr) Xudafərin körpüləri, Qazaxda 4 aşırımlı Sınıq körpü (Qırmızı körpü, XII əsr), Gəncəçayın üzərində salınmış 3 körpü (qalıqları; XII–XIII əsrlər), Güney Azərbaycanında Minayə şəhəri yaxınlığında Qızılüzən çayı üzərindəki körpü (Qız körpüsü, XII əsr) və b. xüsusilə diqqəti cəlb edir. 1993-cü ildə mənfur ermənilərin ərazimizə soxulması nəticəsində körpüyə ciddi zərər dəymişdir, hazırda körpünün müəyyən hissəsi durur.

Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunu 4 oktyabr 2020-ci ildə erməni işğalından azad edib.[2][3]

Xudafərin körpüsü 18 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi.

Yerləşmələri

Arazı "möcüzəli çay" adlandıran Yaqut Həməvi yazır: "Aranda, Araz boyunca min şəhər var." C. Qiyasi isə qeyd edir ki, şəhərlərin sayı şişirdilmiş olsa da, Arazın hər iki sahili köhnə çağlardan sıx yurdsalma şəbəkəsi ilə örtülmüşdür. Azərbaycanın bu daxili çayının coğrafi yeri də elədir ki, o, ölkəni qərbdən şərqə kəsərək iki hissəyə bölür Bu səbəblərə görə Arazın üstündə çoxlu körpülər inşa edilmişdir. Arazın su səviyyəsi və yatağında qayalıqların çox olması da, qədim körpü tikintisi üçün əlverişli idi.

Araz üzərində çoxlu körpülər atılsa da onlardan ən bəllisi Xudafərin körpüləridir. Xudafərin dərəsi Araz çayı yatağında ən əlverişli keçidlərdən biri olmuşdur. Belə ki, burada genişlənən çay yatağında iri qayalıq sahələri vardır. Qədim dövr və orta əsrlərdə həmin keçidin komunikasiya vasitəsi olaraq necə böyük rol oynadığına qayalıqlar üstündə ucaldılan iki qədim körpü şahidlik edir.

Körpülərin birləşdiyi hər iki sahil, gözəl dağlıq landşaftı olan yerdir. Bu təbiət abidəsinə üzvi olaraq daxil edilmiş körpülər insanın ətraf mühitlə qarşılıqlı münasibətinin uğurlu örnəyidir. Bu səbəbdən Xudafərin dərəsi təbiətin və tarixin dəyərli abidəsidir.

Hər iki körpünün özüllərinin antik dövrlə bağlılığı ehtimal edilir.[4] Bu körpülər yüzillərcə transkontinental yollar üstündə yerləşib, təkcə ölkədaxili və ölkələrarası yollarda deyil, qitələrarası qarşılıqlı ilişgilərdə də yararlı olmuşdur. Müxtəlif çağlarda ayrı-ayrı xalqların və qüvvələrin yerdəyişməsini – miqrasiyasını istiqamətləndirən Xudafərin körpüləri Azərbaycan ellərinin baş köç yolunun – hər il güneydən ArranaQarabağa gedən güclü mövsüm axınlarının da qovşağı olmuşdur.

Onbeşaşırımlı körpü

15 aşırımlı Xudafərin körpüsü

Körpülərin böyüyü Xudafərin kəndində olub, 15 aşırımlıdır və Həmdullah Qəzvininin yazdığına görə onu "…hicri 15-ci ildə (639) Məhəmməd peyğəmbərin dostu Bəkr ibn Abdullah tikdirmişdir."[5] Bəkr ibn Abdullah köhnə körpünü yenidən qurduğu kimi, onun ucaldığı körpü də sonralar dəfələrlə bərpa və təmir işlərinə məruz qalmışdır. İndiki onbeşaşırımlı körpü XII əsrin abidəsi sayılır.

Körpü tağlarının dayaqları təbii özüllər — qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çaydaşından tikilən onbeşaşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4, 5 m, çay səviyyəsindən ən böyük hündürlüyü 12 m, ən iri tağ aşırımı 8, 70 m, ən kiçik tağ aşırımı 5, 80 m-dir.

Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas kütləsi çay daşındandır. Yuxarı qatda divar hörgüsü kərpicdən də aparılmışdır ki, bu da Arran memarlıq məktəbi üçün xarakterikdir. Bu iki materialın uyarlığı körpüyə özümlü bədiilik və konstruktiv görkəm verir.

Onbiraşırımlı körpü

On bir aşırımlı Xudafərin körpüsü 2023-cü ildə

Onbeşaşırımlı körpüdən 750 m qərbdə olan onbiraşırımlı körpü başdan-başa daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənmişdir. Araşdırmaçılar bu körpünün XIII yüzildə, Elxanilərin (Hülakülər) hakmiyyəti illərində antik dövr körpüsünün qalıqlar üzərində yenidən tikilməsi fikrindədirlər.[6] Onun uzunluğu 130 metrə yaxın, eni 6 m, çay səviyyəsindən hündürlüyü 12 m-dir. Körpünün üç orta tağı sağ qalmış, sahil tağları isə XX yüzilin 30-cu illərndə Şimali və Cənubi Azərbaycan arasında əlaqələri kəsmək üçün İranSSRİ-nin birgə qərarı ilə dağıdılmışdır.[7] Həmin vaxtdan da yerli əhali körpüyə ikinci – Sınıq körpü adını da vermişdir.

Tikinti materialı və memarlıq biçinlərinə görə daha monumental görünən onbiraşırımlı körpüdə oyma naxışlı, dairəvi biçili daş bəzək lövhələri də aşkar edilmişdir. Böyük konstruktiv dayanaqlığı ilə yanaşı Xudafərin körpülərinin xüsusilə Sınıq körpünün güclü bədii ifadəliliyi də vardır. Onlar öz ətrafında Arazın hər iki sahilində olan Azərbaycan torpağındakı çoxlu mədəni dəyərləri – müxtəlif tipli memarlıq, tarix-arxeologiya və təbiət abidələrini birlşdirirdi. Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və sair xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.

Həmçinin bax

İstinadlar

  1. "Худаферинские мосты (Xudafərin körpüləri) (rusca)". 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-24.
  2. "Cəbrayıl işğaldan azad olundu". qafqazinfo.az (az.). 4 oktyabr 2020. 2020-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  3. "President Ilham Aliyev: "Azerbaijani Army liberates Jabrayil city and several villages of the region"". APA.az (ingilis). 4 October 2020. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 October 2020. "Today, the Azerbaijani army liberated the city of Jabrayil and several villages in the region. Love to the Azerbaijani army! Karabakh is Azerbaijan!", President of Azerbaijan Ilham Aliyev wrote this on his Twitter page today, APA reports.
  4. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq, 1991,səh 136
  5. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq, 1991,səh 137
  6. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq, 1991, səh 137
  7. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq, 1991, səh 136

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.